Xatirələrdə
yaşayan insan
İnsan yalnız həyatdakı əməlləri,
xeyirxahlığı, gördüyü savab işlərlə
əbədiyaşar olur. Surəti yaddaşlara yazılır, əməlləri
hafizələrdə iz buraxır.
Vətəni, xalqı üçün təmənnasız
çalışan, qurub-yaratmağı,
xeyirxahlığı həyat amalına çevirən
insanların ömür yolu gələcək nəsillər
üçün nümunəyə çevrilir. Uzun illər
mühüm vəzifələrdə
çalışmış bacarıqlı rəhbər
işçi, istedadlı filoloq, humanitar elm sahələri
üzrə geniş bilikli ziyalı, el ağsaqqalı
Sadıq Nəbi oğlu Murtuzayev də məhz belə
insanlardan biri idi.
Sadıq Murtuzayev 25 iyul
1927-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunu bitirib. Əmək fəaliyyətinə
Zaqatala Pedaqoji Məktəbində müəllimliklə
başlayıb. 1952-ci ildə partiya
işinə irəli çəkilərək Zaqatala rayon
partiya komitəsində şöbə müdiri olub. 1953-cü ildən Pedaqoji İnstitutun
aspiranturasında təhsilini davam etdirib. 1956-cı ildən
Zaqatala Rayon Partiya Komitəsinin ikinci, 1959-cu ildə birinci
katibi seçilib, Azərbaycan Kommunist Partiyası Mərkəzi
komitəsinin Zaqatala, Qax və Balakən rayonları üzrə
partiya təşkilatçısı olub. 1962-cı
ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin
müdiri, 1963-cü ildən 1990-cı ilin sonunadək
Abşeron, Şəki, Ağdam, yenidən Abşeron Rayon
Partiya komitələrinin birinci katibi vəzifəsində
işləyib. 31 il Azərbaycan KP
MK-nın üzvü, bir müddət MK-nın büro
üzvü seçilib. Dəfələrlə
Sov.İKP qurultaylarının nümayəndəsi olub. 1961-ci ildə Zaqatala, Qax və Balakən rayonlarından
SSRİ Ali Sovetinin deputatı və 6 dəfə Azərbaycan
SSR Ali Sovetinin deputatı seçilib.
1991-ci ildə təqaüdə çıxandan sonra Azərbaycan
Müharibə və Əmək Veteranları Şurası sədrinin
müavini seçilib, Veteran müəssisələri
Respublika Birliyinin sədri olub. Azərbaycan Kəndli
Fermer Təsərrüfatları İttifaqı İdarə
Heyətinin ilk sədri, Respublika Ağsaqqallar Şurası sədrinin
birinci müavini seçilib. Keçmiş SSRİ-nin
çoxsaylı ordenlərinə, mükafatlarına, bir
neçə xarici ölkənin medallarına və digər fəxri
təltiflərə layiq görülüb. 100-dən
artıq elmi və publisistik məqalənin, 10-dan çox
kitabın, "İlisu" ensiklopedik toplusunun müəllifidir.
Respublikanın geridə qalmış iri rayonlarına
göndərilib və onun rəhbərliyi ilə həmin
rayonlar qabaqcıllar sırasına çıxıb. Respublikada
yenilikçi raykom katibi kimi tanınıb,
heyvandarlığın, bağçılığın sənaye
əsaslarına keçirilməsinin təşəbbüskarı
və yaradıcısı olub. 2021-ci il
fevral ayının 4-də, 94 yaşında
dünyasını dəyişib.
Bu zəngin
və mənalı bioqrafiya sahibinin ötən il
işıq üzü görmüş "Son borc"
kitabını vərəqləyən hər kəsin
gözü önündə bütöv kamillik obrazı
canlanır. Kitabın redaktoru filologiya elmləri doktoru,
professor Rafiq Əliyev qeyd edir ki, uşaqlığı naz-nemət
içində keçməyən Sadıq müəllim təkcə
öz övladlarının deyil, millətin gələcəyi
olan gənclərin də həyatını elmlə,
yaxşı əxlaqla zənginləşdirmək
üçün ömrünü fəda edib. Sadıq
Murtuzayev təkcə sözdə deyil, əməldə də
cavanlara örnək olub.
