"Oğlanlarımı bir otağa
yığıb dedim ki..."
Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Tofiq Dadaş oğlu Kərimova həsr olunub.
Tofiq Dadaş oğlu Kərimov 7 iyul 1973-cü ildə Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. 253 nömrəli məktəbin birinci sinfinə daxil olub və həmin məktəbdə 8-ci sinfə qədər təhsil almış ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirmişdir. Ardınca Sovet İttifaqı Marşalı S.S.Biryuzov adına Riqa Ali Hərbi-Siyasi Məktəbində təhsil alıb. Həmçinin Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin müdavimi olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Tofiq Kərimov 1998-2004 cü illərdə Xüsusi Təyinatlı Qüvvələrdə, 2004-2010-cu illərdə isə kəşfiyyat bölüyündə xidmət etmişdir. 2010-cu ildə öz istəyi ilə silahlı qüvvələrdən ehtiyata buraxılmışdır. Azərbaycan Ordusunun mayoru olan Tofiq Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Tofiq Kərimov noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ailəli idi. Üç oğul övladı yadigar qalıb.
Gecikmə...
Oğlunun şəhid xəbərini həbsdə aldı: "Ona atalıq edə bilmədim" - ŞƏHİD ƏMANƏTİ
Uzun-uzadı tıxaclı yollar, günün üzərimə çökən ağır yorğunluğu, bir yandan da reportaja gecikməyim əhvalımı korlamışdı. Çox dilxor olmuşdum. Ayaqlarımın sızıltısı yorğunluğuma qarışıb şirin yuxu gətirirdi. Artıq şəhid ailəsi ilə görüşəcəyimiz vaxtın üzərindən iki saata yaxın zaman keçmişdi. Özlüyümdə görüşü təxirə salıb başqa vaxta təyin edəcəyimi düşünürdüm. Evə çatıb Süsən xanıma mesaj yazdım. Üzrxahlıq elədim. Söhbətimiz uzandı və xeyli maraqlı alındı, gec də olsa, Süsən xanım məni evlərinə dəvət etdi.
Taksidən düşüb onlara çatanda qapını üzümə qara saçları alnına tökülən alagöz oğlan qarşıladı. Uzun dəhlizdən üzümə vuran istilik, divanda uyuyan balaca oğlan uşağının mışıltısı məni də isindirdi. Bəstəboy qadın olan Süsən xanımla masa arxasına keçib üz-üzə əyləşdik. Bütün şəhid ailələrində olduğu kimi Tofiqin də evinin divarları elə onun şəkilləri ilə bəzənmişdi. Şəkillərə diqqətlə baxdığımı görüb Süsən xanım özü söhbətə başladı:
- Tofiqlə tanışlığımız qəribə olub. Onun əmisi oğlu atamla dost idi. Bir gün əmisi oğlu bizə gəldi ki, sizə elçi gəlmişəm. İlk görüşümüz də metrolardan birinin yanında olmuşdu. Sonralar bir söz düşəndə, zarafatla deyirdi ki, mən səni çöldən tapmamışam e, metronun yanından tapmışam.
O, səkkizinci sinifdən hərbi sahəyə yönəlmişdi. Həmişə deyirdi, on dörd yaşımdan çöllərdəyəm. Onun bir rus müəllimi vardı, o, Tofiqə təklif etmişdi ki, Riqaya gedib Marşal Sergey Biryuzov adına Ali hərbi siyasi məktəbə daxil olsun. Tofiq də onun dediyini eləmişdi. Orada həmin illərdə təhsil alan yeganə azərbaycanlı Tofiq olur.
Tofiq sözün həqiqi mənasında hərbiçi idi. Bəlkə də elə bu hərbçi sərtliyi idi ki, məni onunla evlənməkdən saxlayırdı. Anam da bilir mən onunla ailə qurmaq istəmirdim. Hətta buna görə dərman içib intihar da etmək istəmişdim. O, isə mənə demişdi ki, əgər bir ailəni dolandırmaq üçün pul lazımdırsa, bu ömrünün sonuna qədər olacaq. Mən də ipə sapa yatmaz adam idim.
- Sonra necə razılaşdınız?
