Vətən müharibəsində Gəncənin
ilk şəhidi
Hansısa bir işin "ilk qaranquşları" yaddaşlara
əbədi hopur. Bu anlayış müstəqillik
və torpaq bütövlüyümüz uğrunda
mübarizə tariximizə
də aiddir. Misal üçün,
1990-cı ilin qan qoxusu ilə gələn yanvarında, hələ Bakı qətliamına bir neçə gün qalmış, ayın 13-də
Gəncəətrafı bölgədə
erməni quldurları
ilə Çaykənd
və Todan yaxınlığında gedən
döyüşlərdə canlarını fəda etmiş Abbasqulu Məmmədov, Ruzigar Qasımov və Bəxtiyar Əliyev on illər ərzində davam edəcək döyüş şəhidliyi
salnaməmizin "ilk qaranquşları"
olmuşdular.
Azərbaycan Əsgərinin şərəflə,
ölümdən belə
çəkinməyərək, haqq uğrunda apardığı Vətən
müharibəsi salnaməsinin
də bu Vətənin hər bir guşəsi üçün öz ilk
şəhidləri var. Böyük
Yaradanın hökmü
ilə Nizami yurdunda bu şərəfə
19 yaşlı İlqar
layiq bilinib.
O, Gəncənin incəsənətlə
sıx bağlı olan bir soyadı
daşıyan nəslinin
övladı idi. Azərbaycanın görkəmli teatr
və kino xadimləri, Xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın
nəticəsi olan İlqar lap erkən yaşlarından öz istedadı ilə seçilib. Rəsmlər çəkər, mahnılar,
ədəbi əsərlərdən
parçalar, səhnələr
ifa edərdi. Xüsusilə Vətən, Bayraq,
qəhrəmanlıq mövzuları
bu bacarıqlarının
başlıca mövzusu
idi. Azərbaycan gəncinin müasirlik
və ənənəçilik,
gözəllik və mərdlik xüsusiyyətlərini
öz zahiri və daxili obrazı ilə izhar etmək mahirliyinə malik olduğundan, İlqar hətta müxtəlif çəkilişlərdə model kimi də iştirak
edib.
İdman aləminə də, necə deyərlər, əməli maraq göstərib. 13 yaşında
yeniyetmələrin "Vətən",
16 yaşında "Kəpəz"
futbol klublarında oynayıb, bacarıqlı
hücumçu kimi,
17 yaşadək futbolçulardan
ibarət milli komandamızın sıralarına
dəvət olunub və onun heyətində
Gəncə futbol məktəbini uğurla təmsil edib. Bir qədər sonra bacarıqlı gənc futbolçunu "Zirə"
Futbol Klubu "gözaltı edib" və onu öz
sıralarına qatıb.
Burada da özünü "necə
lazımdır" göstərən
İlqar Vətənə
hərbi xidmət borcunu verdikdən sonra usta futbolçu
karyerası qurmağı
düşünürmüş.
2019-cu ilin yayında
İlqar Vüqar oğlu Bürcəliyev ordu sıralarına yollanır. Burada da yaxşı
fiziki hazırlıqlı,
ən əsası da yüksək mənəvi xüsusiyyətli
vətənsevər İlqar
xidmət yoldaşlarının
sevimlisi olur.
Erməni
işğalçıların davamlı təxribatlarına
birdəfəlik son qoymaq
və 3 onillik ərzində düşmən
tapdağı altında
qalmış əzəli
yurd torpaqlarımızın
azad edilməsi məqsədilə xalqımız
öz müasir tarixində görünməmiş
birlik göstərərək
və haqsızlığa
daha dözməyəcəyini
bütün dünyaya
bəyan edərək,
2020-ci ilin sentyabrında
Vətən müharibəsinə
girməyə qərar
verdi. Hərbin ilk anlarındanca
hər bir Azərbaycan əsgəri millətimizin haqq işi uğrunda canından keçməyə
hazır olduğunu nümayiş etdirdi.
