Mən əsiri eşqiyəm öz xalqımın, öz
yurdumun...
Bu gün
Əlağa Vahidin anadan olmasından 126 il ötür
Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan
şair kimi şöhrət qazanmış
Əlağa Vahidin yaradıcılıq bioqrafiyası
maraqlı və özünəxas cəhətlərə
malikdir. Vahid milli poeziyanın
qədim ənənələrini
yeni dövrdə yüksək sənətkarlıqla
davam etdirmiş və qəzəl janrının son dərəcə
mükəmməl nümunələrini
yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən
diqqətəlayiq zəngin
bədii irsi çoxəsrlik Azərbaycan
ədəbiyyatı tarixində
özünəməxsus bənzərsiz
hadisədir.
AZƏRTAC
xəbər verir ki, bu gün
böyük qəzəlxan,
Azərbaycanın ilk Dövlət
mükafatı laureatı
Əlağa Vahidin anadan olmasından 126 il ötür.
“Qəzəl de ki, məşhuri-dövran ola”
- Füzulinin bu kəlamından bizi beş əsrlik
bir zaman ayırır və qəzəl dünyamızda
Füzulidən sonra neçə ustad şair bu janrda
hünər göstəriblər.
“Böyük Füzulimizin yadigarı mən özüməm”,
- deyirdi Vahid. Dahi Füzulini özünün böyük
ustadı adlandıran
Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi
əruz bəhrlərindən,
təsvir və ifadə vasitələrindən,
qafiyə və rədiflərindən bilavasitə
faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna,
ifadə səlisliyinə
nail olub. Əlağa Vahid qəzəl
yaradıcılığında püxtələşdikcə, klassik
qəzəl məktəbinin
istedadlı davamçısı
kimi öz dəstxətti ilə seçilmiş, qəzəlləri
və satirik şeirləri xalq arasında sürətlə
yayılmış, ürəklərə
yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının
mövzu dairəsini xeyli genişləndirmiş,
Vətənə, xalqa
məhəbbətini sadə,
adi xalq dilində əruzun ritmik bəhrlərində
qoşa misralarla uğurla şeirə çevirmişdi.
Əlağa Vahid 1895-ci il fevralın 17-də
Bakı şəhərində
anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən
təhsilini yarımçıq
qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı
“Məcməüş-şüəra” ədəbi məclisində
iştirak edib və lirik şerlər
yazıb. Satirik şeirlərində
ictimai nöqsanları,
mövhumatı, zülm
və haqsızlığı
ifşa edib. “Tamahın nəticəsi”
adlı ilk kitabı nəşr olunub.
Böyük Vətən müharibəsi
illərində yazdığı
əsərlərdə “Döyüş
qəzəlləri”, “Qəzəllər”
kitablarında Əlağa
Vahid Vətənə
məhəbbət, düşmənə
nifrət, qələbəyə
inam hissləri təbliğ edib.
Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vahidin şeirləri Vətən
məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur.
Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Vahidin qəzəlləri
poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı
ilə seçilir, xanəndələrin repertuarında
mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının
qəzəllərini Azərbaycan
dilinə tərcümə
edib.
Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyinin dövlət səviyyəsində qeyd edilməsi üçün ölkə başçısı tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən şairin 120 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində
vəfat edib.
Hərbi And.- 2021.- 26 fevral.- S.21.