- Bir az böyüklərin təkidi oldu. Bir az da özüm cəhd etdim. Həm də həmin ərəfədə mən sanki allahla əhd bağladım. Dedim, əgər bu evlilik mənim üçün xeyirli olacaqsa, mən razıyam, olsun. Xeyirsizdirsə, alınmasın. Amma həqiqətən də xeyirli oldu. Və mən heç vaxt, heç bir halda onunla ailə qurmaqdan peşman olmadım. Çünki çox qayğıkeş insan idi. Adi bir misal deyim. Qış fəsli əgər səhər vaxtı biz bir yerə gedəcəkdiksə, o, uşaqların da, mənim də çəkmələrimi gətirib evə, sobanın yanına qoyurdu ki, biz onları geyinib gedəndə, isti olsun. Və yaxud da mən bir yerə gedəndə mütləq mənə baxıb diqqət etməliydi görsün əynimi nazik geyinmişəm, yoxsa yox. Uşaqlarımıza qarşı da elə idi. Tərif hər adama yapışmır. Amma Tofiq həqiqətən də tərifə layiq ata, həyat yoldaşı olub.
Birinci Qarabağ Müharibəsi
Tofiq Kərimov Birinci Qarabağ müharibəsinin də iştirakçısı olub. On doqquz yaşından Qarabağın başı dumanlı dağlarında olmazın sınaqlarla üz-üzə qalıb. Süsən xanım bu barədə bildiklərimi də təsdiqləyir:
- O vaxtı onlar Qarabağda döyüşəndə mühasirəyə də düşüblər. Tofiq və döyüş dostları on yeddi gün ard-arda o mühasirəni yarmaq üçün sürünə-sürünə çıxmışdılar. Daha doğrusu Tofiq nə qədər adamın mühasirədən çıxmasına kömək olmuşdu. İndiyə qədər onun döyüş dostları da bu barədə deyirlər. O vaxtlar onun heç iyirmi yaşı olmamışdı.
Yəni cəfakeş insan idi. Mənimlə də ailə qurandan az sonra mən onun yanımcıllığını, diqqətini hiss etdim. Çox qəribə, satirik bənzətmələri olurdu ki, adam məəttəl qalırdı. Deyirdim bu bənzətmələr ancaq yaradıcı insanlarda olur, sən bunu necə bacarırsan. İndi həmin xüsusiyyət mənim ikinci oğluma keçib. Tofiq sizə deyim ki, ailədə, qohum əqrəbada çox ciddi adam deyildi. Amma mənim rəfiqələrim, yaxınlığımda olan xanımlar ondan utanır, hətta çəkinirdilər.
Tofiq həmişə mənə deyirdi ki, sən
soyuqqanlısan. Mən doğurdan da elə idim. Hislərimi büruzə
verməzdim. Tofiq də elə mənim kimi
idi. Düzdür, təzə-təzə
ailə quranda, qısqanclıqlar olub. Amma
hər şey həddində olub.
Söhbətin bu yerində bayaqdan bizi dinləyən Aida
xanım danışır. Süsən xanımın anası
Aida xanım deyir ki, Tofiq ona həm kürəkən, həm də
oğul olub, daim hörmətini saxlayıb:
- O vaxt
bizə elçi gələndə də dedilər ki,
yaxşı, oxumuş uşaqdı. Biz də
yoxladıq, öyrəndik, gördük düzdür. Süsənin ilk vaxtlar Tofiqdən xoşu gəlməmişdi.
Cavandı da, ərköyünlükləri
vardı. Amma onlar ailə qurandan sonra
Yevlaxda yaşamağa getdilər. Orda biz
Tofiqin qanacağının, mədəniyyətinin şahidi
olduq. Ayaqqabılarımı bayırda
çıxarıb evə girirdimsə, Tofiq götürüb
içəri qoyardı. Evə girən
kimi çayımı süzüb qarşıma qoyardı.
Halbuki bunu edə bilən adamlar vardı, o, etməyə
də bilərdi. Qəşəng süfrə
düzməyi, qonaq qəbul etməyi vardı. Süsən, o sağ olan müddətdə
dükan, bazar nə olduğunu bilməyib. Hamısını özü həll edirdi.
Ən
böyük arzu
Tofiq gəncliyinin ilk dövrlərini Birinci Qarabağ
müharibəsində keçirdiyi üçün idi ki, bəlkə
də ömrünü hərb sahəsinə həsr etdi. O, cəbhənin sərt tərəflərini
görmüşdü. Müharibədə
bişmişdi. Yanında, qucağında
özünün də dediyi kimi əjdaha kimi oğullar
canını tapşırmışdı. Bu səbəbdən idi ki, daim müharibəyə
hazır vəziyyətdə gözləyirdi. Süsən
xanım Tofiqin müharibə başlayan zaman yaşadığı
həyəcanlı günlər xatırlayır:
- O,
birinci Qarabağ müharibəsini həmişə yadına
salırdı, deyirdi, doğurdan da canlara dəyən
oğullar getdi. Onlar torpaq uğrunda can qoymuşdular. Sonra elə oldu ki, Tofiq təqaüdə
çıxdı. Amma canı həmişə
hərbdə idi. Tovuz hadisələrindən, general Polad Həşimovun ölümündən
sonra özünə yer tapa bilmədi. Onun
sözləri hələ də qulağımdadı. Deyirdi, bir general min əsgərə bərabərdir.
