24 gün komada qalan igidimiz...

 

Hər birimiz şəhid Ehtiramı daim ehtiramla yad etməliyik...

 

Vətənimizin azadlığı uğrunda zəfər yürüşünə çıxan qəhrəman oğullarımız, gecə-gündüz bilmədən, dərə-təpə demədən, soyuq-şaxta hiss etmədən, qorxunu, ölüm xofunu xəyallarına belə gətirmədən, mərdi-mərdanə, yağı düşmənin üzərinə yeridilər... İllərdir ki, erməni dığalarının işğal altında saxladıqları torpaqlarımızın üzərində canlarını Vətənə sipər edərək, addım-addım, qarış-qarış irəli getdilər, yurdumuzu, kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etdilər. Qarabağ uğrunda döyüşən əksəriyyəti sadə ailələrindən olan, Vətən təşəbbüskeşlərini, hünərli oğlanlarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək, vuruşub, düşməni darmadağın etmək idi. Torpaqlarımızın uğrunda canından keçmiş, şəhid olmuş, qazı olmuş, cəsur Vətən övladlarına dərin ehtiramın nəticə etibarı ilə Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunun güclənməsinə təkan verdi...

 

Bəli, bu Vətən müharibəsində yüksək vətənpərvərlik ruhu ilə ordumuzun zəfər yürüşündə, ölüm-dirim mübarizəsində, döyüşlərdə igidlik göstərən, şəhidlik zirvəsinə ucalan, əslən Zaqatala rayonunun Yeni Suvagil kəndindən olan – Ehtiram Teyyub oğlu Əhmədovdur. Mənfur düşmənlərin başlarına od ələyən, onları pərən-pərən salan, Xüsusi Təyinatlıların cəsur döyüşçüsü olmuş – saxur balası Ehtiram. Son döyüşdə xain düşmənin qadağan olmuş gülləsinə tuş gələn və 24 gün hospitalda komada ölümlə mübarizə aparan, sevgi-qəhrəmanlıq dastanı yaratmış, ürəyi dolu, arzuları çin olmamış, əzizləri ilə birlikdə sevgilisinin gözünü yolda qoyan, Teyyub atanın, Sevdagül ananın son beşiyi, iki bacının bir qardaşı barədə sözüm var... Gələcəkdə möcüzələr, yeniliklər yaratmaq, Milli Ordu sıralarında təcrübəli hərbiçi olmaq istəyən – Ehtiram cəsurumuz barədə yazmaq istəyirəm. Boyu-buxunu, xoş xasiyyəti, sakit təbiəti ilə elin gözündə ucalan, yaşıdlarının etibarlı dostu, hətta bir çox qızların gizlincə məhəbbət bəslədiyi igidimizin qısa həyat hekayəsini söyləmək istərdim...

 

Atalar yaxşı deyiblər ki,

“Oğul düşmən çəpəridir...”

Nə yaxşı ki, mərd igidlər,

Yurdumuzun sipəridi...

 

Qəhrəmanımızın anası Sevdagül xanım həyatda kədərli günlər az görməmişdir. O, 3 cavan qardaşını itirmişdi... Həyat yoldaşı Teyyubla alnının təri, halal zəhməti ilə 2 qız – 1991 –ci il təvəllüdlü Təranə, 1994 –cü il təvəllüdlü Lalə və 2001 –ci il təvəllüdlü Ehtiramı böyütmüşdülər. Bu nümunəvi valideynlər el adəti ilə qızlarını köçürmüş və Ehtiramı da vaxtı yetəndə evləndirmək arzusunda idilər. Onlar nəvə sevincini də dadmışdılar: Təranənin 1 oğlan, 1 qızı, Lalə balasının isə 3 övladı (2 qız, 1 oğlu) var. Böyük bacısı Təranə həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Lalə bacısı isə Bakı şəhərində yaşayır...

 

...Bacılarının əzizi Ehtiram isə evin dayağı idi. Teyyub qardaş müxtəlif tikinti sahələrində çalışmaqla, Sevdagül xanımla birlikdə Yeni Suvagil kəndinin “Günəşli” adlandırılan sahədə, meşənin kənarında min bir əziyyətlə ev tikdilər...

