Ata, səni çox gözləyirəm…
Hər
bir insanın qəlbində ana kimi əziz, müqəddəs,
ülvi bir hiss yaşayır. Bu, vətənə olan
sevgi hissi, doğma yurda olan məhəbbət duyğusudur. Vətən
sevgisi, vətən eşqi insanın qəlbində yaranan
böyük bir ümmandır.
Vətən öz vətənpərvər, qəhrəman
övladları ilə tanınıb, ucalıb. Vətənin
hər qarışı, hər daşı, torpağı əzizdir.
Azərbaycan xalqı öz doğma yurdunu daim düşməndən
müdafiə edib, onun uğrunda canını belə fəda
edib. Vətənpərvər, igid, cəsur
oğullarımızın sayəsində vətən
torpağı öz azadlığına qovuşub. Bu yolda
canını fəda edən vətənpərvər
oğullarımız isə hər zaman xalqımızın qəlbində
yaşayacaqdır. Bu sayımızda “Gənc nəslin milli mənlik
şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hislərinin tərbiyəsi”
mövzusundaoxucularımızı daha bir igid oğlumuzun həyat
hekayəsilə tanış edəcəyik.
Alıyev Elçin Bayram oğlu
1975-ci il iyulun 16-da Abşeron rayonu Saray qəsəbəsində
anadan olub. 1982-ci ildə Qubadlı rayonunda orta məktəbə
gedib, 1992 -ci ildə həmin məktəbi bitirib. 1992 -ci ildə
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə
qəbul olub. 1993-cü ildə Ali Hərbi məktəbə yerdəyişmə edib. 1993-cü
ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin
Tank Artilleriya fakültəsinin 1-ci kursuna qəbul olub. 1997-ci
ildə Taktiki Yerüstü Artilleriya Komandiri və Artilleriya
Silahlarının İstismarı üzrə mühəndis
ixtisasları alaraq bitirib. 1997-2005-ci illərdə Artilleriya
batareyasının komandiri və briqadanın kəşfiyyat rəisi, 2006-2010-cu illərdə Artilleriya rəisinin
köməkçisi, 2010-2011- ci illərdə Artilleriya rəisinin
baş köməkçisi, 2014-cü ilin sentyabr ayından
2015-ci ilin yanvar ayına qədər Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbində müəllim,
2015-ci ilin yanvar ayından 2017-ci ilin aprel ayına qədər
isə Artilleriya bölməsinin rəisinin baş köməkçisi
vəzifəsində çalışıb. 2016-cı ilin aprel döyüşlərində
Lələtəpənin azad olunmasında öndə gedən
igidlərimizdən olub.
Elçin Alıyev 2017-ci ilin aprel ayından həqiqi
hərbi xidmətdən ehtiyata buraxılır. Təqaüdə
çıxmasına baxmayaraq, 2020-ci
il oktyabrın 1-də könüllü olaraq müharibəyə
yollanır. İlk döyüş yolu Ağcabədi rayonunda əsgərlərə
təlim keçməklə başlayır. Sonra isə əsgərləri
ilə birgə Füzuli uğrunda döyüşə
qatılır. Hadrutda, Xocavənddə, Şuşada gedən
döyüşlərdə fəal iştrak edən igidlərdən
biri olur.
Həyat yoldaşı Ramiyə xanıma
Elçin Alıyev haqqında danışmaq çox çətin
idi. Deyir, Elçin mənim dərd ortağım,
sirdaşım, dostum idi: “Xoşbəxt ailə həyatımız
olub. Hər zaman onu itirməkdən qorxurdum. Elcin mənə həm
ana, həm ata idi. Çox gözəl insanı idi. Çox
gözəl ata, çox gözəl yoldaş, çox
gözəl oğul idi. Heç kəsin qəlbinə dəyməzdi.
Kimdənsə incisə də üzə vurmurdu, bir kəlmə
sözlə gülüb keçirdi”.
Elçinlə Ramiyə xanımın Rəhim
adlı bir gül balası dünyaya gəlir. Deyir, Rəhim
oktyabrın 1-də məktəbə getdi, atası isə həmin
gün döyüşə yollandı. Rəhimin məktəbə
getməyini görmədi: “Həmişə deyərdi ki, Rəhimi
18 yaşa catdırım sonra rahat ölərəm.
Döyüşə gedəndə bizimlə göruşəndə
astadan dedi ki, Rəhimə mənsizliyimi hiss etdirmə. Həyatdır,
bilmək olmaz. Rəhimi sənə, səni də Allaha əmanət
edirəm”.
