Əbədiyaşar
sənətkar
Bu
il Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli
simalarından biri olan Xalq artisti Cahangir Cahangirovun anadan
olmasının 100 ili tamam olur. Təbii ki, musiqi ictimaiyyəti,
eləcə də sənətsevərlər bu yubileyi qeyd etməyi
özlərinə mənəvi borc sayırlar. Ona görə
ki, Cahangir Cahangirov Tanrının ona bəxş etdiyi fövqəladə
istedadı, böyük zəhməti və yüksək
yaradıcı fəaliyyəti ilə əbədiyaşar bir
ömrə sahibdir. Onun musiqisində vətən
çiçəklərinin min bir ətri duyulur. Bu, təbiidir,
ona görə ki, bəstəkar Cahangir Cahangirov bütün
varlığı ilə torpağa, vətənə
bağlıdır. Onun əsərləri torpaqdan şirə
çəkir, milli sənət örnəklərindən qida
alır.
Bu
fikirlər Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının
xor və instrumental musiqiləri, operaları, bir-birindən
gözəl mahnıları həmişə sevə-sevə
dinlənilən görkəmli bəstəkar, Xalq artisti
Cahangir Cahangirovun anadan olmasının 100 illiyi münasibətilə
hazırladığı yazıda yer alıb. AZƏRTAC həmin
yazını oxuculara təqdim edir.
1921-ci
il iyunun 20-də Bakının Balaxanı kəndində
dünyaya göz açan Cahangir hələ erkən
yaşlarından xor musiqisinə böyük həvəs
göstərir. Orta məktəbdə oxuyarkən özfəaliyyət
dərnəyində tar çalmağı öyrənir və
xorda iştirak edir. 1937-ci ildə Teatr Texnikumuna, sonra musiqi məktəbinin
nəzəriyyə şöbəsinə daxil olur. Beləliklə,
o, ömrünü musiqi sənətinə bağlayır.
Daim bu istiqamətdə düşünərək yüksək
təhsil mərhələlərinə də qədəm
qoyur. Onun istedadı və musiqi qabiliyyəti dahi Üzeyir
Hacıbəylinin də diqqətini cəlb edir. Çünki
Üzeyir bəy Cahangirin hələ musiqi məktəbinin
(indiki Musiqi Kolleci) tələbəsi ikən 1941-ci ildə
Nizami Gəncəvinin 800 illiyi münasibətilə bəstələdiyi
“Gül camalın” və “Nazənin” romaslarını
orijinallığı, musiqi dilinin milli koloriti, melodiyanın
rövnəqliyinə görə yüksək qiymətləndirərək
gənc bəstəkarı öz diqqətində saxlayır və
ona Azərbaycan Dövlət Konservatoriyasının (indiki
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq
şöbəsində təhsil almasını məsləhət
görür. Beləliklə, Üzeyir bəyin
qayğısı ilə əhatə olunan Cahangir Cahangirov
Konservatoriyaya daxil olmaqla bərabər, böyük sənətkarın
köməyi ilə Filarmoniyada işə də qəbul
edilir. Əvvəlcə xor kollektivinə, sonra isə Mahnı
və Rəqs Ansamblına rəhbərlik edir.
Geniş
yaradıcılıq yoluna qədəm qoyan Cahangir Cahangirovun
sorağı Qafqaz cəbhələrindən də gəlməyə
başlayır. İkinci Dünya müharibəsi vətənpərvər
sənətkarı da zamanın tələbi ilə mübarizə
ruhlu fəaliyyətə və bu mövzuda əsərlər
yazmağa sövq edir. “416-cı diviziya”, “Mərdlik nəğməsi”,
“Partizan” mahnısı kimi əsərlər məhz bu qəbildəndir.
Cahangir
Cahangirovun mövzu dairəsi həmişə geniş və əhatəli
olub. O, müxtəlif məzmunlu və müxtəlif janrlarda
dəyərli əsərlər yaradıb. Bunlardan “Azad”, “Xanəndənin
taleyi” operaları, “Arazın o tayında” vokal-simfonik poema,
“Sabir”, “Hüseyn Cavid – 59” oratoriyaları, “Füzuli”
kantatası, “Misir lövhələri” süitası,
çoxlu sayda mahnı, romans və xor əsərlərini
qeyd edə bilərik. Bu mövzu və janr müxtəlifliyini
birləşdirən bir amil var. Bu da bəstəkarın
öz fikri, zövqü və düşüncəsi ilə
xalqın mənəvi aləminə, onun musiqi dühasına
bağlılığı və əsərlərində
milli ruhun güclü tərənnümüdür.
Bəstəkarın
musiqisi öz orijinallığı, dəyəri və koloriti
ilə Azərbaycan musiqi aləmində seçilərək
onun öz üslubunu yaratmışdır. Bu üslub
xüsusiyyətləri barədə fikirlər bəstəkarın
əsərləri haqqında qələmə alınan məqalələrdə
də öz əksini tapıb. Bu yerdə Cahangir Cahangirovun ən
məşhur əsərlərindən olan “Arazın o
tayında” vokal-simfonik poeması haqqında bəzi mətbuat
yazılarından nümunələrə nəzər salaq:
“Cahangirov
bu əsərində xalq musiqisi zəminindən
uzaqlaşmamış, əksinə ənənəvi musiqi
ladlarından, intonasiya və ritmlərdən bacarıqla
istifadə etmişdir” (“Sovetskaya muzıka” jurnalı. 1953. ¹2).
