“Kaş biləydim telefonla danışdığı kim
idi”
Lent.az-ın və
Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan
“Şəhid əmanəti” layihəsi çərçivəsində
Azərbaycanın azadlığı və müstəqilliyi,
torpaqlarımızın işğaldan azad olunması
uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri
- ailə üzvləri, övladları və doğmaları
ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid Araz
Seyfullayevə həsr edilib.
Araz Seyfullayev
2001-ci il mayın 28-də Masallı şəhərində
anadan olub. 2018-ci ildə Masallı rayon Digah kəndində yerləşən
4 saylı orta məktəbi başa vurub.
2019-cu ildə Araz
Seyfullayev Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad
rayonunda yerləşən "N" saylı hərbi hissəsində
müddətli həqiqi hərbi xidmətə
çağırılıb.
Araz 2020-ci il
sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistan işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması
üçün başlanan Vətən müharibəsi
zamanı Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb. O, oktyabrın 7-də
Füzuli döyüşləri zamanı şəhid olub.
Masallı şəhərində dəfn olunub.
Azərbaycan
Prezidenti İlham Əliyevin Sərəncamına əsasən
Araz Seyfullayev ölümündən sonra "Vətən
uğrunda", "Cəsur döyüşçü",
"Füzulinin azad olunmasına görə" medalları
ilə təltif edilib.
Gəncliyin qürubu...
Həyatın
çox qəribə gərdişləri var. Bəzən elə
olur ki, ömrün ən gözəl, ən gənc
çağında çiyninə düşən dərdin
keşiyini çəkməli, onun ağırlığı
altında yaşamağa öyrəşməli olursan.
Üzündə gülüşlər, qəhqəhələr
oynadığı zaman, qəfil itkidən yaranan göz
yaşları, qırışlar insanın simasında iz
salır. Günay xanımın şəklini də görəndə
“ola bilməz” sözlərini deməkdən, ardınca
böyük, güclü təəssüf hissi keçirməkdən
özümü saxlaya bilmədim. O, 40 yaşında,
ömrünün ən gözəl çağında
oğul itirmiş, şəhid anası olmuşdu. Bənizindən
ağrı süzülən bu qadın iki oğlundan birini,
evinin böyük uşağını İkinci Qarabağ
müharibəsində qurban vermişdi. Onunla söhbətləşmək,
həmdərd olmaq asan deyildi. Ancaq vətən uğrunda
canını əsirgəməyən daha bir şəhidimizin
insanlar tərəfindən tanınması, onun xatirəsinin
işıqlandırılması üçün şəhid
Araz Seyfullayevin atası Elsevər bəy və anası
Günay xanımla söhbətləşməyə
yollandım.
Qapını
üzümə Günay xanım açdı. Otağa girən
kimi divarlardan bizə boylanan oğlunun şəkillərini mənə
göstərib, “başqa şəkilləri də var, siz
oturun, indi gətirəcəm” dedi. Sinəsinə
sıxdığı fotoları səliqə ilə
masanın üzərinə düzüb danışmağa
başlayır:
-
Araz çox yanımcıl, haqsızlığa qarşı
tez qeyzlənən uşaq idi. Hamının, bütün
qonşuların, qohumların könlünü
almışdı. Bizim evimiz dayanacağa yaxındır. Əgər
marşrutdan əlində yükü olan bir yaşlı
qadın, kişi düşürdüsə, onu aparıb
düz evinə qoyub sonra qayıdardı. Çünki
yaşlı qadınlar yasına gələndə onlar özlərini
öldürürdülər, deyirdilər ki, biz onu nə qədər
çox istəyirdik. Araz zəhmətkeş uşaq idi. Elə
o biri oğlum da elədi. Həm orta məktəbə gedirdilər,
həm də yaxınlıqdakı sexdə işləyirdilər.
O, sexin yanında olan qonşular Arazı o qədər
çox tərifləyirlər ki. Elə öz
qonşularım deyirlər ki, biz hələ də
inanmırıq ki, Araz yoxdur. İnanın, yeməyin
yarımçıq qoyub onlar üçün mağazaya,
bazara gedirdi. Hamının qəlbini ələ
almışdı. O qədər qəlbi gözəl, gülərüz
idi ki, bunu ətrafa da hiss etdirməyi bacarırdı. İndi
onun komandirləri hərdən gəlirlər, sağ olsunlar.
Deyirlər ki, Araz sanki seçilmişdi.
İki oğul...
Günay
xanımla Elsevər bəyin iki oğlu olub. Hal-hazırda digər
oğlu Murad da həqiqi hərbi xidmətdədir. Günay
xanım deyir ki, hər iki oğlu orta məktəbi bitirən
kimi hərbi xidmətə yollanıb:
-
Uşaqların heç biri ali məktəbə girməyib.
