Uzun illərin
doğmalığı
Müəllim-tələbə münasibətləri həm də ona görə müqəddəs anlayışdır ki, birinci öyrədir, ikinci öyrənir.
Müəllim
sözünün ucalığı onun öyrətmək səviyyəsilə,
tələbə sözünün ucalığı öyrənmək
səviyyəsilə ölçülür. Mən bu keyfiyyətləri
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindəki
uzun illər boyu müəllim vəzifəsində olduğum
zaman çağında müəyyən etdim özüm
üçün. Bu fakültənin bünövrəsini qoyan
Nəsir İmanquliyev, Şirməmməd Hüseynov kimi
müəllimlər bizim üçün həm də klassik
müəllim məktəbi yaratdılar. Bu məktəb bizə
tələbə dünyasının mürəkkəb, bəzən
ziddiyyətli xarakterini öyrənməyi, tələbəni
lap elə birinci kursdan hiss etməyi, onları sabaha
hazırlamağı, istedadları seçə bilməyi,
iş yerinə təqdim etməyi və s. məsələləri
bizdən tələb edir. Fakültəmizi neçə-neçə
illər bundan əvvəl bitirən və bu gün də
bitirməkdə olan məzunlarımızın ən
böyük üstünlükləri daim bizimlə əlaqə
saxlamaqları, bu fakültəni "ata ocağı" kimi
qəbul etmələri müəllim-tələbə
münasibətlərinin Nəsir İmanquliyev-Şirməmməd
Hüseynov məktəbinin uğur düsturudur.
Məzunlarımız
bizim qürur mənbəyimizdir. Elə məzunlarımız
var ki, onlar jurnalist peşəsini yüksək tutmaları ilə
bizə daha əziz, daha doğmadırlar. Onlar çoxdur. Və
bu çoxluq sırasında Əminə Yusifqızı kimi
peşəkar, xidmət etdiyi sahədə cəmiyyətə
yanımlı, dəqiq, qərəzsiz, vicdanlı
yazıları ilə nümunə olan bir doğmamız var.
Əminə
xanım 1970-ci ildə - hələ Jurnalistika fakültəlarinin
birinci kursunda oxuduğu günlərdən müəllimlərinin
sevimlisi oldu. Birincisi, ona görə ki, tələbəliyinin
lap elə ilk aylarından bu
yevlaxlı
qızın milli-mənəvi dəyərlərimizə
hörməti, ailədən, eldən gələn adət-ənənələri
təzəcə düşdüyü bu böyük şəhərdə
necə qorunması; ikincisi, çox yaxşı oxuması və
o zamanın "Bakı", "Azərbaycan gəncləri"
kimi populyar qəzetlərdə çıxışları.
Onu fakültədə müəllimlərinə və tələbə
yoldaşlarına sevdirən daha bir cəhət Əminənin
elə o gənc yaşlarından torpağa, vətənə
bağlılıq keyfiyəti oldu. Əminə 1975-ci ildə
- son kursda olanda biz çox istədik ki, onu fakültədə
saxlayaq, elmə yönləndirək, gələcəyin
müəllimi kimi yetişdirək. Olmadı, Əminə
doğulub böyüdüyü Yevlax şəhərinə
dönməyi hər şeydən üstün tutdu. Demə,
Əminə elə bu beş illik tələbəlik
dövründə daimi olaraq "Kür" qəzetinə
yazılar yazıb və indi onu o doğma şəhərdəki
"Kür" qəzetinin kollektivi işə dəvət
edir.
Əminə hələ
22-23 yaşındadır, hələ "xanım" titulu
yoxdur. Amma az bir müddət keçəcək, Əminə
bu qəzetdə işə başladığı korrektor vəzifəsindən
irəli çəkiləcək və...
"Kür"ün baş redaktoru kimi yüskək bir vəzifəyə
qalxacaq və bu gün ona çox yaraşan bir
"xanım" epitetini qazanacaq.
Mən lap cavan
çağlarımdan xətrini əziz tutduğum tələbə
oğlanlara "dədə", tələbə qızlara "nənə"
deyə müraciət etmişəm. Və etməkdəyəm.