 

Niyyətləri Ehtiram hərbidən dönəndən sonra isə gəlinlərini gətirmək idi...

 

 

 

2001 –ci il mart ayının 26 –da Əhmədovlar ailəsində dünyaya göz açan Ehtiram Əhmədov 2018 –ci ildə Mina Nəzirova adına Yeni Suvagil kənd 1 saylı tam orta məktəbini əla qiymətlərlə bitirmişdi. Məktəbin fəxri idi – şəhid balamız. Məktəbin direktoru Abdurahman Soltanov Ehtiram barədə danışarkən qəhərdən boğulurdu: “Təsəvvür edin ki, on bir il biz müəllimlərin gözü qarşısında təhsil alan, böyüyən, nümunəvi bir məzunumuzun vaxtsız ölümünü qəbul edə bilmirik. Ehtiram, məktəb illərində çox tərbiyəli, mülayim, bütün dərs məşğələlərində, tədbirlərdə fəallığı ilə seçilən, şagird və pedaqoji kollektivimizin sevimlisi idi. O, tərbiyəsi, davranışı ilə özünə hörmət qazanmışdı. Hərbi və idmana çox meyilli idi. Məktəbimizdə hərbi-vətənpərvərlik mövzusunda keçirilən yarışlarda fəallıq göstərirdi. Məktəbimizin “Şahin” komandasının kapitanı kimi, rayon, respublika yarışlarında müvəffəqiyyətlə çıxışlar etmiş və Sərhəd Qoşunlarının Sərhəd zastavasında keçirilən yoxlama-sınaq yarışlarının komandanı, bütün hərbi tədbirlərdə böyük fəallıqla tapşırıqları yerinə yetirmiş və məktəbimizə böyük uğur gətirmişdir. Kəndimizin qəhrəman oğlu elə bunların nəticəsidir ki, hərbi xidmətə başladığı gündən özünü nümunəvi hərbiçi kimi özünü göstərmiş, taleyinə qismət olmuş, İkinci Vətən Savaşında da mərdlik, rəşadət göstərmiş və bir daha vətənpərvərlik şücaəti göstərərək adını şanlı tariximizə qızıl hərflərlə yazdıraraq, torpaqlarımızın yağı düşməndən azad edilməsində şəhadətə qovuşmuşdu. Onun  həmyaşıdlarına, məktəblilərə nümunə olacaq, daima xatırlanacaq, fəxr ediləcək – igidlik göstərmişdir. Ruhun şad olsun hamımızın balası, məktəblilərin yaddaşlarına həkk olunacaq şücaət göstərən – Ehtiram...”

 

Bu günlər adını ehtiramla çəkdiyimiz şəhid el oğlumuz hərbiyə meyilli olması gendən gəlir. Çünki, onun, hal-hazırda təqaüdçü olan əmisi, polkovnik Mehralı Şamxalov 30 ilə yaxın Daxili Qoşunlarda xidmət keçib.

 

O, da Birinci Qarabağ Savaşında, hal-hazırda Daxili Qoşunların rəisi olan, general polkovnik Şahin Məmmədovla birlikdə iştirak edib. Ağdərə uğrunda gedən döyüşlərdə yaralanmışdır. Əmisinin döyüş yolunu bu savaşda davam etdirən Ehtiram Əhmədov 2019 –cu ilin aprel ayında Milli Ordu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. Atası – Teyyub Əhmədovun söylədiyinə görə - oğlu əvvəlcə Ağcabədi rayonunda 3 ay 40 gün “N” saylı hərbi hissədə hərbi xidmətini keçib. Sonra isə hərbi xidmətini – Gornaboy rayonunda, cəbhə boyu ərazilərdə bir müddət davam etdirdikdən sonra müharibə başlamazdan bir neçə ay əvvəl – Cəlilabad rayonunun Göytəpə şəhərində, hərbi hissədə xidmətə başlamışdır. Seçilən hərbiçilər kimi Xüsusi Təyinatlı Dəstənin tərkibinə qəbul olunub və onlar əvvəlcə dənizdə, müxtəlif dağlıq rayonların meşələrində, dağlarında və sıldırım qayalarda ardıcıl təlimlər, döyüş hazırlıqları keçiblər. Bu təlimlərdə Ehtiram xüsusi ilə seçilib.

