Vətən üçün
yaşadı, Vətən üçün şəhid oldu
İkinci
Qarabağ müharibəsinin hər günü, hər anı
qəhrəmanlıq salnamələri ilə zəngindir. Hər
anında Azərbaycan oğullarının, igidlərinin, Vətən
sevdalılarının yazdıqları qəhrəmanlıq səhifələri
var... Bu səhifələr ümumilikdə ədəbiyyat
tariximizdə yeni qəhrəmanlıq dastanlarıdır. Bəli,
44 gündə Azərbaycan oğulları elə dastanlar
yazdılar ki, yüz illiklər, qərinələr keçəcək,
amma hər zaman onlar haqqında danışılacaq,
yazılacaq. Bu mövzu heç zaman bitməyəcək.
Şəhidliyi ilə qəhrəmanlıq
dastanı yazan Vətən sevdalılarından biri də
Murovdağ döyüşlərində yüksək peşəkarlığı,
bacarığı ilə adı tarixə əbədi həkk
olunan baş leytenant Həsənağa Abdullazadədir.
Qəhrəmanlıq bir anda olur, amma neçə
əsr, neçə qərinə danışılır. Qəhrəmanlıq
milli-mənəvi bağlılıqdan, mənəviyyat zənginliyindən
xəbər verir. Həsənağa da milli-mənəvi dəyərlərimizi,
Vətən, torpaq heysiyyatını hər şeydən
üstün tuturdu. Bu bağlılığı əməli
ilə, fəaliyyəti ilə göstərirdi. O, Vətən
müharibəsində də hərbçi şərəfinin
ucalığıyla döyüşdü...
Peşəkar idi baş leytenant Həsənağa
Abdullazadə. Vətənimizin ərazi
bütövlüyünün təmin olunması naminə
döyüşlərin başlanacağı günü və
bununla bağlı Ali Baş Komandanın əmrini səbirsizliklə
gözləmişdi. Təlimlərdə göstərdiyi
yüksək peşəkarlığı, liderlik
bacarığı ilə komandanlığın hər zaman
diqqətini çəkmişdi. Xidməti fəaliyyətinin
bütün dövrlərində nizam-intizamı, peşəsinə
sonsuz sevgisi, vətənpərvərliyi ilə fərqlənirdi
baş leytenant Həsənağa Abdullazadə.
Ötən il sentyabrın 27-də
Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan
Ordusunun düşmənin təxribatlarına qarşı
başladığı əks-hücum əməliyyatı
zamanı igid zabit Həsənağa Abdullazadə xidmət
etdiyi hərbi hissə komandanlığının
tapşırıqlarını yüksək peşəkarlıqla
yerinə yetirdi. Tabeliyindəki şəxsi
heyətlə düşmən qüvvələrinə
endirdiyi sarsıdıcı zərbələr nəticəsində
Kəlbəcər, Ağdərə istiqamətində ərazilərimizin
işğaldan azad edilməsində fədakarlıq nümunələri
göstərərək şəhid oldu.
Həsənağa Abdullazadə çətin
dağ şəraitində, çətin coğrafi mövqeyə
malik olan relyeflərdə Vətənin keşiyində əzmlə
dayanıb. Qəzetimizin 2019-cu il 23 dekabr tarixli sayında Həsənağanın
xidmət etdiyi döyüş mövqeyindən reportaj dərc
olunmuşdu. O, təbiətin sərt
sınaqları qarşısında da mərdliklə dayanaraq
qarla örtülmüş dağ aşırımında yerləşən
döyüş mövqeyində xidmət edirdi. Şəkildə
Həsənağa qarlı havada tabeçiliyində olan əsgərlərlə
birlikdə döyüş mövqeyində - səngərdə
irəliləyir. Gənc zabit Həsənağa
Abdullazadə şəxsi heyətin hazırlığından
danışaraq bildirmişdi ki, xidmətimizi elə qururuq ki,
şəxsi heyətin döyüş vərdişləri
daim inkişaf etsin. "Əsgərlərimiz mövzuları
dərindən mənimsəyir, əvvəl keçirilən
dərsləri mütəmadi olaraq təkrarlayırlar. Hər
birimiz yaxşı bilirik ki, yüksək döyüş
hazırlığı düşmən üzərində qələbəmizi
təmin edəcək amillərdəndir”.