Mənə elə o günlərdən - 46 il əvvəl
"nənə" deyib çağırdığım
Əminə gözəl bir ailə sahibi oldu, el-obaya layiqli
övladlar böyütdü və bir gün mənə zəng
etdi ki, "müəllim, sizin məni "nənə"
deyə çağırışınız rəsmiləşdi:
mənim ilk nəvəm doğulub və mən indi rəsmi nənəyəm".
Əminə
xanımı mənə doğma edən bir sıra faktlar var.
Əvvəla, onun kəndə, regiona marağı, ikincisi,
peşəsinə vurğunluğu,
üçüncüsü, ictimai marağa diqqəti,
dördüncüsü, əvvəldən hörmət etdiyi
bir adama ömrü boyu sədaqəti.
TANINMIŞ
JURNALİST ƏMİNƏ YUSİFQIZI NÖVBƏTİ
DOĞUM GÜNÜNÜ QEYD EDİR » 7news.az Azərbaycanda özəl
xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək
ünvanı
Əminə
xanım tipik Azərbaycan qadınıdır. Bir dəfə
hansısa bir tədbirdə "Qadının ictimai həyatda
yeri" kimi bir mövzu müzakirə olunurdu. Dəvət
olunduğu tədbirlərdə maraqlı
çıxışlar edən Əminə xanım Prezident Heydər
Əliyevdən bir sitatı əzbər dedi: "Cəmiyyətdə
qadınların üzərinə daim çox böyük vəzifələr
düşür, onların işi həmişə
ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə
yerinə yetirir və həmişə olduğu kimi, indi də
cəmiyyətdə aparıcı rol oynayırlar". Əminə xanımın Heydər
Əliyevdən gətirdiyi bu sitat hələ o zaman məni bu
tipik Azərbaycan qadını haqqında düşünməyə
təşviq etdi: Əminə xanım neçə ildir ki,
"Kür" kimi maraqlı bir region qəzetinin Baş
redaktorudur. O vaxtdan bəri Yevlaxda neçə birinci katiblə,
neçə İcra başçısı ilə işləyib.
O vəzifə sahibləri heç vaxt Əminə
xanımın qəzet işinə qarışmayıblar.
Çünki bu baş redaktorun tənqid hədəfləri dəqiq
seçilib, qaldırdığı problemlər ancaq rayonun
xeyrinə olub. Əminə xanımın qəzeti region mətbuatı
içərisində öz peşəkarlığı, dəqiq
informasiyası, peşəkar publisistikası ilə həmişə
seçilib. Bir də Əminə xanıma bir redaktor kimi ona
görə irad tutmaq çətindir ki, Yevlax şəhərində
az qala hər bir ailə, hər bir ziyalı və
bütövlükdə şəhər cəmiyyəti onun fəaliyyətini
yüksək qiymətləndirir.
Jurnalistika
fakültəsinin kollektivi - müəllimli-tələbəli
- hamı "Kür" qəzetinə yaxşı bələddir.
Çünki Əminə xanım bu qəzetə Baş
redaktor keçəndən bu günə - 30 ildir ki,
"Kür" qəzetini bizim fakültəyə göndərməkdədir.
Çox təəssüf ki, əvvəllər 7 min tirajla nəşr
olunan bu qəzet də indi ənənəvi mətbuatın
yaşadığı problemlərlə üz-üzə
qalıb və onun da tirajı xeyli aşağı
düşüb. Bu problem barədə Əminə xanım
özü danışır: "Heç bir respublika səviyyəli
(auditoriya mənasında) qəzet rayon qəzetinin çap
olunduğu, yayıldığı regionun problemlərini bu qəzet
qədər əhəmiyyətli dərəcədə
qaldıra bilməz. Əgər hər hansı bir qəzet
hansısa bir rayonun problemlərini ayda-ildə bir dəfə
qaldıra bilirsə, rayon qəzeti bu problemləri
özünün hər nömrəsində meydana qoyur. Ona
görə də bu qəzetlərə xüsusi bir dövlət
dəstəyi mütləq lazımdır".
