Şəhidlik və xilaskarlıq zirvəsindəki
Mehdimiz - Anım
Mehdi Zaman oğlu Fərzullazadə haqqında nəsə yazmaq düşündüyümdən
də çətin oldu mənimçün. Təkcə ona
görə yox ki, Mehdi anadan
olduğu 27 iyul 1995-ci
ildən gözümün
önündə böyümüş
bacım oğludur.
Əlbəttə, bu da öz təsirini göstərirdi. Amma
ən çox ona görə ki, beynimin bir
yarımkürəsi deyirdi,
axı sən yox, əksinə, gərək o, sənin haqqında belə xatirə yazaydı... Digər yarımkürə
isə məni yazmağa sövq edirdi... Niyə?.. Yazının sonunda məlum olacaq...
***
...Uşaqlıq illəri hələ də gözümün önündən
getmir. Körpəlik yaşlarından heyrət doğuracaq bir xüsusiyyəti vardı. Demək olar heç
ağlamırdı. Bu
vaxta qədər onun qədər sakit uşaq rastıma çıxmayıb.
Məsəl var, uşaqlar
yıxıla-yıxıla böyüyərlər.
Mehdi də az yıxılmırdı,
amma di gəl
ki, heç vaxt onu hönkürtü
ilə ağlayan görmədim.
Orta təhsilini
yalnız Bülbülə
qəsəbəsinin deyil,
o zamanlar bütün Bakı şəhərinin
ən güclü məktəblərindən biri
sayılan 208 saylı
tam orta məktəbdə,
2002-2012-ci illərdə almışdı. Məktəb illərində idman yarışlarında, əsasən
futbolda qazandığı
uğurlara görə
aldığı xeyli
sayda fəxri fərmanları var.
Hərbi xidmətini 2013-2015-ci illərdə
Şəmkir korpusunda
keçirmişdi. Murov yüksəkliyini
qoruyan igidlərimizdən
biri idi. "Döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda
əldə etdiyi yüksək nailiyyətlərə
görə" komandanlıq
tərəfindən fəxri
fərmanla təltif edilmişdi. Əgərlikdən
qayıdıb mülki
həyatın sərbəstliyini
düz-əməlli dadmadan,
o dəqiqə özünə
iş axtarmağa başladı. Avtoservisdə
usta köməkçisi
kimi işə düzəldi. Tezliklə işinin sirlərinə
yiyələndi. Sevinirdim ki,
yalnız qara işlə, pul qazanmaqla məşğul olmurdu, həm də işini çox sevirdi, daxilində güclü yaradıcılıq eşqi,
yenilik etmək şövqü vardı.
Bəlkə elə bu şövq də onu başqa bir ustanın yanına getməyə həvəsləndirdi. Bir müddət
keçəndən sonra
anasından - bacım
Elviradan eşitdim ki, ikinci işinin
də sirlərinə
çox qısa vaxtda yiyələnib.
Hətta ustası deyirmiş, Mehdi təkbaşına öz kiçik biznesini də qura bilər...
Və qurmağa hazırlaşırdı da...
2020-ci ilin iyulunda
Tovuzda düşmən
təxribatı nəticəsində
bir neçə əsgər və zabitimizin, xüsusilə
general-mayor Polad Həşimovun
şəhadət xəbəri
hamımıza çox
pis təsir etmişdi, əlbəttə. Mehdi isə
əməlli-başlı özünə
yer tapmırdı.
Könüllü olaraq ordu sıralarına yazılmışdı.
Sentyabrın 21-də Suraxanı hərbi komissarlığı
tərəfindən döyüş
təlimlərinə çağırılmış,
Vətən müharibəsinin
başladığı ilk gündən
hücum əməliyyatlarına
qatılmışdı. Füzuli-Cəbrayıl-Xocəvənd istiqamətlərində döyüş yolu keçmiş, 41 gün ərzində mənfur düşməni "iti qovan kimi" torpaqlarımızdan qovan cəsur döyüşçülərimizdən
biri olmuşdu. Bu müddət ərzində
ara-sıra baş tutan telefon danışıqlarında
həmişəki kimi
çox danışmırdı,
yalnız bunu hər dəfə deyirdi ki, "irəli gedirik, düşməni əzirik".
Anasına isə heç onu da demirdi: "Hər şey yaxşıdı, ana, mən döyüşmürəm,
postda durmuşam".
Sonralar,
bölük komandiri leytenant İlkin Rzaquliyev bizə danışırdı ki,
necə rəşadətlə,
düşmən gülləsindən
zərrə qədər
qorxmadan vuruşurmuş
bizim Mehdi...