Araz savadlı uşaq idi. Məktəbi bitirəndən sonra
bir neçə ay məşğələyə də
yolladıq. Elə yaxşı oxuyurdu, həvəslə dərs
çalışırdı ki, sevinirdim. Amma sonra
imkanımız çatmadı, onu müəllim yanına
göndərməyə. Sonra da çağırış
vaxtı yetişdi, hərbi xidmətə yollandı.
Təlimlərə
tez-tez gedən Araz hərdən valideynləri ilə
görüşə bilir. Amma sərt karantin günlərində
onun ailəsi ilə görüşməsi mümkün olmur.
2020-ci il sentyabrın 25-də zəng
vurub deyir ki, atası onun
yanına getsin. Atası Elsevər bəy yoldaşının
hazırladığı əsgər sovqatını da
götürüb oğlunun yanına yollanır.
Atası Elsevər bəy
danışır:
- Həmişə
onunla danışanda deyirdim ki, Araz müharibədən nə
danışırlar. Deyirdi, müharibə olsa, biləcəksiniz.
Birinci bizi aparacaqlar. Onun yanına gedəndə gördüm
çox sınıxıb. Onlar xüsusi təyinatlı idilər
deyə, çox təlim keçirdilər. Həmin gün həm
fikirli idi, həm də gülərüz. Dedim get də, Araz,
karantindi, danışarlar. Dedi, sən get, mən sonra gedəcəm.
Mən maşına oturub gözdən itənə qədər
Araz həsrətlə ardımca baxdı.
Araz ailəsinə
birdəfəlik qovuşacağı intizarlı günlər
bir-birini qovalayır, ailə gözü yolda oğlunun tezliklə
qayıdacağı günü gözləyir. 2020-ci il
avqustun 1-də isə Günay xanımın 40 yaşı
tamam olacaqdı. Araz iyulun 31-də atasına zəng vurub deyir
ki, anasına ad günü sürprizi etmək istəyir. Bu
istəyin həyata keçməsində ona köməklik
etsin. Günay xanım həmin günləri titrək səslə,
ilıq göz yaşı içərisində
xatırlayır.
Ad günü və son görüş...
-
Axırıncı dəfə yoldaşıma zəng vurub dedi
ki, ata anamı bura gətir, onu görəcəm. Qurban
bayramı ərəfəsi idi. Elsevər evə gəlib dedi
ki, tez geyin, Arazın yanına gedirik. Dedim, görəsən,
görüş verəcəklər. Dedi, Araz deyib siz gəlin,
görüşərik. Mən hərbi hissənin
qapısında olan pəncərədən baxdım, Arazı
gördüm, uzaqdan mənə əl elədi. Sonra komandir
dedi keçin içəri, amma çox
yaxınlaşmayın bir-birinizə. Karantinə görə
icazə yoxdur. Biz hardasa üç, dörd metr aralıdan
bir-birimizlə söhbət etdik. Təlimlərdən sonra
çox arıqlamışdı. Onu gördüm,
tanımadım. Mənə dedi, ana ad gününü təbrik
edirəm (ağlayır). Ondan sonra ancaq telefonla
danışırdıq. Meyvə və şirniyyatı
çox xoşlayırdı. Həmişə mən ona evdən
şirniyyat bişirib yollayırdım. Bir də narı
çox xoşlayırdı. Həyətimizdə nar
yetişdikcə, biz ona “sumkalarla” nar aparırdıq. Sentyabrda
dedi ana, həyətimizdə nə var, nə yox. Dedim, nar
yetişir, sənə nar bir də şəkərbura
yollayacam. Elə şəkərburaları bişirməyə
hazırlaşırdım ki, xəbər gəldi ki, onu
döyüşə aparıblar. Mən ona heç nə
göndərə bilmədim.
- Ad günündə
uzaqdan belə onu görməyiniz sizin üçün yəqin
ki ən böyük hədiyyə olmuşdu?
- Əlbəttə.
İnanın allaha, o mənim üçün o qədər
böyük sürpriz oldu ki, bunu sizə izah edə bilmərəm.
Həmin günü, anları həyatım boyu yadımdan
çıxara bilmərəm (ağlayır). O, elə
uşaq idi ki, həmişə hamımızın ad günlərinin
vaxtını sayırdı. Heç birimizi yaddan
çıxartmırdı. O, əsgər idi, mənim
üçün nə edə bilərdi ki. Amma
unutmamağı, məni görmək istəməsi heç
vaxt yadımdan çıxmaz.
