“Dedi ki, anama de, ağlamasın...” –Şəhid
əmanəti
Lent.az
-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan
“Şəhid əmanəti” layihəsi çərçivəsində
Azərbaycanın azadlığı və müstəqilliyi,
torpaqlarımızın işğaldan azad olunması
uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri
- ailə üzvləri, övladları və doğmaları
ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid
Allahverdi Ələkbərova həsr olunub.
Tabutunu
açmağa qoymadılar, bu günə qədər də
elə bilirəm sağdır - ŞƏHİD
ƏMANƏTİ
“Qardaşıma
demişdim ki, onun tabutunu açmasanız, sizi
bağışlamaram” - ŞƏHİD ƏMANƏTİ
Xüsusi Təyinatlı Qüvvələrin giziri
Allahverdi Ələkbərov. 1987-ci ilin 15 fevral
tarixində Ucar şəhərində anadan olub. 1994-2005-ci illərdə Ucar şəhəri 2
nömrəli tam orta məktəbdə təhsil alıb.
2015-ci ildə Azərbaycan Müdafiə
Nazirliyinin Təlim Tədris Mərkəzində gizir kimi təkmilləşdirmə
kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə
başlayıb. 2017-ci ildə müvafiq
kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı
Qüvvələrində kəşfiyyatçı gizir vəzifəsində
xidmət edib. Allahverdi sentyabrın 27-də
başlayan Vətən Müharibəsində Suqovuşan kəndinin,
Füzuli rayonunun və Hadrutun işğaldan azad olunmasında
iştirak edib, döyüşlərdə öz qəhrəmanlığı
və qətiyyəti ilə fərqlənib. Ermənilərin 100-dən artıq canlı qüvvəsini
məhv edən bölük komandiri Qubadlı uğrunda gedən
döyüşlərdə yaralı döyüş
yoldaşını xilas etmək istəyərkən
düşmən tərəfindən snayperlə vurulub və
ağır yaralanıb. Həkimlərin səylərinə
baxmayaraq, noyabrın 11-də Mingəçevir şəhər
hərbi hospitalında dünyasını dəyişib və
Ucar rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Allahverdi Ələkbərov Prezident İlham Əliyevin sərəncamı
ilə ölümündən sonra “Vətən uğrunda”
medalı ilə təltif edilib.
Zəfər
günü
11 noyabr gününü hərəmiz bir cür qeyd etdik. Hər insan
öz əhvalına uyğun qələbə xəbərinə
büründü. Küçələrə
axışan insan selinə evində bir dəqiqəlik ayaq
üstə dayanıb şəhidlərin xatirəsinə
sükut edənlər, ağlayanlar, gülənlər, kədərlənənlər
də qoşulmuşdu. Həmin gün məmləkətin bütün
insanları eyni sevincə eyni məqamda sevinirdilər. Bir bayraq altında hər kəs birləşmiş,
bir yumruğa dönmüşdü. Paytaxtın
bu səs-küyündən uzaqda yerləşən şəhərlərin
birinin xəstəxanasında yatan yaralı əsgərlərimiz
də özlərinə məxsus qeyd edirdilər həmin
günü. Ağrılarına diş qıcayıb
susaraq, gülümsəməyə çalışaraq, ailələrini,
doğmalarını düşünərək, bəzən
sevincli, bəzən isə həsrətlə sakit, səssiz
qalaraq.
Allahverdi də ağır döyüşlərdən
çıxıb, bədənində onlarla qəlpə gəzdirərək,
yaralı, ağrılı halda qarşıladı qələbə
xəbərini. Bədənindəki yaralara,
canındakı ağrılara, içindəki iniltilərə
baxmayaraq sanki o xəbəri, qələbənin tamını
duymaq üçün Qələbə gününə qədər
sağ qaldı, yaşadı, yaşatdı özünü.
Sonrası isə son nəfəs, əbədiyyət,
bir də üzərində üçrəngli
bayrağın dalğalandığı şəhid məzarı
oldu.
Ertəsi gün yayılan xəbər hamını qəhərləndirdi,
hamını yasa boğdu. Bəs o, şəkillərdən
boylanan məğrur duruşlu, dik baxışlı, yenilməz
ürəkli oğlan hara getdi, necə oldu? Üç körpə övladını,
oğlanlarını, qızını, sevimli anasını,
bacısını, Aydanını kimə tapşırdı?
