Torpağa qan töküləndə Vətən olur  

 

 

Vətən müharibəsi şəhidi Cavid Həsənovun xatirəsinə

 

Mən sizdən ayrıldım, amma gülə-gülə.

 

Yadınızdadır, ilk dəfə hərbi hissədə görüşəndə məndən soruşmuşdunuz ki, niyə hər zaman gülürsən? Cavab vermişdim ki, biz bu dünyaya gələndə ailəmizi, vətənimizi, milliyyətimizi özümüz seçməmişik. Bu, bizə həm gendən gələn kodla ötürülüb, həm anamızın südü ilə aşılanıb... ... Bir demişdim ki, biz bu dünyada müvəqqətiyik. Çiçək kimi, böcək kimi. Onlardan fərqimiz odur ki, biz daha çox yaşayırıq, 70, 80, hətta 90, 100 il . Onlarsa bəzən bir saat, bəzən bir gün, lap uzağı iki-üç gün... Amma bizim 100 illə onların bir saatı arasındakı fərqi kim ölçüb axı? Kim deyə bilər ki, onların zaman ölçüsü bizimkindən kiçikdir? Axı nisbilik deyilən bir şey var... Bax, əgər biz bu savaşdan sağ çıxmasaq, şəhid olsaq, bizə ölü deməyəcəklər... Şəhid ölmür axı, sadəcə yerini dəyişir...

 

Qəhqəhə çəkib gülüşmüşdünüz. Mən onda daha ürəkdən gülmüş demişdim: bilirsiniz ki, bir saat sonra hansımız həyatda qalacağıq? Buranın hər saatında ölüm var. Ona görə çalışın mümkün qədər çox gülün. Gülüş ürəyin, bir gözlərin işidir...

 

Bir dəfə yadınızdadır, döyüşqabağı hərə bir təklif etdi. Mən isə dedim ki, gəlin telefonun yaddaşından bir qəşəng rəqs səsləndirək elə bu daş-torpağın üstündəcə rəqs edək!.. Razılaşdınız bir mərəkə qopdu ki, onda! Şaqraq bir oyun havasının sədaları altda sındıra-sındıra oynadıq! Bah! Heç çıxmırdıq ki, oyundan... Amma döyüşqabağı özümüzü yormamalı idik... Tərli-tərli soyuq torpağa sərildik.

 

(Sizə demədim, amma onda torpağın məni çəkdiyini hiss etdim!.. Mən üstünə sərildiyim bu torpaq uğrunda şəhid olacağımı ilk dəfə onda fəhm etdim, dostlar! Üstünə sərildiyim bu torpağı elə qucaqladım ki... Onun adi torpaq deyil, canlı olduğunu da onda hiss etdim...)

 

Mənə əvvəllər qeyri-ciddi biri kimi baxan siz silah dostlarımın münasibəti yüzdə yüz dəyişdi. Hər an qəhqəhə ilə gülməyə hazır idiniz gülürdünüz . İçimizin ən qaraqabağı da gülmək "xəstəliyi"nə tutuldu tezliklə...

 

Bir bir söz demişdim: biz hamımız gübrəyik. Yaranmışıq ki, yaşayaq, ölək, şair demişkən, torpağımız artsın, çoxalsın... , mən neftçiyəm axı!.. Neft , qaz da, daş kömür , digər energetik maddələr canlıların, xüsusən insanın çürüntüsündən yaranıb! vallah, onlar ona görə tez alışandır ki, tərkibində insan ruhu var! (Gülmüşdünüz onda da!)

 

Bir söz demişdim: "Torpaq su töküləndə palçıq, tər töküləndə məhsul, qan töküləndə Vətən olur..." Mən qanımı tökdüm, Vətən olsun. Gərəkirsə, siz tökün. Babaların qanı tökülən bu yerləri yenidən Vətən etməyin zamanı gəldi, zalım dostlar!

 

Bilirəm, sizinlə haçansa yenidən görüşəcəyik. Yanıma üzüqara gələsiniz, əgər o namərd düşmənin ayağını bu torpaqdan kəsməsəniz!..

 

Bir də anamı qoymayın ağlasın. Hər şeyə dözərəm, bir onun yanağından süzülən yaşa dözmərəm - tökülər qəbrimə, qəbrim damar, yandırar məni... Sadəcə ona eşitdirin ki, Vətən məhəbbəti hər şeydən ucadaymış, hətta anadan da... Ona görə onu qoyub gedəsi oldum Vətənin yanına ki, düşmən topunun səsindən qorxmasın...

 

Dəfnimdə atəş açacaqsınız, bilirəm, amma bir də əl çalın ki, gülən gözlərimə o səsdən işıq düşsün...

 

Bir də...

 

Heç bilmirəm, bunu necə deyim... Əgər hamı gedəndən sonra boynubükük qərənfilə dönüb üstümə gələn qız görsəniz, anama dediyimi ona da deyin... O bilər. Bilər ki, mən hər səsə gedən deyiləm. Vətən eşqi isə elə bir sevdaymış ki, bihuş kimi olursan. Bütün sevgiləri üstələyə bilirmiş... Səni sehrinə sala bilirmiş. Səni öz övladı edə bilirmiş. Hə. Öz övladı. Vətənin övladı...

 

A dostlar, zalım dostlar. Şəhidlik hansınıza qismət olmasa, savaş bitəndə, torpağımız yağıdan azad olanda məzarım üstünə gəlsin. Heç nə. Qəhqəhə ilə gülsəniz, bəsdir. Anlayacam... İşdir, gülə bilməsəniz, eybi yox, ağlayın. Yetər ki, səzinizi duyum.

 

Amma çox ucadan ağlamayın. Polad paşa qonşumdur axı. Ayıbdır, eşidər, bilər, utanarıq. Tanrı bizi utandırmasın...

 

Azad QARADƏRƏLİ

 

 

Hərbi And.- 2021.- 5 mart.- S.4.