Donub qalan gülüş

 

 

Bu dünyada ən gözəl qoxunun övlad qoxusu olduğu kimi, ən gözəl duyğunun da valideyn duyğusu olmaq olduğunu bilirik. Musayevlər ailəsi 5 il o övlad qoxusundan doymadan, o qoxu ocaqlarına hopmadan övlad həsrətinə tuş gəlmişdilər. Dəfələrlə oğul və qız övladlarını itirən Rafiq Musayev və Güllər xanım 5 il ard - arda yaşanan övlad itkisindən sonra qızları Asyanı qucaqlarına almağa nail olmuşdular. Bu dəfə dünyaya gələn körpə yer payı yox, bu evin sevinc payı olmuşdu. Daha sonra 1987-ci il avqustun 7-də ailə oğul adlı çırağın  gur işığı ilə aydınlanmışdı. Ailə bu oğula Alik adını vermiş və onun bu ocaqdan əksik olmamağı üçün hər gün dualar etmişdi. Ancaq Alikin alnına vətən payı olmaq yazılıbmış.

 

Alik körpə olduğu zamanlardan vətənə olan sevgisi aşkar olunmuşdu. Valideynləri tək oğul övladlarını özlərinə dayaq böyütmək istəsələr də Alik böyüyüb vətənə dayaq oldu. Hər zaman qəhrəmanları ilə seçilən, hələ l Qarabağ döyüşləri zamanı qəhrəman oğullarının şücaəti dildən-dilə düşən İmişli rayonunun Sarıxanlı kəndində böyümüşdü Alik. I Qarabağ döyüşləri zamanı qəhrəmancasına vuruşan, adı tarixdə "Məzarsız şəhid" kimi qalan bir şəhidin adını daşıyan İmişli rayon Sarıxanlı kənd Vətən Novruzov adına 1 N - li məktəbdə təhsil almağa başlamışdı. 1994-2005-ci illər ərzində təhsil alan Alik məktəbi bitirdikdən sonra vətənə olan xidməti borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə getmişdi. Bakı şəhərində Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət etmişdi. 2007-ci ildə xidmətini başa vurmuşdu. Evə döndükdən sonra dəfələrlə könüllü olaraq ordu sıralarına yazılmaq istədiyini desə də ailəsi onun bu fikrinə razı olmamışdı. Axı ailəsi uzun illər sonra həsrətində olduğu oğul övladı arzusuna Aliklə çatmışdı. Onlar bilirdilər ki, bir oğul hərbçi peşəsinə yiyələndikdən sonra ailəsindən çıxıb vətənin oğlu olur. Ancaq Alikin vətənə olan sevgisinə heç kim əngəl ola bilməmişdi . O, 2011-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi Daxili Qoşunların tərkibində xidmətə başlamışdı. 2012-ci ildə almanlarla birlikdə təlim keçmişdi. Baş atıcı, kiçik çavuş, çavuş hərbi rütbələrinə layiq görülmüşdü. Xidmətini ən layiqli şəkildə etmək onun tək amalı olmuşdu.

Vətən keşikçisi 2013-cü ildə xalası qızı Sevinc xanımla əhd-peyman bağlayıb. Sevinc xanım Alikin çox zaman ailəsindən uzaq olduğunu bilərəkdən bu izdivaca razılıq verib. O, hərbçi xanımı olmağın nə qədər məsuliyyətli olduğunu bilirdi. Aylarla sürən ayrılıq, həsrətin dərin izinə tuş gələn ürəyi Alikin səsini duymaqla da xoşbəxt olurdu. Bu sevgi dolu ailə iki dəfə övlad sevinci ilə şənlənmişdi. 2015-ci ildə oğul övladı Balabəyi qucağına alan Alik, 2019 - cu ildə qız atası olmağın sevincini telefonda duymuşdu. Qızına anasının adını əmanət edərək onu Güllər adlandırmışdı. Alik qızı Güllərin üzünü cəmi 2 dəfə görə bilmişdi.

Ömrü vətən səngərində keçən Alik 2016-cı ildən könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin həmlə bölməsində xidmətə başlamışdı. 2017-ci ilin martında Goranboy rayonunda Təlim və Tədris Mərkəzinin 3 aylıq kursunu keçmişdi. Həmin zaman əsgərlərə təlim göstərişi vermişdi. Kursu bitirdikdən sonra baş çavuş hərbi rütbəsi alaraq manqa komandiri kimi xidmət etmişdi. 2019-cu il dekabrın 21-də ailəsinə demədən təyinatla Füzuliyə göndərilməsini istəmiş və buna nail olmuşdu. Elə qız atası olduğu xəbərini də Füzulidə almışdı.

Alik ön cəbhədə xidmət etdiyi üçün ailəsini gec-gec görürmüş. Son dəfə mayın 10-da oğlunun ad günündə çox qısa müddətlik evinə gəlib. Heç doymadığı övladlarını 20 dəqiqəlik son görüş zamanında öpüb qoxlayıb. Daha sonra hər kəslə vidalaşıb qapıdan çıxan zaman anası Güllər xanım "Alik, sənin heç qızınla bir şəklin yoxdu. Qızını qucağına al bir şəkil çəkdir." deyib. Ana ürəyi yəqin oğlunun son gedişi olduğunu hiss edib. Anasının sözündən sonra Alik həm Balabəylə, həm də Güllərlə şəkil çəkdirir. Atası ilə ilk və son dəfə şəkil çəkdirən, dünyadan, həsrətdən, ayrılıqdan bixəbər Güllər atasının üzünə gülümsəyir. Ata, balanın son gülümsəməsi o şəkildə donub qalır. Alik bir neçə ay sonra bayrağa bürünmüş cənazə ilə döndüyü evinin kandarına son addım izlərini, sevənlərinin yaddaşına isə son onlu xatirələri həkk edərək ayrılır.

