Hər zaman deyərdi ki, mən şəhid olacam…

 

 

“Torpaq əgər uğrunda ölən varsa, Vətəndir!”. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs məkandır. Vətəni sevmək böyük əxlaqi keyfiyyətdir. “Vətəni sevmək Allaha imandandır” – deyilir. Qəlbində imanı olan hər kəsin xalqına və vətəninə də sevgisi şübhəsizdir. Həzrəti Peyğəmbərimiz (s.ə.s.) hədislərin birində buyurub: “Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır. Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır”.

 

Zaman-zaman igid oğullarımız vətən torpaqlarının qorxmaz müdafiəçiləri olub, onu qoruyub, onun uğrunda canlarını belə əsirgəmədən mübarizəyə qalxıblar. Vətənin hər qarışı uğrunda mərdliklə döyüşüb can qoyan igid oğullarımızı tanıtmaq, onları yad etmək ürəyi vətən sevdası ilə döyünən hər bir vətəndaşın müqəddəs borcudur.

 

Vətən uğrunda şəhadətə yüksələnlər hər birimizin qürur mənbəyi, fəxridir. Bu zirvəni fəth etmək hər kəsə nəsib olmur. Bu ali məqamda yer alanlar hamımızın sevgisini, rəğbətini qazanıb, ən uca zirvədə dayananlardır.  Bu sayımızda Vətən Müharibəsində daim irəlidə addımlayıb düşmənə ağır zərbələr endirən şəhid qardaşımız Murad Nağıyevi tanıdacayıq sizlərə.

 

Herbiand.az məqaləni təqdim edir.

 

Murad Mail oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda dünyaya gəlib. O, hələ bir yaşı tamam olmamış ailəsilə birgə Bakıya köçür. 271 saylı orta məktəbdə oxuyan Murad Nağıyev tezliklə həm öz zəkası ilə, həm də tərbiyəsilə digərlərindən seçilir və müəllimlərinin sevimlisinə çevrilir. 8 il bu məktəbdə əla qiymətlərlə oxuduqdan sonra 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə imtahan verir, burada yüksək nəticə göstərdiyinə görə, Türkiyənin ən nüfuzlu hərbi məktəbinə – İstanbuldakı Kuleli Hərbi Liseyinə daxil olur. Murad burada da özünü doğruldur, xüsusilə riyaziyyat fənnindən yüksək nəticələr göstərdiyinə görə, müəllimləri tərəfindən ona “matematik dehası” adı verilir.  O, burada mülki dərslərlə yanaşı, həm də hərb elminin bütün sirlərini öyrənir, müxtəlif yerlərdə yay toplanışlarında və təlimlərdə iştirak edir. Liseyi müvəffəqiyyətlə bitirərək 2015-ci ildə təhsilini Türkiyə Quru Qoşunları Məktəbində (Kara Harp Okulu – Ankarada yerləşən nüfuzlu ali hərbi təhsil müəssisəsi) davam etdirir. 1-ci kursu burada başa vursa da, 2016-cı ildə Türkiyədə baş verən məlum hadisələr səbəbindən təhsilini dayandırır və azərbaycanlı yoldaşlaı ilə birlikdə vətənə geri qayıdır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsilini davam etdirir. Murad Nağıyev 2020-ci ildə buradan məzun olur və bununla da o, ümumi 9 illik yüksək səviyyəli hərbi təhsilə yiyələnir.

 

