Düşmənin 6 əsgərini məhv
edərək şəhadətə ucalan
cəsur əsgər
Şanlı Zəfərimizlə bitən Vətən müharibəsinin qəhrəman şəhid oğullarından biri də biləsuvarlı Fariz Hüseynlidir. Fariz müharibənin 6-cı günü mövqelərinə hücum edən düşmən kəşfiyyatının planlarını ürəyində qoyub. Üzərində olan F-1 qumbarasını səngərdə partladaraq, düşmənin 6 əsgərini məhv edib, özü isə şəhadətə ucalıb.
Fariz Hüseynli Masallı rayonunda usta ailəsində doğulub. Lakin onun uşaqlıq və gənclik illəri Biləsuvarla bağlıdır. Məskən saldıqları Biləsuvarın Əsgərabad kəndində usta övladının göz oxşayan əl işləri indi doğmaları üçün ən ülvi xatirəyə çevrilib.
Fariz dörd ay idi ki, həqiqi hərbi xidmətə yollanmışdı. Hərbi hissələrin birində təlim və kurslar keçmiş, sərbəst atıcı kimi püxtələşmişdi. O, Vətən müharibəsinin ilk günündə Talış kəndi istiqamətində döyüşlərə qoşulmuşdu.
“Döyüşlərin birində ermənilərlə üz-üzə gəlib. Tək olub. Güllə atmağa imkan tapmadığı üçün üzərindəki qumbaranı partladıb. Komandirinin dediyinə görə, 6 erməni öldürmüşdü, özü də şəhid olmuşdu”, - deyə şəhid atası Dadaş Hüseynov bildirib.
Nazqayıt ana ötən bir il ərzində
övladının qoxusunu indi
onun iki körpə
övladından alır: “Yaxşı ki, Fariz tez-tez yuxularıma gəlir.
Bir dəfə gördüm,
səngərdə uzanıb yatıb. Dedim
Fariz quru yerdə niyə
yatıbsan? Dedi ki, ana, bura bizim
torpağımızdır. Bir dəfə
də gördüm məni
çağırır. Ana,
namazın vaxtıdır,
dur... Mənə görə narahat
olma, salamat qal. Onun yoxluğu ilə
barışa bilmirəm.
Allah bütün şəhidlərimizə rəhmət
eləsin”.
Şəhidin həyat yoldaşı Fatimə Hüseynova Farizlə sonuncu dəfə sentyabrın 30-da danışıb. “Dedi ki, bir-birinizdən, uşaqlardan muğayat olun. Atama-anama yaxşı bax, anam xəstədir. Çox xatirələri var... İki övladımız var, onları Farizin adına layiq böyüdüb tərbiyə edəcəyəm. Qoy, atalarının adını qürurla, ləyaqətlə daşısınlar”, - deyə o söyləyib.
Əsgərabad kənd qəbiristanlığında
dəfn olunan şəhid Fariz
Hüseynli Tərtərin Talış kəndi,
Laçın və Füzuli rayonları
istiqamətində döyüşüb.
Müharibənin 6-cı günü şəhadətə
ucalıb. Ölümündən sonra “Vətən
uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə
təltif olunub.
Hərbi And.- 2021.- 19 noyabr.- S.15.