Vətən Savaşımız dostu da, düşməni də tanıtdı  

 

Hərb meydanında müzəffər olan Azərbaycanın masada da qazanacağına şübhə edənlər elə vaxtilə də ordumuza güvənməyənlərdi.

 

2016-cı il dörd günlük müharibədə qazanılan aprel zəfərindən sonra əksəriyyətin rəyi dəyişsə də, həmin kontingent kifayət qədər ciddi hadisənin üstünə kölgə salmağa çalışırdı. Lakin həmin zərbə Ermənistanı çalxaladı və hətta mən deyərdim ki, bugünkü zəfərimiz üçün ayağımızı qoymağa bir pilləkən oldu. Çünki ermənilərin "məğlubedilməz" imicini, "keçilməz" səddini Azərbaycan əsgəri 40 dəqiqəyə darmadağın etdi.

 

Bu il 27 sentyabrda Ermənistanın hücumu haqqında səhər saatlarında məlumat açıqlananda, əks həmlə əməliyyatı başlayanda da klaviatura qəhrəmanları Azərbaycanın hərbi rəhbərliyinə xitabən "Siz niyə durmusunuz, bəs deyirsiniz ki, güclü ordumuz var, hardadı o ordu, varsa niyə düşməni vurmursunuz?" kimi rəylərlə ağıllı görünməyə və dövlətimizi küçümsəməyə çalışdılar. Döyüşün ilk günlərində də müəyyən nəhs "proqnozlar" səsləndirdilər. Amma və lakin unutdular ki, hər bir insanın yetər dediyi bir nöqtə var. O nöqtədən sonra nə səbir qalır, nə də tərəddüd.

 

Məsəl var, fəlakətin bir yaxşılığı varsa, o da həqiqi dostları tanıtmasıdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qardaş Türkiyənin mənəvi və siyasi dəstəyini alaraq, dünyanın əksər güc mərkəzlərinin (Pakistan, İsrail, Qoşulmama Hərəkatının üzvləri olan ölkələr istisna olmaqla) təzyiqi ilə üz-üzə 44 gün Vətən müharibəsi apardı. O, xalqın birliyinə arxalandı, qurduğu güclü ordusuna güvəndi. İnanılmayanları reallığa çevirdi. Bir tərəfdən Ali Baş Komandan kimi orduya rəhbərliyini həyata keçirdi, digər tərəfdən dünyanın ən aparıcı televiziya kanallarının, informasiya agentliklərinin, qəzetlərinin ağır artilleriyası hesab edilən jurnalistlərinin prokurorsayağı suallarını cavablandırdı. Kulislərdə danışdıqlarımızı ən yüksək tonla, ən uca səslə, ən mötəbər tribunalardan söylədi. Heç kimdən və heç nədən çəkinmədi, bəzən də hətta diplomatik manevr etmədən birbaşa açıq mətnlə sözünü dedi. Tarixçi kimi tarixçi, siyasətçi kimi siyasətçi, diplomat kimi diplomat, sərkərdə kimi sərkərdə olduğunu dünya xalqlarının anladığı və başa düşdüyü dillərdə həmin dilin daşıyıcılarından da əla təqdim elədi və çoxluğa dərs verdi.

 

Müharibənin gedişində hər bir santimetr ərazimiz üçün əsgərimizin nələr etdiyindən bəlkə də xəbərsiz olub hətta hər gün tvitt olmayanda, yaxud da "siyahıda niyə yalnız kəndlərdi?" deyib inciklik edənlər də oldu. Amma Azərbaycan 44 gündə Ermənistanın 30 illik işğalına son verdirməklə on səkkizinci əsrdən sonrakı tariximiz üçün yeni bir siyasi, mənəvi, psixoloji yüksəkliyi ələ keçirdi. "Filankəs bizi qoyarmı ora gedək" deyənlərə sübut elədi ki, biz ora minnətlə yox İlham Əliyevin Ali Baş Komandanı olduğu əsgərimizin, zabitimizin şanı-şöhrəti ilə, qanı, canı ilə qayıdırıq və qayıtdıq.

 

Nəhayət, noyabrın 10-da Ermənistan kapitulyasiyaya getməyə məcbur oldu. Üç dövlətin rəhbərinin imzası ilə bəyanat imzalandı. Bütün ermənilik və havadarları yasa batdı. Çünki Azərbaycan döyüşüb aldığını aldı və ən mürəkkəb döyüş əməliyyatları ola biləcək ərazilərinin atəşsiz boşaldılmasını isə konkret cədvəllə düşmənin boynuna qoydu. Azərbaycanın əks həmləsindən nokauta düşən düşmən ona verilən həmin vaxtın işğaldan azad edəcəyi rayondan silahlı qüvvələrini və qanunsuz məskunlaşdırdığı əhalini çıxartmağa yetib yetməyəcəyini hesablamağa imkan tapmadı. Bu bəyanatın qəbulu və üç ölkə liderinin imzası ilə təsdiqlənmiş bu akt Azərbaycanın şəksiz Qələbəsinin inkar olunmazlığının sübutudur.