Bu məqalənin zəmanəti ilə deyə
bilərik ki, baş leytenant Həsənağa Abdullazadə Vətənə,
torpağa, orduya xidmətini əsil peşəkarlıqla həyata
keçirib.
Həsənağa Abdullazadənin qısa lakin
şərəfli ömür yolundan bəzi məqamları
qeyd etmək istəyirəm. O, 1993-cü ildə martın 9-da
Lənkəran şəhərində anadan olmuşdu. Təhsilini Rövşən Bədəlov adına Lənkəran
şəhər tam orta məktəbində almışdı.
Sonra 8-ci sinfi başa vurub Cəmşid Naxçıvanski
adına hərbi liseyə qəbul olmuşdu. 2010-2014-cü
illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbini "leytenant" hərbi rütbəsi
ilə başa vurmuşdu. Silahlı Qüvvələrin Təlim
və Tədris Mərkəzinin zabitlərin təkmilləşdirmə
kursunda hərbi biliklərini artırmışdı.
Gənc zabit çox çətin dağ şəraitində
yerləşən ordumuzun bölmələrində xidmət
edir. "Baş leytenant" hərbi rütbəsini 2017-ci ildə
alır. Vətən müharibəsi zamanı Murovdağ
döyüşlərinin iştirakçısı olur, daha
sonra Ağdərə və Kəlbəcər istiqamətində
döyüşür. Ailəsi ilə əlaqə
oktyabrın 1-dən kəsilir. Gənc zabit
oktyabrın 2-də Kəlbəcər rayonu ərazisində
Murovdağ silsiləsində ən uca strateji əhəmiyyətli
yüksəklik uğrunda gedən döyüşlərdə
qəhrəmancasına şəhid olur. 112 gün sonra
yanvarın 14-də itkin düşdüyü Kəlbəcər
rayonu ərazisində şəhid olduğu bildirilir. Azərbaycan
Ordusunun şəhid baş leytenantı Həsənağa
Abdullazadə İkinci Fəxri xiyabanda dəfn edilir. Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda
döyüş əməliyyatlarında iştirak edən
şəhid zabit hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün
dövlət başçısının sərəncamlarına
əsasən 3-cü dərəcəli "Rəşadət"
ordeni və "Vətən uğrunda", "Kəlbəcərin
azad olunmasına görə" medalları ilə təltif
olunur.
Biz də Bakının Nardaran kəndində
yerləşən Ləhiş bağları deyilən ərazidə
yaşayan şəhid zabitimizin valideynləri, onları ziyarətə
gələn döyüş yoldaşı və əsgərləri
ilə görüşüb xatirələrini qələmə
almağı özümüzə mənəvi borc bildik.
Şəhidin anası Səmilə Abdullayeva
söhbətinə tez-tez ara verərək danışdı:
"Həsənağa ailənin tək övladı idi.
1999-cu ildə birinci sinfə gedib. Həsənağanın
adı müqəddəs kitabımız "Qurani-Kərim"dən
götürülmüşdü. Ailənin, nəslimizin
çox sevilən, əziz uşağı olub Həsənağa.
Orta məktəbdə savadı, biliyi ilə seçilən
şagird idi. Birinci sinifdə şərəf lövhəsindən
asılan şəkli indi də məktəbdə
saxlanılır. Həmişə də şəkli məktəbin
şərəf löhvəsində olub. Lap kiçik
yaşlarından ağıllı, bacarıqlı bir uşaq
kimi özünü hər kəsə tanıtmışdı.
Orta məktəbdə ədəbiyyat və tarix fənlərini
çox gözəl oxuyurdu. Romantik, duyğusal bir gənc idi.
