ÜRƏYİMİZDƏN XƏBƏR VERƏN ROMAN

 

 

Doğrudan, taledaim cəsurların tərəfində olur. Mənimlə bahəm vətən savaşının ağrı-acılarını yaşayan və üstəlik doğma rayonu Zəngilanın işğal dərdinin soyuqluğunu içində yox edə bilməyən qələm yoldaşım, yurdcanlı cəbhədaşım Vahid Məhərrəmovla yaradıcılıq söhbəti edərkən həmişə bir-birimizə ürək-dirək verir və mənfur erməni işğalçıları üzərində tezliklə qələbə çalacağımızdan inamla söz salırdıq. Bütün diskussiyalarda, mübahisəli məqamlarda həm inadlı mövqeyimizin, həm də bizi qələbəyə doğru aparan güclü inam hisslərimizin ölçüsü pozulmurdu. Dediyimizi yenə deyirdik. Qətiyyən bədbinliyə qapılmırdıq. Bəzən sevdiyimizi əldə edə bilməsək də, əldə etdiyimizi qəlbən oxşamağa çalışırdıq.

 

Erməni faşizmi üzərində zəfər çalmaq üçün sönməz inamımızın əsaslı kökləri vardı. Əvvəla, biz bir hərbçi kimi ordumuzun təməl daşı qoyulduğu günlərdən etibarən cəsur döyüşçülərimizin arasında çalışır, üzərimizə düşən müqəddəs vəzifələri layiqincə icra edirdik. İkincisi, doğma yurdumuz uğrunda gedən uğurluuğursuz döyüşlərin nəticələrini yaxından görür, bizə məğlubiyyət acısı verən əsl səbəbləri yaxşı bilirdik. Ona görə də tez-tez əsəbiləşirdik, necə deyim, damarımızda qan deyil, qəzəb dolaşırdı. Tam əminliklə bilirdik ki, bizə məğlub olmaq yaraşmır, ordumuz rəzil və hiyləgər erməni daşnaklarını son nəfəsinədək qanına qəltan etmək iqtidarındadır. Lakin zaman əvvəllər bizim xeyrimizə işləmədi. Çox bəlalara düçar olduq, necə deyərlər, yaş torpaq yatağımız, daşlar balıncımız, göy üzü yorğanımız olduheç vaxt haqlı mövqeyimizdən geri çəkilmədik. Şükürlər olsun ki, işğal acılarımız çox çəksə də, halal haqqımıza sahib ola bildik, müzəffər ordumuz bizə qələbə sevincini yaşatdı.

Ordumuzun şanlı qələbəsindən sonra hörmətli həmkarım hərbi yazıçı-jurnalist Vahid Məhərrəmovla görüşümüz çox şad bir ovqat içərisində oldu. Keçmiş günlərimizi səhifələyərək bir-birimizə göz aydınlığı verdik. Onun ali və israrlı qüvvənin təlqin etdiyi ilhamla yazdığı “Müharibənin qanlı kölgəsi” adlı yeni kitab hədiyyəsi mənə əlavə sevinc bəxş etdi. Sorğu-sualsız bildim ki, mövzumuz doğma mövzudur və qələmlərimiz də qələbə ruhunda nəfəs almaqdadır.

“Müharibənin qanlı kölgəsi” romanı barədə istedadlı həmkarım Vahid Məhərrəmovun verdiyi qısa açıqlamalardan mənə məlum oldu ki, vaxt etibarı ilə zəfər tariximizdən əvvəl yazılsa da, ordumuzun inkişaf meyillərini, keçirdiyimiz hərbi əməliyyatların mənfi və müsbət təzahürlərini fərqli bir biçimdə əks etdirən bu kitab öz tarixi dəyəri ilə yüksək qiymətə layiqdir. Ümumən desək, vətənçilik həmişəyaşar ideyadır.

