“Onun ölümünü 40 gün məndən
gizlətdilər...”
Lent.az -ın və Tərxis
Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə
İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti”
layihəsi çərçivəsində Azərbaycanın
azadlığı və müstəqilliyi,
torpaqlarımızın işğaldan azad olunması
uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri
- ailə üzvləri, övladları və doğmaları
ilə söhbət edirik.
“Tabutdan yapışıb atamı aparmayın
dedim” - ŞƏHİD ƏMANƏTİ
Tabutunu açmağa qoymadılar, bu günə
qədər də elə bilirəm sağdır -
ŞƏHİD ƏMANƏTİ
"Mənim ad günümdə onun ölüm
xəbəri gəldi" - ŞƏHİD ƏMANƏTİ
Layihəmizin növbəti yazısı şəhid
əsgərimiz Elvin Namazova həsr olunub.
Namazov Elvin Nazim oğlu. 1996-cı il
oktyabrın 11-də Şəmkirdə anadan olub. 2004-cü ildə
Şəmkir rayonunda yerləşən Məhəmməd
Füzuli adına tam orta məktəbin birinci sinfinə gedib. Orta məktəblə yanaşı, idman məktəbində
oxuyub, əlbəyaxa döyüş növü ilə məşğul
olub, rəqs təhsili alıb. 2014-cü ilin sentyabr ayında
orta məktəbi başa vurub, hərbi xidmətə yola
düşüb. 2017-ci il aprel ayının 11-də xidməti
borcunu yerinə yetirən zaman şəhid olub. Şəmkir
rayon məzarlığında dəfn edilib.
Qurban olmaz...
Müharibənin kəskinləşdiyi dövr
idi. Sosial şəbəkələrdə gəzişərkən
qulağıma tutqun, xırıltılı, gəncliyini
itirmiş bir qadın səsi dəydi: “Xumar gözlərinə
anan qurban, ay Elvinim”.
Dəhşətli, tükürpədici bir dəqiqəlik
videoda saçları bozarmış, pərişan halda
üz-gözünə səpələnmiş,
ortayaşlı qadını kimsə zorla mərmər
başdaşından qoparıb aparmağa
çalışır. Qadın isə getmək bilmir, bədəni
getsə, boynunun ardından çevrilib baxır, əllərini
məzara tərəf uzadırdı...
“Xumar
gözlərinə anan qurban, Elvinim...”
Səs və şəhid anasının
görüntüsü bir neçə gün məni təqib
etdi. Bu günə qədər xeyli şəhid ailəsi
ilə görüşsəm də, şəhid anaları ilə
birgə ağlasam da, bu gənc ananın səsi,
görüntüsü, onun oğlunun məzarı
üstünə düzdüyü qırmızı bantlı
bəylik xonçaları xəyalımdan
çıxmadı, gözlərimin qarşısından getmədi.
2017-ci ilin da hərbi xidməti yerinə yetirərkən
şəhid olan Elvin Namazov çox gənc yaşda şəhid
olmuşdu. Şəhidlik məqamına ucalanda onun 20
yaşı yenicə tamam olub.
Elvinin ailəsini tapmaq, anası, bacısı və qardaşı
ilə həmsöhbət olmaq o qədər də çətin
olmadı. Çətin olan ailəsinin “Elvin” deyib
ağlamasını, ah çəkməsini görmək,
eşitmək və onları qələmə almaq oldu.
