Kəşfiyyatçı
jurnalist: “O doyüş bir qığılcım oldu”
“Hərbi And”ın bu həftəki
müsahibi tanınmış jurnalist, Qarabağ Qaziləri
Birliyinin idarə heyətinin üzvü Rey Kərimoğludur.
– Siz
birinci Qarabağ savaşında da iştirak etmisiniz. Hətta
döyüş yolunuz barədə kitab da
yazmısınız. O illərin təcrübəsi ilə
indiki müharibədə nə kimi bənzərliklər və
fərqlər var?
– Mən
1991-ci ilin sentyabr ayında Müdafiə Nazirliyinin ilk hərbi
ərazi özünümüdafiə batalyonunda
döyüşməyə başlamışam. Azərbaycanın
Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin
Mirzəyevin əsgəri olmuşam, daha sonra orda kəşfiyyatçı
olmuşam.1993-cü ilin fevral ayının 26-na qədər həmin
hərbi hissədə döyüşmüşəm, 2 dəfə
yaralanmışam, 26 fevralda isə tərxis olunmuşam.
O
dövrlə bu dövrü müqayisə edəndə
çox şey demək olar. Hələ o dövrdə ordu təzə
qurulurdu, silah-sursat çatışmırdı, yəni ən
elementar silahlar belə yox dərəcəsində idi. Silahların
sayı əsgərlərin sayından xeyli az idi. Müharibədə
ən önəmli məsələ əsgərin silahı
idi və o da bizdə çatışmırdı. Eyni zamanda
geyim, zirehli texnikalar çatışmırdı. Buna da belə
açıqlama vermək olar ki, o dövrdə dövlət təzə
qurulurdu, hakimiyyət yeni formalaşırdı, vahid idarəetmə
yox idi, yəni bir sözlə, xeyli
çatışmazlıqlar var idi. Lakin İkinci Qarabağ
döyüşlərində Ali Baş Komandanımız
İlham Əliyevin rəhbərliyi ilə bütün
dövlət strukturları, ordu və xalq vahid bir
komandanlıqda birləşdi və bu birliyin nəticəsində
də böyük bir qələbə çaldı.
İndiki
dövrlə müqayisədə aşkar şəkildə
görə bilərik ki, indi Azərbaycan özünün
silahını istehsal edir, həmçinin lazımi
texnikaları almağa gücü var. İndiki zamanda Azərbaycan
Ordusu dünyanın ən modern və güclü silahlarla təchiz
edilmiş ordusudur. O dövrlə bu dövrü müqayisədə
yalnız bir bənzərlik var, o da xalqın əhval-ruhiyyəsidir.
İstər həmin dövrdə, istərsə də indiki
döyüşlərdə (bura aprel döyüşləri,
Tovuz döyüşləri də daxildir) xalq da, ordu da
yüksək əhval-ruhiyyəyə malik idi.
– Siz
mətbuatdakı yazılarınızda həmişə
müharibənin mütləq olacağını, bizim o
torpaqları azad edəcəyimizi dərin inamla
vurgulamısınız. Bu inam nədən qaynaqlanırdı?
– Mən
hər zaman inanırdım. Heç bir zaman qələbə
qazanacağımıza ümidim itməyib. Çünki mən
erməniləri bir millət olaraq tanıyıram, onların
xislətini bilirəm. Həmçinin xalqımızın da
gücünə, ordumuzun gücünə, millətimizin vətənpərvərliyinə
bələdəm. Bir sözlə, onların da qabiliyyətlərini,
nəyə qadir olduqlarını bilirdim, bizim də.
Bütün bunların da hamısı qalib gələcəyimizə
inamıma əsas verirdi. Hətta o vaxtı da (1990-cı illərdə
belə) mənim bir an belə olsa ümidim itməmişdi və
mən əmin idim ki, haçansa müharibə olacaq və
biz qalib gələcəyik. Günü bu gün də
çox böyük inamlarım var ki, bu yaxınlarda başqa
şad xəbərlər də olacaq.
– Mən
aprel döyüşləri zamanı
düşünürdüm ki, artıq müharibə
başlayacaq.
– Elə
aprel döyüşləri manevr imkaları yaratdı, belə
deyək, həmin döyüşlər əsas
döyüşlərin başlanması üçün
sınaq döyüşləri rolunu oynadı,
qığılcım oldu. Biz elə həmin
döyüşlərdə də strateji əhəmiyyəti
olan bəzi yüksəkliklərimizi azad elədik. İndiki
müharibəmizdə aprel döyüşlərinin də
faydası oldu.
– Siz
həm də jurnalistsiniz. Jurnalistika və vətənpərvərlik
mövzusunda bəzən fərqli yanaşmalar ortaya
çıxır. Sizcə, bu mövzuda hadisələrə
jurnalist məsuliyyəti ilə yanaşmaq lazımdır,
yoxsa vətəndaş məsuliyyəti ilə?
–
Əlbəttə ki, vətəndaş məsuliyyəti ilə.
Bu ölkədə hamı hər şeydən öncə vətəndaşdır.
Vətəndaşlığın da bir məsuliyyəti var. Vətəndaşlığın
yaratdığı məsuliyyət ona həm hüquqlar verir,
həm də müəyyən öhdəliklər qoyur. Bu
öhdəliklər Azərbaycanımızın dövlət
müstəqilliyinin qorunması, milli təhlükəsizliyimizin
qorunması, dövlət sirlərinin qorunmasıdır.
Jurnalistikanın etik kodeksləri və jurnalistin məsuliyyəti
dövlətin milli marağını və vətəndaşlıq
məsuliyyətini üstələməməlidir.
