Həyatını fəda etdi ki, müqəddəs Vətən
yaşasın...
Vətən
torpağını düşmən tapdağından azad etmək
naminə fədakarcasına vuruşaraq həyatını
qurban verən hər bir şəhid haqqında məqalə
yazmaq jurnalist üçün, ilk növbədə, öz
üzərinə mənəvi məsuliyyət götürmək
deməkdir. Çünki belə qeyrətli oğulların
şərəfli döyüş yolu onların xatirəsinə
layiq şəkildə işıqlandırılmalı və
tarixləşdirilməlidir. Onlar barədə deyilən fikirlər
və yazılan sözlər bir yaddaş yadigarıdır. Bu
yaddaş yadigarının qorunub saxlanılması
üçün qələm adamı öz həssas
münasibətini əsirgəməməlidir.
2020-ci ilin 27
sentyabrında başlayan Vətən müharibəsinin 44
gün davam edərək ordumuzun Şuşa zəfəri ilə
başa çatması inkaredilməz bir həqiqəti ortaya
qoydu - biz güclüyük, qalibiyyət isə
haqqımızdır.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı cənab İlham
Əliyev ölkəmizin misilsiz hərbi zəfəri barədə
deyib: "Müzəffər Ordu onun qarşısında duran
vəzifənin öhdəsindən məharətlə gəlib.
Müzəffər Ordu hədəfinə çatdı. Hədəf
ərazi bütövlüyümüzün bərpa edilməsi
idi və Azərbaycan hərbi qələbəni qazandı.
Torpaqları danışıqlar, müzakirə yolu ilə
yox, hərbi yolla azad etdik. Döyüşərək, qan
tökərək, şəhidlər verərək ədaləti
bərpa etdik. Şəhidlərimizin qanını yerdə
qoymadıq. Düşməndən intiqamımızı
döyüş meydanında aldıq".
İkinci
Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin
ayrı-ayrı qoşun növlərinə məxsus xüsusi
təyinatlı bölmələr üçün əsl
ölüm-qalım sınağı, yenilməzlik imtahanı
oldu. Xüsusi təyinatlılar üzərilərinə
düşən döyüş missiyasını
başucalığı ilə yerinə yetirdilər. 44
günlük döyüş yolu Azərbaycan xüsusi təyinatlıları
fenomenini dünyaya tanıtdı. Fəxr edirik ki, Daxili
İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlıları
da Vətən müharibəsində Ali Baş Komandanın
etimadını doğrultdular.
Şəhid xüsusi
təyinatlı gizir Həsənov Faiq Hüseyn oğlu Daxili
Qoşunların Sumqayıt şəhərində yerləşən
N saylı hərbi hissəsində xidmət edib.
Silahdaşımızın döyüş meydanında sona
çatan 30 illik ömür yolunun bir çox məqamı
barədə məlumat topladım.
O, 1990-cı il
iyulun 28-də Bakı şəhərində anadan olub.
Hüseyn Həsənov və Yeganə Həsənovanın
qurduğu ailənin böyük övladı idi. Onun iki
bacısı və bir qardaşı var.
Faiq paytaxtın Səbail
rayonunda yerləşən Osman Mirzəyev adına 190 saylı
orta məktəbi bitirib. Həmin məktəbdə, yaşadığı
məhəllədə, birgə məşq etdiyi və
yarışdığı idmançılar arasında şəxsi
keyfiyyətlərinə görə özünə hörmət
qazanıb. Yeniyetməlik yaşlarından idmana həvəslə
yanaşıb, fiziki hazırlığına daim diqqət
yetirib. Yunan-Roma güləşi üzrə Bakı şəhər
birinciliyi uğrunda yarışlarda məharət göstərərək
qalib yerləri tutub. Bununla yanaşı, "Şahin" hərbi-idman
oyunlarında da uğurla iştirak edərək, müvafiq dərəcəli
diplomlarla mükafatlandırılıb.
2008-2012-ci illərdə
Faiq Mingəçevir Politexnik İnstitutunda (hazırda Mingəçevir
Dövlət Universiteti) ali təhsil alıb. Burada
iqtisadiyyatın tənzimlənməsi ixtisasına yiyələnib.
Tələbə olaraq da təhsil aldığı kollektivdə
müsbət cəhətdən xarakterizə olunub.
