“Yuxuda
görürəm ki, onun qəbrini Şuşaya
köçürmüşük”
Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə
layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində
Azərbaycanın azadlığı və müstəqilliyi,
torpaqlarımızın işğaldan azad olunması
uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri
- ailə üzvləri, övladları və doğmaları
ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı
şəhid, Milli Qəhrəman Füzuli Rüstəmova həsr
olunub.
Füzuli Salah oğlu Rüstəmov 25
dekabr 1965-ci il Tərtər rayonunda anadan olub. Ata və
anasını erkən itirdiyindən Xocalıda babası Kərim
kişinin himayəsində böyüyüb.
"On gün axtarandan sonra onun nəşini
kimsəsizlər məzarlığından tapdıq" -
ŞƏHİD ƏMANƏTİ
“Müharibəyə getmək
üçün əlillik haqda sənədini cırdı” -
ŞƏHİD ƏMANƏTİ
O, 1989-cu ildə kəndlərinə
yaxın olan erməni postuna hücum edərək oranı
dağıdır. Bundan ötrü ona 4 ay həbs cəzası
verilir. 1990-cı ildə ermənilərin Xankəndinə
gedişinin qarşısını almaq üçün
Xocalı aeroportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik
qrup yaradılanda Füzuli də bu qrupun üzvü olur və
əməliyyatı uğurla başa vurur. Xocalı faciəsi
zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın
Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə
döyüş meydanından çıxarmağa müvəffəq
olur. Neçə-neçə insanı xilas edən cəsur
döyüşçü boynundan ağır güllə
yarası alır, onu Ağdam Mərkəzi Xəstəxanasına
çatdırsalar da, o, artıq qan itkisindən vəfat edir.
Tərtər rayonunun Hüsənli kəndində dəfn
edilib.
Azərbaycan Respublikası Prezidentinin 25
fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov
Füzuli Salah oğluna ölümündən sonra "Azərbaycanın
Milli Qəhrəmanı" adı verilmişdir.
Yağış
Evdən çıxanda narın-narın
yağan yağış qəfildən gücləndi. Təbiətdəki
bu ani çevrilişlə havanın soyuması,
üz-gözünü buruşdurması bir oldu. Soyuq əynimdəki
qalın gödəkçəni, onun altından geyindiyim yun
jaketi heçə sayaraq qısa vaxtda bütün bədənimə
nüfuz etdi. “Koroğlu” metrostansiyasına çatanda
Qızılquma gedən marşrut təzəcə
uzaqlaşmışdı. Növbəti marşrutun gəlişini
gözləmək lazım gələcəkdi. Bir yerdə
dayanmadan hərəkət edərək, bayaqkı titrəmənin
başlanmasına mane olmağa çalışırdım.
Dispetçer yaxınlıqdakı şəxsi avtomobilinə əyləşib
rahatlıqla ətrafı seyr edir, bəlkə hələ
içəridə hansısa radionun səhər verilişlərində
keçirilən atüstü viktorinalara da qulaq asırdı.
Axırı növbəti marşrut da gəlib
çıxdı. Marşruta qalxıb birinci cərgədə
əyləşdim. Çatacağım yerə hələ
bir saatdan çox vardı. Sürücünün xəbərdarlığından
beş dəqiqə sonra marşrutdan düşdüm.
Xocalı məktəbinə çatıb Xocalı faciəsi
zamanı onlarla dinc sakini xilas edən Azərbaycanın Milli Qəhrəmanı
Füzuli Rüstəmovun bacısı Füqurə Rüstəmovanı
tapanda xeyli toxtamışdım. İlk dəfə idi ki,
Xocalıdan olan insanla, Xocalı adamı ilə
qarşılaşırdım. 1992-ci ildən bu yana qəzetlərin,
jurnalların səhifələrində döşəli qalan
xocalıların qana bulanmış, buz bağlamış cəsədləri
yaddaşıma ömürlük zədə vurmuşdu.
Xocalı məmləkətimizin Çernobılı idi.
Bacı
nisgili
Füqurə xanımla söhbətə
başlayan zaman onunla keçmişə o illərə
qayıtmağa cəhd edirik. Dünyada yeganə
varlığı olan qardaşını itirən bu qadın
sonralar yaşadığı ən ağır günlərdə,
vətənsizlikdə, atasızlıqda, anasızlıqda
heç vaxt qardaşını unutmur. Söhbətə
başlayan zaman da hiss edirəm ki, o, həyəcanlanır,
söhbətə hardan, necə başlayacağını kəsdirə
bilmir. O, əllərini qardaşından qalan son şəklə
toxunduraraq onlara sığal çəkərək söhbətə
başlayır:
- Biz ailədə iki uşaq olmuşuq. Tərtərdə
doğulmuşuq. Qardaşım 1965-ci ildən idi. Onun altı
yaşı olanda anamı Tərtərin dördyolunda Xankəndidən
gələn erməni avtomobilli vurur, anam elə həmin
gün rəhmətə gedir. Atam o vaxt Rusiyada işləyirdi.