 

Həmin vaxt yenidən klaviatura "döyüşçüləri" düşmənə yox, vətəndaşı olduğu ölkəyə hücuma keçir ki, "Xankəndinin iki kilometrliyində niyə dayandın, niyə ermənilərə bu imkanı tanıdın" və sairə. Beləsinə deyillər, evində yoxdu urvalıq, könlündən keçir darğalıq.

 

Hətta qəribə haldır ki, bəzilərində sülh müharibədən daha çox əsəb yaradıb. Bəlkə elə ona görədir ki, həmin adamlar bu millətə sevinməyi belə çox gördü. Min bir proje ilə "niyə sevinirsiz, niyə gülürsüz?" dedilər. Razıyam ki, heç bir sahədə öz əvvəlki mövcudluq formalarını inkar etməyən inkişaf baş verə bilməz.

 

Həqiqət isə budur ki, həmin "hücumçuların" mütləq çoxluğunun bu müharibədə nə ailə üzvü, nə də yaxın qohum-qardaşı var. Çünki kənardan baxana döyüş asan gəlir. İnsan itkisinin minimuma enməsi üçün Ali Baş Komandan İlham Əliyevin gördüyü effektli tədbirlər danılmazdır. Lakin "torpağı düşməndən azad etmək üçün Vətənin sizlərin mərhəmətinə yox, cəsarətinə ehtiyacı var!" çağırışı da, oğlunu müharibəyə yola salan ananın "heç olmasa bir tank vur!"  öyüdü də möhtəşəm reallığımızdır. Gecə-gündüz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatının, yerli struktur bölmələrinin qabağında dayanıb "Məni də cəbhəyə aparın" deyənlərin növbəsi də parlaq reallığımızdır. Lakin "niyə filankəs getmədi, axı o da könüllü qeydiyyatdan keçmişdi" deyib şəbədə qoşanlar da öz ampulasındadır.

 

Müxalifət liderlərindən birinin dediyi kimi, həqiqətən heç vaxt Vətənimizdə bugünkü kimi Milli Birlik olmamışdı. Lakin görünür, bu millətin monolitliyi bəzilərinin bulanıq suda balıq tutmasını əngəlləyir. Ona görə də həmin o bəziləri bu tarixi həmrəyliyi zədələmək üçün bir çöp uzatmaq şansını belə əldən vermək istəmir. Axı heç bir məsuliyyəti yoxdur.

 

Sabah da əksini deyib yenə də haqlı görünməyə çalışacaq. Amma unutmayaq ki, bir ölkədə nadürüstlüyün qazancı dürüstlüyün qazancından artıq olarsa, həmin ölkə batar. Dürüstlük isə bahalı bir mülkdür və ucuz insanlarda tapılmaz.

 

Çox şükür ki, ümumilikdə Azərbaycan xalqı dürüst xalqdır. Evinə raket düşən tərtərli, bərdəli, ağdamlı, gəncəli, goranboylu "eybi yox bundan yaxşısını tikərik, təki torpağımız azad edilsin" deyəndə, bu "klaviatura qəhrəmanları" xalası oğlunun qaynına, dayısı nəvəsinin kirvəsinə istinadən, fake xəbər paylaşıb, ruh düşkünlüyü yaratmaq üçün fürsət axtarırdılar.

 

Tarixçilərdən biri deyirdi ki, müharibələri siyasətçilər başladar, hərbçilər icra edər, diplomatlar bitirər. Fakt isə belədir ki, siyasət mümkün olanı təmin etmək alətidir. Siyasət maksimalizmi sevmir. Azərbaycan hərbi imkanları ilə mümkün olanın maksimumuna, düşmənin kapitulyasiyasına nail oldu. Əks həmlə əməliyyatında hərbi siyasi yol seçən Azərbaycan müharibənin ilk həftəsində danışıqlar üçün qarşı tərəfə şərtlərini diktə etdi.

