“Müharibəyə getmək üçün
əlillik haqda sənədini cırdı”
Namiq bəy
oğlunun gedişini öyrənən kimi hərbi komissarlığa
yollanır. Oğlunu orda axtarıb tapır:
- Getdim gördüm
ki, çantası, geyimi hazır vəziyyətdədir. Dedi,
ata, mən gedirəm. Ona dedim, axı sənədin var, xəstəliyin var, əməliyyat olunmusan gedə bilməzsən. Sənədin cırıqların
mənə göstərib
dedi, sənəd artıq yoxdur, cırıq-cırıq olub.
Müharibəyə getmək
üçün əlillik
haqda sənədini cırmışdı. Əgər
o sənədi komissarlıqda
görsəydilər, müharibəyə
aparmayacaqdılar. Amma
sizə deyim ki, Şaiq getməsəydi,
böyük oğlumu
aparacaqdılar. Şaiq
də bunu bilirdi. Mən ona dedim ki,
sənin əlilliyin var, qardaşın getsin. Dedi, qardaşım
döyüşdə olmayıb,
amma mənim təcrübəm var. Sentyabrın 29-da onu yola saldım. 30-dan onlar döyüşə başlayır. Talışkənd,
Suqovuşan, Füzuli,
Hadrut, Cəbrayıl istiqamətində döyüşlərə
qoşulur. Ağdərədə
döyüşən zaman
isə şəhid olur. O, 44 günün 17 gününü o, döyüşlərdə
iştirak edir. Orda olanda üç
gündən bir zəng vurub cəmi on saniyə
bizimlə danışırdı.
Sonuncu dəfə ayın 15-də zəng vurdu, dedi, ata
indi yuxudan durmuşuq. Halallıq ver mənə. Ola bilər ki, biz birdə
görüşmədik.
Atasından halallıq
alan Şaiq elə ertəsi gün şəhid olur. Ailə isə hər şeydən xəbərsiz,
amma səksəkəli
vəziyyətdə cəbhədən
gələn xəbərlərə
qulaq kəsilir, Şaiqin sağ qayıtması üçün
allaha dualar edir. Oktyabr ayının
17-də səhər vaxtı
Namiq bəyin telefonuna zəng gəlir:
- Mənə zəng vurub dedilər ki, “JEK”dəndir. Şübhələndim.
Bildim ki, Şaiqlə bağlı nə isə pis xəbər var. Həyətə düşdüm, gördüm
icra nümayəndəliyindən
adamlar gəlib. Ətrafda da xeyli qəsəbə sakini vardı. Onlara dedim ki,
Şaiqin yerini deyin, hardadırsa, gedim gətirim. Mənə dedilər, heç nə yoxdur, narahat olmayın. Dedim, nə siz, nə
də burdakı adamlar boş yerə gəlməmisiniz.
Balamın yerini deyin, gedib, gətirim.
Ondan sonra dedilər ki, Şaiqin nəşi Yevlaxdadı. Maşına
əyləşib getdim
onu gətirməyə. Səkkizin yarısında morqa çatdım. İcazə
vermirdilər baxmağa.
Amma mən onun üzünü açdım baxdım. Sağ ayağından şah damarına qəlpə dəymişdi.
Şaiq qan itirmədən dünyasını
dəyişmişdi. Axşam saat on birdə onu evimə gətirdim. On səkkizində
də dəfn etdik.
Şəhid Şaiq Kəlbiyev
Hissetmə...
Şaiqin ölümünü hər
kəsdən gec bilən, amma hamıdan tez hiss edən isə Səkinə ana olur. Onu nə qədər
sakitləşdirməyə çalışsalar da, oğlunun
tabutu evə gələndə o, hər
şeyi anlayır.
Həmin məşum
günləri xatırlayan
ana deyir:
- Onunla da
danışa bilmirdim.
Qoymurdu biz zəng vuraq, deyirdi mən bura oynamağa gəlməmişəm. Nə
vaxt imkan olsa, zəng vuracam. Ayın 15-də Şaiqlə danışdım.
Çox pis öskürürdü. Dedim,
soyuqlamısan, mama qurban. Dedi yox,
yer fındığı
yeyirik. Məni aldadırdı, təbii ki. Sonralar dostları dedilər
ki, o, arıq cansız bədəni ilə ağır-ağır
silahları elə götürüdü, elə
cəld idi ki, biz mat
qalırdıq. Özü
də heç nədən qorxmurdu, gözünü də qırpmırdı. Nə
isə, Şaiqlə danışdım. Həmin
gün də qəsəbəmizə ilk
şəhid gəlmişdi.