2012-2013-cü illərdə
Faiq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində
müddətli həqiqi hərbi xidmət keçib. Həmin
vaxtdan etibarən gələcək həyatını
iqtisadçı peşəsinə deyil, hərbi xidmətə
bağlamaq haqqında fikirlərini doğmaları ilə
bölüşüb. Hərbçi peşəsi, xüsusi təyinatlıların
xidməti onun qəlbində rəğbət doğururdu.
Birinci Qarabağ
müharibəsi zamanı ön cəbhəyə
könüllü yollanaraq torpaqlarımızın müdafiəsində
şəhid olmuş əmisi Elşən Həsənovun, həmin
dövrdə döyüşlərdə iştirak etmiş
digər əmilərinin, habelə xətrini çox istədiyi
dayısı, 1989-1991-ci illərdə Qazax-Ağstafa bölgəsində
erməni işğalçılarına qarşı
vuruşmuş qazi Mahir Rzayevin keçdikləri çətin
sınaqlar gəncin həyata baxışlarına təsirsiz
qalmayıb, onun üçün vətənpərvərlik
örnəyi olub.
2015-ci ilin avqust
ayında Faiq Daxili Qoşunların sıralarına hərbi
xidmətə qəbul edilib. Daxili Qoşunlarda xidmət etməyə
qərar verməsində qohumu, Birinci və İkinci
Qarabağ müharibələrinin iştirakçısı,
Daxili Qoşunların Baş İdarəsinin qərargahında
əməliyyat və döyüş hazırlığı
idarəsinin döyüş hazırlığı
şöbəsinin rəisi polkovnik Aydın Zahidovun rolunu
xüsusi vurğulamaq yerinə düşər. Zəngin xidmət
təcrübəsinə malik polkovnik A.Zahidov
gənc hərbi qulluqçuya Daxili Qoşunlarda hərbi xidmətlə
bağlı vacib tövsiyələr verib.
2015-2020-ci illərdə
Faiq Daxili Qoşunların Sumqayıt şəhərindəki
N saylı hərbi hissəsində xüsusi vasitələrin
tətbiqi bölməsində manevr qrupunun yarımqrupunda
atıcı, xüsusi vasitələrin tətbiqi dəstəsinin
xüsusi vasitələrin tətbiqi bölməsində
götürmə qrupunun yarımqrupunda atıcı və
xüsusi təyinatlı dəstədə texnik vəzifələrində
xidmət edərək, ona göstərilən etimadı
doğruldub. Döyüş və mənəvi-psixoloji
hazırlığında, funksional vəzifələrinin
icrasında əzmkarlığı ilə fərqlənib.
2017-ci ildə
atasının xəstəlikdən qəfil vəfat etməsi
Faiqi çox sarsıdıb. Böyük övlad kimi ailənin
qayğılarını öz üzərinə
götürüb, anasının işləməsinə
razı olmayıb, Yeganə xanıma mənəvi dayaq olub,
bacıları və qardaşı da ona həmişə
güvəniblər. Əzizləri Faiqin ailə
quracağı günü səbirsizliklə gözləyirdilər,
ancaq taleyin öz hökmü vardı...
2020-ci ilin 27
sentyabrında erməni işğalçılarına
qarşı Vətən müharibəsi başlayanda gizir F.Həsənov döyüş əməliyyatlarına
ilk cəlb olunanların sıralarında idi. O və
silahdaşları torpaqlarımızı uzun illər
işğal altında saxlayan düşməndən qisas
alındığı vaxtın yetişməsini ruh yüksəkliyi
ilə qarşılayıblar. Tərkibində olduğu qrup və
birgə hücuma keçən digər qruplar müharibənin
ilk günlərində Cəbrayıl-Füzuli
rayonlarının ərazilərində çətin
döyüş tapşırıqlarını yerinə yetiriblər.
Belə ki, düşmənin bir neçə müdafiə xəttini
yarmaq, onun müqavimətini qırmaq, müxtəlif növ
silah-sursat, texnikasını məhv etmək və ya qənimət
götürmək, nəzarətimizə keçən ərazilərdə
möhkəmlənmək üçün hərbi
qulluqçularımız qətiyyətlə vuruşublar.
İlk döyüşlərdəcə
işğalçılar darmadağın edilib, bizim qüvvələrin
güclü zərbələrinə tab gətirə bilməyiblər.
N saylı hərbi
hissənin xüsusi təyinatlı dəstəsində
atıcı çavuş Sirus Müsüzadə Faiqin
döyüşçü yoldaşı kimi onunla
bağlı xatirələrini mənə danışdı.
