Dəyərli ömürə dəyərli
kitab
Söz dərk ediləndə daha qüdrətli olur. Söz də,
sözü deyən də. Zərdüştə
görə xeyirli söz anlayışı var və bu
anlayış xalqla bağlı olanda müqəddəsləşir.
Zaman-zaman əqidələr də, amallar da belə
bildirilib, dürüstlüyə çağırış
sözlə ifadə edilib. Aqil kəlamları
da sözlə bəşəriləşib. Ədəbiyyat ona görə mənəvi kamilləşmənin
göyqurşağıdır ki, oxuyanın düşüncələrini
durulaşdırır, dünyaduyumunu formalaşdırır.
İstər tarixi, istər bədii ədəbiyyat,
istərsə də xatirə ədə-biyyatı milli-xəlqi
ruhun cəfakeşi olanda daha gərəklidir. Şahidim
tarixdir...
İslah Paşayevin "Haqqa tapınan ömür"
kitabı tale kitabıdır, talelər kitabıdır. Bu talenin
işığını yüzlərlə insan taleyinə
düşən işıq bilirəm; qaranlıqları əridən,
nurlandıran işıq ona görə müqəddəsdir
ki, həm də bu və ya gərəkli fikri ifadə etməyə
vasitə olur. "Haqqa tapınan
ömür" gerçəkliyin illəri haqqında, bu illərdə
baş vermiş hadisələrin mahiyyəti haqqında, təkcə
bu günlər üçün deyil, sabahlar üçün
yaşanılan ömür haqqında kitabdır. Bir
ömürdə ömürlər yaşatma qüdrəti
ancaq duru ömürlərdə ola bilər
və bu kitabda bu qüdrətin zərrəsi hiss ediləndir.
Ötən əsrin sonlarında Ermənistan Azərbaycandan
ərazi qoparmaq iddiasıyla genişmiqyaslı siyasi
riyakarlığa, Moskvanın dəstəyi ilə, bu və ya
digər xarici dövlətin siyasi, maddi, hərbi dəstəyi
ilə elan etmədən müharibəyə başladı. O illərdə
Qarabağın dağlıq hissəsində kəndləri,
rayonları yerli müdafiə batalyonları və polislər
qoruyurdu. O vaxtlar Azərbaycan polisinin yerinə yetirdiyi vəzifə
borcunu ümumiləşdirən dövlətçilik xidmətlərini
tarix elmləri doktoru Kərim Şükürov "əsgəri
xidmət" adlandırır və bu adlandırma tərəddüdsüz
dövrün dövlətçiliyə sədaqət
düsturu kimi dərk edilməlidir: "Qarabağ müharibəsinin
ilk əsgərləri - Azərbaycan polisi". "Haqqa
tapınan ömür" kitabı Azərbaycan polisi
haqqında tarixi-bədii (bədii ifadəsinin əsərin rəvan
dilinə, təhkiyələrin bədii sözə söykənməsinə
görə işlədilməsini kimsə suç hesab etməz,
gümanındayam) əsərdir, dövlətə xidmət
kimi yaşanılan illərin ruhu rəvanla-ra azərbaycançılıq
hesabatıdır. Kitab mahiyyəti etibarilə "nə
etmişəm"dən daha çox "nə
edilmişdi"nin, "necə edilmişdi"nin
xatirə salnaməsidir...
İslah Paşayevin "Haqqa tapınan ömür"
kitabı məzmun baxımından çoxşaxəli
kitabdır.
Ümumini (ömür) şərtləndirən ayrıcalar
(ailə şəcərəsi, doğma el-oba, əzizlər,
iş fəaliyyəti) ayrılqda da, vəhdətdə də
o qədər səmimiyyətlə, Azərbaycan dilinin incəliklərinə
(və bu dilə qədərsizsevgiyə!) o qədər bələdliklə
təqdim edilib ki! İslah müəllim bu və
ya digər mətləbi aqilləriin kəlamları ilə
süsləyib. "Qubadlı - tükənməz sevgim,
yurdum mənim"də təkcə Qubadlının təbiətinə,
havasına-suyuna deyil, qubadlılara da qədərsiz sevgi var.
Bu sevgini dağ sevgisi ad-landıranlar da olacaq və onların
sırasında mən də varam; dağ sevgisi dağa sevgidi,
dağ əyil-məzlik, qürur simvoludu və bu simvol
işıq misallı simvoldu - sonu əbədilikdədi.
"Haqqa
tapınan ömür" kitabı diqqətçəkən
bir məqamı ilə səciyyəvidir: bu kitab xalqın
tanıdığı (və sevdiyi!) insanların da
ömrünün məlum olan naməlumluqları haqqında
gerçəkliklər kitabıdır. Xalq
ötən əsrin sonlarını heç zaman unutmayacaq.