Sevgi
Yeniyetməlik
şəkillərindən bizə boylanan Araz olduqca
yaraşıqlı, gülərüz görsənir. Hələ
yenicə gəncliyə addım atan bu oğlan əlbəttə
ki, kiməsə könül verməmiş, kimisə bəyənməmiş
olmaya bilməzdi. Ona görə də şəhidimizin həyatı
ilə bağlı bir az da öyrənməyə can
atıram. Günay xanımdan Arazın hərbi xidmətə
yollanmazdan əvvəl kiməsə bənd olub,
olmamasını xəbər alıram. Oğlunun hər bir hərəkəti
haqqında həvəslə, ürəklə danışan
ana bu dəfə də bildiklərini nəql edir:
- O, çox
abırlı uşaq idi. Keçən ilin yanvar ayında məzuniyyətə
gələndə gördüm bir az qəmlidi. Mən də
bilirdim ki, onların tətilləri çox çətindir.
Dedim, yəqin yorğunluqdandır. Amma özünə deyirdim
ki, Araz niyə qəmlisən, bəlkə istədiyin var? Hətta
oğlumla da tez-tez ona deyirdik ki, bəlkə aşiq olmusan
Araz. Ancaq heç nə demirdi, gülürdü. Ola bilərdi
ki, istədiyi qız olub, ancaq bu haqda mənə heç nə
bildirməyib. Amma Araz şəhid olandan sonra hərbi hissədəki
bufetçi oğlan dedi ki, Araz sizdən başqa da kiminləsə
telefonla danışırdı. Kaş ki, bilərdim o, kim
idi...
Yuxu
Vətən
müharibəsi başlanan kimi Araz öz əsgər dostları
ilə birgə döyüş bölgəsinə göndərilir.
Ailə bundan xəbərsiz olsa da, Arazın anası ən
ağır günlərini keçirir, qarmaqarışıq
yuxular görür. Ana qəlbi qarşıda baş verəcək
faciəni, itkini dərin həssaslıqla duyur, lakin, bunu dilinə
gətirməyə heç zaman ürək etmir.
- Son günlər
Arazdan heç bir xəbər ala bilmirdim. Tez-tez də yuxuda
görürdüm. Elə bil ürəyimə nəsə
dammışdı. Biz ailəlikcə çox şən
adamlarıq. Amma həmin ərəfədə elə bil mənim
bütün həyatım qaralmışdı. Ürəyim
sıxılırdı. Anama da demişdim ki, narahatam. O da
bacıma demişdi ki, bu qız dayanmır, özünü
öldürür, Allah özü köməyimizdə olsun.
Elə həmin ərəfədə, oktyabrın 4-də
uşaq düz yanına düşən mərmidən şəhid
olur. Mərmi onu para-para etmişdi. Mən görməmişəm,
amma dostları onun cəsədini görmüşdülər.
Onlar deyirdilər ki, sanki o mərmi onu götürməyə
gəlmişdi. Onlar sonra danışırdılar ki, Araz erməni
tankını vurub, nə qədər erməni
öldürüb. Çox böyük şücaət
göstərib. Arazın sonuncu şəkillərinə də
indi baxıram, görürəm hamısında gülərüz
düşüb. Çünki onun arzusu idi ki,
döyüş bölgəsinə düşsün,
döyüşsün. Dostları deyir ki, sonuncu dəfə
nahar edəndə gülə-gülə deyib ki, ermənilərə
qan udduracam. Doğurdan da içi erməni ilə dolu
maşını elə vurub ki, maşın yana-yana təpədən
aşıb.
- Sizə
oğlununuzun şəhid olma xəbərini kim verir?
- Biz ayın 4-də
zəng vurduq, bizə demədilər ki, şəhid olub.
Ayın 7-də səhər vaxtı idi, gördüm bizim ev
yerləşən küçəni təmizləyirlər.
Adam da çox idi. Bir az keçdi yoldaşımın
dostları gəldi. Yoldaşıma dedim, onlar niyə gəliblər,
nə isə olub? Sonra onu bayıra çağırdılar,
dedilər Araz şəhid olub. Mənə bu sözü deməyə
heç kim ürək eləməmişdi. Elə
yoldaşım özü dedi ki, evimiz yıxılıb, Araz
daha yoxdu. Sonra cənazəni gətirdilər. Mənə onu
vermədilər. Dedilər, tabutunu açmağa icazə
yoxdur. Əslində heç mən özüm də buna təkid
etmədim. Düzdür, mən ürəkli adamam, amma mən
oğlumu şah kimi yola salmışdım, onu o vəziyyətdə
necə görəydim. Həm də mən elə bilirdim ki, o
sağ salamat gələcək. Şəhid ola biləcəyi
ağlıma gəlirdi, amma tez yadımdan
çıxarırdım. Öz-özümə deyirdim ki,
yox, Araz sağ gələcək. O, mənə söz verib ki,
özünü qoruyacaq. O, həmişə mənimlə
danışanda deyirdi, ana, mənə görə nə
qulluğun? Deyirdim, mənə nə qulluğun olacaq, sən
özünü qoru. Şəhid olandan sonra ağlayıb
deyirdim ki, ay bala niyə özünü qorumadın, axı sən
mənə söz vermişdin. Sonra yuxuma gəldi, dedi ana, bir
də mənə demə niyə özümü qoruya bilmədim.
