"Ona atalıq edə bilmədim"
Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Cabbarov Şahgündüz Habil oğlu haqqındadır.
Əslən Laçın rayonunun Oğuldərə kəndindən olan Şahgündüz Cabbarov 13 yanvar 1995-cü ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdən geri döndükdən sonra Azərbaycan Dövlət Neft Şirkətində qazmaçı kimi işə başlayır.
Tovuz hadisələrindən sonra hərbi komissarlığa gedərək adını könüllü yazdıran Şahgündüz Cabbarov 2020-ci il sentyabrın 27-də cəbhəyə yola düşür. O, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərir. Şahgündüz Cabbarov 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olur, Binə qəbiristanlığında dəfn edilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Şahgündüz ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Top mərmisi partlayanda klinik ölüm keçirib, sonradan dirilib deyib ki... - ŞƏHİD ƏMANƏTİ
ƏTRAFLI
Snickers
2021-ci ildə Şahgündüz Cabbarovun "Gözləyin dağlar, gəlirəm" adlı kitabı Qanun nəşriyyatında çap olunub.
Məzar başındakı hönkürtü...
Hava tutqun, yağış tək-tək ordan-burdan maşının şüşələrinə döyəcləyir. Yenə yaslı-yaralı, dərdli şəhid ailələrindən biri ilə görüşə yollanırıq. Bu gedişimiz də bir istisna məqam var.
Şəhid Şahgündüz Cabbarovun vaxtilə yaşadığı, son dəfə anası, qardaşları, qohumları ilə görüşüb sağollaşıb ayrıldığı, sonra isə çiyinlər üzərində tabutla gətirildiyi evdə bu gün ölümünün, sonsuzluğa qovuşmasının üzərindən bir il ötür.
Şahgündüzgilin evinə çatanda eyvanda bizə tərəfə boylanan uzunboylu, saçları ağarmış, nəcim üzlü qadını, onun simasını görən kimi onun Şahgündüzün anası olduğunu anlayıram.
Şahgündüzün vətən müharibəsi başlananda feysbukda yazdığı statusları, bölüşdüyü fikirləri xatırlayıram:
“Bunlar status xətrinə deyilən sözlər deyil. Yazdıqlarımı
sözbəsöz səfərbərlik xidmətinə istər
yazılı, istərsə şifahi şəkildə
bildirmişəm. əgər
işimlə əlaqədar müharibədə iştirak etməyimə
qanun icazə verməsə, istefa ərizəmi yazıb gedəcəm.
Allahın izniylə şəhidliyim sıradan
bir şəhidlik olmayacağına əminəm. Laçınlı günlər arzusuya”.
İyirmi
beş yaşlı gənc
Şahgündüz neftçi olduğu üçün
müharibəyə aparılmayacağından ehtiyat edir. Belə olacağı təqdirdə işdən
çıxmağa belə razı olur. Təki
döyüşsün, torpaqların alınmasında
iştirak etsin, adını atasından, anasından
eşitdiyi Laçına ayaq qoysun, hətta bu yolda şəhid
olsun.
Həyət qapısının üzərində
asılan üç rəngli bayrağın dalğasından
ötüb keçirəm. Həyətdə
qurulan mağarın ətrafına toplaşan qadınların
kədərli müşayiəti ilə evə girirəm.
Həqiqi adı Habil olan şəhid atası
özünü Kamil kimi təqdim edir və bizim də ona belə
müraciət etməyimizi istəyir.
Masa arxasında da ilk söhbətə başlayan
ağrı acılı, əziyyətli ömür
yaşamış şəhid atası, şair Kamil Vəfadar
olur.
Kamil bəyi ilk dəfə qaranlıq bir havada
Şahgündüzün məzarı başında
ağladığı yerdə çəkilən videoda
görmüşdüm. Atanın səhər yox, qaranlıqda məzar
başında ağlaması ilk anda təəccüb
doğursa da, sonradan bilmişdim ki, Şahgündüz şəhid
olan zaman Kamil bəy həbsdə olub. Həbsdən
çıxan kimi oğlunun məzarına gələn şəhid
atasının səsi, “məni bağışla oğlum”
dediyi sözləri, səsini bu günə qədər
unutmuram. Həmin səs məni fikirdən ayırır:
- Mənim
dörd oğlum olub. Gündüz ailənin
ikinci uşağı idi. O, çox məsuliyyətli,
diqqətcil, yaxşı uşaq idi. Allah elə
bil onu torpaq üçün yaratmışdı. O,
Laçını görməmişdi, amma elə
uşaqlıqdan Laçın, Qarabağ deyirdi. Həmişə mənə deyirdi ki, mən sizdən
qabaq gedib vətəni, Laçını görəcəm.