Döyüşlərin başlandığı istiqamətdə qulluq edən manqa komandiri İlqar Bürcəliyev də ilk döyüşlərin ilk şəhidlərindən
oldu.
"Sentyabrın 27-də mənə
telefonla mesaj yazmışdı: "Ata, biz döyüşə
gedirik, anama heç nə demə, haqqınızı
halal edin!" 12-14 saaat vuruşublar.
Həmin döyüşdə
İlqar iki yaralı döyüş yoldaşını atəş
altından çıxarıb,
üçüncü dəfədə
isə özü də ağır yaralanıb. Əvəz adlı döyüş dostu sonradan mənə dedi ki, İlqar yarım saat sağ qaldıqdan sonra, onun qolları
üstündə keçinib.
Onu geriyə, tibbi yardım üçün
aparmağa da qoymayıb. Deyib ki, hücumumuzu
bitirək, hamı ilə öz mövqeyimizə gedərik,
sonra. Həlak olandan sonra onun əşyaları arasından xidmət dövründə yazdığı
gündəliyi çıxdı.
Səhifələrin birində yazıb
ki, əgər tərxis müddətimdən
qabaq müharibə başlasa, dəqiq bilirəm ki, mən şəhid olacam - bir Mübariz
İbrahimov olacam.
Mən doğrudan da, şəhidlərin ruhlarının
bizlərin yanında olduğuna inanıram.
Pəncərəmizdən müqəddəs bayrağımızı asmışam.
Duyuram ki, İlqarın ruhu o bayraq vasitəsilə
bizimlə danışır.
Pəncərəyə yaxınlaşıb,
İlqarla xəyalən
danışanda bayraq çox xoş bir tərzdə dalğalanmağa, insanın
üzünə toxunmağa
başlayır", - deyə
şəhidin atası
Vüqar Bürcəliyev
bildirir.
44 günlük Vətən müharibəsində canlarını
fəda etmiş şəhidlərimizin qəhrəmanlığı
ilə bərabər,
onların yaxınlarının
dəyanəti də millətimizin mənəvi
gücünün göstəricisidir.
"Onun şəhid
olacağı aydın
idi. Axı hansısa döyüş
yoldaşını yaralı
halda köməksiz qoya bilməzdi. O, şəhid olduğu an mən durduğum yerdə huşumu itirib yıxıldım. Sonra bəlli oldu ki, elə həmin
an onun ürəyi dayanıb. İlqarın həlak olması
xəbərini onun cənazəsi evimizə gətirilən zamana kimi məndən gizli saxlayırdılar.
İlqar
həmişə mənə
yazardı ki, nigaran qalmayım. Anasını müharibə günlərində
çox nigaran da qoymadı - tez şəhid oldu. O, hamının
- alilənin, qohumların,
dostların, qonşuların
sevimlisi, ünsiyyətcil,
bütün məclislərin
ürəyi idi. Şənliklərdə elə cani-dildən,
zövqlə oynayardı
ki, gəl görəsən. İndi onu
tanıyanlar deyirlər
ki, toylarımız İlqarsız necə keçəcək?" - deyə İlqarın
anası Elnurə Bürcəliyeva bildirir.
Ana həmçinin, İlqarın
mərdliyini və daxili zənginliyini xarakterizə edən bir əhvalatı da danışır: "Bir neçə il qabaq, yayda
dənizə dincəlməyə
getmişdik. Yaxınlıqda nənəsi ilə
gəlmiş bir kiçik uşaq suya girmişdi. Birdən dalğa onu aparıb sahildən xeyli uzaqlaşdırdı.
Uşaq batmağa başladı.
İlqar
heç düşünmədən,
həmin an özünü
dənizə atdı.
Biz ardınca qışqırdıq ki,
qayıtsın, təhlükəlidir.
