Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə yüksələn Hümbət Yaqubov

 

Vətən müharibəsinin qəhrəmanlarından olan Hümbət Yaqubovun arzusu hərbçi olmaq və vətənin keşiyində dayanmaq idi. Bir döyüşçü olaraq Vətənin harayına yollanan Hümbət düşmənə qarşı qəhrəmancasına döyüşərək şəhadətə ucaldı.

 

Hümbət Yaqubov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.

 

Yaqubov Hümbət Mərhəmət oğlu 1998-ci il sentyabrın 4-də Hacıqabul rayonu Meyniman kəndində dünyaya göz açıb.

 

Şəhid anası Laçın Yaqubova qəhrəman övladı haqqında qürurla danışır. Deyir ki, Hümbət hələ uşaqlıq illərindən vətənpərvər ruhda böyüyüb. O, həm də idmanla məşğul idi. Həmyaşıdlarından seçilən Hümbət kənddə böyükdən kiçiyə hər kəsin sevgisini qazanıb. Tək istəyi hərbçi olmaq və vətən keşiyində dayanmaq idi. Qismət belə oldu ki, o, vətən uğrunda ən şərəfli xidmətini yerinə yetirdi və şəhadətə ucaldı.

 

Hümbət haqqında danışan şəhid bacısı Əfsanə Yaqubova söyləyir ki, Hümbət şərəfli bir ömür yolu keçdi, döyüşlər zamanı tərəddüd etmədən Vətənin harayına yollandı. “Nə zaman əlaqə saxlayırıqdısa, qələbə bizimlədir söyləyirdi. Həqiqətən də o, sözünə sadiq çıxdı, bizlərə qələbəni bəxş etdi. Bir tərəfdən arzusu yarıda qalsa da, digər tərəfdən ən böyük məqama ucalmaqla istəyini gerçəkləşdirərək həyatdan köçdü”, - deyə şəhid bacısı bildirib.

 

Şəhid atası Mərhəmət Yaqubov deyir ki, Hümbət həqiqi hərbi xidmətini ön cəbhədə yerinə yetirib və pulemyotçu olaraq vətən keşiyində dayanıb. Xidmətini başa vurduqdan sonra bir müddət mülki işdə çalışsa da, əsl arzusuna - hərbçi olmaq üçün müraciət edib. Hümbət hərbçi olmadan əvvəl ona səfərbərlik çağırışı gəldi. O, tərəddüd etmədən yüksək əhval-ruhiyyə ilə döyüşlərə yollandı. İlk döyüş yolu Füzuli istiqamətindən başlayan Hümbət Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 25-də isə ailəsi ilə sonuncu dəfə əlaqə saxlayıb və qələbə inamı hissi ilə atasından xahiş edib ki, qalib olduğumuzda qurban kəsin. Noyabrın 10-u qələbə xəbəri gəlsə də, Hümbətdən xəbər gəlmir. Hümbətin Qırmızı Bazar uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu məlum olub. Hümbətin nəşinin kimliyi təsdiqləndikdən sonra ailəsinə təhvil verilib. O, doğulub boya-başa çatdığı Meyniman kəndində torpağa tapşırılıb. Şəhid atası isə oğlunun vəsiyyətini həmin zaman yerinə yetirərək qurbanlıq kəsib.

 

Hərbi and.-2021.-11 iyun-S.5.