Suallar nə qədər cavabsız qalsa da, həm də cavab
çoxdan verilmişdi...
...Allahverdi
torpağına və dininə bağlı adam
idi. Şəhidliyi özü üçün ən
müqəddəs vəzifə hesab edirdi. Müqəddəs vəzifəsinin ardınca gedənlər
isə ölmürlər. Əbədi rəhmət,
ölməzlik qazanırlar.
Allahverdi haqqında söhbət edəcəyimiz otaqda
diqqətimi çəkən onun divar boyu
düzülmüş paltarları, fotoşəkilləri, hərbi
əşyaları olur. Bir zamanlar canlı, əzmli insanın təmasını,
varlığını özündə gəzdirən bu əşyalar
indi soyuq divar boyu düzülüblər. İndi
bu əşyalar, paltarlar, şəkillər şəhidimizdən
qalan son xatirələrdi. Allahverdi
üçün yaradılmış bu bir divarlıq guşənin
qarşısında minlərlə qarapaltarlı, qara
yaylıqlı, saçları ağarmış, gözləri
çuxura düşmüş qadınlardan biri əyləşib.
Aybəniz ana... Allahverdinin anası...
-
Allahverdi yaxşı uşaq idi. Dərslərini
yaxşı oxuyurdu. Çox sakit təbiətli
insan idi. Yaşadığımız yerdə,
iş yerində hamı ona hörmət edir, xətrini
çox istəyirdilər. Elə
uşaqlıqdan səssiz, sözsüz, tərbiyəli idi.
Tərbiyə, mədəniyyət canında
vardı, Allahdan gəlmə idi. İndi mən
kiməsə deyəndə ki, Allahverdinin anasıyam,
ağlayıb özlərini öldürürlər ki,
Allahverdi qızıl oğlan idi.
Hərb sahəsini könüllü seçdi. Hərbin
vurğunu idi. Müharibədən bir
gün əvvəl evə gəldi. Onda mən
Bakıdaydım. Zəngləşdik,
danışdıq, dedim, inşallah, müharibə bitər,
noyabrda oğlunun ad günündə gələrsən. Elə o gedəndən sonra da tez-tez
danışırdıq, əlaqə saxlayırdıq. Həmişə deyirdi ki, mama, qorxma, müharibə
dedikləri qədər qorxulu deyil, burada da həyat var,
ömür hər yerdə davam edir. Siz
müharibədən qorxursunuzsa, onda biz nəyə
lazımıq? Bax, belə sözlərlə
bizə təsəlli verir, sakitləşdirirdi. Onunla
danışanda elə bilirdim, yüz yaşlı kişi ilə danışıram. Uşaq vaxtı həmişə
qızdırması olanda ağlayırdı ki, atam gəlsin.
Atası gələn kimi qızdırması
keçib gedirdi. Sonralar tale elə gətirdi
ki, mən onu atasız böyütdüm. Ona
görə də evimizin həm atası, həm də oğlu
idi. İnanın ki, o, bizim hər
şeyimiz idi. Onun ölümü bizim həyatımızı
məhv etdi (kövrəlir).
Anayam da, hər dəfə ona hərbdən
uzaqlaşmağı təklif edəndə, deyirdi, mama, mən
hərbsiz yaşaya bilmərəm. Hər dəfə ona deyirdim ki, evin
tək oğlusan, evdə bacın, yoldaşın var, mən də
qocayam, başqa sahəyə get. Deyirdi, mən hərb
sahəsindən uzaqlaşa bilmərəm. Əvvəl
tankçı idi, sonra dedi, mən kəşfiyyatçı
olmaq istəyirəm. Kəşfiyyatı
çox sevirdi. İdmanı və hərbi
sevirdi. Hər dəfə cəbhədən
evə zəng vuranda deyirdi, mama, mən elə belə
döyüşmürəm e, mən qanunla
döyüşürəm.
Qəlpə
Şəhidimizin xanımı Aydan Allahverdinin xəstəxanada
ölümündən bir gün əvvəl qələbə
günündə çəkilmiş videosunu bizə göstərir. Sakit, susqun baxışlarla,
xəstəxanada müalicə alan digər
yaralı əsgər yoldaşları ilə birgə xəstəxana
işçiləri tərəfindən otağa gətirilən
tortdan o da dadır, xəfifdən gülümsəyir. Amma canındakı ağrılara qarışan
narahatlıq, həyatının sonrakı dönəmindən
nigaranlıq sanki onun baxışlarından oxunur. Aybəniz ana da deyir ki, əslində həmin gecə
Allahverdi çox böyük çətinliklə qalxıb
stulda əyləşib.