Elvinin
anası toxtaq görünsə də, danışmaqda çətinlik
çəkir, amma özünü ələ alır, oğlu
haqqında ən yaxşı sözləri, xatirələri
danışmağa çalışır:
- Elvin
orta məktəbi bitirəndə qardaşı hərbi xidmətdə
idi. Mənim də səhhətimdə
narahatlıqlar vardı. Dedim, Elvin, hələ getmə,
qoy, qardaşın gəlsin, sonra gedərsən. Dedi ki, yox, ay
mama, mən gedim, xidməti başa vurub gəlim, çoxlu
arzularım var. Onların yerinə yetməsi ilə məşğul
olacam. Əlbəyaxa döyüş
növü ilə məşğul idi. Həmişə
idman yarışlarına gedirdi. Elvin
çox yaxşı uşaq idi. Böyüklə
böyük, kiçiklə kiçik idi. O, mənimlə
nəfəs alırdı. Deyirdi, mamam məndən
ötrü hər şeydi. Çox canlara
dəyən, dostdan ötrü canından keçməyi
bacaran oğul idi. Üç
uşağımız var bizim. İki
oğlan, bir qız. Onlar da
övladımdı, onları da çox istəyirəm, amma
Elvin başqa idi. Elvin mənim
aldığım nəfəs idi. Elvinlə
ana-baladan da o tərəfə idik. Elə
bilirdim, Elvin mənim özümdü. İndi
də onun qəbrinin üstünə gedə bilmirəm, elə
bilirəm o, hələ də hardasa yaşayır,
qayıdıb gələcək. Gedib onu
orda, qara mərmərin, nəm torpağın altında
görmək istəmirəm.
Bacı
Sözlərinin ardını gətirə bilmir Ruhəngiz
xanım, ağlamamaq üçün özünü
saxlayır, baxışlarını yayındırıb
Elvinin şəkillərinə tuşlanır. Şəhidin bacısı
qardaşını xatırlayır:
-
Qardaşım sağ olanda da onunla həmişə fəxr
etmişəm, indi də. O qədər hörmətli,
qohumcanlı, dostcanlı oğlan idi ki. İki
qardaşım var, Elvin evimizin balacası idi. Onun yeri mənim üçün tamam başqa olub.
Onunla biz çox yaxın idik, hər dərdini,
sirrini mənə deyirdi. Bir qızdan
xoşu gələndə birinci gəlib mənimlə
bölüşərdi. Sevdiyi qıza hədiyyə
alanda mənimlə məsləhətləşərdi. Mən də zarafatla deyərdim ki, Elvin, birdən ona
alarsan, mənə yox, küsərəm səndən. Mən bunu zarafatla deyirdim. Amma
onun qadasını alım, mənim zarafatımı ciddi qəbul
edirdi. Hər dəfə sevdiyi qıza nə
isə alanda, mütləq mənə də alırdı.
O qızı çox sevirdi. Əsgərliyə getməzdən
əvvəl həmişə mənə deyirdi ki, bacı, gedək
o qızı mənə alaq, nişan qoyum
sonra gedim. Çox istəkləri, arzuları
vardı.
Sevgili
Ruhəngiz xanım da əlavə edir ki, Elvin də həm
xarakter, həm də davranış baxımından tamam fərqli,
özünəməxsus oğlan olub. Xüsusilə anasına olan
güclü bağlılığı bu günə qədər
də ananın yadından çıxmır, əksinə hər
dəfə yadına düşəndə, xatirələr onu
bir az da yaralayır. Ananı ən
çox təsirləndirən isə Elvinin hərbi xidmətini
başa vurmağına iki gün qalmış şəhid
olmasıdır:
- İstədiyi qız vardı. Həmişə mənə
deyirdi ki, mama, gedim xidmətimi başa vurum gəlim, səni
qayınana edəcəm, sənə gəlin gətirəcəm.
Çox sevirdi o qızı. Həmişə deyirdi ki, mama, o qızı mənə
alarsan? Deyirdim, bala, get, gəl, alacam, təki sənin
ürəyincə olan qız olsun. Məktəbi bitirəndən
sora universitetə daxil ola, əsgərliyə
getməyə bilərdi. Amma özü
razılaşmadı. Dedi, yox, gedim vətənə
borcumu verim, sonra gəlib, universitetə girərəm. Həmişə də ordan zəng vuranda deyirdi,
mama, bura çox yaxşıdır, heç istəmirəm gəlim.
