Sarıxanlının qəhrəman
oğulları...
Vətənə kim sahib çıxar? Əlbəttə
ki, Vətənin əsl vətəndaşları. O vətəndaşlar
ki, həm Vətənə daş olmağı, həm də
gözdə yaş olmağı gözə alırlar. Hələ 1990-cı illərdə vətən dara
düşən zamanlarda, ermənilərin Vətənə
tamah saldığı vaxtlarda Azərbaycanın hər
bölgəsi kimi İmişli rayonun da hər kəndindən
qəhrəman oğullar öz canlarını Vətənə
sipər etdilər.
O dövrdə "Sarıxanlı
Qartalları" adlı dəstə düşmənin qorxulu
röyasına çevrilmişdi. Həmin o dəstənin
üzvlərinin bəziləri getdikləri kimi geri dönsələr
də, bəziləri şəhid kimi döndülər. Bəzilərinin
isə nə özü, nə də nəşi dönmədi.
O qəhrəmanların döyüş yollarını bir məqaləyə
sığdırmaq mümkün deyil. Mən bu məqalədə
həmin qəhrəmanların döyüş yolunu örnək
alan, ll Qarabağ döyüşlərində şəhid
olan 3 qəhrəmanın həyat və döyüş
yolundan bəhs edəcəm.
II Qarabağ döyüşlərində
Sarıxanlı kəndinin ilk şəhidi Musayev Alik Rafiq
oğlu olmuşdu. Alik 1987-ci ildə İmişli rayonu
Sarıxanlı kəndində anadan olmuşdu. Ailənin
ikinci övladı və tək oğul payı olan Alik
1994-cü ildə İmişli rayon Sarıxanlı kənd Vətən
Novruzov adına 1N-li tam orta məktəbdə təhsil
almağa başlamışdı. 2005-ci ildə məktəbi
bitirdikdən sonra həqiqi hərbi xidmətə
yollanmışdı. Bakı şəhərində Daxili
Qoşunların N saylı hərbi hissəsində xidmət
etmişdi. 2007-ci ildə xidmətini başa vurmuşdu. Bir
neçə il ordu sıralarından uzaq qalsa da 2011-ci ildə
MAHHXHQ kimi ordu sıralarına qoşulmuşdu. 2012-ci ildə
almanlarla təlim keçmişdi. Bir neçə
il sonra 2016-cı ildə könüllü olaraq Xüsusi Təyinatlı
Qüvvələrin həmlə bölməsində xidmət
etmişdi. 2017-ci ildə 3 aylıq kurs keçmiş və
kursu baş çavuş hərbi rütbəsi alaraq
tamamlamışdı. 2019-cu ilin dekabrından öz istəyi
ilə Füzulidə ön cəbhədə xidmət
etmişdi. Elə vətən müharibəsi
başladığı zaman da vətəni ilk müdafiə
edən oğullardan biri kimi önə atılmışdı.
Bir çox ərazilərin azad olunmasında böyük rolu
olan qəhrəman oktyabrın 28-də dəstəsi ilə
birlikdə Hadrut istiqamətində mühasirəyə
düşmüşdü. Alikin səyləri
nəticəsində həmin dəstə nühasirədən
xilas olmağı bacarmışdı. Ancaq qəhrəmanın
döyüş yolu oktyabrın 1-də
tamamlanmışdı. Füzuli istiqamətində gedən
döyüşlər zamanı yaralı döyüş
yoldaşını döyüşlərin getdiyi ərazidən
uzaqlaşdırmağa çalışan Alik yanına düşən minamyotun partlaması nəticəsində
aldığı qəlpə yarasından şəhadətə
ucalmışdı. Şəhidin nəşi oktyabrın 2-də
doğulduğu Sarıxanlı kəndində ata
ocağına gətirilmiş elə həmin gün
Sarıxanlı kənd məzarlığında torpağa
tapşırılmışdı.
Sevinc xanımla ailəli olan şəhidin vətənə
əmanət Balabəy və Güllər adlı 2
övladı qalıb.
Vətən qəhrəmanı
Musayev Alik Rafiq oğlu Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən
sonra "Vətən uğrunda", "Füzulinin azad
olunmasına görə" və "Xocavəndin azad
olunmasına görə" medalları ilə təltif
edilib.
Müharibə həm zəfər sədası,
həm də şəhid sədası gətirirdi.
Sarıxanlı kəndi oktyabrın 18 - də ikinci şəhidi
Vüsalı bağrına basdı. Bu elin, bu obanın
sağalmayan şəhid dərdi təzələndi. Vətənə
sevdalı olan vətən oğlunun qısa ömür yolu hər
kəsin qəlbində kədərdən bir iz saldı.