Bildirdi ki, Faiq cəsurluqla döyüşürdü, həmişə
öndə idi, hər bir çətinliyə
dözürdü, o, müharibə gerçəkliyində
yoldaşlarına diqqətcil və qayğıkeş
olmağı da bacarırdı. İşğaldan azad edilən
torpaqlarımızda irəliləyərkən "bu yerləri
görmək və ilk qədəm basmaq bizə qismət
oldu" - deyib.
Sirus məlumat
verdi ki, 2020-ci il oktyabrın 2-də Cəbrayıl rayonunun
Böyük Mərcanlı kəndi ətrafında
döyüş zamanı düşmən artilleriyasından
şiddətli atəş nəticəsində Faiq qapalı kəllə-beyin
travması alıb. Əhmədbəylidəki hərbi hospitalda
yerləşdirilərək, bir neçə gün müalicə
olunub. Dayısı hospitalda onun yanına gəlib. Bakıda
müalicəsinin davam etdirilməsinin zəruriliyini, qoyulan
diaqnozun ciddiliyini Faiqə söyləyib. Ancaq
dayısının təkidinə baxmayaraq, Faiq
döyüşlər başa çatanadək Bakıya getməyəcəyini
bildirib.
Oktyabrın 5-də
səhhətindəki problemə baxmayaraq, Faiq hospitaldan öz
istəyi ilə çıxıb və həmin gün
döyüş tapşırığının yerinə
yetirilməsinə cəlb olunub. N saylı hərbi hissədə
xüsusi təyinatlı dəstənin komandiri, Vətən
müharibəsi iştirakçısı mayor Ələsgər
Muxtarovun dediyinə görə, oktyabrın 5-də gizir F.Həsənov, dəstənin digər hərbi
qulluqçusu gizir Mayis Səmədov bir qrup silahdaşı ilə
birgə Cəbrayıl-Füzuli rayonları istiqamətində
ön mövqeyimizə lazımi təminat çatdırmaq,
oradakı yaralılarımızı çıxarmaq
üçün gedərkən yolda düşmənin
pusqusuna düşüblər. Qeyri-bərabər
döyüşdə Faiq, Mayis, Müdafiə Nazirliyinin N
saylı hərbi hissəsinin 6 nəfər xüsusi təyinatlısı
son nəfəslərinədək mərdliklə vuruşaraq
şəhidlik zirvəsinə ucalıblar.
İşğalçılar da o döyüşdə itki
veriblər.
Bakı şəhərindəki
1 saylı "ASAN xidmət" mərkəzi tərəfindən
10.10.2020-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamədə
gizir F.Həsənovun 2020-ci il oktyabrın
5-də Füzuli rayonunda döyüş zamanı
qarının dəlib keçən güllə yarası,
döş qəfəsinin güllə yaralanmasından həlak
olduğu barədə qeydlər öz əksini tapıb.
Şəhid hərbi
qulluqçumuz Bakıda 2-ci Şəhidlər xiyabanında dəfn
olunub.
Azərbaycan
Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli, 24 dekabr 2020-ci il
tarixli müvafiq sərəncamları, Azərbaycan
Respublikası müdafiə nazirinin 3 noyabr 2020-ci il tarixli müvafiq əmri ilə
gizir F.Həsənov ölümündən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə" və "Şücaətə görə"
medalları ilə təltif edilib.
Şəhidin məzunu
olduğu 190 saylı orta məktəbdə və Mingəçevir
Dövlət Universitetində Birinci və İkinci Qarabağ
müharibəsi şəhidlərinin xatirəsinə ehtiram
göstərilir. Hər iki təhsil müəssisəsindən
verilən məlumata görə, şagird və tələbələrlə
xalqımızın igid oğullarının şücaət
nümunələri barədə söhbətlər
aparılır, şəhidlərin məzarları ziyarət
olunur. Bu məktəb və universitetin yetirmələri olan
şəhidlərin şəkillərini əks etdirən
xatirə guşələri yaradılıb.
Bu yazını
şair Rəhman Bayramın "Şəhidlər"
şeirindən bir bəndlə yekunlaşdırıram:
Ölüb
qovuşdular ölümsüzlüyə,
Şəhidlik
adında uca zirvəyə,
Can verdilər, Vətən
yaşasın deyə,
Millətin ruhuna
dayaq şəhidlər.
Allah şəhidlərimizə
rəhmət eləsin!
Yalçın
ABBASOV
DİN-in Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist
Hərbi and.-2021.-18 iyun.-S.14.