Yoxsul ailədə əzab-əziyyətlərlə
böyüyən Sadıq müəllim 12 yaşında
atasını, 14 yaşında anasını itirməklə mənəvi
zərbə alıb. Bu acı ona nə uşaqlıq
dövrünün şıltaqlığını, nə də
tələbəlik illərinin ləzzətini yaşamağa
imkan verib. Erkən yaşlarında həyatın
enişli-yoxuşlu, daşlı-qayalı yollarına
atılıb və bəlkə də çox
arzularını içində boğmaq məcburiyyətində
qalıb. Nə qədər həyat onu
sıxsa da mübarizliyi, əzmkarlığı ilə zəhmətə
alışıb və bütün çətinliklərə
sinə gərib. Özünün də
dediyi kimi, yaşadığı çətinliklər,
çəkdiyi əziyyətlər onu böyüdüb, tərbiyə
edib, eyni zamanda yüksəklərə ucaldıb.
Kiçik
yaşlarından əməklə məşğul olaraq ailə
saxlayan, amma oxumağı, təhsil almağı bir an belə unutmayan bu nəcib insan gənc
yaşlarından məsul vəzifələrdə
çalışıb, alimlik dərəcəsi alıb,
xalqına təmənnasız xidmət etmək
missiyasını üzərinə götürüb. Sadıq müəllim həyatın hər
üzünü yaşamış, ancaq
yaxşılığı, xeyirxahlığı, haqq və ədaləti
əldən verməmiş, özünün təvazökarlığı
ilə hamının sevimlisinə çevrilmişdir.
Ömrünün 31 ilini Zaqatala, Şəki, Ağdam və
Abşeron rayon partiya komitələrinin birinci katibi vəzifələrinə
həsr edən Sadıq müəllim əsl yaradıcı rəhbər
işçi kimi tanınıb. Onun
yaradıcılıq qabiliyyətinə ən geniş imkanlar
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra böyük meydan açılıb və o, işlədiyi
rayonlarda diqqətəlayiq işlər və tədbirlər həyata
keçirib. Belə demək mümkünsə,
Sadıq Murtuzayevi Heydər Əliyev məktəbinin yetirməsi,
kadr siyasətinin bəhrəsi kimi qiymətləndirmək
olar. Çünki o, Heydər Əliyevin
siyasi kursuna sadiq qalaraq hər zaman işlədiyi rayonlarda əhalinin
maddi, sosial rifahını yaxşılaşdırmaq
üçün çox böyük və uğurlu işlər
görüb. Onun saysız-hesabsız
uğurlarına nəzər yetirsək görərik ki, həqiqətən
də Sadıq Murtuzayev yüzlərlə "ilklər"in
müəllifidir.
Hələ Şəki şəhər partiya komitəsinin
birinci katibi işləyərkən rayonda forel
balıqçılıq təsərrüfatını
yaradır. Bununla kifayətlənməyərək Azərbaycanda
ilk dəfə olaraq Şəki heyvandarlıq üzrə 10
min başlıq mal-qara kökəltmə kompleksini qurur.
Şəki rayonunda istifadəyə verilən bu
sənaye kompleksinin təcrübəsini yaymaq
üçün 1974-cü ildə Ulu öndər Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyevin və
keçmiş Sov.İKP MK-nin bölmə müdiri
N.M.Tişşenkonun iştirakı ilə Zaqafqaziya
seminar-müşavirəsi keçirilir. Həmin seminara
yekun vurarkən Ulu öndər Heydər Əliyev deyir:
"Şəkililər Sadıq Murtuzayevin rəhbərliyi sayəsində
köhnə ənənələri cəsarətlə aradan
qaldırıb, yeni ənənələr yaradıb və
böyük uğurlar qazanıblar. Bu, təqdirəlayiqdir".
Əlbəttə ki, bu, Heydər Əliyevin inandığı
və güvəndiyi Sadıq Murtuzayevin fəaliyyətinə
verilən yüksək qiymət və ali
dəyər idi.
Şəkidə
10 il işlədikdən sonra ulu öndər
Heydər Əliyev onu Ağdama göndərərək bu
böyük potensialı olan rayonda yeni irəliləyiş əldə
etməyi tapşırır. Qısa müddət
ərzində əhalinin, ziyalıların və əmək
adamlarının rəğbətini qazanan Sadıq müəllimin
rəhbərliyi ilə Ağdamda xaliqələr
yaradılır. Onun Ağdamda işlədiyi
illərdə əldə olunan nailiyyətlər respublika rəhbərliyi
tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycan KP MK-nın Birinci katibi ümummilli lider Heydər
Əliyev həmin dövrdə iki dəfə Ağdama səfər
edərək rayonda həyata keçirilən quruculuq işləri
ilə tanış olur, zəhmətkeşlərlə
və ağsaqqallarla görüşür.