Anam dünyasını dəyişəndən sonra o, bizi
Xocalıda yaşayan ana babamgilə tapşırıb yenidən
ora qayıtdı. Ancaq tale elə gətirdi ki, biz
atamızı da itiririk. O, şaxtalı havada donmuş
gölün üstüylə gedən qoca qarının
gölə düşən nəvəsini xilas edəndə
öz həyatını itirmişdi. Bizi, demək olar ki, o
vaxtı 16 yaşı olan subay xalam böyüdüb. O, bizə
görə heç vaxt ailə qurmadı, öz həyatını
bizə həsr etdi. Qardaşım Xocalıdakı orta məktəbi
bitirəndən sonra hərbi xidmətini Rusiyada başa vurub.
Hərbi xidmətdə olanda o, çox nümunəvi hərbçi
olub, xeyli tərifnamələr alıb. Xidmətini başa
vurandan sonra 1988-ci ildə hadisələr qızışana qədər
rayondakı südçülük kolxozunda işləməyə
başladı. Yaxşı işçi olduğuna görə
o vaxtı onu Rusiyaya on beş günlük istirahətə
göndərmişdilər.
- Bəs
cəbhəyə gedişi necə olur?
- Babam
özü ikinci dünya müharibəsinin
iştirakçısı olmuşdu. O, bizim hər ikimizə
silah atmağı öyrətmişdi. Qardaşım hələ
səkkizinci sinifdə oxuyanda bir neçə dəfə
babamın ov tüfəngi ilə ova getmişdi. Ovda olanda erməni
meşəbəyi onu görüb demişdi ki, Kərim
kişinin bir nəvəsi var, ona Əsgəranda xüsusi qala
tikilməlidir.
Hücum
1988-ci ildə hadisələr kəskinləşəndə
ermənilər Xocalı əhalisinə qarşı təxribat
xarakterli yürüşlər edir, insanlar arasında qorxu
yaradırlar. Füzuligilin evi isə Əsgərandan
Xocalıya girəndə birinci idi. Elə həmin ilin sentyabr
ayında onların kəndində toy olur. Ermənilər toya
hücum elədilər. O zaman toyda olan Füzuli və
dostları ermənilərlə silahsız döyüşə
başlayırlar. Çünki həmin ərəfədə
kənd əhalisindən heç kimdə silah
qalmamışdı, hamısı əllərindən
alınmışdı. Ermənilərə qarşı ən
güclü vuruşan Füzuli olduğundan ermənilər
onu təkləyib ayağından yaralayırlar. Həmin
gün onu Ağdam xəstəxanasına aparırlar. O, isə
gecəni xəstəxanada qalmayıb evə qayıdır ki,
birdən ermənilər yenə hücum edər. Füqurə
xanım yenidən məşum günlərə
qayıdır:
- 89-cu ilin may ayında Əsgəranla
Xocalının arasında yerləşən “Vosemşestoy”
deyilən ərazidəki ət dükanını ermənilər
posta çevirdilər. Qardaşım və digər cavanlar
ora gedib həmin postu dağıtdılar. Onda onu tutub
aparmışdılar, o qədər döymüşdülər,
hər tərəfi gömgöy olmuşdu. Onu məğlub
edə bilmirdilər. Deyirdi, erməni kimdir biz onlardan qorxaq? Ona
dörd ay həbs cəzası kəsib Şuşa həbsxanasına
göndərdilər.
Vətən
sevgisi
Gənclik illərindən vətənə
olan sevgisi, ermənilərə qarşı
barışmazlığı sonradan onu Milli Qəhrəmana
çevirir. Müsahibim dərdli, yaralı şəhid
bacısı danışır, danışdıqca da sanki
uzun illər əvvəl 26 yaşında həyatdan getmiş
qardaşına layla çalırdı:
- Mənə elə gəlir ki,
qardaşım anamın erkən itkisindən və bu itkiyə
bir erməninin səbəb olmasından çox sarsılmışdı.
Yəqin, ermənilərə qarşı kinin qaynağı
bu idi. Harada erməni vardısa, Füzuli ordaydı. Onun
adı ancaq sənədlərdə Füzuli kimi
yazılıb. Həyatda hamı onu Zamin deyə
çağırırdı. Qardaşım anadan olanda babam
onun adını Füzuli qoysa da, nənəm onu Zamin
adlandırıb ki, həmişə Allahın zaminində
olsun. Ermənilərə qarşı çox amansız idi.
