"Kapitan israrla "Mənim komanda məntəqəmə atəş açın..." dedi..."

 

Kim nə deyir-desin, qəhrəmanlıq dastanlarımızda xarakteri qəhrəmanlaşdırma qüdrəti var...

 

Uşaqlıqda qəhrəmanlıq dastanlarını da həvəslə oxumuşuq. Qəhrəmanları sevmişik. Səmimiyyətlə etiraf edək ki, könlümüzdən o qəhrəmanlara oxşamaq da keçib. O dastanları bizdən on illər əvvəl oxuyanların, eşidənlərin bəzilərinin özünün də qəhrəmanlaşdığı haqqında eşitmişik, oxumuşuq...

 

Müharibə talelərə susayır...

 

Müharibə mərmi, güllə səsləridi, fəryaddı, nalədi...

 

Müharibə evlər dağıdır, ocaqlar söndürür, kəndləri, şəhərləri xarabalığa çevirir...

 

Böyük Vətən müharibəsindən, qəhrəmanlıqlardan, qəhrəmanlardan atam-anam da danışardı, müəllimlərim də. İsmayıl Sayılov ad-soyadı yaddaşıma belə hopmuşdu. Sonralar onun haqqında yazılanları da maraqla, sevgilərlə (qınayanım olmasa deyərdim ki, belə maraqda həm də zəngilanlılıq amili də olub) oxudum. Şair kimi sevdiyim İsmayıl Sayılovu həm də qəhrəman kimi sevdim. Tələbəlik illərində Mehdi Hüseynin "Dörd yüz on altı" əsərini də oxumuşdum. Orda bir məqam məni qürurlandırmışdı - həm qəhrəmana görə qürurlanmışdım, həm də bu qəhrəmanlığı olduqca gözəl bədii biçimdə verən yazıçıya görə: "Ukraynalı serjant Babenko İsmayıl Sayılov haqqında şüar yaratmışdır: "Əgər siz İsmayıl Sayılovu görmək istəyirsinizsə, ön cəbhəyə gedin". "İsmayıl Sayılov bizimlədirsə, qələbə də bizimlədir" deyən əsgərlərin həmyerlimizə, azərbaycanlı zabitə sevgisi mənim də könlümü telləndirirdi, mənim də ürəyimi dağa döndərirdi. Aradan illər keçəndən sonra döyüşçülərin "zampalit" Sayılova, "əsgər atası" kimi tanınan kapitan İsmayıl Sayılova sevgisinin başlıca mahiyyətini əhatəli şəkildə dərk etdim: Vətənə sevgi, döyüşçüyə sevgi, hərbi rütbəyə sevgi, özünəhörmət əsasında qarşıdakına sevgi... Bu amillər 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində də qələbə tezisi kimi yaşanıldı, Zəfərdən sonra bu səviyyədə də xatırlanmaqdadır...

 

Zəngilanın Bartaz kəndində anadan olmuşdu İsmayıl Məşədi Cəbrayıl oğlu. 1901-ci ildə. Gecə kursunda təhsil almışdı; əməyə, zəhmətə alışa-alışa oxumaq, həm də yaxşı oxumaq - ata tövsiyəsi də beləydi, özünün istəyi də. Sonra ümumtəhsil məktəbi. Sonra partiyanın yoluyla getmək. O dövrün ideoloji şüarları oxuduğu məktəblərin də, o məktəblərin müəllimlərinin də az qala salavatına çevrilmiş şüarlarındanıydı. İstəsən də, istəməsən də dövran şahlıq edirdi...

 

Oxudu İsmayıl. Təkcə bu şüara görə deyil, həm də öz düşüncələrinin, dünyaduyumunun tələbiylə oxudu. O da komsomol sıralarına, sonra - 1927-ci ildə partiya sıralarına daxil oldu. O illərdə savadlıların həm də siyasi fəallığı diqqəti çəkirdi (Sovet hökuməti bu baxımdan arı misallı hökumət idi). Cəbrayıl rayon partiya komitəsinin göndərişi ilə Gəncədə partiya məktəbində təhsil aldı, dövrün siyasi baxımdan püxtələşmiş (və etibarlı!) kadrı oldu. Cəbrayıl rayon partiya komitəsində şöbə müdiri və Zəngilan rayon torpaq şöbəsində müdir vəzifəsində işlədi.

 

1934-cü ildə Bakı Ali Partiya Məktəbini bitirdikdən sonra Ağcabədi rayon partiya Komitəsində şöbə müdiri vəzifəsinə göndərildi.