Vətənə çox bağlı idi. Xocalı qırğınının şəkillərini
görəndə hirslənirdi, özünü
bağışlamırdı. Deyirdi, nəyə
görə bizim uşaqlar belə olmalıdır. Şahgündüz elə digər şəhidlərimiz
kimi uşaqlığından fərqli olub, həmyaşıdlarından
seçilib. Onun qəribə
baxışları vardı. Həmişə
baxışlarında işıq, saflıq hiss edirdim. Sonralar döyüş dostları bizə gələndə
deyirdilər ki, torpaqlarımız işğaldan azad olunanda, hər
dəfə bir kəndi düşməndən xilas edəndə,
Şahgündüzün gözləri sevincdən, həsrətdən
alışıb yanırdı. O, ümumiyyətlə
uşaqlıqdan vətənpərvərliyi ilə
seçilirdi. Tək o, yox, uşaqlarımın
hamısını o ruhda böyütmüşəm. Amma Şahgündüz dördüncü, beşinci
sinifdə artıq mənə “biz Xocalının
qisasını nə vaxt alacayıq” kimi suallar verirdi. Məndən tez-tez soruşurdu ki, ata, biz niyə
uduzduq, necə oldu ki, oradan çıxdıq, Qarabağı
itirdik. Yəni o, bütün fikrini
Qarabağa cəlb etmişdi. Sonradan o, adi
bir telefonla Mübariz İbrahimov haqqında qısa film də
çəkdi. Orta məktəbdə oxuyan
uşağın Mübariz haqqında film çəkdiyi film
artıq onun vətənpərvərliyinin təzahürü
idi.
Gözləyin
dağlar gəlirəm...
Ölümündən sonra Şahgündüzün
haqqında “Gözləyin dağlar gəlirəm” adlı
kitab dərc olunur. Kitabda onun müharibəyə getməzdən
çox-çox əvvəl, müharibənin
başlanğıc ərəfəsində Qarabağ
haqqında yazdığı statuslar toplanıb. Üzərində Şahgündüzün şəkli
olan kitabı əlimə götürüb vərəqləyirəm.
Qarşılaşdığım sözlər,
cümlələr məni mütəəssir edir.
Kitabın
ilk vərəqi bu sözlərlə, Şahgündüzün
sözləri ilə başlayır:
“Nə farağatı, nə vətən sevgisini əsgərlikdə
komandirlərdən öyrəndim mən. Mən bu
dünyaya əsgər doğuldum. İnşallah,
Allahın köməkliyi ilə Vətən
qarşısında öz vəzifə borcumu layiqincə yerinə
yetirdikdən sonra əsgər kimi də gedəcəyəm!”
Şahgündüzün anası Simuzər xanım deyir
ki, oğlunun arzuları çox olub. Amma savada almaq, oxumaq eşqi də hər
zaman güclü olub:
- O,
çox istəyirdi ki, magistratura təhsilini başa vursun, Təhsilini
xaricdə davam etdirib alimlik dərəcəsi alsın. Həmişə
deyirdi ki, mən otuz beş yaşımda
alimlik dərəcəsi alacam. Amma bir
sözü də vardı ki, müharibə başlanan kimi hər
şeyin üstündən xətt çəkəcəm.
- Dörd
oğlunuz olub, qızını yox. Bu
baxımdan ana kimi sizin yəqin ki, məişətdə
çətinlikləriniz olub. Şahgündüz ev işlərində sizə əl tuturdu?
- O qədər
kömək edib ki. Mən belimdən əməliyyat
olunmuşdum. Bu səbəbdən də
işləyə bilmirdim, yerdə yatırdım. Səhərlər o, işə gedəndə, ürəyim
durmurdu, yerimdən qalxıb, ona səhər yeməyi
hazırlamaq istəyirdim. Çox narahat
olurdu, deyirdi niyə oyanmısan, çıx get yat. Hələ bir dəfə yadıma gəlmir ki,
Şahgündüz məni hansısa məsələdə
yorsun. Çox təmiz, səliqəli
uşaq idi. Hərdən zarafatla deyirdim ki,
evlənin, yüküm azalsın, gülürdü deyirdi,
onun da vaxtı var. Amma sən heç nə eləmə, qoy,
öz işimizi özümüz görək. Hərdən
mən özüm ona deyirdim ki, sən niyə belə edirsən,
əlli yaşlı adam kimi
özünü hər yükün altına verirsən. Çox vaxt fikri verirdim ki, Şahgündüz
işlərini tələsik edir, hər şeyə tələsir.
Ölümə
doğru
Söhbətimizə
qulaq asan, zahirən qardaşı Şahgündüzə oxşayan,
səssiz-səmirsiz Ülvi qoşulur bizə
- Şahgündüzlə yol yoldaşlığım
çox olub.
