Bir vətən
sevdalısının əbədiyyət yolu
Şanlı Ordumuz Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə qəhrəmanlıq, peşəkarlıq
nümayış etdirərək
44 gün ərzində
Azərbaycan xalqının
30 illik yurd nisgilinə son qoydu. Vətən tarixinin bu şərəfli salnaməsinə öz
adını yazan igidlərdən biri də dağlar diyarı Lerik rayonunun Dico kəndində dünyaya göz açmış Firdovsi Balaxan oğlu Tahirov idi.
Firdovsi el təəssübü
çəkən, halallığı
sevən bir nəslin nümayəndəsidir. Atası
Balaxan kişi
ömrünü xalqına
fayda vermək, doğma yurdunun hər bir işinə
gərək olmaq arzusu ilə yaşayır. Bu işgüzar, ləyaqətli
insan övladlarına
gözəl tərbiyə
verərək onları
özü kimi cəmiyyətə yararlı
boya-başa çatdırıb.
Od götürüləsi
bu ocağın oğul payı Firdovsi ailədə doğma torpağa vurğun, vətənə
qəlbən bağlı
övlad kimi tərbiyə alır. O, orta məktəbi bitirib 2015-ci ildə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olur. Torpaq sevgisi
ürəyinin lap dərinliyinə hopur. Tələbə Firdovsini erməni
işğalçılarının xəyanətkar hərəkətləri
ciddi düşündürür,
narahat edir. Çox keçmir elə xalqına, millətinə sədaqətini,
sevgili vətəninə sadiqliyini
Azərbaycanın haqq
savaşında döyüş
meydanında qanı ilə təsdiq edir. Şəhidlik zirvəsinə ucalmaqla əbədi var olanların sırasına
qoşulur.
Firdovsi oxuduğu ali məktəbin sonuncu
kursunda, yəni 2019-cu
ildə Ordu sıralarına yazılır. Məqamında vətən torpağın
hər qarışında
döyüşə hazır
olan Lerikin igid oğlu Xüsusi Təyinatlı Dəstədə xidmətə
başlayır. Bir müddət
Gəncədə təlim
keçir. Əla döyüşçü
keyfiyyətləri nümayiş
etdirir.
F.Tahirovun cəbhə yolu Tovuzdan başlanır. Döyüşlərdə
son gülləsinədək vuruşaraq böyük igidlik,
şücaət göstərib
vətən qarşısında
müqəddəs borcunu
şərəflə yerinə
yetirir. Düşməndən intiqam almaq hissi Firdovsinin vətənlə bir döyünən qəlbində
get-gedə alovlanır.
Buna görə də, İkinci
Qarabağ müharibəsinin başladığı
anda işğal edilmiş torpaqların hər qarışını azad
görmək eşqi ilə qorxmadan odun-alovun içinə atılır. Özü döyüşdə şəhidlik
zirvəsinə ucalır,
cəsurluğu, igidliyi,
mərdliyi isə əsgər
yoldaşlarına nümunə
olaraq onları qələbəyə doğru
aparır.
Vətən sevgisi Firdovsi üçün hər şeydən uca idi. Qanında axan bu ilahi sevgi
əbədi olaraq onun adını könüllərə
yazdı. Aramızdan vaxtsız getsə
də, gələn nəsillərə örnək
həyat yolu yaşadı. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli
bayrağımız dalğalanır.
Vətən sevdalısı Firdovsi
Tahirov da bunu ürəkdən arzulayırdı. Bu gün onun, şəhidlik zirvəsindən
gələcəyə boylanan
ruhu hüzur içindədir.
Zəfər ORUCOĞLU
Hərbi And.- 2021.- 12 mart.- S.5.