“Tabutdan yapışıb
atamı aparmayın dedim”
Lent.az-ın və Tərxis
Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə
İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı
və müstəqilliyi,
torpaqlarımızın işğaldan
azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin
vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı
şəhid Mürsəlov
Yüzbeh Qafar oğluna həsr olunub.
- Atanız sizin yadınızda necə qalıb. Qəzəbli, ya xoşxasiyyət?
- Qəzəbli qalmayıb.
Çünki heç vaxt
bizə acıqlanmazdı. Anam acıqlana bilərdi, amma o, heç vaxt. Nə isə səhv
edəndə də sözlə başa salardı, heç vaxt qışqırmaz, əl qaldırmazdı.
Aradan 25 il
keçib, amma atamın ölümünü
eşitdiyimiz, onu sonuncu dəfə evə gətirdikləri gün yadımda yaxşı qalıb.
Tabut
- Atanızın ölümün
dərk edirdiniz?
- Atamın tabutunu evə gətirəndən
sonra məni və bacılarımı
evdən çıxardıb
qonşuya apardılar. Orada televizoru yandırıb bizim başımızı
qatmağa çalışırdılar. Amma biz hər şeyi başa düşmüşdük. Yalnız son məqamda bizi çağırdılar, atamın
üzünü açdılar,
dedilər gəlin, atanıza baxın. Onun yarasını da bizə göstərmişdilər. Sağ tərəfdən başından snayperlə
vurmuşdular. Ölümündən sonra mən onu hərdən yuxuda görürdüm. Atam dəfn olunan gündən bu günə qədər elə bir gün
olmayıb ki, mən atamı, onun evimizə gətirilən son gününü
yadıma salmayım. Hərdən
özümə deyirəm
ki, sağ olsaydı, bəlkə həyat başqa cür olardı. Tək ana, baba və nənə ilə üç uşağın
böyüməsi, həm
də 90-cı illərin
ən pis vaxtında böyüməsi
çox çətin
idi. Ona görə
də onu axtarırdım, deyirdim o,
olsa, başqa cür olardı. Amma rəhmətlik babam bizə çox yaxşı baxdı. On beş gün
dənizdə, on beş
gün evdə olurdu. Amma bizi korluq çəkməyə qoymazdı. O,
dənizdə olanda isə nənə və anamın nəzarətində olardıq.
- Bəs böyümək
ehtiyacını, gücünü
kimdən alırdınız?
- Düzdür, atanın
sözü, sığalı
başqadır. Onu yüz faiz heç kim əvəz
edə bilməzdi. Amma həyatımızda qayğı
sarıdan tam boşluq
da olmadı. Nənə ilə
ana atamı əvəz edirdilər. Yəni bütün həyatları
boyu onlar buna çalışdılar.
Zümriyyət xanım
oğlunun sözlərinə
qüvvət olaraq əlavə edir:
- Bilirsən qızım,
aradan nə qədər zaman keçir, keçsin. Yaranın tam
sağalması mümkün
deyil. Mən təbii
ki, tale yarasından danışıram. Deyirlər ki,
zaman keçir, hər şey unudulur, amma elə deyil. Hər şey yadımızdadır. Bugünkü kimi... Qayınatam məni heç vaxt işləməyə
qoymadı. Dedi
ki, qızım sən işləmə, mən, qayınanan işləyib sizi saxlayacağıq. Mənim ən
böyük çətinliyim
uşaqları ayağa
qaldırmaqda idi. Onlara mənəvi dəstək
olmalı idim. Amma onlar ağıllı idilər. Məni sözsüz
başa düşürdülər. Yaxşı uşaqlar oldular, sözümüzdən heç
vaxt çıxmadılar.
8 mart
Zümriyyət xanım
deyir ki, doxsanıncı ilin 8 mart günü bütün qadınların həyatında
xoş gün olsa da, onun və
ailəsindəki qadınların
həyatında bu rəqəm qara rəngə boyanır:
- Biz Yüzbehin xəbərini
8 mart günü aldıq. Hərbi komissarlıqdan qayınatamı
çağırdılar, ona
dedilər ki, Yüzbeh yaralıdır. Sonra isə hər şeyi açıb ona demişdilər. Həmin ərəfədə hər
şeydən xəbərsiz
evdə oturmuşduq.
Lamiyə xanım söhbətə
qoşulub, özü
yaddaşını qurcalayır. Oğul dərdi çəkməkdən
qocalmış qəlbinin
bütün künc-bucaqlarını,
xatirələrinin ən
amansızını seçib
arayır, hər şeyi nəql etməyə çalışır. Oğlu şəhid olan gün onların evinə dörd hərbçi gəlir. Bu gəliş isə
adi gəliş yox, başsağlığı
üçün olur. Lakin, gələnlər ailə üzvlərinin Yüzbehin ölümündən
xəbərsiz olduğunu
görürlər və
heç nə demədən çıxıb
gedirlər:
- Mən işdə
idim. Evə gəldim, paltomu
çıxarıb otağa
keçəndə gördüm
Yüzbehin qızları
televizordan gələn
musiqi səsinə oynayırlar. Birdən qapı
döyüldü. Qapını
açdım, dörd
nəfər oğlan salamlaşıb, Yüzbehi
soruşdular. Onları evə
dəvət etdim. Dedim yəqin uşaqdan mənə xəbər verəcəklər.