Ötən il iyul hadisələrindən
sonra onunla döyüş bölgələrinə yaxın
rayonlara getdik. O, əsgərlərlə saatlarla söhbət
edir, əlində olan pulla onlara ərzaq məhsulları
alıb verirdi. Əsgərlərə öz
doğması, yaxını kimi davranırdı. Bir neçə dəfə isə
Şahgündüz özü mənə demişdi ki, ən
böyük arzum şəhid olmaqdır.
Söhbət zamanı tez-tez Kamil bəyin dolub boşalan
gözlərinə, oğlunun ölümündən sonra
ağaran saçlarına, dərddən alacanan gözlərinə
baxıram.
Bayaqdan bəri soruşmaq istədiklərimi bir suala
sığışdırıb ona ünvanlayıram:
- Bildiyimə
görə siz oğlunuz şəhid olanda həbsdə
olmusunuz. Oğlunuzun məzarı üzərinə isə onun
qırx mərasiminə bir neçə gün qalmış gəlmisiniz...
-
Doğrudur. Mən Şahgündüz şəhid
olandan otuz altı gün sonra həbsdən
çıxdım. On bir il, altı
ay həbsxanada yaşamışam. Şahgündüz
müharibəyə gedəndə həbsxanaya gedəndə gəlib
mənimlə görüşdü, halallıq da aldı.
Açığı mən ona getmə demədim.
Heç deməzdim də. Çünki
deməyimin xeyri olmazdı. Bilmirəm, bəlkə
də olardı.
- Sizinlə
görüşəndə nə dedi?
- Dedi mənim
cəbhəyə getməyimlə bağlı bir az problem var. Neftçiləri aparmırlar. Amma çalışacam gedim. Mən də
xeyir-dua verdim, dedim, kaş ki, mən də çöldə
olardım, səni yola salardım. Amma yenə
deyirəm, getmə demədim. Çünki
balaca vaxtlarından uşaqlarımı başqa cür
böyütmüşdüm, onları hələ bir dəfə
də olsun isti su ilə yuyunmağa qoymamışam. Onlara deyirdim ki, siz gələcəyin əsgərlərisiniz.
Uşaqlarımı hər gün əlləri
ürəklərinin üstündə himn oxuda-oxuda
böyütmüşəm. O cür tərbiyədən
sonra mən Şahgündüzə getmə deyə bilməzdim.
Atasından ayrılandan sonra Şahgündüz yenidən
hərbi komissarlığa müraciət edir. Ancaq onu cəbhəyə
aparmırlar. Belə olan halda o,
doğulduğu Bərdə şəhərinə gedir və ərizə
yazaraq işdən çıxdığını,
neftçi olmadığını bildirir. Ancaq bundan sonra onu cəbhəyə qəbul edirlər.
Elə həmin ərəfədə Bərdə
şəhərinə çoxlu sayda yaralılar gətirirlər.
O, yaralı əsgərlərə qan verir, onlara köməklik
göstərir. 2020-ci il oktyabrın 1-də
çoxdan arzuladığı Qarabağ uğurundakı
savaşlara qatılmağa nail olur. Müharibə
zamanı tez-tez ailəsinə zəng vurur, narahat olmayın,
torpaqlarımızı alırıq sözlərini deyir.
Simuzər
xanım deyir ki, oğlu ona zəng edəndə, ancaq onu sakitləşdirir,
qorxmaması üçün bərk-bərk xahiş edir:
- Mənə
deyirdi ki, narahat olma, mən arxa cəbhədəyəm. Təhlükləli yerlərdən uzağam. Amma sən demə ön cəbhədə və
qabaqda gedirmiş. Sonuncu dəfə ölümündən
bir, iki gün əvvəl, oktyabrın 23-də zəng vurdu,
dedi, ana, mənə bir neçə gün zəng
çatmaya bilər, qəti narahat olma. Sonra
şəkillərini yolladı. Baxdım
ki, çox qaralıb. Dedim bəs mənə deyirsən
ki, arxa cəbhədəyik, sən nə yaman qaralmısan. Nə
bilim, məni o qədər arxayın salmışdı ki,
inanmırdım ona nə isə ola. Amma bilirdim ki, o, geridə qalan, təhlükədən
yayınan deyil, əksinə odun alovun üstünə gedəcək.
Qubadlı işğaldan azad olunan gün
çox rahat oldum. Dedim, daha balama
heç nə olmaz.
Yara
Şahgündüzün
şəhid olma xəbərini ailədən ilk alan adam isə Ülvi olur:
-Şahgündüz oktyabrın 24-də başından dəyən
qəlpə yarasından şəhid olur. Əmim oğlu Elşən
zəng vurdu, mənə dedi, Gündüz yaralanıb, dur gəl
bizə. Mən anam eşitməsin deyə bayıra
çıxdım, dedim, şəhid olubsa, de, məni aldatma,
Dedi, yox, yaralıdı. Ora gedəndən sonra bildim ki, şəhid
olub...