Sadıq Murtuzayev Ağdamda işləyərkən
respublikada ilk və yeni olan "Axtarış" informasiya mərkəzini
yaradaraq texnika elmləri namizədi Zirəddin Tağıyevi mərkəzə
rəhbər təyin edir. Z.Tağıyev Yaponiyada informasiya
texnologiyaları ilə bağlı bir neçə il təcrübə keçərək bu məsələləri
hərtərəfli öyrənir. "Axtarış"
informasiya mərkəzi 140 mövzuda axtarış aparıb ən
müasir yeniliklər barədə məlumat vermək
imkanına malik olur. O dövrdə rayonda
pambıqçılıq, üzümçülük və
heyvandarlıq sahəsində böyük uğurlar əldə
olunur və Ağdam respublikanın ən qabaqcıl
rayonlarından birinə çevrilir.
Sadıq Murtuzayev Abşeron rayonunda işlədiyi
dövrdə də yaradıcı rəhbər işçi
kimi özünü bir daha təsdiq etmişdi. Burada işlədiyi
dövrdə Bakı bağlarının əmək
adamlarına verilməsi, Xırdalanın
abadlaşdırılması, Ceyranbatan gölünün ətrafında
salınan meşə zolaqlarının qorunması, çox gəlir
verən Terrarium təsərrüfatının
yaradılması, Zəfəran sovxozunda istehsalın
artırılması, Mehdiabad qəsəbəsinin
salınması da məhz onun adı ilə
bağlıdır. Sadıq müəllimin
gördüyü işləri saymaqla qurtarmaq olmaz. O,
xalq arasında, işlədiyi kollektivdə, respublika
ziyalıları arasında böyük hörmətə
malik, əsl təşkilatçı rəhbər, yüksək
ziyalı idi.
Müəllifi
olduğu "İnsanla, torpaqla üz-üzə", "Kəndimizin
magistral inkişaf yolu", "Fəzilət
işığında", Yaşanmış ömrün
anları", "İnsan amili, həyat və zaman",
"XX əsrin Mir Cəfər Bağırov fenomeni",
"Son borc" kitablarını vərəqlədikdə
bütün nailiyyətləri barədə geniş məlumat
almaq olur. Diqqəti cəlb edən digər məsələ
isə Sadıq müəllimin "Qurani-Kərim"i dərindən
bilməyi, daha sonra tarixi hadisələri dəqiq faktlarla
göstərməyidir. Onun haqqında yazılmış
"Palıd toxumu" və "Canlı əfsanə"
romanlarında da bu gözəl insanın ömür yolu, həyat
eşqi, yaradıcılığı öz əksini
tapıb.
Görkəmli dövlət xadimi olmaqla yanaşı,
Sadıq Murtuzayev həm də qayğıkeş ailə
başçısı, dörd övladın atası, yeddi nəvənin
babası və on üç nəticənin ulu babası idi.
Ən böyük arzusu Ağdamı, Şuşanı
azadlıqda görmək idi. Tanrı bu nəcib insana
böyük arzusuna çatmağa da ömür verdi. Müzəffər Ali
Baş Komandan İlham Əliyevin Qüdrətli Ordusunun Vətən
müharibəsindəki şanlı qələbəsi ilə
Ağdamın bir güllə atılmadan azad edilməsinə
şahidlik etdi Sadıq müəllim. Bu,
onun ömrünün ahıl vaxtında ən böyük hədiyyəsi
oldu.
Yaşasaydı, iyulun 25-də 94 yaşını qeyd edəcəkdi. Həyat
yollarında min cür əziyyətlərə, çətinliklərə
qalib gəlmiş rəhbər işçi, gözəl ailə
başçısı olan Sadıq müəllimin
ömrü illərin sayına görə yox, xatirələrdə
izi qalan əsrə bərabər bir ömür oldu.
Tofiq Mahmudov Əmək veteranı
Hərbu And.- 2021.- 13 avqust.- S. 12.