Ədəbiyyatı, poeziyanı, həyətdə
gül-çiçək, ağac əkməyi,
yaşıllıqlar salmağı sevərdi. Taxtadan müxtəlif
əşyalar hazırlayardı. Həyətdəki stul və
stolları da Həsənağa öz əlləri ilə
hazırlamışdı. Deyərdi ki, hərbçi peşəsi
yaradıcı peşədir. Gərək hərbçinin nə
isə bir yaradıcılığı olsun. Çox
danışmağı sevməzdi, onun baxışlarından
nə demək istədiyini bilərdik. Həsənağa
seçilmiş bir gənc oldu. Ana kimi hiss edirdim ki, o gələcəkdə
seçilən, başqalarından fərqlənən bir gənc
olacaq. Oldu da. Oğlum ən yüksək zirvəyə, şəhidlik
zirvəsinə ucaldı. Həsənağa Vətənə,
torpağa, öz sənətinə çox bağlı idi.
İstedadı, bacarığı, nizam-intizamı, hərbə
sonsuz həvəsi onu yaşıdlarından fərqləndirirdi.
O, Vətən üçün yaşadı, Vətən
uğrunda da şəhid oldu."
Həsənağanın atası Şakir
Abdullayev oğlunun adını elə fəxrlə çəkirdi
ki... O bizə şəhid övladı ilə bağlı
şirin xatirələrindən söhbət açdı: “Hərbi
liseyə bir ay idi ki, qəbul olunmuşdu. Kursantların
valideynlərini iclasa çağırmışdılar ki,
onlarla söhbət aparsınlar. Hər bir kursantın
valideyninin ad və soyadı çəkildikcə mən də
həyəcanlanırdım. Mənim adımı deyəndə
bildirdilər ki, sən keç qonşu otaqda gözlə,
sizinlə söhbət ayrı olacaq. Daha da həyəcanladım
ki, görəsən, bu bir ayda Həsənağa nə edib
ki, mənimlə ayrıca söhbət edəcəklər.
Bir saata yaxın gözlədim, bütün valideynlərlə
söhbət etdilər. Sonra məni yüksək rütbəli
hərbçilərin toplaşdığı bir otağa
apardılar. Onlardan biri məndən soruşdu ki, sizin nəsildə
zabit olan varmı? Dedim yox. Həmin hərbçi "Sizin
övladınız anadan zabit doğulub" dedi. Mən bir ata kimi o zaman onunla ilk dəfə elə
bir qürur duydum ki, yalnız o hissləri yaşayan atalar bilər.
Sağlığında da onunla qürur duyurdum,
bu gün də şəhidliyi ilə fəxr edirəm.
Heydər Əliyev adına AAHM-də təhsil
aldığı dövrdə çox hazırlıqlı,
öz üzərində daima çalışan kursant kimi məktəb
rəhbərliyinin, xidmət zamanı hərbi hissə
komandanlığının diqqətini cəlb etmişdi. Təlimlərdə göstərdiyi yüksək
peşəkarlıq, liderlik bacarığı onu həmişə
birinci sıralara çəkirdi. Döyüşlərdə
də öndə irəliləyib. Mənim
tək övladım olan Həsənağa ən yüksək
zirvəyə şəhidlik zirvəsinə ucaldı."
Döyüş
yoldaşı müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu əsgər İnqilab Quliyev
şəhid zabitimiz haqqında keçmiş zamanda
danışmaq istəmədiyini bildirdi: "Həsənağa
Abdullazadənin tabeliyində xidmət etmişəm. O bizim
birinci bölük komandirimiz, sonra isə qərargah rəisimiz
olub. Kəlbəcər istiqamətində gedən
döyüşlərdə birgə iştirak etmişik.