 

Sevdagül xanım deyir ki, and içmə mərasimində atası, bacısı Lalə ilə birlikdə hərbi hissəyə oğlunun yanında gediblər. Yaş tökməkdən gözləri qızarmış, beli əyilmiş şəhid anasını təsəlliverici kəlmələrlə ovundurmaq əlbəttə ki, mümkünsüzdür.

 

O, sonra dedi: “Oğlum xeyli dəyişilsə də, hərbiçi kimi ciddiləşsə də, gülərüzlülük, xoş təbəssüm və münasibəti dəyişilməmişdir. Çox sevinmişdi, bizim gəlişimizə. Hiss etmişdi ki, bu sonuncu görüşdür. Bizdən ayrılmaq istəmirdi... Xidməti barədə açıq danışmırdı, “Arxayn olun, hərbi xidmətimiz yaxşı keçir, komandirlərin tapşırıqlarına əməl edirik, sizin başınızı aşağı etməyəcəyəm. Hərbi xidmətdəki məsuliyyəti, sözü bütöv olmağı çox yaxşı bilirəm. Biz hərbi and qəbul etmişik, əməl etmək isə hər birimizin borcudur. Axı, biz Vətənimizin keşikçiləriyik” deyirdi. Ehtiramla tez-tez telefonla danışırdıq, hal-əhvalından xəbər tuturduq. Təlimlər dövründə xeyli müddət əlaqə saxlaya bilmədik. Vəziyyətdən başa düşmək olurdu ki, müharibə qaçılmazdır. Məlumatlara görə erməni dığaları tez-tez sərhəd boyu atəşkəs rejimini pozur, mülkü vətəndaşlara atəş açır, cəbhə boyu hücuma keçmək istəyirdilər... Oğlumuz isə bizə bu barədə heç nə demirdi.”

 

Şəhid Ehtiram Əhmədovun atası danışarkən hiss olunurdu ki, oğlunu vaxtsız itirmək necə ağır və acılı dərddir. Çünki, 2 qız övladından sonra oğlu dünyaya gələndə valideynlər sevinc hisslərini aşkar şəkildə biruzə vermişdirlər. Teyyub ata, Sevdagül ana Ehtiramı halal zəhmətlə, böyüdüb, ərsəyə çatdırmış və Vətənin keşiyinə sağ-salamat yola salmışdır. O, dünyaya göz açanda hardan biləydi ki, illərlə işğal altında qalan torpaqlarımızın azad edilməsində döyüşəcək və əsil qəhrəmanlıq göstərərək, əbədiyyətə qovuşacaqdır... Ana, ata və bacılarının, əzizlərinin, dostlarının, yaxın qohum-əqrabalarının gözlərini yaşlı qoyacadır...

 

Şəhidin atasının dediklərindən: “Oğlumu heç vaxt yaddan çıxara bilmərəm. Mərkəzi Hospitalda komada olarkən onun gözlərimin içinə baxa-baxa susqunluğu ürəyimi param-parça edirdi. Çünki, oğlum nə danışa bilirdi, nə də suallarıma cavab vermirdi. Yaşamaq istəyirdi, amma... Düşmənin ona atdığı qadağan edici güllə sol gözünün altından keçmiş, baş nahiyyəsini və beynini zədələyərək, gicgah hissəsində ilişib qalmışdı. Oğlum yaşamaq eşqi ilə, əziyyət çəkə-çəkə, arzuları çin olmayaraq, gözlərini əbədi olaraq yumdu. Bu anları yaşamaq ata üçün çox ağırdır...”

 

Şəhid atası bildirir ki, Ehtiram hələ orta məktəbdə təhsil alanda, yəni hərbiçi olmaq arzusuna düşəndə Daxili Qoşunlarda Xidmət etmiş əmisi, polkovnik Mehrlı Şamxalov onu – özünün xidmət etdiyi Daxili Qoşunlara dəvət etmişdi. Amma, Ehtiram əmisinin təklifindən imtina etmiş və Milli Ordu sıralarında, cəbhədə yerləşən hərbi hissələrdən birində xidmət edəcəyini bildirmişdir...