Xalq erməniliyi unutmayacaq, erməniliklə
döyüşənləri unutmayacaq. Unudulmayacaq
tariximizdən yazıılanlar tarixi gerçəkliyə sədaqətdir;
İslah Paşayev daxili işlər orqanlarında uzun müddət
sədaqətlə xidmət edib, yaddaşında qalanları
(və xalqa, dövlətə, dövlətçiliyə gərəkli
olanları!) böyük ehtiramla, xalqa, dövlətə,
dövlətçiliyə sədaqətlə tarixləşdirib.
Azərbaycanın Milli Qəhrəmanı Əliyar
Əliyev Qubadlının Qəzyan kəndində anadan
olmuşdu. Rayonda ilk ərazi özünümüdafiə
taborunun yaradılmasının təşəbbüsçülərindəniydi,
yaradılmış taborun komandiri olmuşdu.
"...Dağlıq Qarabağla həmsərhəd bölgələri
müdafiə etməyə başlayırlar. Ə.Əliyevin
yaratdığı kəşfiyyat dəstəsi Qafan, Gorus,
Qarakilsə (Sisyan) rayonlarında böyük hərbi əməliyyatlar
aparmış, Qafan - Gorus yolunda hərəkəti
dayandırmış, nəticədə ermənilərin bir
çox sərhəd kəndlərinin əhalisi
köçürülmüşdü. Onun rəhbərlik
etdiyi tabor yüzlərlə erməni yaraqlısını məhv
edir, bir çoxunu girov götürərərk azərbaycanlı
girovlarla dəyişdi-rilirdi...".. Bu fikirlər bir qəhrəman haqqında gerçəkliyin
ifadəsi kimi yaddaşdan yaddaşlara köçür.
Bu köçmə (köçürülmə)
tarixi gerçəkliyi yaşatma istəyidi; İslah
Paşayevin özü polkovnik rütbəsində dövlətçiliyin,
qələmi tarixi gerçəkliyin əsəgəri olub.
Xalqın (elin-obanın) yüz illərlə
yaşatdığı adət-ənənələr (bunlar
milli mentaliteti müəyyənləşdirir) dünənlərə
böyük sədaqətlə yaşadılıb. Yaşadılanları
xatırlama, xatırlatma da böyük sədaqətdir;
"Haqqa tapınan ömür" sədaqətin
kitabııdır - belə yazılıb, belə oxunur, belə
yaşadılacaq...
"Nəslimiz,
soykökümüz" bölməsində təsvir edilən
hadisələr də, bu hadisələrə münasibət-lər
də, hadisələr fonunda el adına qəbul edilən tərəddüdsüz
qərarlar da, elin ad-sanı üçün ən acı
ağrıları da unutmaq, unutdurmaq böyüklüyü,
... haqqında söz açmaq da, aradan illər keçdikdən
sonra unudulmayan hadisələrə görə el-oba ilə
qürrələnmək də, o qürrəni sözə
çevirmək də, bu sözü tarixləşdirmək də
duru niyyətlilikdir, el-obaya oğulluq borcudur, oğulluq borcunun
nə olduğunu aşılamaq istəyidir; "Haqqa
tapınan ömür" bu baxımdan da dəyərli
kitabdır.
İslah Paşayev polis polkovniki kimi Azərbaycanın
idarəetmə baxımından ən çətin
rayonlarından olan Ağdamda polis rəisi olub. Polis şöbəsinin rəisi
təyin olunandan beş gün sonra rayonda
keçirilən fəallar yığıncağını
xatırlayan müəllif dövrün bəyənilməyən
(bəyənilməməli!) bir xarakterini də yada salır. Bu yadasalma şəxsiyyət
toxunulmazlığına (ağa qara deyilməməlidir!)
insani münasibətə, vəzifə borcuna sədaqətə
(polis asayişin, əmin-amanlığın cəfakeşidir!).
Azərbaycançılığa hörmətə
(gedənin dalınca danışmazlar), xarakter
bütövlüyünə (qorxmazlıq) hörmətlə
yanaşılmanın yaşam fəlsəfəsi olduğunu
unutmama tövsiyəsidir. İslah
Paşayev həmin yığıncaqda tribunadan bütün
deyilənlərə görə deyənləri məsuliyyət
hissini unutduğuna təəssüfünü bildirib,
"...Məni qorxutmaq istəyirsinizsə,
özünüzü yormayın, qorxsaydım heç bura gəlməzdim"
deyib. Necə deyərlər, rayon yeni rəisin xarakterini
də duyub, necə işləyəcəyini də..