Şahmarlı Vüsal Mərdan oğlu 11 oktyabr
1996-cı ildə İmişli rayonu Sarıxanlı kəndində
ailənin ilk övladı olaraq ailəsinə övlad sevinci
bəxş etmişdi. Böyüdükcə özündən
kiçik bacı və qardaşına dayaq olmuşdu. Elə körpəlikdən vətən sevgisi
aşkar olan Vüsal 7 yaşı olan zaman ailəsi ilə
birlikdə qürbətə köçmüçdü.
Rusiyanın Tumen şəhərində yaşamağa
başlayan Vüsal elə həmin şəhərdə də
təhsil almağa başlamışdı. Daha sonra vətənə
dönmüş və V sinifdən Bakı şəhər
Xətai rayon 138 N-li tam orta məktəbdə təhsilini davam
etdirmişdi. Mehriban, səmimi davranışları
ilə düşdüyü mühitdə tez sevilməyi
bacaran gənc hər kəsin rəğbətini
qazanmağı bacarmışdı. Məktəblə
yanaşı həm də idmanın cüdo növü ilə
məşğul olan Vüsal idman sahəsində də nailiyyətlər
əldə etmişdi. Eyni zamanda kompyuter kurslarını
da diplomla tamamlamışdı.
Vüsal həm şəkil
çəkməyi, həm də şəkil çəkdirməyi
çox sevirmiş. Demək olar ki, hər anını şəkillərlə
ölümsüzləşdirirmiş. Sanki ondan qalanların təkcə
şəkillər olduğundan xəbərdar imiş. Hər
şəkilindən bir xatirə boylanan Vüsal məktəbə
vida dediyi 2014-cü ili də əbədiləşdirmişdi.
Məktəbi bitirdikdən sonra həmin ilin oktyabrında həqiqi
hərbi xidmətə gedən Vüsal Gədəbəy
rayonunda yerləşən N saylı hərbi hissədə
xidmət etmişdi. Hər dəfə düşmən atəşkəsi
pozan zaman düşmənin layiqli cavabını verən qəhrəmanın
düşmənə nifrəti sonsuz idi. Vətən qeyrətini
çəkən bir oğul üçün işğal qəbul
edilməz idi. Vüsalın yaxınları bilirdilər ki, bir
gün müharibə başlayarsa Vüsal mübariz əsgərlər
sırasında olacaq. Hələ 2016-cı ildə
Aprel döyüşləri zamanı canını vətənə
sipər edən qəhrəman Vətən müharibəsində
də adından söz etdirməyi bacarmışdı.
Ehtiyatda olan hərbçi kimi çağırışla təlimlərə
qatılan Vüsal oktyabrın 6-da döyüşlərə
başlamışdı. Şiddətli döyüşlərin
getdiyi Füzuli istiqamətində mübarizəyə
başlayan qəhrəman 13 gün haqq savaşı aparıb.
Vətənini, dinini, Allahını sevən oğul son nəfəsinə
qədər döyüşüb və Füzulinin azad
olunmasının səbəbkarlarından biri olub. Oktyabrın
18-də atasına zəng edib "Füzuli azaddır" deyərək
sevincini bölüşüb. Həmin müjdəli xəbər
Vüsalın son danışığı olub. Elə həmin
gün döyüş bölgəsində qalan yaralı
silahdaşına yaşamağa ümid olmağa
çalışarkən düşmənin snayper atəşinə
tuş gəlib və şəhadətə ucalıb.
Oktyabrın 18-də vətənin azadlığı
uğrunda canından keçən şəhidin nəşi
Sarıxanlı kənd məzarlığında torpağa tapşırılıb.
Ömrünün gənc
çağında vətənləşən Şahmarlı
Vüsal Mərdan oğlu Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən
sonra "Vətən uğrunda" və "Füzulinin
azad olunmasına görə" medalı ilə təltif
edilib.
