Azadlıq və Zəfər rəmzi - Xarıbülbül

 

Artıq azadlığına qovuşan Qarabağ torpaqları zəngin florası, biomüxtəlifliyi, nadir bitkiləri yüksək endemizmi ilə həmişə seçilib. Bu müxtəlifliyin içində Xarıbülbül özünəməxsus yer tutur.

 

Əsas məskəni Şuşanın Cıdır düzü olan Xarıbülbül Qızıl Qaya deyilən yerdə daha çox yayılıb. Bu bitkiyə Samur-Dəvəçi, Kür-Araz Xəzərsahili ovalıqlar, Kür düzənliyi, Abşeron, Kiçik Qafqazın cənub rayonlarında da rast gəlinir. Əsasən orta dağ qurşağına kimi, kolluqlararası, meşəkənarı, otlu yamaclar qayalar arasında yayılıb.

 

Elmi adı Qafqaz qaş səhləbi (Ophrys caucasica Woronow ex Grossh) olsa da, hamı onu Xarıbülbül kimi tanıyır. Bitkiyə bu ad bülbülə bənzədiyinə görə verilib. "Xar" sözü tikan mənasını verir, yəni "tikan üstündə oturub oxuyan bülbül" deməkdir. "Ophrys" - yunan mənşəli söz olub, mənası "qaş" deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə yuxarıdan aşağı "baxmağını" göstərir. Xarıbülbül Səhləbkimilər (Orchidaceae Juss) fəsiləsinə daxil olan çoxillik dekorativ ot bitkisidir. Gövdəsi 12-35 sm hündürlükdədir. Yarpaqları gövdənin aşağı hissəsində cəmləşmişdir. Kök yumrusu şarvari formadadır. Bitkinin kökündə simbioz yaşayan göbələklər mövcuddur. Buna görə bitkini başqa yerdə əkmək çox çətindir. Yalnız xüsusi becərilmə qaydalarına riayət etməklə kulturada yetişdirmək olar. Tozlanması xüsusi həşəratların köməyi ilə baş verir. Belə ki, çiçəyin gözəl görünüşü həşəratları özünə cəlb edir. Aprel-may ayında çiçəkləyir, iyun ayında meyvə verir.

 

Xarıbülbül ətraf mühit şəraitinin dəyişilməsinə çox həssasdır. Gözəl görünüşünə kök yumrularının istifadə sahəsinin genişliyinə görə insanlar tərəfindən mütəmadi olaraq toplanması onun sayının azalması ilə nəticələnib. Bu baxımdan Qafqazın endemik növü olan Xarıbülbül nadir bitki kimi Azərbaycanın Qırmızı kitabına daxil edilib. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına  VU A2c+3c statusuna aiddir. Belə qiymətli bitkilərin introduksiya olunması, qorunub saxlanılması aktual məsələlərdəndir. Bu baxımdan Xarıbülbülün çoxaldılması, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi qorunması vacibdir. Bu bitki AMEA Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində becərilir.

 

Xarıbülbül təbiətə gözəllik verməklə yanaşı, həm müalicə təsərrüfat əhəmiyyətli bitkidir. Bitkinin ikiilik qurudulmuş kök yumrularından təbabətdə müxtəlif xəstəliklərin profilaktika müalicəsində istifadə olunur.

 

Xarıbülbül adi çiçəkdən çox, bir möcüzəyə bənzəyir, bu gülü ancaq görmək onun haqqında tam təsəvvür yarada bilər.

 

Xarıbülbülün ətri olmasa da, gözəlliyi ilə hamını valeh edir. Xırda bənövşəyi rəngli ləçəkləri otların, başqa çiçəklərin içində çox çətinliklə seçilir. Gülün üç ləçəyi var, simmetrik quruluşundan məlum olur ki, gülün dörd ləçəyi olmalı imiş. Dördüncü ləçəyin yerində arıya bənzəyən, üstündə həşəratlarda olduğu kimi naxışları, məxmər kimi nazik tükcüklərlə örtülü bir böcək - xar var. Belə bir təsəvvür yaranır ki, böcək gülün ortasında oturub dördüncü ləçəyini yeyib. Bülbülün çiynində iki balaca ləçək var. Bu ləçəklər gülün öz ləçəklərinin rəngindən bir azca tünd bir xeyli balacadır. Aydın görünür ki, bu ləçəklər bülbülün qanadlarıdır. Hətta gülü əlinə alanda belə inanmırsan ki, bülbül , gülün bir ləçəyinin yerində bitmiş arıya bənzər bir böcək canlı deyil, sadəcə çiçəyin bir elementidir.

 

Xarıbülbül haqqında belə bir rəvayət var: İran şahı Qarabağ xanlığına hücum edir, Ağa Məhəmməd şah Qacar Şuşanı alır. Buranın ab-havası, füsunkar gözəlliyi onun çox xoşuna gəlir. Ancaq şah burada çox qala bilmir, 1797-ci ildə sui-qəsdlə öldürülür. Bu hadisə Qarabağ xanlığı ilə İran arasında ixtilafı daha da dərinləşdirir. Bundan sonra Ağa Məhəmməd şah Qacarın iki bacısı hakimiyyət başına gələn Fətəli şahdan qardaşının intiqamını almağı tələb etməyə başlayırlar, onu rahat buraxmırlar.

 

İbrahim xan yenidən qanlı müharibənin başlanmasının qarşısını almağa çalışır, məsələni sülh yolu ilə həll etməyə çağırır. İbrahim xan, Qarabağ xanlığı ilə İran arasında münasibətləri düzəltmək üçün qızı Ağabəyim ağanı, Fətəli şahın istəyini qəbul edərək, ona ərə verməyi qərara alır.