Sən elə deyəndə, mən pis oluram (ağlayır).
Səbr
Aradan keçən
vaxt ərzində Günay xanım, oğlunu
unutmadığını, hər gün, hər an təkrar-təkrar
xatırladığını, yuxularında
gördüyünü deyir:
- İndi
düşünürəm ki, oğlumun birini vətənə
qurban verdim getdi. Əlbəttə bir ömür boyu
yanacağıq, amma nə edə bilərik? Ölümündən
sonra, elə idi də onu tez-tez yuxuda görürəm. Gəlir,
boynumu qucaqlayır, deyir ana, ağlama. Bir dəfə də
gördüm ki, onun nə əlləri, nə başı var,
amma mənə yaxınlaşıb bərk-bərk
qucaqlayıb ağlayır, deyir ana, bir də məni
qınama. Məndə olmadı günah. Özümü
qoruya bilmədim, bağışla.
Elə bil mənim ağlamağım, onu arayıb
axtarmağım ona yan olurdu. Axı Quranda da deyilir ki, şəhidlərə
ölüdür deməyin, onlar diridirlər. Hər dəfə
mən onu yuxuda görəndə elə bil ona ayan olur, gəlir
deyir ki, ana elə danışma. Bir dəfə də
qaynımın arvadının yuxusuna girmişdi. Demişdi,
anama de, mənim əşyalarımın
içərisindən üzüyümü
götürsün. O üzüyü barmağına
taxsın, mən həmişə onun yanında olacam. Mən
o üzüyü tapdım, indi üstümdə gəzdirirəm.
Nə bilim, elə bil o, hər şeyi görür.
Mən həm də
din adamıyam, mədrəsə təhsili görmüşəm,
Quranı ərəbcə oxumağı bacarıram. Əgər
mən din adamı olmasaydım, bəlkə də səhvlərə
yol verərdim. Din məni səbrimi alır, mənə səbir
verir. Çünki bu dərd dözülməzdir.
Düzdür, indi bir az səyriyib, amma yanğı
azalmayıb, həsrətə dözmək olmur. Bu dərdi
çəkən bilər. Quran oxumaq mənə çox
kömək oldu, yoxsa, dözməzdim. Oğlumun cənazəsi
gələndə, mən onu adına layiq
qarşıladım. İnanın, nə başımı
yoldum, nə də üzümü cırdım. Hamıya da
dedim ki, heç kim oğlumun məclisində
qışqırmasın, yatan balamı oyatmasın. Bilirsiniz,
ölümün də bahası, ucuzu var. Mənim balam başımızı
uca elədi, ölümü şərəfli oldu.
Təsəlli...
Elsevər bəy də
oğlunu tez-tez yuxuda gördüyünü deyir. Hətta bir
dəfə Arazın şəhid olduğu, qan
töküldüyü yerə getmək, oranı ziyarət
etmək istəyəndə oğlu yuxusuna girir.
-
Şəhid olduğu yerə getməzdən bir gün əvvəl
oğlumu yuxuda gördüm. Məndən
küsmüşdü. Dedi, hara gedirsiniz gedin. Onda başa
düşdüm ki, o, istəyir biz onun məzarını
ziyarət edək. Məzarına gedəndə orda bir təbiət
hadisəsi baş verdi ki, siz inanmazsınız. Külək
qalxdı, hər tərəfdən gözəl qoxular gəldi.
Elə bil biz cənnətə düşmüşdük.
Oğlumun məzarını qucaqladım, elə bildim. Ondan
sonra hamımız rahatlıq tapıb evə qayıtdıq.
Elə bilirdik ki, uşaq bizim gəlişimizə sevinir.
44
günlük müharibədən sonra qazanılan qələbə
minlərlə şəhid ailəsi kimi Arazın da ailəsinin
tək təsəlli yeri olur. Günay xanım məni
qapıdan yola salanda deyir:
-
Arazın ölümündən sonra şayiə
yayıldı ki, Hadrutu ermənilər təzədən geri
götürüb, inanın, elə bil başıma bir qaynar
qazan su tökdülər. Dedim, balamın əziyyəti hədər
getdi. Gecə gündüz Allaha dua edirdim ki, qələbə
bizimlə olsun. Şəhidlərimizin əziyyəti hədər
olmasın. Çox şükür ki, qələbə də
bizim oldu.
Samirə Əşrəf
Hərbi and.-2021.-25 iyun.-S.16-17.