-
Qızım, mən çalışıram ki,
özümü ələ alım, danışa bilim, amma onun
xəstəxanadakı günlərini xatırlayanda dözə
bilmirəm. Yaralananda onu görməyə getdik,
ancaq görə bilmədik. Pəncərədən
əl etməklə kifayətləndik. Sonra komaya
düşəndə həkim dedi, yanına bir nəfər
girə bilər. Onda mən gəlinimə, Aydana dedim, sən
gir, sənin dediyin sözü eşidəcək. İki gündən sonra Allahverdi komadan
çıxdı. Həkimlər
inanmırdılar, deyirdilər, ürəyi çox
sağlamdı, ona görə ayıldı. Amma həkim həm də nigaran idi. Bizə demişdi ki, onun şah damarının
yaxınlığında qəlpə var. Allahverdi əvvəlcə
qarın boşluğundan yaralanıb, bağırsaqları,
ödü zədələnib. Komandiri ona
deyib ki, səndən qan axır, xəstəxanaya getməlisən.
Allahverdi deyib, boş şeydi. Elə vəziyyətdə o, yaralı komandiri
döyüş bölgəsindən çıxarıb.
Sonra avtomatdan açılan atəşdən
yaralanıb. Buna da fikir verməyib,
üçüncü dəfə isə yanına minomyot
düşüb və onun bütün qəlpələri bədəninə
dolub. Mən onun yerişini görəndə
ürəyim para-para olmuşdu. Gedə
bilmirdi, güclə nəfəs alırdı. Sonuncu dəfə bizi onun yanına qoymadılar,
telefonla danışdıq. Vəziyyəti
kritik idi, dəfələrlə əməliyyat olunmuşdu.
Həkim də deyirdi ki, inanmıram, sağ qalma ehtimalı
çox azdır, bəlkə nə isə möcüzə
baş verə bilər ki, Allahverdi sağ qalsın. Biz
hamımız onun vəziyyətini bilirdik, amma ümidimizi
üzmürdük...
- Aybəniz
xala, Allahverdinin arzuları nə idi, nələri çox
sevirdi?
- Bizim əslimiz
Ermənistandandır. Müharibəyə gedəndən
sonra uşaqlara deyirmiş ki, mamam məni ermənilərin əlindən
qaçırtdı, gətirdi bura, burda da ermənilərlə
döyüşürəm. Dindar idi, ən
böyük istəyi də şəhid olmaq, şəhadətə
yetişmək idi. Allahverdi yarpaq dolmasını, aşı, bir də tortu çox sevirdi. Biz daha heç vaxt həmin xörəkləri yeməyəcəyik.
Gecə də olsa, o, bu xörəkləri
bişirtdirib yeyərdi. Bilirdik ki, işi
ağırdı, rahat yemək yediyi məqamlar çox
azdı. İnanın, bir dəfə mən
onun qulluq elədiyi bölgəyə getdim, bir ay yanında
qaldım, bir dəfə gecə onun yatdığını
görmədim. Bəzən gəlirdi,
otuz-qırx hərbçi paltarını birdən yuyub sərirdik.
Kəşfiyyatçı peşəsi çox
ağır peşədir. Öz yeməyini
belə aparıb əsgərlərə verirdi ki, mən yeməsəm
də olar, onlar ac qalmasın.
Üzümə
bax, gözlərini görüm...
Allahverdi erkən yaşda ailə qurub. Sevib-seçdiyi
Aydanla eyni məktəbdə oxuyublar. Elə
orta məktəb illərindən də bir-birlərini sevən
bu iki gənc məktəbi bitirəndən sonra ailə qurmaq
qərarına gəlirlər. Allahverdi
anasına, bacısına bağlı olduğu qədər də
həyat yoldaşı Aydanı böyük məhəbbətlə
sevib. Aybəniz xanım da deyir ki, oğlu
ilə gəlini bir-birini dəlicəsinə seviblər.