 

Xəyalında nəinki Gəncəni, Goranboyu, hətta Bakını belə "işğal" edən düşmən isə o hədələri söyləyəndə qarşısındakı gücü görünür hesablaya bilmirdi. Çünki hələ   90-cı illərdə qalmışdılar. Amma çox keçmədi ki, Azərbaycanı hədələyən həmin o "tiqranoidlərin" birinin Kəlbəcərdə zar-zar ağlamsınan videosu yayıldı. Azərbaycan insanının sevincini isə bəzi möhtəkirlər qursağında qoymaq üçün "Markın platforması"nda hücuma davam dedilər. Dünyanın güc mərkəzlərinə sinə gərən - hərçənd ki, nəticələri göz qabağında olsa da, çətin iş həmişə pərdə arxasında qalır, 30 ildə xüsusi istehkamlarla bərkidilmiş Qarabağ cəbhəsini yaran, Füzulini, Cəbrayılı, Qubadlını, Hadrutu, Azərbaycanın mənəvi paytaxtı olan Şuşanı yüksək effektli hərbi strategiya nümayiş etdirərək,  döyüşə-döyüşə azad edən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanına "məsləhətlər verməyə" başladılar. Əcəba... Axı Prezident Əliyev qəti tərzdə demişdi ki, "nəyi, nə vaxt etməyi mən yaxşı bilirəm". Dediyini də əməli ilə sübut etdi, Azərbaycanın şərəf və ləyaqət tarixini yazdı.

 

Azərbaycan xalqı tarixən qarşısına  çıxan müsibət qarşısında mətanət, cəhalət qarşısında mərifət, kin-küdurət və qəzəb qarşısında mərhəmət, pislik qarşısında xeyirxahlıq nümayiş etdirir. 30 il o yerlərə qayıdacağımıza bir an belə ümidimizi itirmədiyimiz, amma və lakin "necə?" sualına çoxlu cavab axtardığımız halda Kəlbəcərə on gün sonra dönməyə görə edilən güzəşti alicənablıq əvəzinə başqa yerə yozmağınızı axı Sizdən fərqli olaraq xalqın mütləq əksəriyyəti qəbul eləmir, cənablar və xanımlar. Ona görə ki, o mütləq əksəriyyət İlham Əliyevə inanır. Çünki o inanılmaz olanlara inamla nail oldu. Naxçıvana dəhliz aldı. 90-cı illərdə amerikalı diplomat Pol Qobl bu təklifi verəndə ermənilər "nə dəhliz?" deyə tufan qoparmışdılar, 1992-1998-ci illərdə Rusiyanın baş naziri olmuş Viktor Çernomırdin "türk birliyi yaratmaq istəyirsiniz" deyə etiraz etmişdi. Amma Prezident Əliyev 2020-ci ildə belə bir dəhlizi üç tərəfli rəsmi bəyanatın ayrıca bəndi kimi rəsmiləşdirdi.

 

Azərbaycan Prezidenti dəfələrlə deyib ki, "hansı yolla olursa olsun, torpaqlarımızı işğaldan azad edəcəyik". Etdi də, edir də. Amma qurbansız, qansız, qadasız, itkisiz azad etmək ən birinci neçə-neçə ocağın yanması deməkdir. Düzdü, şəhidlik uca zirvədi, torpaq şəhidləri ilə, üstünə tökülən qanla Vətən olur. Bizim ər igidlər də o müqəddəs torpaqları bir daha Vətən etdi.

 

Azərbaycanın həyata keçirdiyi əks həmlə əməliyyatında tətbiq edilən taktika dünyanın ən güclü ordularının generallarının diqqətini çəkdi. Ümumiyyətlə, ölkə olaraq Azərbaycan bu savaş dövründə bütün cəmiyyəti əhatə edən struktura və təşkilati quruluşa malik olan, müəyyən nizamla yerləşən qarşılıqlı əlaqədə olan elementlərin, hadisələrin ümumiliyi prinsipinə əsaslanan mükəmməl koordinasiya və döyüş tapşırığını icra etməklə xüsusi bir performans nümayiş etdirdi.

 

Reallıq budur ki, qorxunun əcələ faydası yoxdur. Düşmən deyibsə ki, qoşunumu çıxardıram, bu artıq işğalın etirafıdır. Amma vaxtilə deyirdi ki, gərək qondarma qurumla, "DQR" ilə danışılsın, guya Ermənistan işğalçı deyil.

 

Bəs axırda nə oldu?! Düşmən təslimiyyətə qol çəkdi. İndi isə o bəyannamənin tam həyata keçməsi üçün müəyyən zamanı gözləməmiz lazımdır.

 

Böyük Zəfərin mübarək Azərbaycan! Var ol, Müzəffər Ali Baş Komandanımız! Var ol, Azərbaycan əsgəri, çavuşu, giziri, zabiti! Gözün aydın, Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!

 

Toğrul İSMAYILLI

Azərbaycan Dillər Universiteti Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi

 

Hərbi And.- 2021.- 12 mart.- S.14.