Hadisələr başlamazdan əvvəl, ermənilərlə
münasibətimiz yaxşı olanda da Füzulinin onları
görən gözü yox idi. Təsəvvür edin, elektrik
naqilində nasazlıq olanda babam montyor çağırırdı.
Montyor erməni idisə, gələndən gedənə qədər
babam onun yanında dayanırdı. Qorxurdu ki, qardaşım
ona bir xətər yetirər.
- Yəqin elə buna görə
müharibə başlananda Xocalıda yaradılan
özünümüdafiə batalyonuna kəşfiyyatçı
götürülür...
- Bəli. 1991-ci ilin noyabr ayında Milli qəhrəman
Tofiq Hüseynov özünümüdafiə batalyonu
yaratdı. Tofiq Hüseynov bizim hərbi müəllimimiz
olmuşdu. O, batalyona komandir, qardaşım isə kəşfiyyatçı
təyin olundu. Bundan sonra bütün həyatını vətənin
müdafiəsinə həsr etdi. Bizim kəndin sağ-salamat
çıxmasında Füzulinin rolu çox böyük
olub. O, iki dəfə geri qayıdıb, yaşlıları,
yaralıları, azyaşlı uşaqları döyüş
dostları ilə birgə kənddən çıxarır.
Üçüncü dəfə getmək istəyəndə
dostları qoymur. Deyirlər, daha bəsdir, heç kim
qalmayıb, hamı sağ-salamatdır. Ermənilər səni
vura bilər. Qardaşım razılaşmır, deyir,
qız-gəlini girov apararlar. Siz gedin, mən də gələcəm.
O, üçüncü dəfə kəndə qayıdanda
onu çiynindən yaralayırlar. Dostları bunu eşidən
kimi irəliləyirlər ki, Füzulini döyüş
bölgəsindən çıxarsınlar. Əgər ermənilər
onu tutsalar, tikə-tikə doğrayacaqdılar.
Son arzu
Ancaq Füzuli elə həmin yaradan
dünyasını dəyişir. Yaralanandan sonra onda daxili
qanaxma başlayır. Füzuli ölüm anında bərk
susayır, amma su tapılmır. Deyir, onda mənə qar verin.
Xəstəxanada gözü qapıda qalır. Xalasını
gözləyir. Onun bacısı ilə qohumları kənddən
bir çıxsalar da, xalası Səkinə isə
qonşuları ilə birgə çıxmışdı.
Ona görə də Füzuli xalasını itirmişdi, ondan
nigaran idi. Ölümünə saniyələr qalanda
Füzuli öləziyən baxışları ilə
palatadakı həkimlərdən siqaret istəyir. Ancaq
yanılı siqaret onun titrək barmaqları arasından
sürüşür. Füzulinin siqaretdən bir neçə
qüllab almağa belə taqəti olmur.
Füqurə xanım deyir ki,
qardaşından son dəfə ayrılacağını
heç vaxt ağlına gətirməyib. Əgər o, bunu
bilsəydi, ona doyunca sarılar, yanından ayrılmasına
mane olardı:
- Ondan son dəfə ayrılanda şəhid
olacağı ağlıma gəlməzdi. Əgər bilsəydim,
sarılıb boynuna getməyə qoymazdım. Bir dəfə
onun çox xoşbəxt olduğunu xatırlayıram. Bərdəyə,
sevdiyi qızgilə getmişdik. Qayıdanda çox xoşbəxt
idi. Novruz bayramından sonra toy edəcəkdik. Onun o qədər
sirlərini bilirəm ki, bir gün səhərdən
axşama kimi danışsam, yenə də qurtarmaz. Tikdiyi evdə
bircə gecə yaşamadı. Səhərlər
palçıq qatıb ustaya verir, özü isə posta
yollanırdı. Əgər elə tez öləcəkdisə,
tanrı niyə onu o qədər əziyyətə
salırdı?
Əlbəttə, indi mənim
üçün Milli qəhrəmanın bacısı olmaq
şərəfli olduğu qədər də məsuliyyətli
işdir. Torpaqlarımız işğaldan azad olunandan sonra
Füzuli və onun kimi oğullarımızın öz
canlarından boş yerə keçmədiklərinə bir
daha əmin oldum. Vətənpərvərlik hər insanda
olmur. Qandan, gendən gəlməlidir. İndi tez-tez yuxuda
görürəm ki, qardaşımın qəbrini
Şuşaya köçürmüşük.
Torpaqlarımızın işğaldan azad olunması kimi bir gün
bu yuxum da çin olacaq.
Hərbi
and.-2021.-11 iyun-S.7.