Kimə deyirsən, kişi kimi,
uşağı xilas etdi də! Sonra həmin
uşağın valideyinləri
bizi tapıb, minnətdarlıqlarını bildirdilər.
İlqar
da bu hərəkətin
hər bir insanın borcu olduğunu bildirmişdi.
Belə təvazökar, həssas ürəkli övlad idi İlqar. Onu torpağa tapşırdığımız gündən çox ağlayırdım, hər
gecə onun ruhuna yalvarırdım ki, yuxuma girsin,
onunla danışmağa
ehtiyacım var. Amma bircə dəfə də yuxuma gəlmədi. Sonra kiçik qardaşının
yuxusuna girib: evimizdəki kreslosunda oturmuş halda, özü də çox sərt deyib ki, mamaya
de, ağlamasın, mənim
olduğum yer çox gözəldir!"
İlqarın qardaşı, 17 yaşlı
Tamerlan da futbol ilə ciddi məşğul olur, "Zirə"nin gənclər komandasında oynayır. Artıq o, meydana kürəyinə
"Tamerlan İlqar"
yazılmış idman
forması ilə çıxır. Onun da şəhid qardaşı
ilə bağlı kövrək xatirələri
var.
"İlqarın cibindən
üstündə kiçik
qırmızı ləkə
olan bir manatlıq əskinas da çıxmışdı. Əvvəl elə
bildim, onun qanıdır, sevindim ki, onun bu
izi daim mənimlə qalacaq.
Amma diqqətlə baxanda, aydın oldu ki, sadəcə ləkədir. Nə
fərqi var, ondan yadigardır, daim üstümdə gəzdirirəm", - deyə
Tamerlan bildirir.
"O, yalnız uşaqlıq və erkən gənclik dövrünü
yaşamağa macal tapsa da, onun
yurdumuzu, onun tarixini, dəyərlərini,
eləcə də ətrafdakı insanları,
təbiəti, mənzərələri,
hətta ağacları,
çiçəkləri sevdiyini
və bu hissləri daim başqalarına da təlqin etmək istədiyini hər bir kəs
bir andaca anlaya bilərdi. Bu onun vətənpərvər
və yanar ürək sahibi olduğundan irəli gəlirdi" - bu isə İlqarın nənəsi Məleykə
Bürcəliyevann sözləridir.
Şəhidin əmisi, tanınmış teatrşünas Anar Bürcəliyev də İlqarın öz qısa ömrü ərzində onu tanıyan insanların qəlbində dərin izlər qoya bilməsinin hər cəhətdən istedadlı insanlara xas olduğunu vurğulayır.
"Biz, yaxınları onu "Şahzadə balamız" da adlandırırdıq. Onun bircə baxışda belə xoş təəssürat yarada bilən zahiri görünüşü, zəngin daxili aləmi, təmiz ürəyi, alicənab məntiqi və davranışı, eləcə də əl qoyduğu bütün işlərdə, o cümlədən, idmanda lider xüsusiyyətlərinin parlaq şəkildə özünü göstərməsi buna əsas verirdi. Həm də İlqarın, lap uşaqlıqdan tutmuş şəhadət vədəsinədək tədbir, dost-qohum toplantısı, yaxud yarışmalarda çəkilən əksər fotolarında mütləq müqəddəs bayrağımız əsas fonda görünür. O, sanki çatdırmaq istəyirdi ki, milli amallar insanın şəxsi istəklərindən qabaqdadır, yəni öncə Vətəndir!" - deyə A.Bürcəliyev bildirir.
Həqiqətən də "Öncə Vətən!" amalı ilə canlarından keçən övladların qəhrəmanlığı sayəsində öz milli qürurumuzu və torpaq bütünlüyümüzü bərpa etdik. Bu tarixi missiyanın həyata keçməsi yolunda şəhid olanların sırasında ölümündən sonra iki medalla - "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilən İlqar Bürcəliyev də var.
Zakir MURADOV
Hərbi And.- 2021.- 5 mart.- S.18.