Şuşanın
musiqi məktəbləri və məclisləri
Azərbaycan xalq
musiqisinin inkişafında və formalaşmasında
Şuşa şəhərində yetişən xanəndə
və musiqişünasların müstəsna xidmətləri
var.
Qarabağ xanəndələri
burda muğam sənətini daha da inkişaf etdirmiş, onu zənginləşdirərək
bu günə qədər gətirib çıxarmışlar.
Şuşanın klassik xanəndələri məlahətli,
gözəl səsləri və sənətkarlıqları
ilə bütün Qafqazda, Orta Asiyada, Yaxın və Orta Şərq
ölkələrində məşhur olan böyük və
möhtəşəm muğam ifaçılığı məktəbi
yaratmışlar. XIX əsrin ikinci yarısında xanəndəlik
və vokal sənətinin inkişafında Şuşada
müxtəlif sənətkarların yaratdıqları musiqi məktəblərinin
mühüm əhəmiyyəti olub.
Qarabağ tarixi, eləcə
də qədim diyarın etnoqrafiyası barədə 20-dən
çox kitabın müəllifi Vasif Quliyev AZƏRTAC-ın
müxbirinə deyib: "Xarrat Qulunun musiqi məktəbi-XIX əsrin
məşhur musiqişünası, klassik Şərq
muğamlarının kamil bilicisi, şair Xarrat Qulu Məhəmməd
oğlu Yusifinin Şuşada yaratdığı bu məktəb
dinə xidmət məqsədilə
açılmışdı. Məktəbə gözəl səsi
olan gənclər cəlb olunur, iştirakçılara dini mərasimlərin,
xüsusilə məhərrəmlik təziyəsinin
keçirilməsi üçün şəbih rollarında
oynamaq, o cümlədən, Şərq musiqisinin əsasları,
muğamlar, el havalarını düzgün oxumaq qaydaları
öyrədilirdi. Həmin yığıncaqlar get-gedə
sırf musiqi məclislərinə çevrilmiş, instrumental
musiqinin, xanəndəlik və vokal sənətinin
inkişafında Hacı Hüsü, Məşədi İsi,
Qaraçı Əsəd, Şahsənəm oğlu Yusif, Dəli
İsmayıl, Şahnaz Abbas, Əbdülbaği Zülalov,
Sadıqcan, Cabbar Qaryağdıoğli, Keçəçi
oğlu Məhəmməd kimi bir sıra ustad sənətkarların
yetişməsində əhəmiyyətli rol oynayıb.
Xarrat Qulunun vəfatından
sonra 1883-cü ildə "Kor Xəlifə" ləqəbli
bir musiqişünas onun yolunu davam etdirərək
Şuşada yeni musiqi məktəbi açıb. "Kor Xəlifə"nin
musiqi məktəbi 1883-1893-cü illərdə dini xarakterli
musiqi məktəbi olub. Məktəb şəhərdə xəlifə
vəzifəsində çalışan və dini işlərə
nəzarət edən "Kor Xəlifə" ləqəbli
Molla Əli Molla Kəlbəli oğlu tərəfindən
açılıb. Burada dini elmlər geniş tədris olunsa
da, Şərq şair və mütəfəkkirlərinin əsərləri,
klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik
sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və
praktikası, muğam oxumaq, tar, kamança və digər
musiqi alətlərində ifa etmək də öyrədilir,
klassik musiqi əhali arasında geniş təbliğ olunur,
şagirdlər kamil bir musiqişünas kimi formalaşır, ədəbiyyatçı
kimi yetişirdilər. Məktəbdə tez-tez poeziya və
muğam müsabiqələri təşkil edilir, daha çox
istedadlı gənclər üzə çıxarılır,
onları həvəsləndirmək üçün
mükafatlar verilirdi. Şagirdlər xalq və şəbih
tamaşalarında, müxtəlif dini mərasimlərdə,
xüsusilə məhərrəmlik mərasimlərində
daha fəal iştirak edir, həmin tədbirlərin daha təntənəli,
təsirli və yüksək səviyyədə keçməsinə
çalışırdılar.
