ZƏFƏRƏ APARAN 44 GÜN
Vətən həsrəti həsrətlərin
ən dözülməzidir. Vətən həsrəti
çəkənlərin çöhrəsinə
sanki payız fəsli nəqş olunur. Gözləri dolan buludu, simaları saralıb – solan yarpaqları xatırladır. Budağından qopan yarpaqları çarəsiz – çarəsiz
izləyən ağac
kimi köksümüzdən
qoparılan torpaqları
izləmək ürəyə
dözülməz ağrı
verirdi. Bəzən Qarabağdan vətənə
doğru əsən küləklər şəhid
qoxulu torpaqların qoxusunu gətirirdi. Bəlkə də şəhidlərin
ruhlarını təkcə
o küləklər şad
edə bilirdi. Şəhid məzarlarına layla deyən o küləklər
oğul dərdindən
bəyaza boyanan telləri yolurdu. Eyni anda yaşanan təzadlardan yorulmuşdu ürəklər. Sevinclərin də qolu kəsik,
gözü kor idi. Hər dəfə bir
bayram gəldiyində
arzuların ən önündə eşidirdik
Qarabağlı arzuları.
Günün sonunda xəyallarla
yuxuya gedərkən Qarabağı xəyal edərdim. Xəyalları al-əlvan olur.
Mən də göz oxşayan xəyallarımda
sevdim Qarabağı.
Ancaq bir gerçək var idi ki, o göz
oxşayan torpaqlar 30 il idi ki, düşmən əsarətində idi. Xəyallarımın rəngi günbəgün
dəyişdi. Mən
vətənimdən bir
qarış da düşmənə pay vermərəm
dedim. Bilirdim ki, mənim
dediklərimi düşünən
qəhrəman oğullarımız
çoxdu. İllərlə o qəhrəmanların bəzilərinin
adını duyurduq.
Ancaq
2020-ci ilin sentyabrında
biz eyni düşüncədə
olan minlərlə qəhrəmanın adını
eyni anda duyduq. 30 il
sonra yurduma gələn payız fərqli gəlmişdi. Həmin payız buludlar ağlamadı. Deyəsən şəhid analarının
göz yaşlarına
qarışmaqdan utandı
buludlar, yada torpağa hopan şəhid qanlarını
yumaqdan. Adətən yaz fəslində vətən laləzar olardı. Bu payız Qarabağa doğru gedən yol payızda laləzara büründü.
İllərdi bağlı qalan
yollara qəhrəman oğullar qanları ilə cığır saldılar. Füzulinin sinəsi üstə
yığılan beton
sədləri qəhrəman
oğullar yerlə yeksan etdilər. İllərdən sonra Füzuli
torpaqları rahat nəfəs ala bildi.
Can üstə olan torpaqlara şəhidlər
son nəfəsləri ilə
nəfəs verdilər.
Murovdağın bəyaz zirvəsi
sanki bayrağımın
al rənginə boyandı.
Günəşin Ərgünəşə düşən əksinin
şəfəqləri düşmənin
gözlərini qamaşdırmağa
başladı. Cəbrayıl elə bil ki,
düşmən çəpəri
idi. Düşmən arxayınlıqla o çəpərin ardında
gizlənmişdi. Ancaq illərlə
azadlığın çatacağı
anı gözləyən
qəhrəman oğullar
vətənlə Cəbrayıl
arasında hörülən
çəpəri göz
qırpımında aradan
götürdülər. İlahi, ananın balasına qovuşduğu anı xatırlatdı həmin
an. İllərlə Arazın
göz yaşı ilə yuyulan Xudafərin ilk dəfə
sevinc göz yaşlarına şahidlik
etdi. Düşmənin illərdi ki,
yağmaladığı Hadrut
artıq uzaqdan düşən azadlıq
işığına qərq
olurdu. Düşmən bir gün Hadrutda bayraqlarının rənginə boyadıqları
qaya parçasını
Azərbaycanın şanlı
bayrağının rəngində
görəcəyini xəyal
da etmirdi. Ancaq ağıla gətirmədiklərini
Azərbaycan ordusu düşmənin başına
gətirdi. Ermənilərin ən çox məskunlaşdıqları və
hərbi texnikalarının
cəm olduğu Hadrutun azad olunması
düşmənin süqutu
demək idi. Hadrutun azad olunması Şuşaya açılan
azadlıq qapısı
idi. İllərdi vətənə qovuşacağı günü
gözləyən Suqovuşanın
dür suları bir payız şəhid qanları ilə qarışdı.