Özümü çox
pis hiss edirdim. Getdim şəhidimizin evinə amma qapıdan içəri keçə
bilmədim. Axı mənim də balam cəbhədəydi. İstər istəməz anayam də ürpənirdim. Ordan qayıtdım, elə bil mənə
güc gəldi. Getdim bazara, marketə. Çox qəribədir ki, iki, üç marketə girdim, evdə salfetka ola-ola hamısından da ancaq masa
üstü salfetkalar aldım. Evə çatanda yoldaşıma
zəng gəldi. O, eyvana çıxıb kiməsə dedi ki, hə, sizi
görürəm. Onda
mən də onun ardınca çıxdım. Gördüm
bir polis maşını, bir də təcili yardım maşını
dayanıb. Hamı da bizim eyvana
baxır. Aşağıdakı
adamlardan, qonşumun oğlundan soruşdum ki, nə olub,
niyə bizə baxırsınız. Heç
nə demədilər.
Sən demə, mənim başıma daş düşüb, balam şəhid olub. Pilləkənləri qaça-qaça düşdüm, yarı yolda ayaqlarım sözümə baxmadı.
İcra nümayəndəliyindən
gələnlər mənə
dedilər ki, Şaiq ayağından yaralanıb,
hospitaldadı. Onlara dedim ki, mənim
oğlum quyunun dibində də olsa, imkan tapıb
mənimlə danışar.
Siz deyən kimi yaralıdırsa, nömrəsini yığın
verin, danışım.
Bu təcili yardımı niyə boş gətirmisiniz, Şaiqi onun içində gətirərdiniz,
mən onu qucağımda evimizə qaldırardım. Aldatdılar,
dedilər çıxaq
evə paltarını
dəyiş, atası
Şaiqi gətirəndə,
səni belə görməsin. İnandım.
Axşam vaxtı gördüm hamı yır-yığış edir.
Evimiz dolub, boşalır. Özümdə
deyiləm, heç kimi eşitmirəm, görmürəm. Məqsədim,
məramım ancaq Şaiqdir. Gecənin bir aləmi vəlvələ düşdü.
Eyvana çıxmaq istədim, qoymadılar. Dartınıb pəncərəni
itələyəndə, gördüm
pəncərədən bayraq
asılıb. Aşağı
baxanda gözüm qaraldı. Həyətdə
adam əlindən yer yox idi.
Onda dedim, anan ölsün, ay Şaiq. Sən
demə, balamı gətirirlər. Heç bir anaya elə
gün qismət olmasın.
Şəhid Şaiq Kəlbiyev
Bayraq!
Şaiqi evə
gətirəndən sonra
Səkinə xala insan selinin qarşısında
aciz qalır. Nə edəcəyini, nə danışacağını
bilmir. Özündə
olmayan ana, oğlunun tabutuna da yaxın düşə
bilmir. Şaiq dəfn olunandan sonra ağır xəstəlik keçirən
ana hər gün oğlunun məzarına gedir. Səkinə xala deyir ki, nə
qədər arzulasa da, oğlunu heç vaxt yuxuda görə bilmir.
- Şaiqi yuxuda
görə bilmirəm.
Çünki saatlarla
onun şəkillərinin
qarşısında oturub
onunla danışıram,
dalaşıram. Deyirəm
ay bala, niyə məni gözü yaşlı boynu bükük qoydun? Bilmədim, onun sevdiyi qız
var, ya yox.
Amma həmişə deyirdi ki, ana,
26 yaşımın tamamında
özümə Avropa
sayağı toy edəcəm.
Bacısı Hökümə Şaiqlə
ən çox ünsiyyətdə olub. Deyir ki, Şaiq
onunla çox fərqli davranırdı.
Anasından fərqli olaraq o, Şaiqi tez-tez yuxusunda gördüyünü bildirir:
- Şaiq həmişə
istəyirdi ki, mən dəblə geyinim, saçımı formaya salım. Sirlərini mənimlə bölüşürdü. Belimi
düz tutub yeriməyim üçün
başıma kitab qoyub məni saatlarla gəzməyə məcbur edirdi (gülür). Mənə tez-tez pul verirdi.
Onu tez-tez yuxuda görürəm. Mənə deyir ki, dözümlü ol, mamaya yaxşı
bax, gələcəm.
Amma bilirəm ki, bir də
heç vaxt gəlməyəcək.
Samirə Əşgər
Hərbi And.- 2021.- 23 iyul.- S.12.