Müharibə başlanmasına bir neçə gün
qalmış mətbəxdə xörək
hazırlayırdım, Tofiq yanıma gəldi, dedi ki,
keçmiş generalıma zəng vurub dedim, bizi yığ. Mən də doğrusu inanmırdım ki, müharibə
davamlı olacaq. Amma Tofiq müharibə
başlamazdan bir həftə əvvəl mənə
demişdi ki, müharibə başlayacaq. Bir gün də
səhər vaxtı kiçik bacım zəng vurdu, dedi ki,
müharibə başlandı. Onun oğlu hərbi
xidmətdə idi. Biz daha çox onun
oğlundan ehtiyat edirdik. Bundan sonra Tofiq
oturub qalxıb deyirdi ki, məni üçüncü
çağırışda çağıracaqlar. Hərbi sənədlərinin hamısını da
ciblərində gəzdirirdi. Hərdən
deyirdim ki, evin içində hərbi sənədlərlə
gəzirsən, qoy, bir yerə. Dediyi kimi də
oldu. Biz anamgilə qonaq gedirdik. Səhər vaxtı idi. Tofiqin
mobil telefonuna zəng gəldi. Gördüm
deyir ki, mən indi başqa yerdəyəm, əlaqə
saxlayacam sizinlə. Sonra soruşdum ki,
kimdir? Dedi, hərbi komissarlıqdan. Dedim, hə, Tofiq,
arzuna çatdın?
- Nə
cavab verdi sizə?
-
Gülümsədi. Dedi, çoxdan bu zəngi gözləyirdim.
Onun üçün bu çox vacib məsələ
idi. Çağırmasalar belə
özü bir yol tapıb gedəcəkdi cəbhəyə.
Ürəyədamma...
- Şəhid olacağı ağlınıza gəlirdi?
- Mənim
2020-ci ilin yanvar ayının ilk günündə qəribə
narahatlıqlarım başlanmışdı. Uşaqları
Yeni ilin lk günüdə gəzməyə
aparmalıydıq. Elə oldu ki, çoxlu gəlib
gedən, qonaq oldu. Axşam tərəfi idi, birdən
ürəyimə nə gəldisə, dedim, Tofiq, dur, geyin gedək.
Bəlkə bu bizim sonuncu yeni ilimizdir. Baxdı
mənə dedi, nə demək istəyirsən, mən öləcəm?
Dedim, bəlkə mən öləcəm, bilmək olmaz. Həmin günü getdik, qayıtdıq. Amma həmin gündən başlanan
sıxıntı keçmək bilmədi. Koronovirus
epidemiyası başlayanda, dedim yəqin bunu hiss etmişəm.
Amma gördüm ki, narahatlığım
keçmir. Müharibə
başlandı, bacımın oğlu ağlıma gəldi, dedim, yəqin ona nə isə olacaq. Keçən
il noyabrın 8-də prezident
Şuşanın azadlığını elan edəndə,
yüngülləşdim. Elə qələbə
xəbərindən bir neçə saat sonra Tofiqin şəhid
olma xəbəri gəldi. Onda dedim, hə, iki ildir davam
edən narahatlığımı səbəbi bu xəbər
imiş. Tofiq qələbə günü
Şuşada şəhid olmuşdu.
Şuşanın azadlığı uğrunda gedən
döyüşlərdə Şəhid olur Tofiq. Yoldaşlarından
biri yaralı halda olarkən onu xilas etmək üçün
irəli atılır. Ağır vəziyyətdə
olan döyüş dostu da, digər dostları da ona deyirlər
ki, irəli keçməsin, onu vura bilərlər. O, isə
dinləmir heç kimi. Mən döyüş
dostumu elə vəziyyətdə qoya bilmərəm deyir.
Döyüşün ən qızğın məqamında
ayağa qalxmaq istəyəndə düşmən onu snayperlə
başından vurur. Həm
döyüş dostu, həm də Tofiq şəhid olurlar.