 

Çox böyük cehizlə Ağabəyim ağa Tehrana gəlin köçürülür. İran Şahlığında saray əhli bu izdivaca qısqanclıqla yanaşır.

 

Qarabağdan gələn bu gözəl xanımı ilk gündən Fətəli şahın gözündən salmaq üçün yollar axtarırlar. Ağabəyim ağa 1801-ci ildən 1832-ci ilədək - ömrünün sonuna kimi Vətən həsrəti çəkə-çəkə Tehranda yaşayır. Ancaq bir azərbaycanlı qızının Vətən həsrətinə qatlaşması minlərlə vətəndaş qanının tökülməsinin qarşısını alır. Buna görə şairənin bizə gəlib çatmış bu beytində böyük bir Vətən nisgili, doğma yurddan uzaqda yaşanan bir ömrün təəssüfü duyulur.

 

Mən aşiqəm, qara bağ,

Qara salxım, qara bağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

 

Qarabağdan gəlib Tehranda şaha zövcə olmuş Ağabəyim ağanı gözü götürməyənlər Fətəli şaha bu bayatını çatdırmış, üstəlik demişdilər ki, qarabağlı bu "qızcığaz" Tehranda oturub Tehranı bəyənmir. Şah incik halda Ağabəyim ağanı hüzuruna çağırtdırır. Şairə hazırcavablıq edərək şahın fikrini yayındırmağa çalışır:

- Mən elə deməmişəm, Şahım! Sizə başqa cür çatdırıblar, mən belə demişəm:

 

Mən aşiqəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönür,

Yaddan çıxır Qarabağ.

 

Bu hazırcavablıq Fətəli şahın xoşuna gəlir, eyni zamanda, Ağabəyim ağanın gözlərindəki kədəri görür. Ona daha artıq hörmət bəsləməyə başlayır, bu kədəri azaltmaq istəyir:

 

- Qarabağa qayıtmaqdan başqa arzun varsa, de, yerinə yetirim.

 

Ağabəyim ağa bir qədər fikirləşdikdən sonra cəsarətini toplayır deyir:

 

- İcazə verin, ata evindən gətirdiyim qiymətli daş-qaşları, cehizlərimi satım.

 

- Məgər mənim xəzinəmdə pul qurtarıb, ya var-dövlətim sənə azlıq edir?

 

Ağabəyim ağa yenə ağıllı cavabı ilə şahı susmağa məcbur edir:

 

- Siz sabahdan bütün saraya elan edərsiniz ki, xəzinəni mənim üzümə açırsınız. Mən isə xəzinə əvəzinə daş-qaşlarımı, cehizlərimi xərcləyərəm, buna özüm üçün bir bağ salmaq istəyirəm. Elə bir bağ ki, orada ancaq mən gəzim. Bu bağ ancaq mənə məxsus olsun, bu bağda hər çiçək, hər kol ancaq mənim zövqümlə əkilsin.

 

Fətəli şah razılığını bildirir. Dünyanın hər yerindən ən bacarıqlı bağbanlar saraya dəvət olunurlar. Ağabəyim ağa öz fikrini bağbanlara bildirir: Elə bir bağ salacaqsınız ki, Şuşada bitən hər bir ot, ağac, gül burada bitsin.

 

İş başlanır, Şuşanın dağ-dərəsindən, karvan-karvan torpaq daşınır. Şuşada bitən hər bir ot, gül-çiçək, kol, ağac bu bağda da əkilir. Nəhayət, bağ hazır olur, şairənin arzusuna əməl edərək bağın adını "Vətən bağı" qoyurlar. Ağabəyim ağa bağı gəzməyə çıxır. Lakin nə qədər axtarırsa, bağda Xarıbülbül çiçəyini tapa bilmir. Bağda işləmiş bütün bağbanları çağırtdırır, məsələni onlara bildirir. Bağbanlar yenidən ikiqat səylə işə başlamalı olurlar. Lakin nə qədər edirlərsə, Xarıbülbül "Vətən bağı"nda bitmir ki, bitmir. Hətta ən məharətli bağbanlar da bu gülü başqa torpaqda yetişdirə bilmirlər. Bağbanların zəhməti hədər gedir. Xarıbülbül Şuşadan Tehrana "Vətən bağı"na köçmür ki, köçmür...

 

"Vətən bağı" əl-əlvandır,

Yox içində Xarıbülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı, sarı bülbül?!

 

Müəllif demək istəyir ki, qəfəsdə uzun müddət oturduğu üçün, gülə qovuşmaqdan ötrü həsrət çəkən bülbül iztirablarını, dərdini bədənindən çölə sızdırıb, köksünün altı saralıb, sarı rəngə boyanıb. Bu hadisələri Ağabəyim ağa özünə şamil edərək, yəni Şah sarayında Vətən həsrəti ilə ürəyinin alışıb-yanmasına bənzətmişdi. Bütün bu əfsanəvari olaylarla dolu bir qürbət həyatı yaşayan Ağabəyim ağa ömrünü nisgil içində, Vətən, Qarabağ həsrəti çəkə-çəkə Tehranda başa vurur.

 

Xarıbülbül hətta alovlu vətənpərvər, gözəl şairə Ağabəyim ağanın Vətən həsrətini, qəriblikdə çəkdiyi əzabları yüngülləşdirmək üçünonun saldırdığı bağda bitmir ki, bitmir...

 

Nəhayət, uzun illərdir əsirlikdə olan, Qarabağın, Şuşanın incisi sayılan Xarıbülbül artıq azadlığına qovuşmuş,  bütün Azərbaycanın azadlıq, Zəfər rəmzinə çevrilib.

 

Aynur ƏRƏBZADƏ

AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşı

 

Hərbi And.- 2021.- 12 mart.- S.21.