Həyat yoldaşı gedərkən heç nə
deyə bilmir. Gücü yalnız göz yaşlarına
verir. Deyir, çox ağladım. Bizi hara qoyub gedirsən
dedim. Lakin Elçin sözündə qəti idi: “Vətənpərvər,
elinə, obasına çox bağlı insan idi. Hərbçi
peşəsinə maraq da vətənə olan məhəbbətindən
yaranmışdı. Vətənin müdafiəsi onun
qarşısında ən ümdə vəzifə idi”.
Elçinin sonuncu zəngi noyabrın 2 də olur. Ramiyə xanım son
danışıqlarını xatırladıqca göz
yaşlarına hakim kəsilə bilmədi: “Həmin gün
iki dəfə zəng etdi. Birinci zəngi
sübh namazında, ikinci zəngi zöhr namazında oldu.
Mənimlə xeyli danışdı. Dedi
ki, uşağı hazırlığa aparma. Günorta
onunla danışmaq üçün zəng edəcəm.
Həmin gün uşaqla da çox
danışdı. Axırıncı sözü:“Atam, Vallah gələcəm. Gələndə
ata səni hər yerə aparacaq, gəzdirəcəm,
maşın sürərik, coxlu oyuncaq alacam”.
Ramiyə xanım deyir, çox arzusunda idi Rəhimi məktəbə
özü aparsın. Əfsuslar olsun ki, bu, qəhrəmanımıza
qismət olmur. Sonuncu
danışıqlarından sonra ona 9 gün zəng
çatmır. Noyabrın 11-i isə qəhrəmanımızın
şəhid xəbəri gəlir. Ramiyə
xanım üçün bu xəbər çox dəhşətli
olur. Deyir, mən qadın xoşbəxtliyimi,
arzularımı, xəyallarımı, yarımcıq qalan
hekayələrimi orda onunla bir yerdə məzara
basdırdım: “Mən yalnız balama görə ayaqda
qalmalıyam. Mən Elçinlə
sağlığında necə olmuşamsa, yoxluğunda da həmişə
qürur duyacam, fəxr edəcəm”.
Balaca Rəhimlə atası ilə bağlı xatirələrindən
danışarkən çox kövrəldi. O məsum gözlərin dərinliyində
bir nisgil, həsrət vardı: “Bizim ailəmiz 3 nəfərdən
ibarət idi. Atam, anam və mən. İndi anamla mənəm, bir də atamın
divardakı şəkilləri. Atam
çox gözəl insan idi. Vətəninə,
torpağına bağlı olub. Mən də
böyüyəndə atam kimi vətənpərvər, qəhrəman,
ailəsevər insan olacam”. Qəhrəmanım
boş vaxtlarını balaca Rəhimlə keçirməyi
çox xoşlayarmış. Atası ilə
bağlı xoş anlarını xatırladıqca bəzən
gözlərini uzaqlara dikib sanki o günlərini bir də
yaşayırdı. O zaman bir gözü gülür,
bir gözü ağlayırdı balaca Rəhimin: “Keçən
il martın 27-si ad günümdə atam böyük ekskavator
oyuncağı almışdı. İşdən
gələndən sonra bizi Bakıya gəzməyə
apardı. Qız qalasında olduq, şəhəri
gəzdirdi. İyunun 1-də atam mənə
sürpriz etdi. Zəng etdi ki,
düşün həyətə. Sevdiyim
velosipedi almışdı. Axşam bizi gəzməyə
apardı. O zaman çox xoşbəxt idim. Çünki atam da, anam da yanımda idi”.
Sentyabr
ayında Elçin ailəsilə alış-verişə
gedir: “Məktəb paltarı, məktəb ləvazimatları
aldıq. Məktəbə gedəcəydim deyə,
anamla atam çox sevinirdi. Məni məktəbə
atam aparacaqdı. Amma anamla getməli oldum.
Atama səhər zəng gəldi ki, yola
düşürsünüz. Mən
çox ağladım. Dedim məktəbə sən apar
məni. Döyüşə getməyindən xəbərim
yox idi. Amma anam çox
ağlayırdı. Atama yalvarırdı
ki, getmə, bizi tək qoyma. Həmin
gün atam döyüşə getdi, mən isə məktəbə”.
Rəhim üçün həmin anlar unudulmaz
olur. Deyir, anama baxırdım, yol uzunu
ağlayırdı: “Mən heç nə deyə bilmirdim
anama. Bir müddət sonra atamla
danışmağa başladıq. Atam hər
zəngində gələcəyinə söz verirdi.
Deyirdi, darıxma, az qalıb. Gəlib səni yenə gəzdirəcəm. Axırıncı zəngi noyabrın 2-də oldu.
Anamla çox danışdı. Günorta saatlarında atam yenə zəng etdi.
Bu dəfə mənimlə çox
danışdı. Həmişəki kimi mənə
söz verdi: “Atam Vallah gələcəm”. Atamı telefonda öpdüm, sağollaşdıq.
