Niyamin Şəhadəti
ölüm bilməyib
Vətən
Müharibəsinin zəfər dastanını yazan igidlərimizdən
biri də 23 yaşlı Niyamin olub. Özündən iki yaş böyük
bacısının yeganə
qardaşı olan Niftalızadə Niyamin Xaliq oğlu 15 yanvar 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Nursu kəndində
doğulub. Onun 5
yaşı olanda Bakı şəhərinə
köçüblər. O da
2003-2012-ci illərdə Bakı
şəhəri Xətai
rayonunda yerləşən
191 saylı tam orta məktəbdə təhsil alıb.
Şəhidimizin müəllimi öz şagirdini belə xatırlayır: “Niyamin sakitçiliyi ilə bütün uşaqlardan fərqlənirdi. Tənəffüsdə
belə bir qırağa çəkilirdi,
sanki onun bir başqa dünyası var idi. Məktəbdə oxuyarkən ən sevdiyi fənn tarix və ədəbiyyat
idi. Olduqca vətənpərvər böyüyürdü”.
Niyamin 9 illik
təhsilini bitirib komyuter ixtisası üzrə peşə təhsilinə yiyələnmişdi.
2015-ci ildə həqiqi hərbi xidmətə yollanmış,
Naxçıvan Muxtar
Respublikası N sayılı
hərbi hissədə,
düşmənlə 50 m məsafədə
olan postda xidmət keçmişdir.
Həmin müddətdə
nümunəvi əsgər
olaraq hərbi hissə komandirləri tərəfindən dəfələrlə
müxtəlif təltiflərlə
mükafatlandırılmışdır. Komandiri Niyaminin xidmət yerini dəyişdirmək istəsə
də, xahiş etmişdir ki, mən postda durmaq, cəbhə xəttində olmaq istəyirəm. 2017-ci ildə
ön cəbhədə
xidmət edən əsgər kimi hərbi xidmətini başa vurur.
Həqiqi hərbi xidmətdən
qayıtdıqdan sonra
ikinci peşə təhsilini alıb, aşbazlıq sənətinə
yiyələnmişdir. 2017-ci ildən məşğul olduğu həmin peşəsində olduqca böyük uğurlar qazanmışdı. Aşbaz
köməkçisi olaraq
işə başlayan
Niyamin şəhadətindən
1 ay əvvəl
aşbazlıq səviyyəsinə
qalxmışdı. Aşbaz
olaraq çalışdığı
maaşını əlinə
ala bilmədi. İşində çox peşəkar olsa da, ürəyi hərbi ilə döyünürdü. Dəfələrlə
“mən hərbiyə
getmək, müddətdən
artıq hərbiçi
kimi çalışmaq
istəyirəm” – desə
də, ailəsi onu bu fikrindən
daşındırırdı. O isə həmişə cavab verib ki,
“siz deməklə deyil, mən bir gün hərbidə
çalışacağam”.
Tovuz döyüşlərində
şəhid olmuş polkovnik İlqar Mirzəyev həqiqi hərbi xidmətdə olarkən Niyamin komandiri olmuşdur. Komandiri İlqar Mirzəyev şəhid olduqdan sonra Niyamin könüllü olaraq qeydiyyatdan keçir. Komandirinin qisasını almağı
qarşına məqsəd
qoyur. 23 yaşlı Niftalızadə Niyamin Xaliq oğlu könüllü olaraq ikinci Qarabağ müharibəsinə qoşulur.
21 sentyabrdan təlimlərə
qatılır və
27 sentyabrdan ön cəbhədə döyüşlərdə
iştirak edir.
Niyaminin döyüş yolu
Füzuli, Cəbrayıl,
Xocavənd istiqamətlərindən
keçib. 07 oktyabr
2020-ci ildə şəhidlik
zirvəsinə ucalıb.
09.10.2020-ci ildə Dədə
Qorqud məzarlığında
torpağa tapşırılıb.
Ölümündən sonra
Niyamin “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə”
medalları ilə təltif olunub.