2020-ci ildə AAHM-in tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə məzunu olur. Elə həmin ildə Murad Nağıyev Bakı yaxınlığında yerləşən “N” saylı hərbi hissəyə təyinat alır və leytenant rütbəsilə tank taborunda taqım komandiri, tank komandiri olaraq xidmət edir. Murad 27 sentyabrda başlayan Vətən Müharibəsinə elə həmin gündən yollanır, qızğın döyüşlərin getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlara qatılır. Komandirləri və rütbəcə yüksək yoldaşları gənc zabiti döyüşə girməməyə razı salmağa çalışsalar da o: “mən zabitəm, öz tankımda özüm gedəcəyəm” – deyərək döyüşə ön sıralarda gedir. Murad Nağıyev tank komandiri olaraq Horadizin alınmasında şücaət göstərir, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətində düşmənin xeyli sayda strateji obyektini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv edir, düşmən texnikasını qənimət kimi götürür. Cəbrayıl uğrunda gedən qanlı döyüşlərdə Murad Nağıyev şəhadətə yüksəlir. Oktyabrın 11-də ailəsinə şəhid olma xəbəri gəlir. Bu xəbər Nağıyevlər ailəsinin qəlbinə bir od salır. Murad ailənin sonbeşiyi, ümidi, pənahı idi. Bütün ailə onunla qürur duyur, evin kiçiyi olsa da, onu özlərinə arxa-dayaq bilirdilər. Murad igidliyi, mərdliyilə elə-obaya gərəkli övlad, vətənə layiqli oğul oldu. Əməli ilə ailəsinin başını uca etdi, döyüşlərdə göstərdiyi qəhrəmanlıqları ilə dastan yazmağı bacardı. Onun qəhrəmanlığı Ali Baş Komandan tərəfindən də yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, Murad Nağıyev ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Anası Xavər xanım oğlu haqqında danışarkən göz yaşlarına hakim kəsilə bilmədi. Oğul həsrəti çəkən bir ana üçün bu gün xatirələrdə danışmaq çox ağırdır: “Çox tərbiyəli, ağıllı oğul idi. Hamının istəklisi idi balam. Hərbi liseyə həm özünün,  həm də mənim istəyimlə getmişdi. Çox vətənpərvər oğlan idi. Müharibə başlamazdan öncə hər zaman deyərdi ki, mən şəhid olacam. O, hər dəfə belə deyəndə çox qorxurdum. “Bir də belə sözlər danışma” – deyirdim”. Xavər xanım deyir, Murad hamı ilə gülərüz, mehriban davranırdı. Heç kimin xətrinə dəyməzdi. Vətənsevər, torpağına qəlbən bağlı mərd oğul idi Murad: “Bu gün oğlum haqqında danışmaq mənim üçün çox çətindir. Vətəninə çox bağlı idi. Türkiyədə oxuyanda da hər zaman vətən həsrəti çəkirdi. Mənə görə oğlum hələ böyüməmişdi. Amma müharibə zamanı 15 günün içərisində sanki birdən böyüdü. Çox həsrətini çəkirəm balamın. Ancaq şəkilləri ilə danışıram. Təsəllimi bundan alıram. İşdən çıxma saatını hər gün gözləyirəm. Elə bilirəm balam indicə qapıdan içəri gülə-gülə girəcək”. Deyir, Murad bizim hər şeyimiz idi. Evimizin son beşiyi, əzizimiz idi. Hamımız ona uşaq kimi baxırdıq. İstədiyi qız var idi. Elçi getmək fikrində idik. Balamın arzuları yarımçıq qaldı. O qədər arzuları var idi. Deyirdi, özüm üçün hər şey edəcəm, səni yaxşı yaşadacam, ana”. Xavər xanımla söhbətim çox ağır keçirdi. Balasının həsrətilə yanıb-qovrulan ananın çöhrəsindəki qəm-kədər qəlbimi parçalayırdı. Nur üzlü ananın keçirdiyi iztirabları sözlə ifadə etmək çox çətindir. Xavər xanım deyir, oğlum diqqəti çox sevirdi: “İstəyirdi hamı ona xüsusi diqqət göstərsin. Hər səhər tezdən 5-də durub əzizləyə-əzizləyə işə yola salardım balamı. Deyə-gülə səhər yeməyini yeyib işə gedərdi. Həmin anların o qədər həsrətindəyəm ki”. Torpaqlarımızın azadlığını çox istəyirdi Murad. Onun bu arzusu yerinə yetirildi. Xavər xanım deyir ki, indi oğlumun əvəzində mən oraları ziyarət edib balamın şəhid olduğu yerə gedəcəm.