Amma o zəngdən sonra bir daha atamın səsini
eşitmədim”.
Bu sözləri deyərkən gözlərindən
süzülən yaş qəlbimi yandırdı. Səsi titrəyirdi
məsum körpənin. Ata qayğısına
ehtiyacı olan bir körpənin düşdüyü vəziyyəti
sözlə ifadə etmək çox çətin idi: “Bir
necə gündən sonra səhər tezdən anamın
qışqırığına oyandım. Həmin
gün hava həm soyuq, həm də yağış
yağırdı. Anam telefonda
qışqıra-qışqıra danışırdı.
Mən nə olduğunu anlamadım. Bir az sonra evimizə çoxlu adamlar
toplaşdı. Bizi maşınla apardılar.
Dedilər ki, bura şəhidlər olan yerdi.
Sonra atamın şəklini gördüm. Mənə dedilər ki, atan şəhid olub”. Balaca Rəhim atası üçün çox
darıxdığını söyləyir. Deyir, atamı hər gün yuxuda görürəm,
onun paltarıyla, mənə axırıncı
aldığı maşın oyuncağıyla yatıram.
Atamı çox gözləyirəm. Deyir, atamla fəxr edirəm. Söz
verirəm ki, mən də onun kimi vətənimi,
torpağımı, anamı sevəcəm.
Baş leytenant Rəşid Kərimovla qəhrəmanımızla
keçdiyi döyüş yoluna nəzər saldıq. Deyir, artilleriya rəisi mayor
Elçin Alıyevlə ilk dəfə Füzuli rayonunun
Aybasanlı kəndində rastlaşıb: “Komanda
müşahidə məntəqəsində idi. Bizim görüşümüz tez-tez olmurdu. Çünki o artilleriya rəisi idi. Amma Qaraxanbəyli istiqamətində hərəkət
edən zaman təxminən 10-15 km məsafəni bir yerdə
getdik. Yaşca çoxundan böyük
olmağına baxmayaraq, heç kimdən geri qalmırdı.
O gündən sonra biz mayor Elçin Alıyevlə tez-tez bir
yerdə hərəkət etməli olduq”.
Rəşid
Kərimov deyir ki, Qubadlı rayonunun Süsənli
dağına müdafiə xarakterli qalxırdıq: “Alıyev
əlində bir çomaqla hərəkət edirdi. Hamıya da deyirdi ki, ağacdan istifadə edin. Bu, adamı yorulmağa qoymur. Zirvəyə
qalxıb mövqe tutduq. Əsgərləri
başına yığıb dini mövzuda söhbət
edirdi. İnanclı adam idi. Döyüş öncəsi dualar edirdi. Vaxt tapan kimi namaz qılırdı. Noyabrın
6-sı axşamüstü Daşaltı kəndindən Şuşa istiqamətində hərəkət
etmək tapşırığı verildi. Bizə
polkovnik Tehran Mənsimov rəhbərlik edirdi. Daşaltının sol tərəfiylə hərəkət
edib Laçın dəhlizindən gələn yolu
tutmalıydıq. Yol çox sərt idi.
Biz Alıyevə rəis deyirdik. Rəis məndən təxminən 6-7 addım
aralı hərəkət edirdi. Mən
onda olan enerjiyə həsəd aparırdım. Noyabrın 7-si səhər yola çatdıq. Yolla hərəkət edəndə atışma
oldu. Yaralananlar oldu. Biz
istiqaməti dəyişdik. Elektrik
stansiyasının yanından zirvəyə qalxıb cəmləşdik.
Günortadan sonra tapşırıq gəldi.
Şuşa-Xankəndi yolunu tutmaq
üçün hərəkət etməliyik. Bu, əvvəlki döyüşlər kimi deyildi.
Burdan geriyə yol yox idi. Yenidən
qruplara ayrıldıq və hərəkətə
başladıq. Mövqelənəcəyimiz
yer Şuşa-Xankəndi yolundakı məşhur “zapravka”
idi. Biz bir cərgə ilə hərəkət
edirdik. Təxminən 1 km qalmış
fasilə verdik. Tapşırıq verildi
ki, burda iki-iki sürətlə keçmək lazımdı.
Çünki bura düşmən tərəfindən
görünür. 4-5 dəq istirahətdən
sonra yola davam etdik. Gedəndə rəis
yolun kənarında böyrü üstə uzanıb siqaret
çəkirdi. Dedim, rəis, buranı vururlar, tez keçmək lazımdı. Dedi ki, narahat
olmayın siqareti axıra qədər çəkib gəlirəm.