Döyüş və qazi yoldaşları
onun qəhrəmanlıqlarını
belə nağıl edirlər: “Düşmən
gözlənilməyən anda
hücuma keçdi, iki tankları üzərimizə gəlirdi.
Niyamin bütün yoldaşlarını
arxaya verdi - siz gözləyin, mən gəlirəm - deyib özünə yüksəklikdə yer təyin edərək düşmənin bir tankını məhv etdi. İkinci tank artıq geri qayıtmaq istəyirmiş ki, Niyamin aman verməyib,
ikinci tankı da partlatdı. Elə həmin an düşmən gülləsinə tuş
gələrək şəhidlik
zirvəsinə ucaldı”.
Döyüş yoldaşları Niyaminin taborun ürəyi olaraq şəhid olduğunu vurğulayıblar.
Ailəsini ziyarətə
gələn qazi yoldaşlarından biri söyləyib ki, “Niyamin çox sakit, paylaşan oğlan idi. Hələ təlimdə ikən iki dəfə
mənə corab vermişdi. Ayın beşi ağır döyüşlər gedirdi.
Mən yaralanıb neytral zonada qaldım. Çox qan itirirdim, özümə müdaxilə
edə bilmirdim. Heç kəs bu riskə
girməzdi, bir də baxdım ki, Niyamin yerə
uzanıb fırlana-fırlana
mənim yanıma gəldi, ilkin müdaxilə edib yaramı bağladı və eyni vəziyyətdə
yerə uzanıb fırlana-fırlana geri qayıtdı. Mən bu gün həyatımı
Niyaminə borcluyam”.
Digər qazı
yoldaşı bildirir ki, döyüşdə olduğumuz müddətdə
heç vaxt Niyamin arxada durmurdu, həmişə qabaqda döyüşürdü.
Bir dostu ilə danışanda dostu Niyaminə deyir ki, ehtiyyatlı
ol, çalış arxada get. Niyamin
cavab verir ki, “mən qorxaq
kimi arxada olmağa getmirəm, gedirəm döyüşəm,
ya qəhrəman, ya qazi, ya
da şəhid kimi geri qayıdam...”
Niyamin həm
də «Fənərbaxça»
komandasının qatı
azarkeşi imiş. Dəfn olunduqdan sonra doğmaları qəbrinin üstünə
ancaq sarı və mavi güllər
apararq, formasını,
bayrağını məzarı
üstünə qoyublar.
Bu sevgiyə «Fənərbaxça» futbol
klubu biganə qalmamış, rəsmi səhifələrində Niyamindən
bəhs edib, başsağlığı vermişlər.
Bacısı Nərmin qardaşının
vətənpərvərliyini belə təsvir edir: “Şəhadətindən
sonra qardaşımın
bir paylaşımını
tapdım. 2019-cu ildə
qardaş Türkiyədə
baş verən bir hadisədə şəhid ailələrinə
baş sağlığını
bildirib yazmışdı:
“Vətəni namus, bayrağı şərəf,
şəhadəti mükafat
bilən ölümlə
qorxudula bilməz!”.
Niyamin şəhadəti
ölüm bilməyib...
Son dəfə evdən çıxanda danışdıq – dedi, bacı, narahat olma, uzağı 2 həftəyə evdəyəm.
Dediyi kimi də etdi, söz
verdiyi gündən 2 həftə sonra gəldi, ancaq Şəhid olaraq gəldi. Telefonla 4 oktyabr ata-anamla danışıb, hər şey yaxşı olacaq, narahat olmayın - deyib...”
Xeyriyyəçilikdən,
maddi yardıma ehtiyacı olanlara kömək etməkdən
zövq alan şəhidimiz Vətənə
olan borcunu qanı-canı bahasına
ödədi. Nə yaxşı ki, uğurunda can qoyduqları qələbəni
qazandıq, ruhları
qarşısında baş
əyirik.
Gülnar SƏMA
Hərbi
And.- 2021.- 27 avqust.- S.10.