Bu xatırlatma bioqrafik informasiyanın ümumiləşdirilməsi
baxımından diqqəti çəkir. Bir kitabın
timsalında ictimaiyyətin bilməli olduğu naməlumluqların
ictimailəşdirilməsi azərbaycanlı məmur
obrazına ehtiram yaratma (mövcud ehtiramı artırma)
baxımından dəyərli söz bukletidir. Asayişi
qoruyan, Qarabağda düşmənlə döyüşən,
yüzlərlə ömürlərin üstündə yel əsdirməyə
meyil göstərən ermənilərin niyyətinin qarşısını
alan polislərin ünvanına deyilənlərin
çox böyük əksəriyyətinin qara ürəklik
olduğunu rayon miqyasında ən mötəbər
kürsüdən təsdiqləmə də mərdlikdir.
"Haqqa tapınan ömür" kitabı həm də bu
canıyananlığın təsdiqi baxımından yaddaqalan
kitab olacaq; polislər üçün xidmət örnəyi,
polislərdən söz düşəndə fikir səsləndirənlərə
insaf (bəlkə də vicdan) meyarı kimi...
"Haqq nazilsə də üzülmür". "Haqqa tapınan
ömür" kitabı bu atalar sözünün
yaşarlığının söz abidəsidir və söz
olaraq, kişi sözü olaraq, Babəkin yaşam fəlsəfəsini
xatırladaraq deyir ki, ömrü yöndəmsiz əsən, yöndəmsiz
əsdirilən yellərdən qoruyun. Ləyaqət
bircə dəfə titrədisə, qürur bircə dəfə
mərtəbəsindən tərpədildisə, ömrə
verilən haqq xeyir-duası ovsanata keçmir; "Haqqa
tapınan ömür kitabı" azərbaycançılığı
əsl Azərbaycanlı kimi yaşatma örnəyi kimi oxunur.
"Haqqa tapınan ömür" kitabı ataya, anaya
ehtiramın ömürə işıq, bu işığa
şükranlıq olduğunu xatırladan təhkiyədir. "Ata-ana sevgisiylə
süslənməyən illər təəssüflə yada
düşəcək, ağrı-acısı ömür üzəcək,
ruh sarsıdacaq" tezisinin işığı sezilir və
bu işıqda Cəfər Cabbarlının "Ana"
şeirini xatırlayırsan:
Ana, mən sənə rahibəm itaətdə...
Belə düşündürücü, belə duyğusal şeiri xatırladan "Haqqa tapınan ömür" kitabı ömür haqqında nəsrlə yazılmış nəğmə kimi oxunur. Bu nəğmə oxucuya beşik nəğməsini xatırlatma qüdrətindədi...
"Həyatda ana və atamdan başqa heç kimə borcum yoxdur. Onların borcunu isə qaytarmaq mümkün deyil. Valideynin qədir-qiymətini bilməyən övladdan nə yaxşı dost, nə yaxşı qohum, nə yaxşı ailə başçısı olar. Belələrinin insan çağırılmağa da heç haqqı yoxdur" - İslah müəllim belə düşünür, belə yazır...
"Mənim xanım-xatın anam. Səni ovcumuzun içində, çiynimizdə gəzdirməyə hər vaxt hazır olmuşuq. Sözün, söhbətin bizim üçün qanun olub..." ("Cənnətim - anam mənim"), - İslah müəllimin bu etirafı bütün övladların yerinə yetirməli olduğu mənəvi borcun mahiyyətidi, "Haqqa tapınan ömür" bu mahiyyətin kitabıdı.
Şah Abbasla bağlı ibrətamiz bir hadisəni sözə qüvvət bilən İslah müəllim yazır: "Mənim qardaşlarım cəmiyyətdə, yaradıcılıq fəaliyyətində fəal həyat mövqeyi yaşayırlar. Onlar özləri üçün yox, xalq üçün, cəmiyyət üçün, dostlar, qohumlar üçün yaşayırlar,vətənə faydalı vətəndaş olmağa çalışırlar" ("Qolum,qanadım, arxamdır qardaşlarım"). Bu kəlmələrin müqəddəsliyə söykəndiyini qardaşa sevginin qürurunu bu səviyyədə yaşayanlar bilər. Onların sırasında olan oxucu könül xoşluğu yaşayır, şübhəsiz...
Eyni qürur "Övladlarım - mənim həyatımdır" bölməsində də yaşanılır...
"Haqqa tapınan ömür" kitabı
ömür kitabıdır, ömrün kitabıdır. Həm
də dəyərli bir ömrün kitabı...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
Hərbi And.- 2021.- 12 noyabr.- S.12.