 

Məlum olduğu kimi, 2020 –ci ilin sentyabr ayının 27 –də mənfur erməni, səhər saatlarında, alman faşistləri kimi xaincəsinə - Azərbaycana qarşı növbəti təxribat törətmişlər. Ali Baş Komandan İlham Əliyevin əmrindən sonra Şanlı ordumuz, rəşadətli, cəsur hərbiçilərimiz düşmənə qarşı ölüm-dirim mübarizəsinə başlamışdırlar...

 

Müharibənin ilk günlərindən Ehtiram Əhmədovun xidmət etdiyi Xüsusi Təyinatlılardan ibarət tağımı ön xətdə döyüşlərə qatılmışdı. Vətənpərvər hərbiçilərimiz azğın ermənilərin artileriya “yağışı” altında onların həmlələrini dəf edə-edə, irəliləyərək, torpaqlarımızı yağı düşməndən təmizləyirdilər. Ehtiramın döyüş yolu Tərtərdən, Talış kəndi istiqamətindən başlayaraq, Suqovuşanın azad edilməsi uğrunda gedən ağır döyüşlərdə, ən mürəkkəb və ən mühüm mövqelərimiz uğrunda şücaət göstərmişdir. Daha sonra Xüsusi Təyinatlıların tərkibində fədailər qorxmaz kəşfiyyatçı kimi düşmənin postlarını, istehkamlarını, hərbi obyektlərini tam dəqiqliklə müəyyənləşdirdikdən sonra, döyüşçülərimi həmin ərazilərimizi düşmən qüvvələrindən azad ediblər. İnadından dönməz kəşfiyyatçı, şəhidin tağım komandiri, leytenant, qazi Şahin Abbaslı isə, döyüşçülərimizin şücaətindən, xüsusi ilə də, Ehtiramın necə mərd, qorxmaz kəşfiyyatçı olmasından, onun  hərbi təlimlərdə, hərbi normativlərdə tapşırıqları necə yerinə yetirməsindən, bütün tapşırıqları böyük həvəslə yerinə yetirməsindən, döyüşlərdə yaşının az olmasına baxmayaraq tam hazırlıqlı olmasından, vəhşi düşməndən qorxu nədir bilmədən mübarizə aparmasından, danışırdı. Komandir daha sonra dedi: “Halal olsun, onlara nə qədər alqışlar düşür. Belə tərbiyəli, hünərvər, döyüş tapşırıqlarını əla yerinə yetirərək, milliyyətindən asılı olmayaraq, Vətənə can deyən qəhrəman oğulların valideynlərinə. Bir komandir kimi böyük məsuliyyətlə deyə bilərəm ki, Ehtiram bizim tağımın fəxri, birincisi, əsil hərbiçi, kəşfiyyatçı kimi müsbət keyfiyyətlərə malik bir cəngavərimiz idi. O, Tərtərin,Cəbrayılın kəndlərinin, Hadrut qəsəbəsinin, Tuğ və digər kəndlərinin azad edilməsində sözlə ifadə olunmaz dastanlar yazılacaq və kinolar çəkiləcək, qəhrəmanlıq epizodları göstərmişdir. Dəfələrlə ölümündən qorxmayaraq, düşmənin mühasirəsində qalan bizim yaralı və digər döyüşçülərimizi çıxartmış və ölümdən xilas etmişdir. Məlum idi ki, düşmən bu müharibəyə çoxdan hazırlaşırmış. Özlərinin müdafiə istehkamlarını qurmuşdular. Amma döyüşçülərimizi, onların önündə gedən kəşfiyyatçı Ehtiramı bunlar çəkindirmirdi.

 

Hətta o, dəfələrlə erməni hərbiçiləri ilə üz-üzə gəlmiş, onları həm silahla, həm də əsil idmançı gücü ilə məhv etmişdir.  Onun şücaətindən çox-çox danışmaq olar. Ehtiram özünə qəhrəmanlıq heykəli ucaltmışdır.