Allahverdinin 22, Aydanın isə 17 yaşı olanda onlar ailə
qurub. Bu evlilikdən iki oğlan -
Əlihüseyn, Məhəmməd və Fidan adlı
qızları dünyaya gəlir. Aydan üçün
çətin olsa da keçmişinin ən parlaq, ən yadda
qalan günlərini xatırlamağa çalışır:
- Biz
ikimiz də eyni məktəbin şagirdi idik. Onunla
2005-ci ildə məktəbdə keçirilən tədbirlərin
birində rastlaşdıq. Məndən beş
yaş böyük idi. Sonra bizim
qonşuluğumuzda olan dostugilə gəlib-getməyə
başladı. Bir dəfə isə mənə
məktub yazıb göndərmişdi. Məktubda
nömrəsini də yazmışdı. Piano
müəlliməsiyəm mən. O vaxtı müəllim
yanına, hazırlıqlara məni özü aparıb-gətirirdi.
Yanımdan ayrılmırdı. Həmişə
dedi ki, səni qoyub gedə bilmirəm. O əsgərliyə
gedib qayıdanda mənim on yeddi yaşım vardı. Yaşım nikaha düşmədiyi
üçün məni qaçırdı. Sonra məni bizimkilər geri qaytardı, ancaq ikinci dəfə
özüm yenidən ona qoşulub qaçdım. 2009-cu ildə ailə qurduq, toyumuz oldu. Sonra uşaqlarımız doğuldu. Atamgil onu o qədər çox istədilər ki,
atam həmişə deyirdi ki, elə bilirəm Allahverdi mənim
oğlum, Aydan isə gəlinimdi. Mən həkim
olmaq istəyirdim, qoymadı. Həmişə
deyirdi ki, səni qoymadım, amma istəyirəm qızım həkim
olsun böyüyəndə. Oğlanlarımızın
hər ikisini idmana qoymuşdu. Onları da
hərbçi görmək istəyirdi. Çox
gözəl, qayğıkeş insan idi. İnanırsınız,
o, mənə hər cür kömək edib, uşaqları
çimizdirməkdən tutmuş, ayağının
üstünə qoyub yatırmağa qədər hər
şeyi edirdi. Bəzən onların
südünü içirir, yeməyini də yedirirdi. Uşaqlarına çox bağlı idi. O xəstəxanada
yatanda tez-tez tibb bacıları ilə də
danışırdıq. Onlar da deyirdilər ki,
Allahverdi ancaq uşaqlarını düşünür,
onlardan danışırdı. İşdən
gələndə mənə deyirdi ki, heç nə eləmə,
otur yanımda, sənə baxım. Saatlarla
söhbət edərdik. Həmişə də
deyirdi ki, mənimlə söhbət edəndə üzümə
bax, gözlərini görüm.
Allahverdi xəstəlik müddətində çəkdiyi
ağrılara, əzablara baxmayaraq, sonuncu dəfə imkan
tapıb oğlunun ad gününün qeyd olunmasını
anasına tapşırır. Deyir, siz heç nəyə
baxmayın, bir tort belə olsa, alın, uşaq sevinsin.
Elə torun kəsilməsini də telefonla
izləyir, övladına xoşbəxtlik arzu edir.
Üzündə təbəssüm, qəlbindəki iztirabla
övladları ilə, anasıyla danışır:
- Mənə
dedi ki, gələcəm. Qələbə
günü sevincinin həddi-hüdudu yox idi. Dedi, ay mama,
sevindiyimdən az qalıram, uçam. Gəlinim ona təzə ayaqqabı, pal-paltar
aldı. Biz gözləyirdik,
inanırdıq ki, gələcək. Ancaq
elə həmin günün axşamı – noyabrın 10-dan 11-ə
keçən gecə görüb ki, yarasından qan gəlir.
Tibb bacısını çağırıb
deyib ki, məndən qan gəlir, bu nəsə yaxşı
şeyə oxşamır. Həkim
bacımın oğluna zəng vurub deyib ki, Allahverdini əməliyyata
götürürük. Ya qismət. Ancaq elə əməliyyat zamanı da Allahverdi
dünyasını dəyişib. Bacımın oğlu
bizə zəng vurub dedi ki, Allahverdi əməliyyat olunub,
yaxşıdı, amma sən demə, bizə yalan deyib.
Bacımoğlu dedi ki, sabah biz də gələcəyik,
birgə gedərik onun yanına. Mən hər
şeyi səhəri gün bildim. Bütün
dünya başıma fırlandı Allahvedinin tabutunu görəndə.