Hərdən növbədə olanda zəngləşdirdik,
deyirdi, burda qar yağır, mən də naryaddayam, vətənin
keşiyini çəkirəm. Belə
qarlı, soyuq havada siz rahat yatasınız, dincələsiniz
deyə burda dayandığım üçün şərəf
duyuram.
Hərdən xəstələnib ağrıyanda
başımın üstündə durub deyirdi ki, anama
heç nə olmasın, ona nəsə olacaqsa, mən həyatımı
onun yolunda verməyə hazıram. Ailəyə, ata-anaya,
bacı qardaşa çox hörmət, dəyər verən
oğul idi. Elvin mənim hər şeyim
idi, o, mənim hər şeyimi apardı. Ondan
sonra o biri oğlum xəstələndi, pis hallara
düşdü.
Elvin üçün evin bir küncündə
ayrılmış guşəyə baxıram. Hər tərəfdə
onun əşyaları, fotolardan baxan gülümsər
çöhrəsi Elvinin həyat eşqindən, yaşamaq
yanğısından xəbər verir. Məzuniyyətdə
evlərinə dələndə ata və anası ilə,
qardaşı ilə çəkdirdiyi şəkillər diqqətimi
cəlb edir. O zaman xoşbəxt olan bu ailənin xoşbəxtlik
çırağı Elvinin gedişi ilə sönür.
Şəhidimizin atası özünü yaxşı hiss etmədiyi
üçün bizimlə söhbətə qoşula bilmir,
ancaq qardaşı Adil özünü toparlayıb, onu
haqqında fikirlərini dilə gətirir:
- Elvinlə
həm qardaş, həm də dost olmuşuq. Onunla
otağımız eyni idi. Bu günə qədər
də həmin otağa girə bilmirəm. Nə zaman ora daxil oluramsa, onunla olan günlərimizi
xatırlayıram. Elvinsiz indi çox
çətindir. Mən həm
qardaşımı, həm otaq yoldaşımı, həm də
dostumu itirmişəm. Elvin mənim
sağalmaz yaramdı.
- Siz səhv
etmirəmsə, bir sinifdə oxumusunuz?
- Bəli,
biz eyni vaxtda məzun olmuşuq. O əsgərə gedəndə
mən də hərbi xidmətdəydim, ona görə də
Elvini görə bilmədim. O getdi, mən gəldim. Hərbi xidmətdə olanda bir dəfə onun
yanına getdim. Məəttəl
qaldım. İnanırsınız, orda
olan hər kəs Elvindən razılıq edirdim. Bu qədər qısa vaxt ərzində komandirlərinin
də, xidmətdə birgə qulluq etdiyi uşaqların da
hörmətini qazanmışdım. Onunla
fəxr etdim. Ordan qayıdandan sonra o qədər
xoşbəxt idim ki. Amma sonra ardınca belə
ağır xəbər, onun itkisi mənə çox pis təsir
etdi. Bu günə qədər özümə
gələ bilmirəm. Bundan sonra da Elvinsiz
yaşamaq mənim üçün çətin olacaq.
Yuxu
Hiss edirəm
ki, Adilin danışması Ruhəngiz xanımı da həyəcanlandırır.
Özü nə qədər əzab çəksə
də, nə qızının, nə də oğlunun həyəcanlanmasını,
ağlamasını istəmir. Ana qəlbi
yerdə qalan övladlarının əziyyət çəkməsinə
razı olmur. O, Elvin haqqında danışmaq
yükünü yenidən öz boynuna götürür:
- 2016-cı ildə bacısının toyu oldu.
Hər iki oğlum xidmətdə idi. Adilə məzuniyyət
ala bildim, amma Elvinə icazə vermədilər. Aprelin 7-də
bacısı ana oldu, 8-də sonuncu dəfə evə zəng
vurub, onda da mən qızımın yanında olmuşam.
Hərbi And.- 2021.- 13
avqust.- S.10.