Gözdən
yaş çıxarmı ürək yanmasa...
Onun ömür kitabını vərəqləyərkən
gənc yaşlarında həyatı tərk etmiş bir
şairin çoxsaylı əsərlərinə heyrətlənməyə
bilmirsən. Şübhəsiz, məsələ təkcə əsərlərin
sayında deyil. Hər biri şedevr hesab olunmağa layiq bu əsərlərin
hər misrası, hər bəndi həyatdan nakam
köçmüş müəllifin özü ilə oxucusu
arasında yaratdığı əbədi mənəvi
körpüdən xəbər verir. O körpü ki,
şairin bu günümüz üçün də müasir
olan həyat ideallarını bizlərə
çatdırmaqdadır. “Yenə o bağ olaydı...”, “Oxu,
tar!”, “Sənə qurban”, “Sənin gülüşlərin”,
“Əbədiyyət nəğməsi”, “Həyat sevgisi”, “Sənin
gözlərin”, “Mənim eşqim”, “Ürək” və digər
şeirlər hər birimizin qəlbinə yaxındır.
Sən
onun eşqilə, məhəbbətilə,
Vurmadın
ömrünü başa ürəyim,
Sevgi
hədəfini nişan alanda
Dəydimi
oxların daşa ürəyim!?
Görkəmli
şair Mikayıl Müşfiqin anadan olmasından 113 il
ötür.
Mikayıl
Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də
Bakının Dağlı məhəlləsində ziyalı
ailəsində dünyaya göz açıb. Atası müəllimlik
edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər
yazıb. Atası 1902-ci ildə Xızıdan Bakıya
köçüb. Çox körpə ikən anası
Züleyxanı, altı yaşında isə atasını
itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində
böyüyüb. Onun körpə qəlbi bu itkilərdən
yaralansa da, həyatdan küsməyib və hər zəhmətə
qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə
rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə
Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli
ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat
fakültəsində oxuyub. Əmək fəaliyyətinə
müəllimliklə başlayıb, Bakı məktəblərində
yeddi il dərs deyib. Son iş yeri isə indi Mikayıl
Müşfiqin adını daşıyan Bakı şəhərindəki
18 nömrəli orta məktəb olub.
Mikayıl
Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri
1926-cı ildə “Gənc işçi” qəzetində,
“Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə
“Ədəbiyyat qəzeti”ndə dərc
edilib. Məhsuldar yaradıcılığı sayəsində
1930-cu ildən başlayaraq onun “Küləklər”,
“Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”,
“Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül,
Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan”
kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq
“Seçilmiş əsərləri”, “Əsərləri”,
“Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”,
“Könlümün dedikləri”, “Həyat sevgisi” və digər
adlar altında kitabları çap edilib. Şairin
ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci
ildə “Müşfiqli günlərim” adlı xatirələr
kitabı nəşr olunub, kitabın son genişləndirilmiş
nəşri 2005-ci ildə işıq üzü görüb.
Mikayıl
Müşfiq tərcümə ilə də məşğul
olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə),
M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə),
S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini,
T.Şevçenkonun, Ö.Xəyyamın və başqa
şairlərin irsindən nümunələri, eləcə də
M.F.Axundzadənin “Şərq poeması”nı
Azərbaycan dilinə çevirib.
Sovet
imperiyasının repressiya dalğasına tuş gələn
Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib.
Nakam şair Azərbaycan xalqı üçün əsl sənət
xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin
açarını da özü ilə əbədiyyətə
aparıb.
Şairin
zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək
(“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”,
“Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər
janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq,
yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas
bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin,
peyzajların ən mükəmməl nümunələrini
yaradıb.
Mikayıl
Müşfiq poeziyası şifahi xalq və yazılı
klassik ədəbiyyatımızdan bəhrələnib.
Folklora dərindən bələd olması və ondan məharətlə
istifadə etməsi şairin poeziya dilinin
axıcılığını, əsərlərinin maraqla
oxunmasını şərtləndirir:
Yazmaram
ürəyim sizi anmasa,
Sizin
eşqinizlə alovlanmasa;
Burdaca el
durub məndən
sordu ki:
Gözdən
yaş çıxarmı ürək
yanmasa?