“Arazın o tayında” vokal -simfonik poemanın üstün cəhətlərindən
biri də odur ki, o, konkret ideya və süjet, həm də məlum
obrazlar üzərində qurulmuşdur. Bəstəkar
poemadakı fəlsəfi dərinliyi açıb göstərmək
üçün emosional ifadə formaları axtarıb
tapmışdır” (“Bakinskiy raboçi” qəzeti. 1952. 15
oktyabr).
“Arazın
o tayında” vokal-simfonik poema bəstəkarın
yaradıcılıq yolunun inkişafa aparan ən uğurlu mərhələsidir.
Belə ki, 1949-cu il, yəni bu əsərin
yarandığı tarix hələ bəstəkarın
Konservatoriyada B.Zeydmanın sinfində üçüncü
kursda təhsil aldığı bir dövr idi. Gənc tələbənin
qələmə aldığı əsər SSRİ Dövlət
mükafatına layiq görülür. Yaradıcı
insanın belə tez parlaması, yüksək mükafata layiq
görülməsi çox nadir haldır. Çünki
Cahangir Cahangirov da nadir istedada malik bəstəkarlardandır.
O, musiqi tariximiz üçün gərəkli olan bəzi janrların
da ilk yaradıcısı olub. Məsələn, skripka və
orkestr üçün Azərbaycan bəstəkarları
içərisində ilk konserti də məhz Cahangir Cahangirov
yazıb.
Əlbəttə,
bəstəkarın ecazkar melodiyaları əsasında
yaratdığı sənət inciləri haqqında
yazılan məqalələr, aparılan tədqiqatlar həddən
artıq çoxdur. Azərbaycan Radiosunda da onun əsərləri
ilə yanaşı, haqqında hazırlanan çoxlu sayda
verilişlər qorunub saxlanılır. Həmin verilişlərdən
birini dinləyərkən bəstəkarın folklorumuzla
bağlı söylədiyi fikri olduğu kimi diqqətinizə
çatdırıram: “Folklor bəstəkar üçün
qiymətli materialdır. Mənim zənnimcə, o, ulu
babalardan bizə miras qalan ən qiymətli qızıl
külçəsidir. Onu yalnız zərgər kimi
cilalayıb xalqın özünə qaytarmaq lazımdır”.
Milli
intonasiyalar əsasında bəstəkar, sözün həqiqi
mənasında, cilalanmış əsərlər yaradıb.
Onun milli çalğı alətimiz olan tar ilə orkestr
üçün konsertləri də buna misaldır.
Əlbəttə,
Cahangir Cahangirov yaradıcılığı çoxşaxəli
və zəngindir. Bu mənada onun Azərbaycan xor musiqisinin
inkişafında da müstəsna xidmətləri var. Belə
ki, bəstəkar həm xor üçün qələmə
aldığı əsərləri ilə xorun
repertuarını zənginləşdirərək, həm də
bu kollektivləri öz ictimai fəaliyyəti ilə təkmilləşdirirdi.
Onun yaradıcılığının ilk dövrlərində
Üzeyir bəyin tövsiyələri ilə Filarmoniyanın
xor qrupuna rəhbər təyin olunması bu istiqamətdəki
fəaliyyətinin əsas mənbəyi olub.
Uzun
illər Azərbaycan Teleradio Verilişləri Şirkətində
fəaliyyət göstərən xor kollektivində də
Cahangir Cahangirov dəstxəti mühüm yer tutur. Məhz Azərbaycanda
xor kollektivlərinin inkişafına verdiyi dəyərli
töhfələrə rəğmən Azərbaycan Teleradio
verilişlərindəki xor kollektivinə bəstəkarın
adı verilib. Bu unudulmaz sənətkarın irsinə verilən
qiymətin bir təzahürüdür. Cahangir Cahangirov
respublikanın Xalq artisti, Dövlət mükafatı
laureatı, professor və bu kimi neçə-neçə fəxri
adlara, diplom və mükafatlara layiq görülüb.
Bütün bunların fövqündə duran bir yüksək
məqam da var. Bu sənətkara olan xalq məhəbbətidir
ki, bu məhəbbət də sənətkarın əbədiyaşarlığının
ifadəsidir. Elə bəstəkar, dirijor, pedaqoq Cahangir
Cahangirov məhz ölməz musiqisi ilə bu sonsuz məhəbbətə
nail olub və bu məhəbbətlə də
xatırlanır.
Təbii
ki, bəstəkarın yaradıcılığı
musiqişünaslar üçün əsl tədqiqat
obyektidir. Əminik ki, bu əbədiyaşar sənətkarın
irsinə hələ neçə-neçə tədqiqatçılar
müraciət edəcək. O, daim xatırlanacaq, əsərləri
nəsillərin zövqünü və ruhunu oxşayacaq.
Bununla da Cahangir Cahangirovun əbədi ömrünə hələ
neçə 100 illiklər əlavə olunacaq. O, öz
musiqisi ilə nəsillərlə qoşa addımlayaraq əsrlərdən-əsrlərə
gedib çatacaq.
Hərbi and.-2021.-25 iyun.-S.22