Rejissorluq sənətimizin
sayılıb-seçilən siması
Bu gün Xalq artisti Şəmsi Bədəlbəylinin
anadan olmasının 110-cu ildönümü
tamam olur
Bu gün mədəniyyət tariximizdə mühüm yeri olan görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasından 110 il ötür.
Azərbaycan Dövlət Musiqili Teatrının qurucusu kimi tanınan Şəmsi Bədəlbəylinin teatr sənətimizin inkişafı naminə gördüyü işlər bu gün də böyük hörmət və ehtiram hissi ilə anılır.
O, 1911-ci il fevralın 23-də
Azərbaycanın dilbər guşəsi Şuşada
anadan olub. Orta məktəbi bitirdikdən sonra
atası kimi müəllim olmaq
istəyi onu Bakı Pedaqoji
Texnikumuna gətirir. Hələ yeniyetmə
çağlarından musiqiyə həvəs göstərən
Şəmsi qardaşı Əfrasiyabın məsləhəti
ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil
alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə
Əfrasiyab Bədəlbəylinin dostluğu,
onların teatrla, musiqi
ilə bağlı söhbətləri Şəmsini də
özünə çəkib. O, evlərində
dövrün tanınmış
ziyalılarını, mədəniyyət xadimlərini tez-tez görərdi. 1932-ci ildən Azərbaycan
Dövlət Akademik Milli
Dram Teatrında əmək fəaliyyətinə
başlayan Şəmsi Bədəlbəyli
bu teatrda on il rejissor
vəzifəsində çalışıb. Arada Moskvada rejissorluq üzrə təcrübə
keçməyə göndərilərək Malıy Teatrda Şillerin “Don Karlos” əsərinin
hazırlanmasında assistent kimi təcrübə keçib.
O, sonradan doğma
şəhərə qayıdaraq fəaliyyətini davam etdirib. Onun Dram Teatrında ilk yaradıcılıq işi
Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş
Məstəli Şah” komediyası olub. Sənətkarın 1939-cu ildə quruluş verdiyi
“Ölülər” komediyası da ona olduqca şöhrət
gətirib. Eyni zamanda,
sənətkarın Sabit Rəhmanın
“Xoşbəxtlər” əsərinə verdiyi
quruluş da uğurlu alınıb. Sənətkar bu tamaşanı Adil
İsgəndərovla müştərək
hazırlamışdı. Sənətşünaslıq doktoru Mehdi Məmmədov bu əsər haqqında rəy yazarkən
rejissorların işini də təqdir edir. Bu teatrda onun quruluş verdiyi son tamaşa Şekspirin “Kral Lir” pyesi
olub. İkinci Dünya müharibəsinin
başlanması bir çox məsələləri
yarımçıq qoyan
Ş.Bədəlbəyli hərbi
müxbir kimi İrana ezam edilib.
Sənətkar burada öz həmkarları ilə birlikdə “Vətən uğrunda” qəzetində
ədəbi işçi
kimi çalışıb,
həm mədəniyyət
mövzusunda məqalələr
yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin “Arşın
mal alan”, Zülfüqar Hacıbəylinin
“Əlli yaşında
cavan”, “Evli ikən subay” əsərlərini tamaşaya
qoyub.
1943-cü ildə Bakıda
Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli
geri çağırılaraq
həmin teatra rejissor təyin edilir. O, əsası dahi
bəstəkar Ü.Hacıbəyli
tərəfindən qoyulmuş
Musiqili Teatrın yenidən yaradılmasında,
inkişaf etdirilməsində
böyük zəhmət
çəkib. Bir rejissor
kimi o, ilk növbədə,
teatrın repertuar məsələsinə, seçiminə,
truppanın istedadlı
insanlardan təşkil
olunmasına çalışır.
Ş.Bədəlbəyli zahirən çox ciddi, qaraqabaq təsir bağışlasa da, nikbin ruhlu şəxsiyyət idi. Yumoru çox sevərdi. Bu səbəbdən də, quruluş verdiyi əsərlərdə duzlu gülüş, əsl yumor olardı. O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O, bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib. Onun hərtərəfli rejissor kimi geniş yaradıcılıq imkanları və potensialı var idi. Rejissor Opera və Balet Teatrında “Koroğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” kimi operalara da quruluş verib. Hətta 1957-ci ildə onu Türkmənistan Opera və Balet Teatrına dəvət ediblər. O, burada “Koroğlu” operasını tamaşaya qoyub. Keçmiş sovet məkanında o həqiqətən çox məşhur idi. Onun rejissor işi haqqında Moskvada yaşayıb-yaradan tanınmış teatrşünaslar yüksək fikirlər söyləyirdilər.
Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Ş.Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə (“O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir. Hər şeydən əvvəl bu obrazlar ciddiliyi və təbiiliyi ilə seçilir.
Ş.Bədəlbəylinin tamaşaları əlvanlığı, cazibədarlığı, koloritliyi, forma həlli, həssas musiqi duyumu, bütöv aktyor ansamblı ilə səciyyəvi idi. Musiqili Teatrın formalaşmasında, aktyor truppasının təkmilləşməsində Ş.Bədəlbəylinin xidmətləri böyükdür. İstedadlı gənclərin teatra cəlb olunmasında, təcrübəli aktyorların yeni-yeni yaradıcılıq keyfiyyətlərinin üzə çıxıb formalaşmasında Ş.Bədəlbəyli rejissor-pedaqoq kimi müstəsna rol oynayıb. Bir rejissor kimi quruluş verdiyi tamaşalarda tamaşaçıları güldürməyi, düşündürməyi, bəzən də kədərləndirməyi bacaran Şəmsi Bədəlbəyli aktyor kimi də çox inandırıcı və dərin təsir bağışlayırdı.
Mənsub olduğu millətin
mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli
Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub. Bu
səbəbdən də onun
işıqlı xatirəsi hər zaman
xalqımızın qəlbində əbədi yaşayacaq.
Hərbi And.- 2021.- 5 mart.- S.20.