Ermənistanda
ermənilər bu məsələni həmişə öndə
saxlayırlar. Sizə bir misal çəkim. Müharibənin
tən ortasında oktyabrın 20-25-i arasında Ermənistanda
İrəvandakı hərbi hissələrdən birində
Qarabağa göndərilən erməni
döyüşçülərinin valideynləri hərbi
hissənin qarşısını kəsdilər və hərbi
hissənin əsgərlərinin Qarabağa gəlməsinə
mane olmağa çalışdılar. Bir nəfər erməni
blogger, jurnalist, siyasətçi, vətəndaş onu çəkib
paylaşmadı. Çünki onların milli maraqları bunu
etməyə imkan vermədi. Müharibə dövründə
ermənilərdə əksər jurnalistlərin fəaliyyətləri
də dövlət maraqlarına xidmət edib. Jurnalist məsuliyyəti
də vətəndaşlıq məsuliyyətindən və
dövlətin milli marağından sonra gəlib. Yəni onlarda
hər şeydən öncə dövlət və milli
maraqlardır.
– Vətən
Müharibəsi dövründə və ondan əvvəlki
illərdə medianın Qarabağ mövzusunda işini necə
dəyərləndirirsiniz?
–
2000-ci ildən sonra jurnalistikada durğunluq dövrü
başladı. Amma 2016-cı ildən başlayaraq artıq
xeyli irəliləmə oldu, yəni milli təhlükəsizlik
baxımından jurnalistikamız qənaətbəxş idi,
amma peşəkarlıq baxımından hələ də geri
idi. Çünki Azərbaycan jurnalistikasının çox
sanballı araşdırmaçıları, jurnalistləri
var idi ki, onlar mediadan müəyyən səbəblərə
görə uzaq düşdülər, xarici ölkələrə
oxumağa, işləməyə və s. getdilər. İstər
ölkə daxilində, istərsə də ölkə
xaricində mediadan kənarda qaldılar. Əgər bu döyüşlər
zamanı burda olsaydılar, onların yazıları, təhlilləri,
araşdırmaları dünya informasiya çapında Azərbaycan
informasiyasının yayılması baxımından çox
böyük rol oynayardı. Amma buna baxmayaraq 2020-ci ilin
sentyabrın 27-dən başlayaraq bu günə qədər
ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanı cənab İlham Əliyev bu missiyanı
digər məsələlərdə, məqamlarda olduğu
kimi özü boynuna götürdü və yüksək
peşəkarlıqla, şərəflə yerinə yetirdi.
Qarabağ
Qaziləri Birliyini təmsil edən bir şəxs kimi,
müharibədən sonra qazilərimizə və şəhid
ailələrinə münasibət sizi qane edirmi?
Bu məsələ
bir az spesifik məsələdir, bizim məşğul
olduğumuz sahədir. Qeyd edim ki, mən Qarabağ Qaziləri
Birliyinin idarə heyətinin üzvüyəm. Dövlət səviyyəsində
Prezidentimiz cənab İlham Əliyev və Birinci
vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən
çox yüksək səviyyədə diqqət və
qayğı var. Bu diqqət və qayğı
bütövlükdə bu kateqoriyadan olan insanları,
xüsusilə şəhid ailələrini tam əhatə
edir. Eyni zamanda qazilərlə bağlı çox
böyük işlər görülür. Dövlətin həssas
kateqoriyaya aid insanlar üçün xüsusi sosial paketinin
hazırlanması, Yaşat fondunun yaradılması, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasında
şəhid ailələri və yaralılarla vahid mərkəzin
yaradılması, cənab Prezidentin
tapşırığı ilə şəhər və rayon
icra hakimiyyətlərində şəhid ailələri və
qazilərlə iş şöbəsinin yaradılması və
bu tipli bir çox görülən işlər bunun bariz
nümunəsidir. Təbii ki, nöqsanlar və
çatışmazlıqlar da var, bu da sırf bəzi məmurların
öz işlərini məsuliyyətlə görməməsindən
irəli gələn çatışmazlıqlardır. Bunu
da zaman-zaman Qarabağ Qaziləri Birliyi də bu istiqamətdə
baş verən problemlərin həllində əlindən gələn
köməkliyi edir, bu prosesin içindədir və bundan
sonra da çalışacağıq ki, digər hərbi
yönümlü Qeyri Hökümət Təşkilatları
ilə birgə əl-ələ verib bu problemlərin həllinə
nail olaq.
Sizcə,
bu məsələdə cəmiyyətin üzərinə
düşən hansı vəzifələr var?
Mən
“Hərbi And” qəzeti və saytı vasitəsilə məni
eşidən, hörmət edən insanlara
çağırış edirəm ki, Yaşat fonduna vəsait
köçürsünlər. Ora köçürülən
vəsait şəhid ailələrimizin, yaralı qazilərimizin
müalicəsi və həyatda qalması üçün xərclənir.
Cəmiyyətin bu gün görə biləcəyi iş
Yaşat fonduna dəstək olmaqdır.
Əlavə
etmək istədiyiniz nəsə var?
Bütün
xalqımızı, şəhid ailələrini, qaziləri,
bir sözlə vətənimizi, dövlətimizi sevən
insanları Prezidentimizin ətrafında birləşməyə
çağırıram. Çünki İlham Əliyevin ətrafında
birləşmək bizim qələbə düsturumuzdur. Xankəndinə,
Xocalıya, Xocavəndə, Ağdərəyə, Zəngəzura,
Göyçəyə qayıtmaq istəyiriksə, İlham
Əliyevin ətrafında birləşib, onun tövsiyə və
tapşırıqları istiqamətində gecə-gündüz
çalışıb hədəflərə doğru irəliləməliyik.
Zaman
ayırdığınız üçün təşəkkür
edirik.
Siz də
sağ olun.
Aytən NAZİMQIZI
Hərbi
And.- 2021.- 27 avqust.- S.5.