Anasını sevən
oğlum ana vətənini də hədsiz sevirdi
Köksümdəki bala adlı çiçək bağım talanıb. Hər sözü, hər gülüşü, hər baxışı bir çiçək kimi ömrümü gözəlləşdirən övladımdan üzülüb əllərim. Mənə ana adın bəxş edən ilk və tək Ramal məni həyatın ən böyük yoxluğu ilə baş – başa buraxıb. Mən illərlə analıq duyğusuna möhtac qaldım. İllərdən sonra 1 yanvar 2001 – ci ildə evimə övlad adlı bir nur düşdü. Yeni əsrin, yeni ilin, yeni ayın ilk günündə gəlişi ilə həyatımı büsbütün dəyişdi. Onun hər aldığı nəfəs üçün şükr etdim. Ramal
2 yaşında olanda atası avtomobil qəzası nəticəsində həlak oldu. Övladımı tək böyütdüm. Biz bir – birimizə çox bağlı idik. Mən hər zaman onu itirməkdən qorxurdum. Bir dəfə gördüyüm yuxudan sonra qorxularım daha da artdı. Yuxumda Məhəmməd peyğəmbəri gördüm. O mənə oğlumu aparacağını işarə etdi. İndi başa düşürəm ki, o yuxu mənə göndərilən bir işarə imiş.
Əslində Ramalda bəzi nişanələr var idi. Anaların ürəkləri balaları ilə döyünər. Onlar güləndə gülər, canları acıyanda isə ürəkləri yanar. Mən balamın dırnaqlarını belə tutanda ehtiyat edirdim ki, birdən onun canını acıdaram. Ramal böyüdükcə mənim ümidlərim də böyüyürdü. Gözümün ağı – qarası artıq məktəbli yaşına çatmışdı. 2008-ci ildə Gəncə şəhəri 28 N li məktəbdə təhsil almağa başladı. 2019 – cu ildə məktəbi bitirdikdən sonra oktyabrın 1-i Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başladı. Pandemiya səbəbindən bir dəfə də olsun görüşə bilmədik. Mən balamı öz gözlərimlə hərbi formada görə bilmədim.
Ramal Məmmədov həm də idmanın kidboks növü ilə məşğul olurdu. Dəfələrlə qalibiyyət əldə etmişdi. İki dəfə Mübariz İbrahimovun adına keçrilən yarışdan birincilik qazanmışdı. Daha sonra da bir neçə yarışın qalibi olmuşdu. O hər atdığı addımla mənim başımı uca edirdi. Ən şərəfli adı isə 2020-ci il sentyabrda başlayan döyüşlərdə qazandırdı- Şəhid anası adını.
Hər əsgər anası kimi müharibənin başladığını eşidəndə mən də narahat olmağa başladım. Gecəm gündüzümlə yer dəyişdi. Anasını sevən oğlum ana vətənini də hədsiz sevirdi. Əsgər olmağına baxmayaraq könüllü olaraq ön cəbhədə vuruşmağa can atıb. Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Ramal Füzulini görməsə də Füzulini çox sevirdi. Ana nənəsi Füzulidən olduğu üçün hər zaman Füzulinin işğaldan azad olunacağı arzusunu dilə gətirərdi. Oğlum ən böyük arzusuna çatdı. Füzulinin azadlığını öz gözləri ilə gördü. Hətta o azadlıq üçün son damla qanına qədər döyüşdü. Zabit yoldaşı onu geridə saxlamaq istəsə də Ramal önə atılıb. Yanlarına düşən minamyotun qəlpəsinin boynunda damarını kəsməsi nəticəsində şəhid olub.
Bir il öncə evimizdən çıxdığı gün Ramalım evimizə qayıtdı. Ancaq bu dəfə səssiz – səmirsiz. Oktyabrın 1 – i son dəfə evimin qonağı oldu. Oktyabrın 2 – i isə 3000 – ə yaxın insan Ramalın çıxdığı son yolçuluğunda onu ölümsüzlüyə uğurladılar. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olundu. Dəfndə Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etdilər.
Mən şəhidlərin ölmədiklərin
hər an hiss edirəm. Bəzən oğlumun mənimlə danışdığını hiss edirəm. Əgər onu hiss etməsəydim mən bu ayrılığa
dözə bilməzdim.
Mən tək bir oğul yox
dost, sirdaş, qardaş
itirmişəm. Ramalın yüksəldiyi
məqamın hər kəsə qismət olmadığını bilirəm.
Elə onun üçün də Allaha şükür edirəm.
Məmmədov Ramal Məhəmməd
oğlu şəhadətindən
sonra prezident İlham Əliyevin sərəncamı ilə
“Vətən uğrunda”
və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Hər insanın
həyatında sirli rəqəmlərin izi olur. Ancaq mən bu günə qədər ilk dəfədir
ki, bir insanın
həyatındakı bütün
önəmli günlərinin
cəmi üç rəqəm 0,1 və 2 rəqəmlərindən
ibarət olduğunu gördüm. Bu möcüzəmi
ya təsadüfmü
deyə bilmərəm,
ancaq bircə onu deyə bilərəm
ki, Ramal seçilmişlərdəndir.
ŞƏHİD
RAMAL
Sevənlər həsrətlə anır
adımı,
Ruhum
hiss eləyir qəlb fəryadını,
Kimsəsiz buraxdım mən
bir qadını,
Onun övlad payı, dostu, sirdaşı
Mən idim, mən yoxam axır göz yaşı.
Nə qədər həsrətlə
gözlədi məni,
Mən gəldim unutdu, kədəri qəmi,
Bir vaxt səadəti tutdu aləmi,
İndi
qəm libasın geyib əyninə
Şəhid həsrətini yığıb
qəlbinə.
Ah ana, yığ daha gözünü yoldan,
Oğul
ola bilməz
sənə məzardan,
Qəm düşdü bəxtinə
oğuldan, yardan,
Ey bəxti viranə olan bir qadın
Yuxuna qonaqdır
şəhid övladın.
İyirmi
bir il
öncə gəldim dünyaya,
Mən səni çevirdim xoşbəxt anaya,
İndiysə həsrətsən mən
tək balaya,
Bilirəm həsrətin günbəgün
artır
Deyirsən “Ramalım torpaqda yatır”.
Nigaran olma sən gözəldi
yerim,
Sağalıb qəlbimdə vətən
dərd-sərim.
Bilirsən, həsrətlə ötdü
illərim,
Sonunda yetişdim arzuya, kama
Nə olar qəlbini sıxma ay ana.
MANYA SƏXAVƏTQIZI
Hərbi And.- 2021.- 21 may.- S.19.