»
Xarıbülbülün yurdunda
şəhadətə yüksələn igid
XÜSUSİ TƏYİNATLI
DÖYÜŞÇÜMÜZ ÜMİD NOVRUZLU
"VƏTƏN UĞRUNDA" VƏ "ŞUŞANIN AZAD
EDİLMƏSİNƏ GÖRƏ" MEDALLARI İLƏ
TƏLTİF OLUNUB
"Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar diridirlər, lakin siz onların canlı olduğunu hiss etməzsiniz" (Bəqərə surəsi, 154). Müqəddəs Kitabımızda qeyd olunan bu ayə şəhidlərə verilən ən böyük dəyərdir və orada da bəyan edildiyi kimi, şəhidlik ali mərtəbədir.
Şəhid olmaq sıradan bir ölüm deyil. Peyğəmbərimiz (s.a.v.) şəhidliyin nə demək olduğunu dəyərli hədislərində bizə
açıqlamışdır: "Cənnətə girən
heç bir kimsə yer üzündəki hər şey özünün olsa belə, dünyaya geri dönməyi arzu etməz. Ancaq şəhid müstəsna!
Şəhid, gördüyü aşırı etibar və ikram səbəbi
ilə təkrar dünyaya dönməyi və on dəfə şəhid olmağı istəyər".
Yaşadığımız dünyada elə günlər vardır ki, heç zaman unudulmur. Belə günləri
yaddaşlara həkk edənlər içərisində
qəhrəman şəhidlərimiz
xüsusi yer tutur. Şəhid
- vətəni, dini uğrunda canını qurban verən insana deyilir. İnsan oğlunun dünya həyatına ən mükəmməl formada xudahafiz etməyinin adıdır şəhidlik.
Ölkəmizin müstəqillik və azadlığının qorunub
saxlanılması qəhrəman
şəhidlərimizin adı
ilə birbaşa bağlıdır. Bu baxımdan
Azərbaycan xalqı öz igidləri ilə qürur duymağa və fəxr etməyə daha layiqdir. Belə ki, Azərbaycan
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə 27 sentyabr 2020-ci il
tarixdə başlanan və 44 gün davam edən Vətən Müharibəsində
xalqımızın minlərlə
igid övladı şəhidlik zirvəsinə
ucaldı.
Qazanılan qələbə naminə
Naxçıvan diyarının
övladları da böyük igidlik və qəhrəmanlıq
göstərdilər. Bu igidlərdən biri də "Qarabağ Azərbaycandır!" deyərək
Vətən Müharibəsinə
yollanan Ümid Novruzludur. O, Şuşa şəhərinin
azad olunmasında düşmənlə əlbəyaxa
döyüşərək xeyli sayda düşmən
qüvvəsini məhv
edib qəhrəmanlıq
göstərdi.
No
description available.
Novruzlu Ümid
Bahadur oğlu 7 iyun 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək
rayonunun Babək qəsəbəsində anadan
olmuşdu. İlk təhsilinə 1998-ci ildə
Babək rayon Babək
qəsəbəsində Vəli
Mahmudov adına
1 nömrəli tam orta
məktəbdə başlamış
və 2009-cu ildə məktəbi bitirmişdi.
2010-cu ildə hərbi xidmətə çağırılan Ümid
2012-ci ildə oranı
bitirdikdən sonra Daxili Qoşunlarda MAXEHQ əsgər, sürücü,
atıcı vəzifələrində
xidmət edib. Bu müddət ərzində
komandirlərinin verdiyi
tapşırıqları nöqsansız
yerinə yetirdiyinə
və hərbi intizam nümayiş etdirdiyinə görə Fəxri Fərmanla təltif olunub. 2015-ci ilin avqust
ayından Naxçıvan
Muxtar Respublikası
DİN-nin Xüsusi Təyinatlı taqımında,
2018-ci ildən isə
Naxçıvan N saylı
Xüsusi Təyinatlı
Qüvvələrində hərbi
xidmət keçib.