Murovdağ istiqamətində gedən
ağır döyüşlərdə də onun tabeliyində
idim. Həsənağa Abdullazadənin
döyüşlərdə bir komandir kimi göstərdiyi qəhrəmanlıqlarından,
hünərindən çox danışmaq olar. Düşmənə qarşı amansızlıqla
vuruşurdu. Komandir olaraq özü də əsgərləri
ilə birlikdə irəliləyirdi. Onun
bütün döyüş yoldaşları göstərdiyi
fədakarlıqları unutmayacaq. Onu da
deyim ki, biz onu komandir kimi keçirilən təlimlərdən
tanıyırdıq. Çox
hazırlıqlı, peşəkar bir komandir olaraq hər zaman
onun komandiri olduğu bölük birinci idi. Gözəl nitqi, ünsiyyət yaratmaq
bacarığı onu hamıya sevdirirdi. Tələbkarlığı
ilə də seçilirdi. Mən heyət
nəfəri, doldurucu, tuşlayıcı vəzifəsində
idim. Ötən il sentyabrın 27-də
əks-hücum əməliyyatı başladı. Döyüşdük. Həsənağa
son nəfəsinəcən şəxsi heyətin yanında
oldu. Bizim üçün həm komandir, həm
də böyük qardaş olub. Döyüş
zamanı deyirdi ki, hərbi hissəyə ya qəhrəman, ya
da şəhid dönəcəm".
Şəhid zabitin vaxtilə tabeliyində xidmət edən,
hazırda tərxis olunan müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçuları çavuş
Xanlar Rüstəmzadə və əsgər Anar Zeynalov
komandirləri ilə bağlı xatirələrini
danışdılar. Anar Zeynalov Həsənağa Abdullazadənin rəhbərlik
etdiyi bölükdə manqa komandiri olduğunu dedi: "2020-ci
ilin əvvəlindən ordudan tərxis olunmuşam. İki ildən artıq onun tabeliyində xidmət
etmişəm. Əsil zabit, qorxubilməz,
mərd oğul idi. Biz komandirimizlə fəxr
edirdik. Bu gün də fəxr edirik.
O, lider zabit kimi seçilirdi. Yaşca kiçik
olsa da, bizə böyük qardaş olub. Onun
adını qəlbimizdə daim yaşadacağıq".
Şəhid zabitin tabeliyində olan bölükdə
manqa komandiri olduğunu deyən Xanlar Rüstəmzadə
bildirdi ki, Həsənağa hərbi hissənin nümunəvi
bölük komandiri idi. Təlimlər zamanı sıralanmada
birinci bizim bölüyün adı gəlirdi. O, peşəkar
zabit kimi silahların taktiki-texniki xüsusiyyətlərini dərindən
öyrənmişdi. Həsənağanın
silahlardan atış bacarığı yüksək səviyyədə
olurdu, cəldliyi, çevikliyi dəqiq atışları hər
birimizi təəccübləndirirdi. Hədəfləri
seçib dəqiqliyi ilə vururdu. Xüsusi
istedada malik idi. Komandirimizin xatirəsini
daim yaşadacağıq. Öyrənmişdik ki, o hələ
Heydər Əliyev adına AAHM-də təhsil
alan zaman 3-cü kursun çavuşu olub. 4-cü
kursda oxuyan zaman isə ümumi kursun çavuşu
seçilib. Hələ kursant olarkən Azərbaycan
Silahlı Qüvvələrinin 95 illik yubiley medalına layiq
görülüb. Müəllimlərinin,
kursantların sevimlisi olub.
Baş leytenant Həsənağa
Abdullazadə canını torpaqlarımızın
azadlığı və bütövlüyü uğrunda fəda
etməklə, Vətənə əsil oğul, gələcək
nəsillərə gözəl örnək olmağın
nümunəsini göstərdi. Elinə, obasına uca
şəhid adı ilə "döndü". Həsənağa döyüşdü, əsil hərbçi
kimi vuruşdu, qəhrəmanlıqlar göstərdi,
canından artıq sevdiyi Vətən torpaqlarının
müdafiəsində əzmlə dayandı. Həsənağa
da fəxrimiz, qürurumuz, and yerimizdir bütün şəhidlərimiz
kimi. Vətən, torpaq yolunda canından keçən
insanların fəth etdiyi ən yüksək şərəfli
zirvədir şəhidlik... Qərinələr, əsrlər
keçəcək, şəhidlərimiz əsla
unudulmayacaq... Xalqımız Vətən üçün
doğulan şəhid oğlunu da, qoynunda əbədi
qoruyacaq, onun qəhrəmanlığını gələcək
nəsillərin yaddaşına köçürəcək.
Hüseynova Lalə
Hərbi
And.- 2021.- 27 avqust.- S. 14.