Qarın
qanatdığı yaddaş, qırx doqquzuncu zərbə, qətl
edilən sevgi
Faiq
işgəncə üçün
çağırıldığını bilirdi. Onun da
Yaşarın düşdüyü hala salınıb
qaytarılacağı təqdirdə Siracın bu kamerada
heç kimi qalmayacağından, körpənin iki
doğmasının meyiti arasında havalanacağından
qorxub, uşağın qulağına
pıçıldadı:
- Əmiyə söz ver, nə olursa olsun,
qorxmayacaqsan! Bax, mən sənə söz verirəm, hər
şey yaxşı olacaq!
Faiqi qolundan dartıb kameradan çıxartdılar. Yerdə diz üstdə
çöküb oturan Sirac onun arxasınca baxanda, Faiq qapı
örtülməmiş gözləri ilə ona “hər
şey yaxşı olacaq” deyirmiş kimi işarə verdi.
Faiq
getdi... Siraca elə gəlirdi ki, artıq yer üzündə
onu qucaqlayacaq adam qalmayıb...
***
Faiqin gətirilməsini Karo əmr etmişdi. Məhbusların
gəzinti meydançasında onu gözləyirdi. Girovları xüsusi işgəncələr vermək,
döymək üçün buraya gətirirdilər. Meydançanın hər tərəfində bir
girovu incidirdilər.
Karo Vitaliyə gücü çatmadığı
üçün qisasını Faiqdən almaq istəyirdi. Onun
üçün fərq etməzdi, acığını
Əliməmmədovlar ailəsindən hansı yollasa
çıxmalı idi. Bir az
keçmiş Faiqlə üz-üzə
dayanmışdılar...
Ard-arda iki dəfə atəş açıldı. İşgəncədən
sonra sürütlənərək kamerasına aparılan
girovlar hamısı heyrətlə Faiqə baxırdı...
Karo 23 yaşlı gənci ürəyindən və
boğazından vurmuşdu...
Faiqin öldürülməsi xəbəri tezliklə
girovlarla dolu kameralara yayıldı. Hərə bu gəncə
qəlbində bir cür acıdı. Ən böyük
acını isə kamerasının bir küncünə
qısılan qız çəkirdi... Faiqin yer üzündə
ən çox sevdiyi qız... Faiqi yer üzündə
hamıdan çox sevdiyini hələ heç kimə deməyə
macal tapmayan, indi isə ona yas saxlayan girov qız...
***
Sirac o qədər balaca idi ki, ağlı hələ
çox şeyi kəsmir, insanın bütün
orqanlarının ürək kimi döyündüyünü
zənn edirdi.
O, indi başını Yaşarın böyrəyinə, mədəsinə,
dizinə söykəyib, yaşadığını sübut
edən səsi bir əlamət tapmaq, ürək
döyüntüsünə bənzər bir səs eşitmək
istəyirdi. Atəş səsi eşidiləndə kamerada
hamı ani olaraq diksindi... Kəsmək bilməyən insan
bağırtılarına, nalələrə ara
verildi...
Girovu
kameradan çıxarıb aparandan bir neçə dəqiqə
sonra açılan atəşin nə demək olduğunu
burada hətta Sirac da başa düşürdü... Amma yenə də uşaq bilməsin deyə kamerada
Faiqin adını çəkməməyə
çalışdılar. Həmin vaxt
başını atasının sağ çiyninə söykəyib
dinləməyə çalışan Sirac dikəlib, gözlərini
qapıya zillədi.
Faiqin bir
neçə dəqiqə əvvəl dediyi sözlər hələ
də qulaqlarında idi: “Əmiyə söz ver, nə olur
olsun, qorxmayacaqsan! Bax, mən sənə söz verirəm, hər
şey yaxşı olacaq...”
Bu atəş Faiqə açıla bilməzdi,
çünki o, Siraca hər şeyin yaxşı
olacağına söz vermişdi. Amma indi qapı açılmır,
Faiq geri qayıtmırdı... Uşaq hissləri
onu aldatmamışdı. Sirac dünyada sonuncu
doğmasının da onu bir az əvvəl
tərk etdiyini hiss eləmişdi. Nəm betonun üstündə,
üz-gözü qanlı, sümükləri
sınıq-sınıq olan huşsuz atasının
önündə diz çökmüş Siraca daha heç kim “əmi qurban, qorxma” deməyəcəkdi. Sirac qorxurdu. Bu amansız insanların
arasında əlindən tutmağa kimsəsi olmadığı
üçün qorxurdu...