 

1936-1941-ci illərdə rəhbər partiya və dövlət işlərində fəaliyyətini Naxçıvan MSSR-də davam etdirdi. 1936-1938-ci illərdə Culfa Payon Partiya Komitəsində şöbə müdiri, Naxçıvan MSSR üzrə Tədarük Müvəkkilliyinin müdiri işlədi. 1938-ci ilin avqust ayında Naxçıvan MSSR Xalq Komissarları Soveti yanında İncəsənət işləri idarəsinin rəisi vəzifəsinə irəli çəkildi..

 

Müharibə başladı...

 

Vətəndaş İsmayıl Sayılovun, partiya orqanlarının işçisi İsmayıl Sayılovun, şair İsmayıl Sayılovun ürəyi onu döyüşlərə çəkirdi. Şair kəlamını şairlər daha tez eşidir, daha həssaslıqla eşidir. Dostu Səməd Vurğunun

 

Bilsin ana torpaq, eşitsin Vətən,

Müsəlləh əsgərəm mən də bu gündən, -

 

poetik monoloqu rəhbər partiya işçisi və istedadlı şair İsmayıl Sayılovun da ürəyinin döyüntülərinə qarışdı.

 

Döyüşlərə getdi İsmayıl Sayılov 40 yaşında.

 

1941-ci il dekabrın 30-u. Kerç yarımadasına hücum əməliyyatında iştirak etmək üçün suları buz bağlamış Azov dənizinin üstüylə döyüşə qoşulurdu batalyon...

 

1942-ci ilin yanvarın 2-də Kerç şəhərindən Feodosi istiqamətində irəlilədilər. Ayın sonlarına kimi Rusok Çuqul kəndində yeraltı karxanalarda müdafiə mövqeyi qurdular. Sonra Semqolodus. Sonra Marqut kəndi. Batalyon ön xətdəki qoşun hissələrimizi ərzaqla təmin edəcəkdi. Kapitan İsmayıl Sayılov həm batalyonun komandiri, həm də komissarı idi.

 

 

 

Digər hərbi hissələrlə koordinasiya şəklində may ayının 14-nə kimi döyüşə-döyüşə Kerç şəhərinə çatdılar. Komandanlığın əmri ilə təpəliklərdə müdafiə mövqeyi tutdular...

 

Kapitan İsmayıl Sayılov müxtəlif döyüşlərdə iştirak etdi. Özü də döyüşdü, sözü də; əsgərlər onun tarixə söykənən söhbətlərini maraqla dinləyir, şeirlərini döyüş əzminə, qələbə ruhuna üzərrik bilirdi...

 

Kapitan İsmayıl Sayılov Tbilisi şəhərində siyası işçilər hazırlayan qısa müddətli kursu müvəffəqiyyətlə bitirdikdən sonra 1943-cü ilin mart ayında 416-cı atıcı diviziyanın 1368-ci alayının sərəncamına göndərildi. Birinci batalyon komandirinin siyasi işlər üzrə komandir müavini təyin olundu. Döyüşlərdə göstərdiyi igidliyi və qəhrəmanlığı ilə adını əbədi olaraq tarixə yazdı.

 

Ruh həmişə sıradadı, yəni döyüşə hazırdı. Kapitan İsmayıl Sayılov döyüşürdü, döyüşçüləri döyüşə ruhlandırırdı. Təkcə söhbətləri, siyasi hazırlığıyla deyil, həm də ruhu tərpədən şeirləri ilə. Cəbhədə cəbhədən uzaqlarda qalanlara ünvanladığı "Cəbhə səni gözləyir" şeirlər kitabı da, bu şeirlərin niyə yazıldığının, harda yazıldığının poetik, bədii təqdimi olan şeirlər kitabı şairin ürəyinin döyüntüləriydi, ruhunun Vətənə poetik, bədii hesabatıydı...

 

1368-ci alay avqustun 18-də səhər tezdən hücuma keçdi. Bir saatlıq top atəşindən sonra alay Taqanroqun şimal-şərqində Matveyev Kurqan rayonunda Mius çayını keçərək Saur qəbiri adı ilə məşhur olan təpəyə doğru irəlilədi.... Alayın birinci batalyonun döyüşçüləri Nosovka kəndi üzərinə hücuma keçdi və axşam saat 5-də həmin kəndi düşməndən azad etdi. Bu döyüşdə polkun şəxsi heyəti, xüsusilə birinci batalyon və onun siyasi rəhbəri İsmayıl Sayılov xüsusilə fərqləndi.