 

Sərxan Nağıyev qardaşı ilə bağlı xoş xatirələrinə yenidən işıq saldı. Deyir, universitetə qəbul olunduğu il Murad da liseyə daxil oldu. Türkiyədə oxumağa gedəndə 14 yaşı var idi: “Elə oldu ki, mən də onunla bərabər Türkiyədə təhsil aldım. Həftə sonları görüşürdük. Tarixə marağı olduğundan tez-tez  muzeylərə gedərdik. 4 il müddətində dərslərini yaxşı oxudu. Onların yayda təlimləri olurdu. Xüsusi təyinatlılarla bunlar arasında fərq qoymurdular. Günlərlə çadırlarda yatırdılar. Xüsusi atışlar edirdilər. Hərbi texnikaların hamısı ilə tanış olmuşdular. Orada oxuyanları çox vətənpərvər ruhda tərbiyə edirdilər”. Sərxan deyir, qardaşı peşəsinə böyük marağı olduğu üçün işində də məsuliyyətli idi: “Təxminən 3 ay olardı ki, hərbçi kimi işə başlamışdı. Vətən Müharibəsi başlayanda oradan döyüşə getdi”. Muradla bağlı ailəsinin böyük arzuları var idi: “Biz çox istəyirdik ki, yüksək vəzifəli zabitlərdən olsun. Əsl vətənpərvər zabit kimi tabeçiliyində olan hərbçi heyətinə qayğı ilə yanaşsın. Hamının hörmətini qazansın. Əslində qısa müddətdə özünə böyük hörmət qazanmışdı. Biz onunla bağlı gələcək planları qurduğumuz halda sən demə, onun ayrı planları var idi. Sentyabrın 15-i idi. Ordu ilə bağlı hazırlıq gedirdi. Zəng vurdum qardaşıma ki, vəziyyəti öyrənim. Mənə gülə-gülə dedi ki, toy olacaq. Soruşdum, nə toy? Sən demə, müharibəni nəzərdə tuturdu. Sonra evə gəldim.  Qapıdan çıxanda dedi, müharibə başlayacaq. Mən bu müharibədə şəhid olacam. Dediyi kimi də şəhid oldu”.

 

Orxan Nağıyev qardaşının hərb sənətini seçdiyi üçün çox sərt, dayanıqlı, dözümlü olmasını istəyirmiş: “Əsl hərbçi xarakterində olmasını istəmişəm. Biz onunla müharibəyə gedənə qədər hər zaman münasibətlərimizdə məsafə saxlamışıq. Böyük qardaş kimi həmişə hörmətimi gözləyirdi. Müharibəyə gedəndən sonra məsafə aradan götürüldü. Biz daha da yaxın olduq bir-birimizə”. Orxan qardaşı ilə bağlı son danışığını da yada saldı: “Oktyabrın 10-da biz Muradla xeyli danışdıq. Dedim şəkil göndərə bilsən, çox yaxşı olardı. Göndərdi də. Biz onunla danışarkən döyüş yoldaşlarının yaralandığını, şəhid olduğunu deyəndə onun keçirdiyi hisləri telefondan anlayırdım. Hiss edirdim ki, bu, ona çox pis təsir edir. İrəliyə getməsinə səbəb də yoldaşlarının intiqamını almaq hissi idi. Füzulinin azad olunduğu xəbərini deyəndə səsindəki qürur hissini sadəcə anlamaq bəs idi. Sevincinin həddi-hüdudu yox idi”.

 

Orxan oktyabrın 3-də Muradı görmək üçün olduğu istiqamətə gedir. Deyir, Muradın olduğu yerə çatmağıma 10 dəqiqə qalardı, o zaman Murad Horadizdə idi: “Zəng vurdu ki, gəlmə, hücuma keçirik. Dedim, gözləyim qayıdanda görüşək. Qəti etiraz etdi. Dedi, qayıtmayacam, irəli gedəcəyik. Həmin gün mənə mesaj yazdı ki, mən gedirəm, haqqınızı halal edin. Döyüş yoldaşları deyir, hamı ilə halallaşdı. Anamla, qardaşımla da eyni qaydada halallaşıb. Bundan sonra özündə rahatlıq tapıb hücuma keçiblər”. Murad hər dəfə qardaşı ilə əlaqə saxlayanda: “Qayıda bilsəm, bu işləri edərəm” – deyərmiş. Sanki ürəyinə danmışdı ki, doğma torpaqlarımız uğrunda şəhadətə yüksələcək. Bu, onun həm də arzularından imiş. Vətən uğrunda ən uca zirvəni fəth edib şəhadətə yüksəlmək…

 

Elnurə İSAXAN

 

Hərbi And.-2021.-27 avqust.-S.7.