Şücaəti ilə seçilən igid

 

Emil Vaqif oğlu Qurbanov Vətənini canından əziz tutmaqla, İkinci Qarabağ müharibəsində tarix yazan igidlərdən oldu. İndi 1980-ci ildə doğulub boya-başa çatdığı Lənkəran elində adı çəkiləndə hamı qürur hissi keçirir. Emil şəhidlik zirvəsinə ucalanda ömrünün 40-cı ilini yaşayırdı. O, həyatını Vətəninə həsr edib bu işıqlı dünyadan getdi. Odur ki, Azərbaycan  nə qədər var, Emil də ürəklərdə  yaşayacaq.

Emil həyatı dərk edəndən Vətəninə, xalqına bağlanıb. Bacardıqca yaxşı işlər görməyi özünə ali məqsəd seçir. Orta təhsilini başa vurub Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki  ixtisasına daxil olur. Emil tələbə biletini alan gündən bütün eşqini, məhəbbətini oxumağa, öyrənməyə bağlayır. Bütün bu dəyərlərə görə Emil ali məktəbdə seçilir, çoxunun sevimlisi olur. Universiteti bitirəndə isə xalqına, millətinə fayda vermək əzmi mənəvi dünyasına daxil olmaqla, ona işıqlı sabahların yolunu göstərir.

Emil 2002-ci ildə ordu sıralarına gedir. Vətənini göz bəbəyi kimi qoruyur, xidmət etdiyi hərbi hissədə son dərəcə mərd, cəsur, ağıllı, vətənpərvər bir gənc kimi tanınır. Baş leytenant rütbəsində ona həvalə olunan taqım komandiri vəzifəsini layiqincə yerinə yetirir. Tabeliyində olan əsgərlərə tələbkarlıqla yanaşmaqla bərabər, onlara böyük qardaş qayğısı göstərir.

Həqiqi hərbi xidmətdən sonra Emil Qurbanov Lənkəran şəhərində Zirvə İdman Kompleksində baş məşqçi işləyir. Onun bütün arzularının zirvəsində Vətənin, xalqın xoşbəxtliyi durur. Elə bu nəcib məqsəd naminə yaxşı idmançılar yetişdirməyə çalışır. Özü isə Pauerliftinq idman növü üzrə keçirilən bir çox yarışların qalibi olur. 2012-ci ildən Lənkəran şəhər 7 saylı tam orta məktəbdə hərbi müəllimi təlim-tərbiyə üzrə direktor müavini işləyir.

Erməni qəsbkarları ötən ilin sentyabrın 27-də Azərbaycan torpaqlarına növbəti təcavüzündə Emil könüllü Vətən uğrunda döyüşən oğulların sırasına qoşulur düşməndən intiqamımızı alana qədər vuruşacağına söz verir. Müharibə meydanında qəhrəman komandir Emil  igidlik nümayiş etdirir. Ordumuzun gücü qarşısında tab gətirə bilməyən düşmən silah-sursatını atıb qaçır. Emil digər qəhrəmanlarımız kimi Qarabağın işğal altında olan strateji yüksəkliklərinin, yaşayış məntəqələrinin alınmasında, sözün əsl mənasında, qəhrəmanlığı ilə seçilir. Yaxşı döyüşməklə bərabər, həm dəfələrlə yaralı əsgərləri ağır döyüş meydanından çıxardır. O, Cəbrayılın, Qubadlının azad olunmasında daha çox fədakarlıq göstərir. Özü şəhid olsa da, hünəri, şücaəti komandirlə çiyin-çiyinə döyüşən silahdaşlarını qələbəyə doğru aparır...

 Şəhid zabitin həyat yoldaşı Vüsalə xanım deyir:

- Emil ailəsinə bağlı olmaqla, Vətənini, xalqını da çox sevirdi. İdmanda qazandığı uğurlara görə ona bütün Lənkəran camaatı hörmətlə yanaşırdı. Emil isə əlinə silah alıb döyüş meydanında olmaq, düşməni əzmək arzusu ilə yaşayırdı... Arzusunu yerinə yetirdi. Əvvəllər onu mənim qədər sevən yox idi. İndi bütün Azərbaycan öz igid oğlu ilə fəxr edir. Onsuz çətindir mənə... Emilin layiq görüldüyü "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medallarına baxanda həmişə onun nurlu siması gözlərimdə canlanır.

 

 

Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

Hərbi And.- 2021.- 7 may.- S.17.