Onu Ucarda evimizin yaxınlığındakı
Şəhidlər Xiyabanında dəfn etdik. İndi hər
gün gedirəm yanına, məzarının üstündə
dayanıram, nə qədər yalvarıram, gəlmir... (ağlayır).
Anama de,
ağlamasın...
- İnan, qızım, mən onu o qədər əziyyətlərlə,
zülmlərlə böyütmüşdüm ki, heç
deyiləsi deyil. Burda qonşularım da hamısı
görmüşdülər. bilirdilər
ki, mən onun necə nazını çəkə-çəkə,
əziyyətlə saxlamışdım. Allah onu mənə
çox gördü (ağlayır)... O, bir möcüzə
idi, Allah onu mənə verdi, sonra da
aldı. Ancaq heç cür onun
ölümü ilə barışa bilmirəm, elə bilirəm
harasa gedib, qayıdacaq. Allahverdi uşaqlarına,
ailəsinə bağlı idi. Balaca
oğlu ilə nəfəs alırdı. Bayaq
uşaqlar oynayan otağa keçəndə eşidirəm ki,
onlar öz aralarında söhbət edirlər. Bir-birinə deyirlər ki, atam xəstədi, xəstəxanada
yatır. Bizə sürpriz edir, yazda gələcək.
Oturub o qədər ağladım ki. Öz-özümə deyirəm ki, uşaqlar da
özlərinə təsəlli verirlər. Ölümündən sonra onu yuxuda gördüm.
Gördüm, onun otağını bəzəmişik,
gəlib dayanıb otağın ortasında, məni
çağırır. Bir dəfə isə
qızımın yuxusuna girib, deyib ki, mamam çox
ağlayır, mənim yerim islanır, su olur. Mamaya de, ağlamasın.
Söhbətimizin
bu yerində bayaqdan özündən balaca
qardaşının əlindən bərk-bərk
yapışan yeddi yaşlı Fidan mənə baxıb deyir:
- Atam mənə
deyirdi ki, həkim ol.
-
Atanın arzusunu yerinə yetirə biləcəksən?
- Hə,
çoxlu oxuyacam ki, həkim olum.
Allahverdi xəstəxanada komada olanda onun
ayılmasını ailəsi dörd gözlə gözləyir. Aybəniz ana
dualarını oğlu ilə başlayıb, onunla bitirib.
Aydan deyir ki, hər dəfə namazda ancaq
Allahverdinin komadan çıxması üçün dualar
edib. Allahverdi komadan ayılanda isə ilk
sözü Aydan olub. Həyat yoldaşı, sevdiyi insanla
bağlı həmin günləri göz yaşı ilə
xatırlayır:
- Mən
onun yanına girmişdim komada olanda. Sonra
ayılanda mənim adımı çəkib. Mənə deyirdi ki, mən səni gördüm, sənin
səsinə ayıldım, səndən ötrü qaldım
(kövrəlir).
Torpaq
- Aydan,
subay vaxtı çəkdirdiyiniz şəkillərdə
hicabsızsan. Belə başa düşdüm
ki, hicaba da Allahverdi ilə ailə qurandan sonra keçmisən.
- Elədir.
Allahverdi çox qısqanc idi. Ailə
qurandan bir il sonra məni də hicaba
keçirdi. Allahverdi hər gün
namazını qılırdı. Onun əşyalarını
sonuncu dəfə evə gətirəndə,
çantasından canamaz çıxdı. Mənə namaz qılmağı da özü
öyrətdi. Onun ən gözəl
xüsusiyyətlərindən biri yalanı sevməməsi
idi. Nə olur olsun, bizə də deyirdi ki, həqiqəti
deyin.
- Gələcəklə
bağlı arzuları nə idi?
- Ancaq
uşaqlarını düşünürdü. Onların gələcəyi haqqında planlar qururdu.
Bir də şəhidliyi çox
arzulayırdı. Həmişə deyirdi
ki, nə gözəldir vətən torpağını
qorumağa gedib, sonra da şəhadətə yüksəlmək.
Şəhidliyi arzulayırdı. O, əslində
ixtisasca tank komandirliyini bitirmişdi, ancaq kəşfiyyatçılığı
seçdi. Həmişə deyirdi ki, mən
torpaqla təmasda olmaq istəyirəm. İstəyirəm
ki, məndən torpağın iyi gəlsin. Dağları, meşələri, təbiəti
çox sevirdi.