Cəbhədə
döyüşlər davam etdikcə Qarabağa çatacaq məsafələr
qısalırdı. Günbəgün irəliləyən rəşadətli
Azərbaycan Ordusunun eyni zamanda verdiyi şəhidlərin də
sayı artırdı. Az yaşı olmağına baxmayaraq
böyük qəhrəmanlıq göstərib şəhadət
zirvəsinə ucalan şəhidlərdən biri də
Əsədli Cahid Zahid oğludur. Sarıxanlı kəndinin II
Qarabağ döyüşlərində vətənə qurban
etdiyi ən körpə şəhidi. Cəmi 18
il ömür yaşayan, çox arzularını dilə gətirməyə
belə ömrü vəfa etməyən şəhidlərimizdəndi
Cahid. 18 yanvar 2002-ci ildə İmişli rayon Sarıxanlı kəndində
dünyaya göz açmışdı. 3 bacının bircə
qardaşı idi Cahid. Atasının, anasının ən
istəklisi idi. Cahid 4 yaşında olarkən
ailəsi Rusiyaya köçmüşdü. Məktəbli
yaşına çatdığı zaman qürbətdə təhsil
almağa başlamışdı. Vətəndən uzaqda
böyüsə də məsafələr onun Vətən
sevgisinə əngəl ola bilməmişdi. Məktəbi
bitirdikdən sonra doğma vətənə olan vətəndaş
borcunu yerinə yetirmək üçün vətənə
dönmüş və 26 yanvar 2019-cu ildə hərbi xidmətə
getmişdi. Hər gün düşmənin atəşinə
məruz qalan Goranboy rayonunun Tapqaraqoyunlu kəndində hərbi
xidmətə başlamışdı. II Qarabağ müharibəsi
başlayan zaman topçu olaraq döyüşlərə
qatılmış, Suqovuşan və Talış kənd
uğrunda mübarizə aparmışdı. Oktyabrın 21-də
elə həmin döyüşlərdə də şəhadətə
ucalmışdı. Qara xəbər tez yayılır. Cahidin şəhid xəbəri bir anda
Sarıxanlı kəndinə səda salmışdı. Hər
kəs Cahidin şəhid olmasına öz balasını,
doğmasını itirmiş kimi üzülmüşdü.
Xidmət üçün vətənə gələn Cahidin
ailəsi Rusiyada yaşadığı üçün o uzun
müddət imiş ki, ailəsini görmürmüş.
Elə ailəsi də karantin səbəbindən
övladlarının dəfninə gələ bilməmişdi.
Həm tək oğul övladını itirmək, həm
övladının dəfnində iştirak edə bilməmək
izah edilə bilməyəcək qədər çətin
hisslərdi. Vətən, xalq yolunda 18
yaşında əbədi solan Cahid xalqının çiyinlərində
son dəfə əbədiyyətə uğurlandı.
Sarıxanlı kənd məzarlığında vətən
torpağı ən körpə müqəddəsini qoynuna
aldı. Şəhid olmaq üçün doğulan Cahidin
üzərindən şəhid olandan sonra Yasin surəsi
tapılmışdı. Xidmətdə olarkən də oruc
tutan şəhid şübhəsiz ki, cənnətdə
müqəddəslərin yanındadır.
Vətənin ən çətin günlərində
vətənə can verən Əsədli Cahid Zahid oğlu Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən
sonra "Vətən uğrunda" medalı ilə təltif
edilib.
SARIXANLI ŞƏHİDLƏRİ
Sizinlə ucaldı bu qoca vətən,
İllərlə köksündə dərd - kədər
bitən.
Vətən həsrətiylə
böyüdünüz siz,
Oldunuz vətənin dadına yetən.
Sizinlə yayıldı zəfər sədası,
Oldu neçə ana şəhid anası.
Sarıxanlı eli bağrına basdı,
Üç igid şəhidi bildi balası.
Bu elin
çox igid, şəhidi olub,
Neçə gənc vətənin qoynuna dolub.
Düşmən
Qarabağa tamah salanda,
İgidlər düşmənin gözlərin oyub.
Həmin
igidləri örnək götürən,
Vətən
həsrətini sona yetirən,
Alik, sən
olmusan gözəl torpağa,
Bayraqlı tabutda müjdə gətirən.
Şəhid
karvanının cavan sakini,
Qurbətdə
yarandı vətən nisgili,
Cahid, vətən
üçün canından keçdin,
Yaşatdın xalqıma sən də zəfəri.
Dünyaya
sonsuz bir eşq ilə baxan,
Vətən
intiqamı gözündə çaxan,
Vüsal,
gənc yaşında ölümsüzləşdin,
Oldun ürəkləri yandırıb-yaxan.
Sizinlə
fəxr edir Sarıxanlı eli,
Şəhidin qəlbdədi hər zaman yeri.
Bu vətən
nə qədər var olacaqsa,
Hər vaxt yaşadacaq siz şəhidləri.
Manya SƏXAVƏTQIZI
Hərbi And.- 2021.- 13 avqust.- S.11.