Peşənin, vəzifənin, ölümün
gözəlini seçən
şəhid mayor
Vətən
müharibəsinin qəhrəmanlarından olan Hümbət
Yaqubovun arzusu hərbçi olmaq və vətənin
keşiyində dayanmaq idi. Bir döyüşçü olaraq
Vətənin harayına yollanan Hümbət düşmənə
qarşı qəhrəmancasına döyüşərək
şəhadətə ucaldı.
AZƏRTAC
xəbər verir ki, Hümbət Yaqubov döyüşlərdə
göstərdiyi şücaətə görə
ölümündən sonra “Vətən uğrunda” və
“Füzulinin azad edilməsinə görə” medalları ilə
təltif edilib.
Yaqubov
Hümbət Mərhəmət oğlu 1998-ci il sentyabrın
4-də Hacıqabul rayonu Meyniman kəndində dünyaya
göz açıb.
Şəhid
anası Laçın Yaqubova qəhrəman övladı
haqqında qürurla danışır. Deyir ki, Hümbət hələ
uşaqlıq illərindən vətənpərvər ruhda
böyüyüb. O, həm də idmanla məşğul idi.
Həmyaşıdlarından seçilən Hümbət kənddə
böyükdən kiçiyə hər kəsin sevgisini
qazanıb. Tək istəyi hərbçi olmaq və vətən
keşiyində dayanmaq idi. Qismət belə oldu ki, o, vətən
uğrunda ən şərəfli xidmətini yerinə yetirdi
və şəhadətə ucaldı.
Hümbət haqqında danışan şəhid bacısı Əfsanə Yaqubova söyləyir ki, Hümbət şərəfli bir ömür yolu keçdi, döyüşlər zamanı tərəddüd etmədən Vətənin harayına yollandı. “Nə zaman əlaqə saxlayırıqdısa, qələbə bizimlədir söyləyirdi. Həqiqətən də o, sözünə sadiq çıxdı, bizlərə qələbəni bəxş etdi. Bir tərəfdən arzusu yarıda qalsa da, digər tərəfdən ən böyük məqama ucalmaqla istəyini gerçəkləşdirərək həyatdan köçdü”, - deyə şəhid bacısı bildirib.
Şəhid atası Mərhəmət
Yaqubov deyir ki, Hümbət həqiqi hərbi xidmətini ön cəbhədə yerinə
yetirib və pulemyotçu olaraq vətən keşiyində
dayanıb. Xidmətini
başa vurduqdan sonra bir müddət
mülki işdə çalışsa da, əsl arzusuna - hərbçi olmaq üçün müraciət
edib. Hümbət hərbçi olmadan əvvəl ona səfərbərlik çağırışı
gəldi. O, tərəddüd
etmədən yüksək
əhval-ruhiyyə ilə
döyüşlərə yollandı. İlk döyüş yolu Füzuli istiqamətindən
başlayan Hümbət
Cəbrayıl, Xocavənd
uğrunda gedən döyüşlərdə fəal
iştirak edib. Oktyabrın 25-də isə
ailəsi ilə sonuncu dəfə əlaqə saxlayıb və qələbə inamı hissi ilə atasından xahiş edib ki, qalib olduğumuzda
qurban kəsin. Noyabrın 10-u qələbə
xəbəri gəlsə
də, Hümbətdən
xəbər gəlmir.
Hümbətin Qırmızı
Bazar uğrunda gedən döyüşlərdə
qəhrəmancasına şəhid
olduğu məlum olub. Hümbətin nəşinin kimliyi təsdiqləndikdən sonra
ailəsinə təhvil
verilib. O, doğulub boya-başa çatdığı
Meyniman kəndində
torpağa tapşırılıb.
Şəhid atası isə oğlunun vəsiyyətini həmin zaman yerinə yetirərək qurbanlıq
kəsib.
İsaxan Elnurə
Hərbi And.- 2021.-25 iyun.- S.11.