Ən yaxın
cəbhə yoldaşı
Firudin Seyidovun dediyinə görə, Mehdi döyüş zamanı nə qədər ağır vəziyyətdə olursa olsun, yaxınlıqdakı
yoldaşının köməyinə
çatmağa həmişə
hazır idi. Beləcə neçə-neçə döyüş
yoldaşına ilk tibbi
yardım göstərək
ölümdən xilas
etmişdi. Döyüş başlayan kimi isə dərhal düşmən üstünə
şığıyırdı, elə bil həmişəki
sakit oğlan deyildi. Füzulinin Qacar, Yuxarı Əbdürrəhmanlı, Veysəlli,
Qaraxanbəyli kəndlərinin,
həmin bölgədə
yerləşən bir
neçə strateji yüksəkliyin azad edilməsi əməliyyatlarında,
eyni zamanda, yaralı silahdaşlarının
xilas edilməsində
böyük xidməti
olmuş, xüsusi igidliklər göstərmişdi.
Nəhayət... Noyabrın
7-də Xocavənddəki 612-ci yüksəkliyin azad edilməsi uğrunda döyüşdə minomyot
mərmisinin qəlpəsil
yara alıb şəhadətə yetmişdi...
Əziz, unudulmaz Mehdimizin şücaəti, qəhrəmanlığı
dövlətimiz tərəfindən
yüksək qiymətləndirildi. Azərbaycan
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə
Mehdi Fərzullazadə
"Vətən uğrunda"
və "Xocavəndin
azad olunmasına görə" medallarıilə
təltif olundu.
***
İndi isə lap əvvəldəki "niyə?" sualına cavab vermək vaxtı yetişdi. Onun adını nənəsi - bütün müqəddəs islam ziyarətgahlarını ziyarət etmiş rəhmətlik Zərxanım bibim vermişdi. Biz azərbaycanlı müsəlmanların tam əksəriyyəti üçün Mehdi Sahibəz zamanın kim olduğunu geniş izah etməyə ehtiyac yoxdur - o, sonuncu imam, axirət günündən öncə zühur edib, bizi bütün əziyyətlərdən qurtaracaq müqəddəs xilaskardır. Hacı, kərbəlayi olan nənəsi də məhz ona işarə edərək, Zamanın oğluna, yəni öz nəvəsinə Mehdi adını vermişdi. Nəticədə şəhidimizin adı Mehdi Zaman oğlu olmuşdu. Görəsən, nənə bilirdimi ki, bu adla ilk gündən nəvəsinin gələcək həyatını müəyyənləşdirirdi?! Axı sonrakı bütün təqvalı - namazlı, oruclu həyatı boyunca Mehdinin əsas işi, həyatının başlıca məqsədi ətrafında ona ehtiyacı olanlara əlindən gələn köməyi göstərmək olmuşdu. Qohum-əqrəbada, qonşuluqda keçirilən bütün irili-xırdalı məclislər onsuz keçmirdi. Dinməz-söyləməz hər yerə qaçırdı, hər işin qulpundan tuturdu və bir dəfə də olsun yoruldum demirdi. Kiməsə kömək etmək üçün ona ağız açmaq lazım deyildi, əlindən gələn bir iş idisə, özü gedirdi... Buna görə də, orduya könüllü yazıldığını biləndə, şəxsən mən, dayısı olaraq, qətiyyən təəccüblənmədim...Vətənin də ağır günündə ona ağız açmasını gözləmədən köməyinə qoşdu, düşmənlə əzizlərinin, qohum-əqrabasının, bütün xalqının arasında Mehdi özünü sipər etdi - yəni bizim xilaskarlarımızdan oldu!
İnsanın içində belə bir xilaskar döyüşçü haqqında yazı yazmaq ehtiyacından təbii nə ola bilər?! Məhz bu daxili ehtiyac hissi idi nə qədər çətin olsa da, məni yazmağa sövq edən...
Sonda həyatımın kiçik bir epizodunu buraya həkk etmək istəyirəm. Əvvəllər o qədər də əhəmiyyət vermədiyim, amma son günlər məni rahat buraxmayan epizod... Bir dəfə Mehdini də götürüb, Bülbülə qəbiristanlığına, valideynlərimizin qəbirlərini səliqə-sahmana salmağa getmişdim. Rəhmətlik atamın, onun babasının qəbrini tikan-qanqaldan təmizləyə-təmizləyə ağızucu dedim ki, bir vaxt gəlib mənim də qəbrimi beləcə təmizləyərsən... Bunu deyəndən sonra baxışlarımız qarşılaşdı. Mehdinin reaksiyasını o vaxt anlaya bilmədim. Həmişəki kimi yenə susmuş, yalnız qəribə bir təbəssüm qonmuşdu üzünə...
Belə bir fikir var ki, şəhidlər çox öncədən duyub-bilirlər öz talelərini... Əcaba, Mehdi o zaman öz qismətində şəhadət olduğunu bildiyinə görəmi mənim sözlərimə gülümsəmişdi?!
Etibar KƏRİMLİ
Yazıçı, publisist,
AMEA "Azərbaycan Milli
Ensiklopediyası" Elmi Mərkəzinin böyük elmi redaktoru
Hərbi And.- 2021.- 12 mart.- S.5.