Sirac yenidən atasının üstünə əyildi. Hələ
ki, bu dünyada ona məxsus, toxuna biləcəyi nəsə
var idi. Bu, cansız bədən olsa da, hələ
ki, onun idi. Üzünü atasının
üzünə söykəyib uzandı. Elə bu vaxt
alnında nəyinsə gəzdiyini hiss elədi... Tez dikəlib əlini üzünə çəkdi,
üzündə heç nə yox idi, dikələndə
heç nə hiss eləmədi. Sirac yenidən
alnını Yaşarın üzünə söykədi.
Uşağın canına güclə hiss olunacaq xoş
istilik yayılırdı...
Sirac isti
gələn yerə yanağını söykədi,
yanılmırdı... Əllərini toxundurdu... Bir neçə saniyə öncə yer üzündə
kimsəsiz qalan uşağa sanki dünyanı
bağışlamışdılar. Atası nəfəs
alırdı... Atası sağ idi...
***
Yaşar özünə gələndə Sirac sevinclə
onun sağına-soluna keçir, yerdən qaldırmağa
çalışırdı. Taqəti olmasa da,
Siracın onu yaşatmaq həvəsindən güc alıb,
divara qədər süründü, dikəlib söykəndi.
Ətrafa baxdı, Faiq yox idi.
- Əmin hanı?
Sirac susub qapıya baxdı. Kamerada heç kim
Yaşara Faiqin bir neçə saat əvvəl
aparıldığını, sonra atəş səsi
eşidildiyini demədi...
Axşam kameraya qaranlıq çökəndə dəmir
qapı yenə açıldı. Barmaqlıqların
arxasından kimsə fənərlə içərini
işıqlandırdı. Fənər
bir-bir girovların üzərində gəzib, Yaşarı
tapdı. Qaranlıqdan səs gəldi:
-
Yaşar, məni tanıdın?
- Yoo... Həə...
Səsin tanış gəlir...
Barmaqlıqların
arxasındakı adam fənəri öz
üzünə tutdu:
- İndi tanıdın?
- Hə...
Manvel...
Manvel Vitalinin qardaşı idi.
- Vitaliy
dedi ki, buradasan. Dedim görüm nə lazımdır. Nəsə istəyirsən?
Döyülməkdən
qol-qabırğası sınan, bədənində salamat yer
qalmayan, həyat yoldaşından, bacı-qardaşından xəbər
tuta bilməyən, gözünün önündə az qala havalanmış körpə balası
olan insan belə suala necə cavab verə bilər?! Nə istəyə bilər axı?! Onun
ağrılarını, dərdini azaldacaq nə ola bilər axı?!
Yaşar
özü də bilmədən ağzından
çıxdı:
-
Siqaret...
- Bu
gün heç bizə də siqaret paylamayıblar. Əsgərlərin hamısı siqaretsiz qalıb.
Ağlın öz ordunuza getməsin, bizdə, burada siqaret asan
tapılan şey deyil... Ümidimiz sizədir,
sizi qaytarıb əvəzində siqaret alacağıq. Başqa nəsə istəyirsən?
- Onda,
heç olmasa... Heç olmasa su...
- Gözlə,
indi çay gətirdərəm...
Qapı örtüldü. Az keçmiş
yenidən açıldı. Barmaqlıqların
arasında uzun hörükləri qana, palçığa bələnən,
cırıq-cırıq olmuş qırmızı donunun
üstündən rəngini itərmiş gödəkçə
geyinən gənc qız göründü. Bu, xocalılıların yaxşı
tanıdığı rabitəçi Dürdanə idi.
Əlindəki dəmir parçı vedrədən doldurub,
barmaqlıqdan içəri uzatdı...
Xocalının ən ağır günlərində
hamı vəziyyəti rabitəçilərdən
soruşur, harda onları görürdülərsə, yeni bir
xəbər öyrənmək istəyirdilər. Gözlərini
ümidlə bu qızların dodaqlarından çıxacaq kəlmələrə
dikirdilər. İndi isə Dürdanə
gözünü əlindəki parçdan ayırmadan onu
barmaqlıqların arasından içəri uzadır,
xocalılılar başını qaldırmadan növbə ilə
parçı alıb, şəkər qatılmış isti
suyu içirdilər. Yaşadıqları bu dəhşətdən
sonra artıq heç kim bir-birinin
üzünə baxmaq istəmirdi. Heç kimin
həqiqətin üzünə baxmağa gücü
qalmamışdı. Sadəcə, dəmir
parçı qaytaranda hamı eyni sözü deyirdi:
- Allah
yolunu açıq eləsin, bacı...