Yaxşı bilirik ki, sənədli əsərlər milli ədəbiyyatımızda xüsusi çəkiyə malikdir. Həmişə maraqla oxunurheç vaxt unudulmur. Çünki hamının diqqətini cəlb edən real tarixi həqiqətləri özündə yaşadır. “Müharibənin qanlı kölgəsi” romanı da beləcə aktualçox dəyərli bir əsər kimi vətəncanlı hərbçi məfkurələrinin bir tərcümanıdır. Vətən müharibəsi ilə bağlı mürəkkəb həyat hadisələri, ordumuzun inkişaf yollarına çıraq tutan gerçək əməli proseslər əsərdə xoşagələn bir üslubda təsvir edilir. Obrazlar səngərdə doğulan ordumuzun irili-xırdalı döyüş fəaliyyəti axarında formalaşmış mənəvi simalardır. Üstün əxlaqi dəyərlərə malik olan tiplər qalereyasında vətənin xilası üzrə hərənin öz sözü, öz nicat yolu var. Qəhrəmanların dilində ara-sıra səsləndirilən həyəcan siqnalı öz-özlüyündə tutarlı bir təşbehə çevrilir. Romanın bütün fəsillərində Dağlıq Qarabağ probleminin həlli yolları barədə bu sayaq mühakimələr irəli sürüldüyü məkandan asılı olmayaraq mənəvi təlatüm doğurur. Təbii ki, romanda əsas qəhrəmanlarla yanaşı sıravi surətlərin haqlı və haqsız mövqeləri qarşı-qarşıya qoyulur, şəxsi talelərin ibrətamiz məqamları önə çəkilir.

Romanın süjet xətti iki hissədən ibarətdir. Birinci hissədə yeddi fəsil, ikinci hissədə isə on fəsil olmaqla müharibənin doğurduğu cürbəcür bəlaların insan taleyinə vurduğu zərbələr, Xocalı ağrıları, ünvanına yetişməyən məktubların tarixçələri, tarixi saxta olan ermənilərin fırıldaq əməlləri, döyüşə təlimsiz gedən əsgərlərə baxış bucaqları və sair kontekstlər maraqlı süjetlər əsasında ustalıqla qələmə alınır. Əsas qəhrəman kimi Fikrətin həyat yolunda biz çox həqiqətlərin şahidi oluruq. Fotoqraf Əlinin obrazı da üstün cəhətləri ilə fəqlənir. Ordu quruculuğunun ilk çətinlikləri, döyüş prosesində pərakəndəlik halları, maddi-texniki təminat qıtlığı müdrik bir tərzdə açıqlanır. Bu, söz yox ki, hərbçi həyatı yaşamış qələm adamı kimi Vahid Məhərrəmovun təcrübəsindən irəli gəlir. Səriştə mühüm şərtdir. Naşılıqdan uzaq olan yazıçı hamını qiymətləndirməyə çalışır, heç kimi kölgə altında qalmağa qoymur və mənfi təzahürlərlə yanaşı müsbət cəhətləri qabarıq canlandırır. Ona görə ki, yaxşı və təsirli görməyin müşkül cəhətlərini bütün incəliklərinədək ətraflı dərk edir. Axı, hər şeyin yaxşı tərəfini yox, yalnız pis tərəfini görmək obyektiv qiymətləndirilə bilməz. Ədəbi tələblər tam ödənilməlidir ki, yazılan əsər təsirsiz qalmasın. Vahid Məhərrəmovun qələmi bu sarıdan uğurlu ömür sürür.

Bir incə məqama da toxunmaq istəyirəm. Deyirlər ki, ən bəxtsiz adamın da uldusu var, amma bəla o zaman ortaya çıxır ki, bu sayaq şəxslər öz ulduzunu tanıya bilmirlər. Müsbət cəhət kimi qeyd edə bilərik ki, “Müharibənin qanlı kölgəsi” romanında canlandırılan qəhrəmanlar öz ulduzlarından xəbərsiz deyil.

Dünyada baş verən savaşlar mahiyyət baxımından eyni sayılsa da, erməni faşizminə qarşı apardığımız ədalətli müharibənin cahanda bənzəri yoxdur. Romanda həmin ideya gözəl xırdalanır. Biz ağrı çəkə-çəkə gördük ki, formal atəşkəs razılaşması konkret vaxta əsaslanmırdı. Bəzi beynəlxalq rəylərdə ölçülər, münasibətlər və məsuliyyətsizlik halları həddini aşmışdı. İşğal tarixi hamıya yaxşı bəllidir. Neçə-neçə xəyanətlər üzə çıxdı, mənəvi acılar, uzun-uzadı fəryadlar yaşadıq.