Alik hər zaman ailəsinin rahatlığını düşünərmiş. Elə yəqin ona görə də müharibənin başladığı barədə ailəsinə heç bir söz deməmişdi. Hər bir azərbaycanlı kimi Alikin ailəsi də 27 sentyabrda müharibənin başladığını xəbərlərdən və gələn səs-küydən öyrənmişdi. İmişli Alikin mübarizə apardığı Füzuliyə yaxın olduğundan demək olar ki, orada atılan mərmi, bombaların səsini Alikin ailəsi eşidirdi. Artıq Alik ailəsinə gerçəyi demək məcburiyyətində idi. O, danışdığı zaman yaralıların və şəhidlərin olduğunu deyib. Sentyabrın 28-də döyüş yoldaşları ilə birlikdə Hadrut istiqamətində mühasirəyə düşüb. Alikin sayəsində həmin dəstə mühasirədən çıxmağı bacarıb. Gün keçdikcə həm müharibənin şiddəti artırdı, həm alınan ərazilərin miqyası genişlənirdi. Sentyabrın 30-da Sevinc xanım Aliklə danışan zaman "Alik, qurban deyirəm,gəlib özün kəsərsən." Alik isə cavabında "Sevinc, qurbanı mənə yox yanımdakılara deyin. Neçə əsgərim şəhid olub." Alik son dəfə şəhid olmazdan bir neçə saat öncə atası ilə danışıb. "Ata, sağam. Özünüzdən muğayət olun." deyən Alik son vidasın etdiyinin fərqində olub. Çünki od-alov saçan atəşdən sağ çıxmaq bir möcüzə sayılırdı. Alik oktyabrın 1-də günorta saatlarında yaralı döyüş yoldaşını döyüş bölgəsindən uzaqlaşdırmağa çalışarkən yanına düşən minamyotun partlaması və minamyot qəlpəsinin şah damarını kəsməsi nəticəsində qəhrəmancasına şəhid olub. Oktyabrın 2-də İmişlinin Sarıxanlı kəndinə şəhid xəbəri səda salıb. Heç kim şəhidin ata, anasına tək oğullarının vətən qurbanı olduğunu deməyə cəsarət etməyib. Həmin vaxt işdə olan Sevinc xanıma atası zəng edib evə getməyini deyib. Bu zənglə ata qızına ocağının söndüyünü, yarının şəhid olduğunu deməyə məcbur qalıb. Bir atanın həyatda üz-üzə qala biləcəyi ən çarəsiz anlardan birini yaşayan ata əvvəlcə Alikin yaralandığını desə də Sevinc xanım bu yalana inanmayıb. Həyatı, arzuları, sevinci bir anda rəng dəyişən şəhid xanımı həmin anda şəhid anasını düşünüb. Hər kəsə Alikin cənazəsinin gəldiyi ana qədər onun şəhid olduğu xəbərini Güllər anadan gizlətməyi tapşırıb. Dəfələrlə övlad dəfn edən ailəyə şəhid oğul dəfn etməyin nə qədər ağır olduğunu anlamaq çətin deyil.

Alik şəhid olan gün anası Güllər xanım kürəyinin yandığını deyib. O yerə, göyə sığmayıb. Gecəni də yuxuda evlərinin üstünə vertolyot düşdüyünü və ocaqlarının söndüyünü görüb. Alik tək anasına yox atasına və yoldaşına da yuxuda şəhidliyini ayan edib. Sevinc xanım gördüyü yuxuda Alik onları çətin vəziyyətdən xilas edib. Onları bir maşına otuzdurub "Maşını sən idarə et. İşıqlı yolla düz get. Sən bunu bacaracaqsan. Uşaqlar sənə əmanətdir." deyib.

2 oktyabr Sarıxanlı kəndi müzəffər ordunun qalib şəhidini məğrurcasına qarşılayıb. II Qarabağ müharibəsində Sarıxanlı kəndi ilk şəhidini bağrına basıb. Elə həmin gün şəhidin nəşi Sarıxanlı kənd məzarlığında torpağa tapşırılıb. Alikdən sonra Sarıxanlı kəndi daha iki şəhid verib. Şahmarlı Vüsal və Əsədli Cahid də elə həmin məzarlıqda can verdikləri vətən torpağına tapşırılıblar.

Vətən "oğul" deyə səslədiyi zaman baş çavuş Musayev Alik Rafiq oğlu vətənə "can" verən qəhrəman kimi tarixin yaddaşından silinməyən bir qəhrəmanlıq dastanını qanı ilə yazmağı bacardı. Adı və şücaəti ilə dillərə dastan olan vətən oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Sarıxanlı kəndində ll Qarabağ döyüşlərində tarix yazan hər 3 şəhidin adına bulaq tikilib.

 

MANYA SƏXAVƏTQIZI

 

Hərbi And.- 2021.- 6 avqust.- S.13