Aida
xanım deyir ki, ölümündən sonra gələn digər
döyüşçülər, Tofiq haqqında ən
gözəl fikirləri bildirib deyirmişlər:
- İnan qızım, o, döyüşçülər
deyirdilər ki, biz onun adını da bilmirdik, çünki
döyüşə gələn gündən hamı ona
müəllim deyirdi. Biz də müəllim deyirdik. Bir oğlan vardı, həyatını ona borclu
olduğunu deyirdi. Çünki, onu
döyüş meydanından yaralı halda çıxaran
Tofiq olmuşdu. Həmin oğlan eşidəndə
ki, Tofiq şəhid olub inanmamışdı. O, bizə
gələndə Tofiqin şəklini görüb inandı,
ağladı.
Şuşa...
Tofiq
sonuncu dəfə ailəsi ilə 2021-ci il
noyabrın 1-də danışır. Hər
şeyin yaxşı olduğunu, tezliklə böyük qələbə
xəbərləri gözlənildiyini deyir. Həyat
yoldaşına bildirir ki, bir müddət onun telefonuna zəng
çatmasa, narahat olmasın, çünki onlar Şuşaya
gedirlər:
- Dedi, biz
meşədəyik, Şuşaya qalxırıq. Ola bilsin ki, mənə bir həftə zəng
çatmaz. Narahat olma. Həmin
bir həftə sözü məni arxayın saldı. Düzdür, mən dinc dayanmadım, onu
tanıyanlara zəng vurdum, əlaqə yaratdım. Amma xəbər bilə bilmədim. 8 noyabr qələbə xəbərindən sonra yemək
yeyib, balaca oğlumu yatırtmağa
hazırlaşırdım. Birdən
küçədən səs-küy gəlməyə
başladı. Dedim, yəqin
uşaqlar qələbəni qeyd edirlər. Qonşum zəng
vurdu, dedi, Süsən, deyəsən məhləyə şəhid
gətirirlər. Onda nəsə tutuldum. Sən demə yoldaşımın qohumları biliblər,
amma məndən gizlədirmişlər, deməyə ürək
etməyiblər. Hətta bacım da anama zəng
edib deyib ki, Tofiq şəhid olub, amma Süsən bilmir,
ehtiyatlı olun.
Qonşu
zəng vurandan sonra böyük oğluma dedim ki, çıx
küçəyə gör nə olub. O, çıxdı
küçəyə. Bir az
keçmişdi ki, gəldi, dedi, ana, atamı gətirirlər...
Fəxarət
-
Ağlınıza nə isə gəlmirdi?
- Yox, gəlmişdi. Ona görə də paltarlarımı dəyişdim, hicabımı taxdım. Tofiqi gətirəndən sonra böyük oğlumu bir otağa çağırıb ona dedim ki, sən böyük kişisən artıq. Özünü ləyaqətli apar, atanın büküldüyü bayrağı təhvil alanda, ağlama, möhkəm ol. O, sənin atanın bayrağı, sənin haqqındır. Sonra Tofiqin üç mərasimində oğlanlarımın hər üçünü bir otağa yığıb dedim ki, özünüzü həmişə atanızın adına layiq aparın. Sizə vəd verən insanlara da inanmayın. Bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. Heç kimdən, heç zaman gözləntiniz olmasın. Onlar mənim dediklərimi yerinə yetirdilər. Mən onlarla fəxr etdim. Allah daim onların üstündə olsun.
Söhbətimizin bu yerində şəhidimizin Türkiyədə təhsil alan oğlu Anar Kərimov telefon vasitəsi ilə bizimlə əlaqə saxlayır, atasının haqqında ürək sözlərini, xatirələrini bizimlə bölüşür:
- Atam əvvəlcə Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Oradan bizə zəng vururdu, yemək içməyimizə qədər maraqlanırdı. Ən çox da balaca qardaşım Yəhyanı xəbər alırdı. Onu çox istəyirdi. Qəribədir ki, atam bizim içimizdən məhz onun hərbçi olmağını istəyirdi. İnşallah biz onun bu arzusunu yerinə yetirəcəyik. Atamın xəbəri gələndə çox sarsıldıq. Amma biz bilirik ki, hər adama da şəhidlik qismət olmur. Sevinirəm ki, qələbəmizdə mənim atamın da əməyi, zəhməti olub. O, vətən uğrunda canından keçməyi bacaranlardan oldu.
Samirə Əşrəf
Hərbi And.- 2021.- 19 noyabr.- S.12-13.