Biz mövqeyə çatana yaxın arxada
atışma oldu. Xəbər gəldi ki, yaralı və
şəhidlər var. Polkovnik Mənsimov bizim bölüyə
təlimat verdi ki, qayıdıb yaralı və
şəhidləri çıxaraq. Məlum oldu ki, XTQ- nin Şuşadan çıxardığı
ermənilər bizimkilərlə rastlaşıb və
atışma düşüb. Hər iki tərəfdən
itki olmuşdu. Bizim 6 şəhid və bir
neçə yaralımız oldu. Mayor
Elçin Alıyev də belindən yaralanmışdı.
Yarası ağır idi. Şəhidləri
və yaralıları gətirib “zapravka”ya yaxın mövqeləndiyimiz
yerə çıxardıq. Kəşfiyyatdan
olan gizir Vüqar rəisin yarasını sarıdı. Bir gün yanımızda qaldı. Yarası incidirdi. Amma heç
bildirmirdi. Arada su və siqaret istəyirdi.
Ərzağımız çoxdan
qutarmışdı. Amma qalan az suyu da
yaralılara çatdırmağa
çalışırdıq”.
Rəşid
Kərimov söhbət zamanı dedi ki, onların olduqları
yer həm Xankəndi istiqamətindən, həm də üzbəüz
fermalar tərəfdən dayanmadan bütün ağır
silahlarla vurulurdu: “Noyabrın 9-u səhər vaxtı bizim
mövqeni minamyotla vurdular. Mərmi tam
ortalığa düşdü. 46 nəfər
yaralandı. Yara almayan çox az adam
vardı. Çox vahiməli an idi. Qəlpə rəisin ayaqlarına dəymişdi.
Bütün yaralılara kömək etməyə
çalışırdıq. Vüqar rəisin
yarasını sarıdı. Qanaxmanı
dayandırmaq mümkün deyildi. Mən Vüqardan
soruşanda işarə ilə rəisin vəziyyətinin pis
olduğunu dedi. Təxminən 1 saat sonra Mayor
Elçin Alıyev şəhid oldu”.
Ehtiyatda olan baş leytenant Ceyhun Əkbərov qəhrəmanımla
ilk tanışlığından danışdı. Deyir, Elçin Alıyevlə
2015-ci ildə Cocuqmərcanlı kəndində tanış
olub: “Mən bölmələrin birində zabit kimi xidmət
edirdim. Mayor Elçin Alıyev tez-tez ön xətti
yoxlamağa gəlir və demək olar ki, bütün
gününü səngərdə keçirirdi. Yorulmadan bütün şəxsi heyətin ən
xırda problemi ilə maraqlanır və həll etməyə
çalışırdı. O çox vətənpərvər
və qayğıkeş, olduqca cəsur bir zabit idi. İxtisası üzrə dərin biliyə malik idi.
2016-cı il aprel döyüşlərində
Elçin müəllim sərrast artilleriya atəşi ilə
düşmən mövqeyini məhv etdi.
Vətən
Müharibəsi başlayanda iki yoldaş yenidən
rastlaşır: “Biz toplanış məntəqəsində
idik və qullağıma çox doğma səs gəldi, mən
geriyə çevrildim və Elçin müəllimi
gördüm. Çox sevindim, ilk sualım bu
oldu ki, rəis sizdəmi gəldiniz? Bu sualdan bir az əsəbləşdi və mən onun
könlünü aldım. O həmin toplantı mərkəzində
də öz bilik və bacarıqlarını zabitlərə
öyrədirdi. Elçin müəllim məndən
bir gün qabaq yollandı döyüş meydanına. Onu yola salanda qucaqlaşdıq. Son
sözü mənə bu oldu ki, heç vaxt qorxma, biz
onları məhv edəcəyik”.
Beləcə, qısa ömür yolu keçən qəhrəmanım
doğma torpaqlarımız uğrunda şəhadətə
ucalır. Döyüş yoldaşları deyir ki, qəhrəmanım
son anlarında ölümünü anladığından
yüksək səslə dualar edir. Cəsur
döyüşçümüz savaşda göstərdiyi qəhrəmanlıqlara
görə Prezident İlham Əliyevin sərəncamı ilə
ölümündən sonra “Vətən uğrunda”,
“Qubadlının azad olunmasına görə” və
“Şuşanın azad olunmasına görə” medalları ilə
təltif edilir. Yazını balaca Rəhimin atasına həsr
etdiyi şeirin iki misrası ilə tamamlayıram:
Sən
gedəndən hər şeyin,
Dadı
gedib, atacan,
Evimizdə
ocağın,
Odu gedib, atacan.
Təkcə
şəkillərindi,
Ovudur qəlbimizi,
Yaşadır
hamımızı
Bəzəyir evimizi.
Elnurə İsaxan
Hərbi
And.- 2021.-16 iyul.- S.6-7.