O qanların çiləndiyi
hər qarış torpaq düşmən tapdağından azad olundu. Günbəgün irəliləyən rəşadətli ordumuzun
açdığı zəfər
yolu uzandıqca uzanırdı. Artıq həmin
Zəfər yolu Cəbrayıldan, Füzulidən,
Zəngilandan keçib
Qubadlıya çatmışdı.
Hələ qarşıda enişli-yoxuşlu,
daşlı-kəsəkli yollar
var idi. Ancaq heç bir maneə Azərbaycan ordusunun qarşısını
ala bilməzdi. Bu dəfə yolu sonuna qədər getməkdə qərarlı
olan qəhrəmanlar düşmənin “Keçilməz
sədd” adlandırdıqları
Laçın dəhlizindən
keçdilər. Həmin “Keçilməz
sədd” i aşmaq üçün neçə-neçə oğullar
kürəklərini körpü
etdilər. Nəhayətində
qəhrəmanlarımızın gücü həmin ərazidə də öz sözünü dedi. Düşmənə
günün günorta
çağında qorxulu
yuxu kimi görünən Şuşa əməliyyatı
Azərbaycan ordusunun dünya hərb tarixində yazdığı
yeni bir tarix oldu. Topxana meşəsinin
tellərini vətən
oğullarının əlləri
sığalladı. İllərdi dərddən bağrına
daş basılan Daşaltı mübarək
qədəmlərlə sevindi.
Qırmızı Bazar
uğrunda tökülən
al rəngli şəhid
qanlarına boyanaraq adının haqqını
verdi. Düşmənin gözləmədiyi kimi dağları dırmaşan
qəhrəmanlar üzbəüz
döyüşdə hərbi
texnika olmadan qalibiyyət əldə etdi. Bu məğlubiyyətdən
sonra düşmən
öz süqutunu etiraf edərək Ağdam, Kəlbəcər
və Laçın rayonlarını qısa zamanda tərk edəcəkləri ilə
razılaşaraq kapitulyasiya
aktını imzaladı.
Noyabrın 9-dan 10-na keçən gecə hər kəsin şüarı “Qarabağ azaddır” oldu.
Məgərsə duyğuların ən gözəli imiş azadlıq. Mən özümə ən
xoşbəxt insanlar deyirəm. Çünki mənim xatirələrimdə
illərlə duyduğum
“Kaş ki, bir səhər oyananda eşidək ki, Qarabağ azad olub” arzusunun
gerçəyə döndüyü
o gün iz salıb. Mən 10 noyabrın sübh
səhərini “Qarabağ
azaddır” müjdəsi
ilə açdım.
Mən heç o günə qədər sevinci o qədər dərindən
yaşamamışdım. Mən heç o günə qədər sevincdən ağlamamışdım. Mən o gün bildim ki, vətən həsrətinin böyüklüyü
qədər olan yeganə duyğu vətənin azadlıq sevincidi. Körpəlikdən xəyallarımı bəzəyən Qarabağın
azadlıq arzusu daha reallıqda ömrümü bəzəyir.
Əzəli torpaqlarımızın azadlığı
əbədi olsun. Qarabağımın bəxtinə daha adındakı qara iz salmasın. Ağ günün mübarək
Qarabağ.
ZƏFƏR
GÜNÜ
Xalqımın haqq səsi ərşə ucalıb,
Pozdu bu dünyanın lal sükutunu.
Haqqa göz qapayan o riyakarlar,
Şahidi oldular qalib ordunun.
Düşmən mərmisinə sinə gələrək,
Müzəffər ordumuz haqq yolun getdi.
O yolu sona dək
getmək istəyən,
Neçə igid ömrü yarıda bitdi.
Bitən
ömürlərin öcü
böyüdü,
Vətən sevdasıyla vuran qəlblərdə.
Neçə qəhrəmanın ömür
payı var,
Xalqım qazandığı həmin
zəfərdə.
Füzuli,
Cəbrayıl qalib ordunun,
Gəllən yollarına min alqış
dedi.
Axan qanlar ilə bir məlhəm tapdı,
Laçın, Qubadlının sağalmaz
dərdi.
Ağdamın xaraba qalan köksündə,
Rast gələ
bilmədik daş üstə daşa.
Azan sədasıyla bir salam verdi,
Şəhid ruhlarına sevinclə
Şuşa.
Kəlbəcər, Ağdərə sevincdən
coşub,
Dünyanı zəfərdən etdilər
halı.
Ümidlə vətənə sarı
boylandı,
Elimin Zəngəzur adlı mahalı.
MANYA
SƏXAVƏTQIZI
Hərbi And.- 2021.- 12 noyabr.- S.16.