Vətəninə
layiq gənc olduğunu döyüşdə sübut etdi
Azərbaycan
Silahlı Qüvvələri 44 günlük Vətən
müharibəsində misilsiz rəşadət göstərdi.
Vətən müharibəsi bizim böyük zəfərimizlə
bitdi. Zəfərimizin tarixi məqamı isə 28 il yarım
işğal altında qalan, hərbi-siyasi nöqteyi-nəzərdən
strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin
döyüş şücaəti göstərilərək
azad edilməsi oldu. Döyüşçülərimiz
dağlar, dərələr, meşələr keçərək,
Şuşa şəhərində dişinə qədər
silahlanmış düşmənə qarşı
texnikasız, yüngül silahlarla,
süngü-bıçaqla vuruşublar. Xalqımızın
belə fədakar oğullarından biri də çavuş
Əlizadə Nicat Elxan oğludur.
Çavuş Nicat
Əlizadə 1994-cü il noyabrın 9-da Şirvan şəhərində
anadan olub. 2002-2012-ci illərdə Şirvan şəhərindəki
3 saylı tam orta məktəbdə təhsil alıb.
2013-cü ilin
yanvar ayından 2014-cü ilin iyul ayınadək Nicat Dövlət
Sərhəd Xidmətinin N saylı hərbi hissəsində
müddətli həqiqi hərbi xidmət keçib. Hərbi
xidmətini bitirməsinə baxmayaraq, torpaqlarımızın
düşmən tapdağında olması Nicatı hər
zaman narahat etdiyi üçün bundan sonrakı həyatını
və işini hərbiyə bağlamaq qərarına gəlir.
O, 2015-ci ilin avqust ayında Daxili Qoşunlarda müddətdən
artıq xidmət etmək üçün sənədlərini
verərək, Lənkəran rayonunda yerləşən N
saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi
dəstəsində radiotelefonçu-atıcı vəzifəsinə
təyin olunub. 2017-ci ilin avqust ayında isə xüsusi təyinatlı
dəstədə eyni vəzifəyə keçirilib. Vətən
müharibəsi başlayana qədər bu vəzifədə
xidmət edən Nicat xüsusi təyinatlıların
sırasında torpaqlarımızın azad edilməsi
uğrunda mübarizəyə qoşulub.
44 gün davam edən
müharibə zamanı Daxili Qoşunların xüsusi təyinatlıları
düşmənə amansız zərbələr vurub,
onların qəhrəmanlıq nümunələri müasir hərb
salnaməmizə yazılıb.
Əvvəlcə
Xocavənd rayonunun Hadrut qəsəbəsində və
Füzuli rayonunda mövqelərimizin müdafiəsi, ermənilərin
diversiya-kəşfiyyat qruplarının
qarşısının alınması üzrə
döyüş tapşırıqlarını yerinə yetirən
qazimizin daxil olduğu qrup sonra Şuşaya doğru istiqamət
alıb.
Döyüşçülərimiz
Şuşaya meşə və dağ keçidlərini
aşaraq həmlə ediblər. Onlar Hadrutdan Şuşa
istiqamətində hərəkət edərkən düşmənin
minaatanlardan və tanklardan atəşinə məruz
qalıblar. Yaralı və şəhidlərin olmasına
baxmayaraq, Nicatın da daxil olduğu qrup Şuşa-Xankəndi
yolu istiqamətində irəliləyib. Onlara Şuşadan
Xankəndiyə gedən yolu nəzarətə götürmək
tapşırığı verilib.
Qazimiz Şuşa ətrafında
meşə və dərələrdə, Şuşa-Xankəndi
yolunda gərgin döyüşlərin
iştirakçısı olduğunu bildirdi. O qeyd etdi ki, Xankəndi
istiqamətindən düşmən tanklardan və
ağır artilleriyadan bizim qüvvələri atəşə
tuturdu. Nicatın daxil olduğu və digər qruplar
Şuşa-Xankəndi yolu üzərindəki yüksəklikdə
yerləşən düşmən postlarını alaraq,
Şuşaya gedən yolu nəzarətə
götürüblər. Lakin Şuşa-Xankəndi istiqamətində
qeyri-bərabər döyüşlərdə düşmən
qüvvələrini məğlub edərək irəliləmək
heç də asan olmayıb. Çünki düşmənin
zirehli texnikası sürətlə mövqelərimizə
doğru irəliləyirdi. Bu isə çoxsaylı əsgər
ölümünə səbəb ola bilərdi. Nicat
düşmənin bir neçə zirehli texnikasını sərrast
atışları ilə sıradan çıxaran, onun daxil
olduğu qrupun irəliləməsində böyük
şücaət göstərən, onunla birlikdə xidmət
etmiş baş çavuş Kənan Kərimovun qəhrəmanlığının
unudulmayacağını bildirdi.
Qazimiz noyabr
ayının 6-da Xankəndi-Şuşa yolunda düşmənin
tankdan atəşi nəticəsində mərminin
yaxınlığına düşməsi nəticəsində
yaralanıb. Düşmənin atəşindən yayınmaq
üçün səngərə tullanarkən qəlpə
onun sol əlinin 2 barmağını aparıb, əlindəki
silahı isə 2 yerə bölüb.