Qürurverici hal
orasındadır ki, Əminə xanımın xarakterindəki
peşə yanğısı bu qəzeti yeri gəldikdə
xilas etməkdədir. 44 günlük Vətən müharibəsi
"Kür"ün müqəddəs mövzusu oldu.
İndi "Kür" qəzetinin Yevlaxdan olan şəhidlərimizlə
bağlı maraqlı bir layihəsi var: Bu şəhidlərin
hamısını ifadə edəcək esselər kitabı.
Çox yaxşı haldır. Yevlax şəhər İcra
Hakimiyyətinin rəhbərliyi bu layihənin
reallaşması üçün qəzetə öz
qayğısını göstərir. Yevlax şəhidləri
haqqında kitabın müəllifi Əminə
Yusifqızı özüdür. Bu kitabın məsləhətçisi
də mənəm və orada əksini tapan esselərin necə
peşəkarlıqla ərsəyə gəldiyinin şahidiyəm.
Əminə
xanım fəal ictimaiyyətçidir. O, YAP Yevlax şəhər
Təşkilatı Qadınlar Şurasının sədri
seçilib. O, indi Yevlax şəhər İcra Hakimiyyətinin
başçısı yanında şuranın, YAP Yevlax şəhər
təşkilatı İdarə Heyətinin üzvüdür.
Əminə
xanım bir çox ödülün, mükafatların
sahibidir: Prezidentimiz onu "Tərəqqi" medalı ilə
təltif edib. O, Ali Media mükafatı laureatıdır,
Əməkdar jurnalistdir və s. Bizə elə gəlir ki, 70
yaşının tamamına az qalan bu fəal jurnalistin bir
arzusu - özünün dilə
gətirdiyi bir arzusu - "Şöhrət" ordeni ilə təltif
olunması da reallaşar.
Əminə
Yusifqızı sədaqətli bir dostdur. Hələ tələbə
vaxtlarından mənə doğma olan bu xanım mənim otuz
il müddətində həsrətlə yol aldığım
Ağdam yolunun üstündəki Yevlax şəhərinin
"Dördyol" qovşağında o səfərlərdə
mənə təsəlli vermək üçün yolumu
gözləyib. Əminə xanım bizim Ağdam səfərlərimizin
səbəbini yaxşı bilirdi: O zaman işğal
altında olan kəndimizin altı kilometrliyindəki Əfətli
obasında dəfn etdiyimiz doğmalarımızın qəbrini
vaxtaşırı ziyarətə getdiyimizi yaxşı
bilirdi. Belə vaxtlarda mənə zəng edirdi:
"Bakıdan gül gətirməyin, sizi
"Dördyol"da gül-çiçəklə gözləyəcəyəm".
Beləliklə,
hər səfərimizdə bizi gözləyirdi; bir qucaq Yevlax
gülləri ilə. Məni və övladlarımı kədərli,
yaşarmış gözləri ilə işğaldakı kəndimizin
altı kilometrliyindəki Əfətli obasına, orda dəfn
etdiyimiz doğmalarımızın qəbirlərini ziyarətə
yola salırdı...
Gün
gəldi və Ali Baş Komandanımızın, şanlı
ordumuzun, yumruq kimi birləşmiş xalqımızın 44
gündəki müzəffər qələbəsindən
duyduğumuz qürurla yenə də Ağdam səfərindəyik.
Əminə xanım yenə də Yevlaxdan Ağdama ayrılan
dörd yolda bir qucaq gül-çiçəklə biri gözləyir.
Artıq gözlərində kədər və yaş
görünmür. Üzündə işıq var, gözlərində
qələbə sevinci! Qucaqladığı
gül-çiçəkləri mənim qızlarıma
verir:
-
Gedin - deyir - Qarabağın gözü Ağdamımıza məndən
salam deyin. Qələbəmiz mübarək, səfərlərimiz
uğurlu olsun. Tanrı müəllimimi qorusun.
-
Sən də sağ ol, nənə! - deyirəm. Tanrı səni
də jurnalistikamıza çox görməsin!
Cahangir MƏMMƏDLİ
BDU Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Hərbi and.-2021.-18 iyun.-S.17.