Romanın əsas qəhrəmanlardan biri kimi tibb bacısı rəhmətlik Məleykə xanımı mən də tanıyıram. Onunla çox canlı ünsiyyət yaratmışam. Qorxmaz və əyilməz bir qadın mənəviyyatı ilə seçilirdi. Ön atəş xəttində mənə lazımi tibbi xidmətlər də göstərib. Vətənçilik ruhu, səciyyəsi və həyat reallığına olan baxışı etibarı ilə Məleykənin obrazı çox gözəl qələmə alınıb. O, işğal dərdindən doğan canüzücü kədərə də, ağır döyüşlərin yaratdığı qorxulu məqamlara da mərdanə dözürdü. Mətin xasiyyətli Məleykənin fədakar əməlləri, xidməti öncüllüyü qaniçən erməni faşistlərinin törətdiyi qanlı hadisələrdən aldığı əzablar, üç qardaşının ölüm acısı fonunda elə əks olunur ki, çox nümunəvi bir hərbçi xarakteri ilə üz-üzə dayanır və ona böyük rəğbət bəsləyirik.

Evə yorğun gələn Fikrətin Məleykəyə verdiyi cavab içimizi uzun müddət didib-dağıdan işğal dərdinin real tərifini ortaya qoyur: “ Vallah, bu atəşkəsdən bezmişik. Axı nə qədər gözləmə mövqeyində dayanacağıq? Axı səbrin də, dözümünbir həddi, bir səddi olmalıdır. Ermənilər getdikcə azğınlaşır, işğal etdikləri ərazilərimizdə məskunlaşır, çöllərdə yanğınlar törədirlər. Tez-tez təlim keçirlər, istədikləri vaxt atəşkəsi pozurlar. Keçmiş illərdən dişlərində şirə qalıb, ağılları əvvəlki günlərə gedib, yenə ərazilərimizi ələ keçirmək istəyirlər. Qoy bilsinlər ki, bizimgeri çəkilmək fikrimiz, nə də yerimiz var. İşğala bu qədər dözdüyümüz yetər. Qəsbkarlığın da bir sony olacaq, yoxsa, yox?...” Vahid Məhərrəmov roman qəhrəmanının dili ilə yazdığı bu fikirlər zaman etibarı ilə hamının ürəyindən xəbər verir və müharibənin obyektiv şərtlərə əsasən labüdlüyünü vurğulayırdı. O, ictimai həyatımızda hər addımbaşı rast gəldiyimiz neqativ halları müxtəlif bədii ifadə vasitələri ilə tənqid atəşinə tutaraq oxucularını ruhən nikbinləşdirir və yurd uğrunda savaşa hazırlayırdı. Nə yaxşı ki, Dağlıq Qarabağ problemi ilə əlaqədar beynəlxalq mənfilikləri döyəcləyə-döyəcləyə irəli getdik, öz gücümüz hesabına müqəddəs arzularımız çin oldu, məyusluğa son qoyduq.

İstedadlı qələm yoldaşımız Vahid Məhərrəmovun növbəti kitabının ruhunda azğın düşməndən intiqam almağa, ordumuzun gücləndirilməsi naminə şəxsi töhfə verməyə çağırış ideyası hakim qüvvə kimi reallığa çevrildi. Həmçinin nəql etdiyi hadisələrin axarında öz doğmalarının, yaxın qohumlarının və dost-tanışlarının qaçqın-köçkün faciəsinin acınacaqlı məqamları ilə bağlı çıxardığı haşiyələr yurddaşlarımızda xain düşmənə qarşı güclü nifrət, doğma Azərbaycanımıza sönməz məhəbbət hissləri aşıladı. Söz yox ki, bədii-tarixi anlamda möhkəm özül qoymaqla vətən obrazını bütün mücəssəmliyi ilə ucaldan bu roman müzəffər xalqımız tərəfindən həmişə sevilə-sevilə oxunacaqheç vaxt öz dəyərini itirməyəcəkdir.

 

İbrahim MƏSİMOĞLU

hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant

 

Hərbi And.- 2021.- 28 may.- S.19.