Qəhrəman atanın
davamçısı
Şəhid olan bir vətənin şəhid olan balalarının sayı nə birdi, nə min. Şəhidlərə şahid olan bu vətən qərinələrdən keçərək bu günlərə gəlib çıxıb. Dünənlərindən bu günlərə atılan addımların izi qanla həkk olunub torpağa. Qanlarla ucalan bu vətən dərdlə qocalıb. Ancaq o, dərddən qocalsa da, uğrunda can verən qəhrəmanlardan güc alıb. Vətənimin oğulları sayəsində vətən var olub və var olacaq…
Ömrünü vətənə həsr edən Ələkbərov Əsəd Bağır oğlu vətənin ağır günlərində vətən qeydinə qalan qəhrəmanlardan olub. Hərbçi peşəsinin ağırlığını çiyinlərində daşıyan Əsəd vətənə olan bağlılığını, sevgisini ailəsinə də aşılayıb. Evində gələcəyin iki əsgərini böyüdən ata hər zaman şəhidlərin dəyərini və bu vətənin şəhidlərin əmanəti olduğunu öz övladlarına başa salıb. Hər dəfə Şəhidlər Xiyabanına gedəndə ürəyini dərin bir nisgil bürüyən hərbçi ağlına gətirməzdi ki, illər sonra o şəhid məzarları sırasında övladı Bağır Ələkbərovun da məzarı olacaq.
Ələkbərov Bağır Əsəd oğlu hərbçi atanın ikinci oğlu və son beşiyidir. O, 10 fevral 1995-ci ildə dünyaya gəlmişdi. Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində dünyaya gələn Bağır 2001-ci ildə elə həmin şəhərdə 705 N- li məktəbdə təhsil almağa başlamışdı. Sonradan ailənin Culfa şəhərinə köçməsi səbəbindən Bağır təhsilini Culfa şəhər 3 N- li məktəbdə davam etdirmişdi. 2012-ci ildə təhsilini başa vurmuşdu. 01.04.2013 - cü ildə hərbi xidmətə getmişdi. Naxçıvan MR-də N saylı hərbi hissədə snayperçi əsgər kimi xidmət etmişdi. Hərbi xidməti zamanı nümunəvi əsgər olduğuna, nizam-intizam qaydalarına əməl etdiyinə görə hərbi hissə komandirliyi tərəfindən ailəsinə təşəkkür məktubu ünvanlanmışdı. Xidmətini bitirməyinə 3 ay qalmış qorxmazlığı, cəsarəti göz önünə alınaraq ona Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Gizir rütbəsi verilmişdi. Qorxubilməz qəhrəman sanki Vətən üçün doğulmuşdu. Atasının yolunu qürurla davam etdirən Bağır seçdiyi peşənin məsuliyyətini gözəl dərk edirdi. Vətənin azadlığının carçısının elə özü olacağını dilə gətirirdi. Onun üçün də hər zaman çalışır, bir çox beynəlxalq təlimlərdə iştirak edirdi. O, 21 mart 2015-ci ildə XTQ-in hərbi hissə komandiri Rəşad Aslanov tərəfindən döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə Fəxri fərmanla təltif edilmişdi. 2016-cı ildə snayper kursunu fərqlənmə ilə bitirmiş, 2017 ci ildə yenidən Fəxri fərmanla təltif edilmişdi.
2018-ci ildə Türkiyədə keçirilən Özəl Kuvvet Tim Kəskin Nişancı kursunu uğurla bitirmiş və sertifikat almışdır. Ardınca davam edən Özəl Kuvvet Uzman Nişancı kursunu uğurla bitirərək sertifikatla təltif edilmişdi. Bununla yanaşı, elə həmin ildə əlbəyaxa döyüş növündə qalib olduğu üçün Fəxri fərmanla təltif edilmişdi.
Hərbidə olduğu hər an gələcəkdə Vətənə yararlı bir hərbçi olmaq üçün hər vəchlə çalışan Bağır Ermənistan ordusunun 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində atəşkəsi pozması nəticəsində baş verən döyüşlərdə qəhrəmancasına döyüşmüşdü. Həmin döyüş tarixin yaddaşına həkk olunmuşdu. O döyüşlərdə Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunmuş, Dərələyəz mahalının Arpa kəndi Azərbaycan ordusunun nəzarəti altına keçmişdi. Bağır döyüşdə göstərdiyi qəhrəmanlığa görə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən mükafatlandırılmışdı.
2019-cu ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdu.
İllərlə hərbidə yiyələndiyi elmin və bacarığın sayəsində Qarabağın azadlığa qovuşacağı günün uzaqda olmadığını bilirdi Bağır. Bəli, o günlər yetişdi. Bağır və onun kimi minlərlə oğul Qarabağı anasına qovuşdurdu. Axan şəhid qanları anaların göz yaşları ilə qarışdı. Sentyabrın 27-də başlayan müharibə çox keçmədən ordumuzun üst-üstə qazandığı zəfərlərdən xəbər verdi. Həmin döyüşlərdə qəhrəmanlığı ilə adından söz etdirən snayperçi Bağır Tehran Mənsimovun dəstəsində yer almışdı. Ermənilərin burnundan intiqam tökən sərrast atıcının açdığı atəş hədəfdən yayınmırdı. Vətənin azad torpaqlarını görmək sevincini yaşayan qəhrəmanın şəhadət arzusunu da Allah gerçək etdi. O, 15 oktyabr 2020 - ci ildə Hadrutun azad olunması uğrunda gedən qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.
Qəhrəman atanın qəhrəman oğlunun qəhrəmanlığı ölkə başçısı İlham Əliyev tərəfindən "Vətən Uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə qiymətləndirilib.
Ömrünün 3 ilini bir hərbiçi ilə bölüşən Nərmin xanım Bağırsız bir həyatın çətin sınaq olacağından xəbərdardı. O bilir ki, hər gün övladı Əsədin suallarına cavab tapmadıqca gözləri bir məzarda dikilib qalacaq. Bir də heç zaman ata qoxusu duymayacaq, atasının üzünü görmədiyi bir körpəyə ata sözünü izah edəcək. O sözü izah etmək bir qadın üçün çox çətin olacaq. Xoşbəxt dünənlərinin donub qaldığı bir məzar daşını oxşayacaq şəhid xanımı. Cücərməyən arzularının məzarını göz yaşları ilə yuyacaq. Tək təsəllisi isə Bağırın əmanətləri olacaq...
ŞƏHİD
BAĞIR
Sən vətən yolunda qurban olan can,
Səninlə yol alıb qəlblərə hicran,
Olmusan vətənin dərdini duyan,
İndi
vətən çəkir
sənin dərdini
Torpaq övlad
kimi oxşar qəbrini.
Sonuncu sözlərin ürək
dağıdır,
Yar könlü talanan sevgi bağıdır,
Şəhidim, arzular qəm oylağıdır,
Çəmən də, çiçək
də intizar qoxur
Yarın məzar üstə ağılar oxur.
Vətəndə boy atdın, vətənə
döndün,
Cənnət qapısında sən
də göründün,
Vətən bayrağına şanla
büründün,
Yardın
şəfəqləri çiyinlər
üstə
Adın dilə gəldi, Bağır, hər səsdə.
Manya SƏXAVƏTQIZI
Hərbi And.- 2021.- 12 fevral.- S.19.