Nicat yaralanan zaman
ona Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən
N saylı hərbi hissəsinin xüsusi təyinatlısı,
gizir Şiraz Həsənovun ilkin tibbi yardım göstərdiyini
söylədi: "Mənə dərhal Şiraz ürək-dirək
verərək ilkin tibbi yardım göstərdi. Qanaxmanı
dayandırmaq üçün qolumu jqutla möhkəm
bağladı, sonra barmaqlarımın
parçalanmasını görməyim deyə əlimi tənziflə
sarıdı. Daha sonra mənim təxliyyə olunmağıma
köməklik etdi".
Qazimiz müharibədə
ən ağır sarsıntının gözlərinin
önündə silahdaşlarının şəhid
olduqları anlarda yaşandığını bildirdi.
Yaralandığı zaman qoşunların N saylı hərbi
hissəsinin Cəlilabad rayonundakı ayrı yerləşən
patrul taborunun xüsusi təyinatlısı baş əsgər
Pərviz Həsənovun (ölümündən sonra "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə"
və "Şuşanın azad olunmasına görə"
medalları ilə təltif edilib) yanında başından
aldığı qəlpə yarasından şəhid
olduğunu ürək ağrısı ilə qeyd etdi.
Nicat
yaralanmasına baxmayaraq, 3 gün, Şuşanın
işğaldan azad olunduğu günə qədər
döyüş bölgəsindən ayrılmayıb.
Noyabrın 8-i şəhərin azad olunması xəbərinin
Azərbaycan Respublikasının Prezidentinə məruzə
edilməsi onun ağrılarını belə unutdurub.
"Noyabrın 8-i
xalqımızın tarixində əbədi qalacaq. Noyabrın
8-də qədim Şuşa şəhəri Azərbaycan hərbçilərinin
böyük qəhrəmanlığı, peşəkarlığı,
milli ruhu sayəsində işğaldan azad edilib". Bu
sözləri Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyev öz nitqində deyib.
Azərbaycan Nicat
kimi oğulların sayəsində üçrəngli
bayrağını azad olunan torpaqlarımızın hər
guşəsində dalğalandıra bilib.
Hərbi
qulluqçumuz noyabrın 8-də sanitar maşını ilə
Hadruta gətirilib. Şuşa azad edilən günün səhəri
- noyabrın 9-da isə Füzuli Rayon Xəstəxanasına
aparılıb. Tibb işçiləri Nicata xüsusi diqqət
və qayğı göstərməklə yanaşı, həm
də doğum gününü qeyd ediblər. Nicat
üçün bu doğum günü həyatında
heç vaxt unudulmayacaq bir doğum günü olub. O, bu yeni
yaşında qürurlu anlar yaşadığını
vurğuladı. "Vətənimi sevərək, onun layiqli
övladı olmağa çalışmışam" deyən
Nicat bildirdi: "Barmaqlarımı itirmişəm, canım
belə Vətənə qurbandır. Uzun illər həsrətində
olduğumuz Şuşamıza qovuşduq. Bu, mənim və
silahdaşlarımın həyatında ən dəyərli
gündür".
Daha sonra bir gün
Şirvan Xəstəxanasında müalicə alan qazimiz
noyabrın 11-dən müalicəsini Daxili Qoşunların Hərbi
Hospitalında davam etdirib.
Daxili işlər
naziri Daxili Qoşunların Hərbi Hospitalında müalicə
olunan yaralı hərbi qulluqçularımıza baş
çəkərkən çavuş N.Əlizadənin
vəziyyəti ilə də maraqlanıb. Nicatın sol əlinin
iki barmağının olmamasına baxmayaraq, onun xidmətini
polis orqanında davam etdirməsini təklif edib. Hərbi
qulluqçumuz bu təklifi minnətdarlıq hissi ilə qəbul
edib.
Hal-hazırda polis
serjantı Nicat Əlizadə Şirvan Şəhər Polis
Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin
sahə polis nəfəri vəzifəsindədir.
N saylı hərbi
hissədə "Gürzə" şərti adı
daşıyan xüsusi təyinatlı dəstənin komandiri,
"Zəfər" ordeni, "Füzulinin azad olunmasına
görə" və "Şuşanın azad olunmasına
görə" medalları ilə təltif edilmiş kapitan
Cavid Tağıyev dəstədə xidmət etmiş
çavuş N.Əlizadənin Vətən müharibəsində
tabeliyində olan qrupun tərkibində
döyüşdüyünü bildirdi: "Yüksək iradə
və cəsarət nümunəsi göstərən Nicat bir
addım belə düşmənin güllə, mərmi atəşi
altında geri çəkilməyib, hədəfə
çatanadək düşmən üzərinə həmlələr
edib".
Azərbaycan
Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci
il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları
ilə çavuş Nicat Əlizadə "Döyüşdə
fərqlənməyə görə", "Füzulinin azad
olunmasına görə" və "Şuşanın azad
olunmasına görə" medalları ilə təltif
edilib.
Nicat Vətəninə
və xalqına layiq gənc olduğunu döyüş
sınağında sübut etdi.
Kapitan Sadıq Rəfiyev
DİN-in Daxili Qoşunlarının mətbuat xidmətinin
zabiti
Hərbi and.-2021.-18 iyun.-S.15.