 

Kapitan İsmayıl Sayılov igid zabit olub, qayğıkeş zabit olub, duyumlu zabit olub. Ona görə də belə bir insan haqqında deyilənləri tarixlə kəlmələşmə bilirik. Tarix kapitan İsmayıl Sayılov haqqında daha nə deyir? Belə yaşayırdı, belə yazıb-yaradırdı, belə döyüşürdü. Qəhrəman olmaq üçün döyüşmürdü, qəhrəmanlıqla döyüşürdü. Qəhrəmanlıqla da həlak oldu. 1943-cü ilin oktyabr ayının 14-də Melitopol şəhərinin azad edilməsində onların batalyonu da iştirak edəcəkdi. Birinci batalyon 155, 8 şərti adlı təpəni almalıydı. Alay komandirinin siyasi hissə üzrə müavini, mayor Mirəli Əliyev kapitan İsmayıl Sayılova batalyonda qalmağı tapşırır. İsmayıl bu tapşırığa əməl etmək istəmir, batalyonun qərargahında qalmağı müavini Ağamoğlan Rzayevə həvalə edib döyüşə hazırlaşır. Böyük döyüş əməliyyatı səhər saat 5-də başlayır.

 

Kapitan İsmayıl Sayılov döyüşdə öldürülmüş rota komandirinin də vəzifələrini yerinə yetirir.

 

Döyüş şəraiti gərginləşdiyi anlarda öyrənirlər ki, almanlar Sovet döyüşçülərinin paltarında batalyonun cinahlarında cəmləşib. Bu o demək idi ki, batalyon mühasirədədir. Kapitan İsmayıl Sayılov ciddi şəkildə xahiş edirdi ki, onların olduğu yerə toplardan atəş açılsın; o da kapitan Qastello kimi xahiş edirdi ki, düşmənlərin məhv edilməsi üçün yeganə çarə kimi onların üzərinə top atəşləri açılsın.

 

"...Mayor həyəcanlı halda trubkanı kənara atdı. Onu podpolkovnik götürdü. Trubkada Sayılovun olduqca zəif, lakin aydın səsi eşidildi: - Sizdən xahiş edirəm, mənim, mənim komanda məntəqəmə atəş açın. Almanlar lap yaxındadır. Mühasirəyə düşmüşük. Xahiş edirəm tələsin. Əgər bizdən bir nəfər öləcəksə, onlardan azı 40 nəfər öləcəkdir. Hamımızı atəşə tutun. Rota onsuz da mühasirədən çıxa bilməyəcəkdir. Rica edirəm, rica edirəm atəş açın"...

 

Toplardan şiddətli atəşlər açıldı...

 

Kapitan İsmayıl Sayılov mərdliklə, qəhrəmanlıqla həlak oldu. Ölümündən sonra "Birinci dərəcəli Vətən müharibəsi" ordeni ilə təltif edildi...

 

Şair-döyüşçü (o, döyüşçü olmamışdan əvvəl şair idi) İsmayıl Sayılov həmişə ehtiramla xatırlanacaq.

 

Ermənilik Zəngilanda da həyatın gedişatını dəyişdi. 1993-cü ilin oktyabrın son günündə ruhu sarsılmışdı igid zabitin, 2020-ci ilin oktyabrında isə ruhunun qırışığı açıldı - Zəngilanı, Bartazı işğaldan azad edildi...

 

Sağ olsaydı yazardı ki:

 

İlin-günün bu vaxtı

Açıldı yazım mənim.

Qələbəyə kökləndi

Sədəfli sazım mənim.

Azərbaycan əsgəri,

Sizin əllərinizlə

İşğal məngənəsindən

Çıxdı Bartazım mənim!..

 

Vətən müharibəsində şanlı Zəfərimiz İsmayıl Sayılovun da narahat, gileyli ruhunu sevindirdi. İndi ölməz və unudulmaz qəhrəman, istedadlı şair İsmayıl Sayılovun ruhu doğma torpağı Zəngilanın, dünyaya göz açdığı Bartazın göylərində dolaşır. Tezliklə Böyük Qayıdış Zəngilanı da əhatələyəcək, o torpaqlarda da quruculuq işləri vüsət alacaq. Biz onda şair-döyüşçü, ictimai və partiya xadimi İsmayıl Sayılovun ruhuna da gözaydınlığı verəcəyik.

 

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

 

Hərbi And.- 2021.- 23 aprel.- S.8-9.