Onillik fəaliyyəti
dövründə "Kor Xəlifə"nin məktəbi nəinki
Qarabağda, hətta qonşu vilayətlərdə və
İranda da tanınıb. Bu təhsil müəssisəsi
Qarabağ əhalisinin mədəni inkişafına
böyük təsir göstərmiş, Şuşanın
Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində,
vokal və çalğı musiqisinin tərəqqisində
bir çox ustad sənətkarların, musiqi xadimlərinin
yetişməsində böyük rol oynamış, Azərbaycan
musiqisinin inkişafına təsiredici təkan vermişdir.
1893-cü ildə
"Kor Xəlifə" vəfat edəndən sonra məktəb
sahibsiz qalmış, bir müddət sonra isə
bağlanmışdır.
XIX əsrin
axırlarında Şuşada açılan Molla İbrahimin
musiqi məktəbi özündən əvvəl fəaliyyət
göstərən məktəblər kimi dini xarakter
daşıyır, təlim fars dilində keçilirdi. Məktəbə
10 yaşından 12 yaşınadək yalnız gözəl səsi,
poeziyaya xüsusi həvəsi olan, həmçinin gələcəkdə
məhərrəmlik taziyələrində kişi rolları
ilə bərabər, qadın və qız rollarını da
ifa etmək üçün yüksək səsə malik
istedadlı uşaqlar qəbul edilirdi. Məktəbdə
klassik muğam dəsgahları, onların nəzəriyyəsi,
quruluşu, tərkibi, ifası, eyni zamanda, ərəb, fars,
türk dilləri, dini mərasimlər, şəbihgərdanlıq,
Hafiz, Nizami, Sədi, Xəyyam, Füzuli, Zakir, Seyid Əzim
Şirvanı, Tofiq Fikrət kimi Şərq şairlərinin
qəzəlləri öyrədilirdi. Ümumiyyətlə,
götürdükdə bütün diqqət dini misteriyalara -
şəbih üçün müğənnilər
yetişdirilməsinə verilirdi. Burunda və boğazda oxumaq
qadağan idi, çünki bu, xoşagəlməz hal hesab
olunurdu.
Qarabağın bir
çox musiqi xadimləri, muğam ustaları, o cümlədən,
Mehralı oğlu Bahadır, Bülbül və başqa sənətkarlar
ilk musiqi təhsillərini Molla İbrahimin məktəbində
almışlar. Məktəb XX əsrin təxminən ikinci
onulliyinin axırlarına qədər fəaliyyətini davam
etdirib.
XIX
əsin axırlarında məşhur musiqi xadimi Xarrat Qulu
Yusifinin vəfatından sonra böyük muğam ustası
Hacı Hüsünün yaxından iştirakı ilə
musiqişünas-alim Mir Möhsüm Nəvvab Qarabağinin
Şuşada təşkil etdiyi musiqi məclisi həm də
"Xanəndələr məclisi" adlanırdı. Burada əsas
məqsəd yeni xanəndələr nəsli yetişdirmək,
xanəndəlik sənətini xalq arasında geniş yaymaq və
klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək
idi. Bəzən "xanəndələr ittifaqı"
adlandırılan bu məclis uzun illər həm də musiqi məktəbi
rolunu oynayıb. Məclisdə vaxtaşırı musiqi
yarışları, muğam müsabiqələri
keçirilir, gənc istedadlar üzə
çıxarılırdı. Məşədi İsi,
Keştazlı Haşım, Şahsənəm oğlu Dəli
İsmayıl, Malıbəyli Cümşüd, Şahnaz
Abbas, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu
Məhəmməd, Malıbəyli Həmid, Xanlıq
Şükür, Məşədi Məmməd Fərzəliyev,
İslam Abdullayev kimi sənətkarlar məclisin yetirmələri
və eyni zamanda əsas üzvləri idilər.
"Xanəndələr
məclisi" Azərbaycan musiqisinin və muğam sənətinin
inkişafında, yeni xanəndələr və musiqiçilər
nəslinin yetişməsində mühüm rol
oynayıb".
Hərbi and.-2021.-25 iyun.-S.19.