Sonuncu dəfə Allahverdi evlərinə gələndə
ailə üzvlərinin hamısı ilə
görüşüb, halallaşır, onlara vəsiyyətə
bənzər son sözlərini deyir. Bir də şəkillərinin
içərisindən ən çox bəyəndiyi şəkli
götürüb Aydana verib deyir, şəhid olsam,
başdaşıma bu şəkli vurarsınız. Məni
həmişə bu şəkillə xatırlayın...
-
Başdaşına vurulan şəkli öz əli seçib verdi bizə. Bir də mənə dedi ki, şəhid
olsam, heç vaxt qara geyinmə, başına qara yaylıq
bağlama. Həmişə məğrur ol.
O, bu sözləri deyib gedəndən bir gün sonra
müharibə başlandı. Oktyabrın 21-də
yaralanıb, əməliyyat olunandan bir gün sonra mənə
zəng vurub dedi ki, gəl, yanıma. Oktyabrın
22-dən düşdü komaya, bir də ayıldı
noyabrın 2-də. Tibb bacıları ondan
danışırlar indi. Deyirlər,
çox utancaq idi. Biz onun
paltarlarını dəyişmək istəyəndə
qoymurdu, deyirdi, ayıbdı, baxmayın mənə. Sonra biz onunla hər gün telefonla əlaqə
saxladıq. Sonuncu dəfə noyabrın
10-da axşam 7-də mənə yazdı. Dedi,
sarğımda qan var, həkimi çağırım
baxsın. Bir az da mesajlaşıb
sağollaşdıq. Həkimlər ona bədənində
qəlpələr olduğunu deməmişdilər. Biz də ona heç nə bildirmirdik. O,
qanı görüb şübhələnmişdi. Elə həmin gecə əməliyyat vaxtı şəhid
oldu. Şəhid olmağını isə
bizə dərhal demədilər. Xalasıoğlu bizə
dedi ki, hazırlaşın, gəlib sizi aparacağıq onun
yanına. Amma sonradan Gülbəniz xalası zəng vurub dedi
ki, Allahverdi yoxdu. Həmin vaxt mən namaz
qılırdım. Nə qədər
edirdim, başım canamaza tərəf getmirdi, elə bil məni
kimsə tutub saxlamışdı. Sən
demə, onda artıq rəhmətə gedib. Xəbəri eşidəndə inanmadım. Dedim, yəqin nəsə səhv olub. Mən elə bilirdim, o, gələcək. Elə bilirəm həmişəki kimi işdədi.
Bu dəqiqə nə isə yazacaq ,
Aydanım, qapını aç deyəcək, ya qapını
özü açıb içəri girəcək. Onsuz gələcək mənə çox
qaranlıq, çətin görsənir. İndi
yaşayan ölü kimiyəm. Başqa heç nə...
(ağlayır).
Bacı
Onun gözü yaşlı qoyub getdiyi ailə üzvlərinin
içərisində uşaqlıqdan birlikdə
böyüdüyü, qayğısını çəkdiyi
bacısı Aişə bacı mətanəti ilə bizim
söhbətimizi dinləyir, gözündən axan yaş
yanağında iz salaraq əyninə geyindiyi qara donun
yaxasına damcılayır. Enlikürək,
hündürboylu, ağıllı qardaşının
qayğısını canında, ruhunda hiss edən Aişə
indi qardaşsız qalıb. Qardaşını
itirməklə həm də sabaha olan ümidlərini, xoş
günlərini itirib. Nə qədər
çalışsa da, Allahverdinin yoxluğu ilə
barışa bilmədiyini deyən Aişə onu bundan sonra
xoş xatirələrlə xatırlayacağını qeyd
edir:
-
Qardaşım məndən üç yaş böyük
idi. Uşaqlığımız bir yerdə
keçib. Həmişə birlikdə
oynayırdıq. Yayda kənddəki
xalamgilə gedəndə də bizim bir-birimizdən ayrı
günümüz keçməzdi. Məktəbə
də bir gedərdik. O, mənim həmişə arxam,
dayağım idi. Məni hamıdan, hər kəsdən
qoruyurdu. Evimizdə ilk namaz qılan adam
mən olmuşam, Allahverdiyə də namazı mən öyrətmişəm.
Müharibə başlayanda dedi ki, tezliklə cəbhəyə
gedəcəm, mənim üçün dua et.