Simuzər xanım deyir oğlunun ölümünə
heç vaxt inanmır. Hətta oğlunun cənazəsi evə gətiriləndə
belə bu inamı qoruyub saxlamaq üçün oğlunun
üzünü açıb baxmır:
- O biri
oğlum gəldi, çox arxayın səslə dedi ki,
Gündüz yaralanıb, gedirik xəstəxanaya. Məni də özü ilə götürdü.
Heç ağlıma gəlməzdi. Getdik qaynımgilə. Yolboyu
içimdə bir ümid vardı. Deyirdim
nə yaxşı yaralanıb. Lap qolunun,
qılçının biri olmasın, amma sağ olsun. Düşündüm ki, əgər o, şəhid
olubsa, evə gətirərlər, məni aparmazlar. Qaynımgilə çatanda da inanmadım, qəbul
edə bilmirdim. Ağlayanlara
acığım tuturdu. Sonra tabutu
qapımıza gətirdilər. Mən yenə
inanmadım, dedim, onun üzünü açmayın.
- Niyə
- Ona
görə ki, mənə elə gəlirdi ki, ona heç nə
olmayıb, açsalar da oradakı Gündüz olmayacaqdı.
Özümü aldadırdım... Onun
üzünə baxa bilmədiyim üçün mən elə
bilirəm ki, Şahgündüz indi haradasa yaşayır.
Amma uşaqlarım, yoldaşım onun
üzünü açıb baxdılar (kövrəlir).
Mən elə bilirdim ki, Şahgündüzdən
sonra onun ilinə qədər, bu günə sağ qalmaram.
Amma hər dəfə dərd çəkəndə,
ağlamaq istəyəndə, Şahgündüz gəlir
durur gözümün qabağında. Elə
bilirəm ki, ağlayıb, sıtqasam, onun ruhu məndən
inciyər.
Həmsöhbətlərimin içərisində
Şahgündüz şəhid olanda ən çətin məqamları
yaşayan Kamil bəy olur. O, oğlunu itirməklə
yanaşı, həm də azadlığını itirmişdi
axı. Məhbəsdə o, oğul itkisinin
acısını bumbuz, soyuq divarlar arasında təkbaşına
qarşılayır. Bu dərdlə
başbaşa qalan ata, oğlunun qoxusunu bir də otuz altı
gündən sonra onun məzarı üzərində qalalanan
torpaqdan alacaqdı. Ağır da olsa, ata həmin
günləri yadına salır:
-
Oktyabrın 26-da mənə həbsxana işçiləri
Şahgündüzün yaralanması barədə xəbər
verdilər. Adətən şəhid xəbərlərini
onun ailə üzvlərinə yaralı adı ilə deyirlər.
Mən bunu bilirdim... Evə zəng vurdum, elə
bildiyim də həqiqət oldu. Onun
qırxına dörd gün qalmış azadlığa
çıxdım. Oğlumun məzarına
gəldim. Mən Şahgündüzün
şəhid olmasına zərrə qədər də heyfsilənmirəm.
Amma bircə şey məni yandırır, ona
atalıq edə bilmədim. Ondan başqa
heç nəyə təəssüflənmirəm. Vəssalam.
Həsrət
Oğlu vətən üçündür. Mən
oğul dərdinə dözürəm. Amma
onu atasız qoymağıma, onun bir zamanlar mənim həsrətimlə
yaşamasına dözə bilmirəm.
Övlad yarası heç vaxt qaysaq tutmur, bu yaranın
qanı həmişə axır. Amma
başıaşağı yaşamaqdansa, ağrı ilə
yaşamaq daha yaxşıdır. İnanın
ki, Şahgündüzün şəhid olma xəbərini
eşidəndə, mən allaha şükür etdim ki, Allah
bu xalqı başqa millətin övladının ümidinə
qoymadı. Bizim oğullarımızı allah
yetişdirdi, bu yaşa gətirdi çıxardı, onlar da
gedib can bahasına torpaqlarımızı azad etməliydilər.
Bayaqdan biz söhbət etdikcə gözlərinin
yaşını yaylığının ucu ilə silən,
deyilən sözlərin hamısını başı ilə
təsdiq edən yaşlı, nurani sifət qadına
müraciət edirəm. Kamil bəyin xalası olan qadın
Nübar xala, israrıma rəğmən danışmaq istəmir.
Qapıdan çıxıb sağollaşanda, Nübar xala mənə
yaxınlaşıb gözlərindəki yaş gilələri
ilə bərabər pıçıldayır:
Ağam gəl,
ay ağam gəl,
Ölməmişəm, sağam gəl.
Boynumda qəm zənciri,
Yolunda dustağam gəl.
Samirə Əşrəf
Hərbi
and.- 2021.- 5 noyabr.- S.12-13.