Nəvəsi
ilə birlikdə girov düşən İsa parçı
Dürdanəyə qaytaranda, gözlərini gizlədərək
pıçıldadı:
- Sən
də mənim qızım, elə elə ki...
- Neyləyim...?
- Bilmirəm
bala, bilmirəm nə elə, amma elə elə ki, səni dəyişsinlər...
Özü də tez dəyişsinlər...
***
Səhər açılar-açılmaz girovlar dəmir
qapının taqqıltısına diksindi. Nəm betonun
üstündə büzüşüb yatan Sirac tez qalxıb
oturdu. Gələn Vitali Balasanyan idi:
-
Yaşar, gəlin, sizi dəyişməyə aparıram.
Kameradakı 20 girovun hamısı tez ayağa qalxdı. Ürəkləri
əsə-əsə bir-bir qapının qarşısında
dayanan Vitalinin yanından keçirdilər. Yaxşı bilirdilər ki, kimisə geri itələyib,
“sən qal” deyə bilərlər. Belə
də oldu. Vitali Elxanı süzüb, əmr etdi:
- Sən
qal!
Yaşar
başını yerdən qaldırmadan Vitaliyə
yaxınlaşdı:
-
Elxanı burax, o, bacımın yoldaşıdır...
- Qəribə
adamsan e, Yaşar! Öz türkünüzü
xilas etmək üçün yalan danışırsan. Guya mən sənin yeznələrini tanımıram?
Yaşar susdu. Amma yerindən də tərpənmədi.
Vitali başını buladı:
- Of,
yaxşı, gəl sən də çıx. Hamınız
çıxın...
Girovlar qanlı dəhlizlə addımlayırdı. Ətrafdakı
hərbçilər kiminə təpik, kiminə qapaz vururdu.
Bəziləri isə avtomatın qundağı
ilə çarəsiz insanlara son zərbələrini
endirirdi. Yaşar dağlanmış qollarını irəli
uzadıb, əlləri ilə Siracı zərbələrdən
qorumağa çalışırdı...
***
Martın
2-də erməni hərbçiləri onları Ağdama təhvil
verib, əvəzində siqaret və benzin aldılar...
Həmin
günlər Azərbaycanın az qala
bütün bölgələrindən Ağdama insan seli
axırdı. Yaxınlarından xəbər
tuta bilməyən xocalılılar bura toplaşıb, dəyişdirilən
girovların arasında doğmalarını
axtarırdılar. Bundan başqa, digər
rayonlardan Xocalıda yaxını, qohumu, tanışı olan
adamlar xəbəri eşidib Ağdama gəlmişdilər.
Yaşarın Moskvada yaşayan qardaşları Natiqlə Xalid
də günlərdir Ağdamda Qaraqayadan gətirilən meyitlərin,
dəyişdirilən girovların arasında ailə üzvlərini
axtarırdılar...
Övladını
tapan valideynlərin, ana-atasını görən balaların,
girovluqdan qayıdan bacıları ilə tapışan
qardaşların ah-naləsi ərşə dirənmişdi...
Bu
izdihamın içindən bir kişi
hönkürərək Siracın üstünə
qaçdı. Böyük əmisi Natiq idi.
Sirac onu görən kimi ağlamağa
başladı. Natiq Siracı bağrına basıb,
dörd gözlə ətrafa baxır, qardaşlarını
axtarırdı...
Yaşar
Səidəni, atasını, bacılarını Ağdamda
tapdı. Qohumların çoxu burada
toplaşmışdı. Amma Namiqdən xəbər-ətər
yox idi... Onu ən son görən elə Yaşarla Sirac
olmuşdu... Bir də Faiq...
Yaşargillə
birlikdə Faiq də gəlmişdi... Gətirmişdilər...
Onu elə Ağdamda dəfn etdilər...
Yaşarın
bacısı Zemfiranın həyat yoldaşı Sabir də gəldi,
yeni ailə quran Kəmalənin həyat yoldaşı Namiqin
isə ölüm xəbərini gətirdilər...
Ölüm
xəbəri gələn qohumların sayı çox idi –
Yaşarın iki dayısı oğlu, bibisi və onun
qızı...
Sağ
qalanların isə ayağını don vurmuşdu... Kiminin
barmağı kəsildi, kiminin ayağı... Hər il qış gəlib havalar soyuyanda bu
böyük ailənin ayağı ürəyi kimi
sızıldayır... Hər qar yağanda Siracın burnuna qan
qoxusu gəlir...
Vüsalə Məmmədova
Hərbi
And.- 2021.- 1 oktyabr.- S.14.