İdmana böyük həvəs
göstərib, bu sahədə nailiyyətlərinə
görə medallarla təltif olunub.
Ümid 2020-ci ildə gizir hərbi rütbəsini qazanaraq taqım komandirinin müavini təyin edilib. Naxçıvanda keçirilən hərbi təlimlərdə fəal
iştirak edib, ayağından zədə
almışdı. O, zədəli
olsa belə, Vətən Müharibəsində
iştirak etməyi özünə böyük
şərəf bilmişdi.
24 oktyabr 2020-ci ildə Naxçıvandan Bakıya,
oradan da Şuşa uğrunda
döyüşlərə göndərilən Ümid
o müqəddəs şəhərimizin
geri alınmasında qanlı vuruşmalarda fədakarlıqla çarpışıb.
5 noyabr 2020-ci ildə səhər saat 9-10 radələrində
düşmən snayperindən
açılan atəşlə
vurularaq şəhadətə
qovuşub. Xarıbülbülün vətənində müqəddəs
torpaqlarımız uğrunda
son nəfəsini verib
şəhidliyə yüksələn
igidimizin cənazəsi
Bakıda şanlı
bayrağımıza bükülərək
13 noyabr 2020-ci ildə
Naxçıvana - ata
ocağına gətirildi
və Babək şəhər qəbristanlığında
torpağa tapşırıldı.
Ümid vətəninə, elinə
bağlı, hörmətli,
izzətli, qorxmaz cəngavər bir igid idi. Şəhidimizin
iki övladı bizə yadigar və əmanət qalıb: Bahadur və Nilay!
No
description available.
Ümidin ata evi Babək
şəhərində, Heydər
Əliyev prospektində
yerləşir. Evin qapısında üçrəngli
şanlı bayrağımız
dalğalanmaqdadır. Bayrağa hərbi salam verib
evə daxil oluram. Ümid kimi pəhləvan
oğulu torpağa tapşırmaq, balasından
ayrılmaq bir ana üçün çox çətindir.
Şəhid anası ilə
söhbət etmək
ağırdır. Kimya
ana Ümid adını eşidən kimi kövrəlir, amma qürurludur: "Qəhrəman oğlum hərb sənətini çox sevirdi. Döyüşdə komandirlə yanaşı
gedirmiş. Mən Bakıya
qızımgilə qonaq
getmişdim. Axırıncı
dəfə Ümidlə
25 oktyabr 2020-ci il tarixində telofonla danışdım.
Dedi ki, Bakıya gəlirəm,
mama! Elə bir ürəyimə
damdı ki, oğlum müharibəyə
gedir. Soruşdum, Qarabağa gedirsən,
Ümid? Dedi ki, hə, amma
qorxma, gedib gələcəm, gələndə
də səni görəcəm!"
Vətənimiz uğrunda canını əsirgəməyən döyüşçülərimizin
adları dövlətimiz
və xalqımız tərəfindən uca tutulur, onlarn qəhrəmanlığı yüksək
qiymətləndirilir. Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin sərəncamlarına
əsasən, şəhid
Ümid Novruzlu göstərdiyi qəhrəmanlığa
görə ölümündən
sonra "Vətən
uğrunda" və
"Şuşanın azad
olunmasına görə"
medalı ilə təltif edilib.
Ümid
Novruzlu kimi qəhrəmanlarımızın şəhadəti ilə Qafqazın incisi sayılan Şuşa
şəhəri və
Qarabağ torpağı
əbədi olaraq Ana vətəninə qovuşdu!
Biz vətənin oğul
və qızları olaraq səninlə fəxr edirik Babək şəhərinin
Babək qeyrətli mərd oğlu Ümid! Sən hər zaman bizim qəlbimizdə və xatirələrimizdə
yaşayacaqsan! Allah sənə
və bütün şəhidlərimizə rəhmət
eləsin!
Kübra VƏLİYEVA
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi
Hərbi And.- 2021.- 26 fevral.- S.16.