Sənin duaların kəsərlidi, məni
qoruyur. Həmişə ona deyirdim ki,
qardaşım, ailə quranda, istəyirəm mənim belimi sən
bağlayasan, özünü qoru. Deyirdi,
narahat olma, müharibə bitəcək, mən qayıdacam,
özüm səni evimizdən gəlin köçürəcəm.
Bir dəfə qonşunun uşağı ilə
dalaşmışdım. Onda uşaq qardaşını
da götürüb mənim üstümə gəlmişdi.
Yadıma gəlir ki, qapını açıb bayıra
çıxdı, dedi mənim bacıma heç kim bir söz deyə bilməz. O, həmişə
məni qorudu. Mən də sirrimi,
sözümü ona deyirdim, heç vaxt heç nə gizlətmirdim.
Gözləyirdik onu. Mən
elə bilirdim o, gələcək. Hər
gün də yuxuda görürəm, hiss edirəm ki, çox
narahatdı.
Dostluq...
Allahverdi
sakit təbiətli, az danışan adam
olsa da, tanıdığı dostları, ölümünə
təəssüflənən insanlar çoxdur. Onun
qonşusu, həm də uşaqlıqdan dostluq etdiyi Ceyhun bəy
deyir ki, Allahverdini hələ uşaqlıq illərindən
tanıyıb, aralarında yaş fərqi olsa da Allahverdi ilə
yaxşı qonşu, dost olublar:
- Məndən
yaşda balaca idi Allahverdi. Tez-tez bizim bağa gələrdi,
şəriətdən, dindən söhbət edərdik.
Həmişə deyirdi ki, vətən
sözünün v –sına qurban olum. Yəni
bu səviyyədə yetişmiş vətən oğlu idi.
Cəbhədə olanda da hərbi sirr olmayan hər
şeyi mənimlə bölüşürdü. Biz rayonumuzdakı hərbi hissənin yemək tədarükü
ilə məşğul olurduq. Buna görə
çox sevinirdi. Həmişə deyirdi ki, başıma
bir iş gəlsə, uşaqlarıma görə
arxayınam. Bilirəm ki, bir əmi kimi, dost kimi onlardan, anamdan
muğayat olacaqsan. Həqiqətdə də niyyəti
şəhadət idi. Qələbə
günü şəhid olmağı da onun niyyətinə
çatmasını sübut edir. Hiss edirdim ki, şəhid
olan dostlarından ayrı qaldığı üçün
narahatdı. O, şəhid olandan sonra əsgər
yoldaşları ilə görüşüb söhbət
etdim. Deyirdilər ki, Allahverdi odun-alovun
üstünə gedirdi, heç nədən qorxusu yox idi.
Çox ürəkli oğlan idi.
Allahverdi şəhid olandan sonra onu Mingəçevirdən
Bərdəyə məscidə apardılar. Ora getdim.
Məsciddə yuyat yerində məndən
Allahverdi haqqında soruşdular. Onun dində və hərbidə
olan yaxşı əməllərini dedim. Ordakı din
adamları Allahverdinin ayağının altından
öpdülər. Yəni Allahverdi o cür
böyük məqama çatmışdı. Allahverdinin ayağı o qədər əsgər
çəkməsində qalmışdı ki, xəstəxanada
yatdığı müddətdə, ayağındakı
yaralar, suluqlar sağalmamışdı. Bunu
görəndə ürəyim sızıldadı. Onun həmişə cəbhədən
danışanda dediyi sözləri xatırladım. Deyirdi ki, axırıncı şərəfsiz ermənini
burdan qovana qədər bu çəkmələri
ayağımızdan çıxartmaq yoxdu.
Nə bilim... Onun haqqında danışmaq
çox çətindir. Allah onun da, bütün şəhidlərimizin
də ruhunu şad, məqamını uca etsin. Əbədiyyən
onlar bizim qəlbimizdədir. Bu torpaq üzərində şəhidlərimizin,
dostumuzun yeri başqadı. Tanrı dövlətimizi, ali
baş komandanımızı müzəffər eləsin.
Söhbətimizin sonunda bayaqdan susan,
danışmayan Məhəmməd qəfildən diqqətlə
üzümə baxır. Nə isə demək istədiyini
hiss edirəm:
- Məhəmməd nəsə sözün
var?
- Bəli.
Olar deyim?
- De.
- Mən
atamla fəxr edirəm. Həmişə də
edəcəm.
Hərbi And.-
2021.- 30 iyul.- S.8-9.