Aşıq Ələsgər
yaradıcılığı dövlətimiz tərəfindən
həmişə yüksək qiymətləndirilib
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Dədə Ələsgər aşıq poeziyasının, saz ifaçılarımızın zənginləşməsinə böyük təkan vermiş, öz yüksək sənətkarlığı ilə aşıq sənətinin şöhrətini göylərə qaldırmışdır.
Bunu AZƏRTAC-a Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
Bildirib ki, Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Hələ sovetlər dönəmində böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.
1997-ci ildə Ulu Öndərin
sərəncamına əsasən, Aşıq Ələsgərin
175 illik yubileyi
dövlət səviyyəsində qeyd edilmişdir. Bu, Heydər
Əliyev tərəfindən Aşıq Ələsgər
yaradıcılığına, qədim el
sənətinə yüksək dəyərdir. Bu zəngin ənənə Prezident
İlham Əliyev tərəfindən davam etdirilib, onun sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik
yubileyi ölkəmizdə böyük
təntənə ilə qeyd olunmuş, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilmişdir.
Prezidentin yüksək diqqətinin nümunəsi
kimi Gədəbəydə “Aşıq
Ələsgər adına Aşıq Məktəbi”i
açılmışdır. Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili
“Aşıq Ələsgər ili” elan etmişdir. Bu il Azərbaycan
aşıq sənətinin görkəmli nümayəndəsi,
qüdrətli söz ustadı türk dünyasının ozan
aşığı Dədə Ələsgərin anadan olmasının 200 illiyi
tamam olur. Prezident İlham Əliyev
18 fevral 2021-ci il
tarixində “Aşıq Ələsgərin 200 illik
yubileyinin qeyd edilməsi
haqqında” Sərəncam imzalayıb. Sərəncama
əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Milli
Elmlər Akademiyası və Təhsil Nazirliyi
ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin
təklifləri nəzərə alınmaqla, ustad
sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata
keçirməlidir. Dövlət
başçısının aşıq sənətinin zirvəsi
olan Aşıq Ələsgər irsinə
dərin ehtiramına görə mədəniyyət xadimləri,
ziyalılar, aşıq sənətinin nümayəndələri
böyük ruh
yüksəkliyi ilə qarşılamışdır. Ustad Aşıq Ələsgər
yaradıcılığına və irsinə olan
yüksək diqqət və qayğıya görə möhtərəm
Prezidentimiz İlham
Əliyevə və Mehriban xanım
Əliyevaya dərin minnətdarlığımı bildirirəm”.
Hərbi And.- 2021.- 5 mart.- S.20.