Mikayıl
Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər
verən yığcam, lakin dərin məzmunlu ifadələr
çoxdur: “Həyat həm gülməkdir, həm
ağlamaqdır”, “Bədbəxt bu dünyada tək
yaşayandır”, “Həyat ondan küsənləri incidər”,
“Nə qədər yaraşır insana gülmək!”.
“Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim”
yazan Mikayıl Müşfiq dahi şairin
yaradıcılığından yaradıcı şəkildə
bəhrələnib.
Rəngarəng
mövzuları əhatə edən Mikayıl Müşfiq
poeziyası milli və bəşəri keyfiyyətlərə
malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada
tədrisi qadağan ediləndə, şair cəsarətlə
məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir
azərbaycanlının qəlbini riqqətə gətirməyə,
onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram
axşamı” şeirində Novruz bayramına dair
uşaqlıq xatirələrini danışmaqla müəllif
sovet rejiminin milli adət-ənənənin yaddaşlardan
silinməsinə yönəlmiş siyasətinə
qarşı çıxıb.
Mikayıl
Müşfiq yaradıcılığında humanizm əsas
aparıcı xətdir. Şairin fəal vətəndaş
mövqeyi hər zaman özünü göstərir. “Dilənçi”
şeirində “fəhlə-kəndli” cəmiyyətindəki
ziddiyyətlərdən birinin – soyuq qış günündə
körpə qızın dilənməsinin təsviri müəllifin
mövcud rejimə etirazının bədii ifadəsidir. Onun
poeziyasında insana yüksək qiymət, sevgi və digər
bəşəri mövzular xüsusi yer tutur.
Demək, yer də
mənim, göy də mənimdir,
Hüzurumla cahan nə
bəxtiyardır
- deyən şair
cahanın bəxtiyarlığını məhz onun insan
qarşısında durmasında görür. Bu da insana verilən
ən yüksək qiymətin poetik ifadəsidir. Onun şeirlərində
irqindən, milliyyətindən asılı olmayaraq bütün
xalqlar birdir.
Mikayıl
Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ
olaydı!” şeirləri bəşəri mövzu olan sevginin
Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir.
İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm
edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs
hissləri duymağı, qorumağı aşılayır və
bu gün də tərbiyəvi əhəmiyyətə
malikdir.
Müşfiq
poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan
şeirlərinə bəşəri məzmun verməsindədir.
Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur,
Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin
əsərləri millət, Vətən mənafeyini əsas
tutanlar üçün əsl həyat məktəbidir.
Şair əmək,
təhsil, ziyalı, səfil həyat keçirən
uşaqlar, gənclərin düzgün tərbiyəsi, Vətənin
görkəmli şəxsiyyətləri, sənət və sənətkar,
həyat eşqi, təkliyin acı aqibəti, qadına
hörmət, anaya məhəbbət və digər
mövzuları poetik sənətkarlıqla işləyib.
Maraqlıdır, şair çox körpə ikən
anasını itirsə də, onun “Ana” şeiri poeziyamızda
bu mövzuya həsr edilmiş ən yaxşı əsərlərdən
biri hesab olunur:
Ana, ana!…
Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl
anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər
bir “yavrum” deyən gözəldən,
Çünki onun
xilqətində ayrıca bir füsun var.
Mikayıl
Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin
timsalı, yaradıcılığı isə gənc nəslin
milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə
vətənpərvərlik hisslərinin tərbiyəsində
əvəzsiz xəzinədir. Onun şeirlərinə
mahnılar bəstələnib, ədəbi irsi
çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə
çevrilib. Şairin əbədiyaşar sənət naminə
çəkdiyi zəhmət layiqincə qiymətləndirilib.
Onun xatirəsini əbədiləşdirmək
üçün Bakıda büstü qoyulub,
yaşadığı binanın qarşısına xatirə
lövhəsi vurulub, qəsəbəyə, məktəbə,
küçəyə və meydana adı verilib, Xızıda
xatirə muzeyi yaradılıb.
Hərbi and.-2021.-11 iyun.-S.22.