 

Füzuli uğrunda gedən dvyüşlər, İkinci Qarabağ Savaşında müstəsna rol oynayıb. Düşmən bu ərazilərdə daha çox canlı qüvvə toplamış və həbi texnika yerləşdirmişdir. Onlar hətta qadağan olunmuş belə silahlardan istifadə edirdilər. Yenə də Ehtiram döyüşçülərimizlə öndə gedirdi. Oktyabr ayının 16 –da daha qızğın döyüşlər getdi. Xeyli sayda yaralımız oldu, ancaq hərbiçilərimiz ermənilərə aman vermirdilər. Mən də həmin döyüşdə ağır yaralandımş Bir neçə döyüşçümüz şəhid oldu, cəsur kəşfiyyatçımız Ehtiram da həmin döyüşdə namərd gülləsinə tuş gəldi. Məlum oldu ki, onu yaralılarımızı döyüş meydanından çıxararkən vurublar. Heyf belə oğuldan, fəxrimiz, Vətənimizin xilaskarı Ehtiramdan. O, unudulmayacaq bir qəhrəmandır.”

 

Şəhidin atası söylədi ki, oğlumu oktyabrın 17 –də Bakı şəhərində Mərkəzi Hərbi Hospitala yerləşdiriblər. “Xeyli müddət idi ki, Ehtiramla danışa bilmirdik. Nigaran idik. Bilirdik ki, müharibə gedir. Bilmirdik ki, Ehtiram cəbhənin ən qaynar nöqtəsindədir. Bakıda tikintidə işləyirdim. Onun hospitalda olduğunu yaralı döyüşçü yoldaşından öyrəndim. Axırda Ehtiramı noyabr ayının 2 –də Mərkəzi Hərbi Hospitalın Reanimasiya Şöbəsində tapdıq... Artıq gec idi... Düz 24 gün oğlum ölümlə çarpışdı... Noyabr ayının 9 –da... Ehtiram balamız ömrünün şirin vaxtı – gözlərini əbədi olaraq yumdu... O, canlı bir əfsanə, arxamız idi” dedi, Teyyub qardaşımız.

 

...Noyabr ayının 10 –u Günü, yəni Qələbə günü Ehtiramın şəhid olması xəbəri bütöv Zaqatalanı, doğma Yeni Suvagil kəndini şoka saldı. Elə bil hər tərəf sükuta dalmışdı. Həmin gün Ehtiramın dünyaya göz açdığı evlərinin yaxınlığındakı sıx meşədəki quşların səsi də kəsilmişdi... Uşaq yaşlarında dostları ilə bu meşəyə Ehtiram tez-tez gedər, meşəni dolaşar, giləmeyvələr toplayar, moruq, böyürtkən yığardı... Ehtiramın artıq uşaqlıq illəri nağıla çevrildi...

 

Moyabr ayının 10 –da Milli Ordumuzun qəhrəman kəşfiyyatçısı, saxur el oğlumuz Vətən sevgisini ürəyində yaşadan, məhəbbət sevgisini isə ağ göyərçinlərlə göylərə pərvazlandıran Ehtiram Teyyub oğlu Əhmədov Vətən Savaşında Yeni Suvagil kəndin 3 –cü şəhidi kimi kənd qəbristanlığında, digər şəhidlərin sırasında son mənzilə yola salındı, elliklə, böyük ehtiramla...

 

Teyyub qardaş, Sevdagül bacı, Təranə və Lalə bacıları Siz təpər tapın, mərd Ehtiramla fəxr edin. Ona görə ki, o, bütöv Azərbaycanın cəfakeşi, fəxri, xilaskarıdır.

 

Prezidentin sərəncamı ilə Ehtiram əhmədov göstərdiyi şücaətə, igidliyə görə (ölümündən sonra) “Vətən uğrunda medal” ilə təltif olundu.

 

Həmçinin onun adı şəhid – idmançı kimi Azərbaycan Cüdo Federasiyasnının “Şərəf” kitabına yazılıb.

 

Elman Maliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hərbi And.- 2021.- 5 fevral.- S.14-15.