- Həmin vaxt Yüzbehə nə isə olması ağlınıza gəlirdi?
- Yox, qəti heç nə düşünmürdüm. Onlardan
soruşdum Yüzbeh necədir, dedilər, lap yaxşıdır xala. Bir az oturdular, Yüzbehin çaydan meyitləri çıxarmaq əhvalatını
da onlar danışdılar. Sonra isə sağollaşıb
getdilər. Heç çay
da içmədilər. Dedilər, başqa evə də getməlidirlər. Sonra bizə “Jek”də işləyən bir qadın gəldi. Amma heç nə demədi. Martın
8-də isə mənim
nəvəmin ad günü idi. Biz hazırlaşırdıq ki, ora gedək. Elə qapıdan çıxmaq istəyəndə, “Jek”dən
yoldaşıma zəng
gəldi. Biz də ev növbəsində
idik. Dedim, get, ay kişi, bizə
yəqin ev verəcəklər. Kişi getdi. Biz də tort və
gül sifariş etmişik, gedib onları götürməli
idik. Yoldaşım
gedəndən az sonra zəng vurub dedi ki, heç
yerə getməyin, uşaq yaralıdır, onu evə gətirəcəklər.
Bir az keçdi, yoldaşım bir hərbçi ilə gəldi, qapını açıb
içəri girdi. Gəlinin ürəyi getdi. Haray eləyib qışqırdım,
gördüm bütün
binanın adamları yığışıb bizə. Sonra balamı tabutda evə gətirdilər. Bir müddət keçəndən
sonra dedilər aparmalıyıq, yer qazılıb, hazırdır. Onda bu uşaqlar balaca idilər. Amma hər üçü tabutdan yapışıb ağlaşdılar, dedilər
atamı vermərik (ağlayır). Rüstəm deyirdi, erməniləri mənim papamı niyə öldürdünüz. Leyla deyirdi mənim atam yaxşıdır, qoymaram onu aparasınız.
Körpə...
Leyla həmin vaxt 3 yaş yarımlıq olur. Ancaq qəribədir ki,
atasının ölümündən
ən çox sarsılan da o, olur. Həmin məşum gündən sonra Leyla düz
bir ay onun tabutu qoyulan yerə uzanıb, burdan atanın iyi gəlir, atam burdadır sözlərini deyir. Leyladan xəbər alanda isə o, həmin günləri çox dumanlı xatırladığını qeyd
edir:
- Mən onu güclə xatırlayıram. Amma danışılanların, yadımda
qalanların fonunda çox xeyirxah, qayğıkeş bir ata obrazı yaranıb. Biz həmişə bacımla
birlikdə oynayanda birdən oyunu yarımçıq saxlayıb
anamdan soruşurdum ki, ata nə
vaxt gələcək,
niyə gəlmir? Anam bizi aldadırdı, deyirdi, gələcək, hər şey yaxşı olacaq. Biz isə böyüdükcə
yavaş-yavaş başa
düşdük, anladıq
ki, o, heç zaman qayıtmayacaq.
Rüstəm Leylanın
sözlərinə əlavə
edib deyir:
Mən də atamın tabutundan yapışıb
onu aparmayın demişdim. Bir
də yadımdadır
ki, atamı tabutda evə gətirəndən sonra Leyla gəlib diqqətlə ona, tabuta baxıb dedi: Ata niyə yatıb, onu oyadın.
Qələbə sevinci...
Nailə isə deyir ki, atasını daha çox yuxuda görür. Onunla gəzdikləri, dolandıqları yerləri
bir də yuxuda gəzirlər. Hər dəfəsində
yuxularının gerçək
olduğuna inanan Nailə ayılanda böyük təəssüf
və kədər hissi keçirir:
- Onu tez-tez görürdüm. Bulvarda, “Torqovı”da
gəzirdik. Sonra görürdüm
evimizə gəlir, mənimlə danışır. Amma real həyatda baba bizə çox qayğı göstərirdi. Ancaq
ata başqa, baba başqa... Onunla bağlı ən
gözəl bir xatirəm var. Bir dəfə Bakıya çox güclü qar yağmışdı. O,
bizim üçümüzü
də həyətə
düşürüb bizimlə
qartopu oynadı. Bu mənim ən
çox yadımda qalan gözəl xatirədir.
Ailə ilə sağollaşıb
çıxanda, Rüstəm
deyir ki, atam şəhid olsa belə, ikinci Qarabağ müharibəsi başlananda,
mən də getmək üçün
müraciət etdim. Ancaq dedilər ehtiyac yoxdur. Ehtiyac olduğu təqdirdə
mən də gedəcəkdim. Mənim üçün
əsas məsələ
atamın qanının
yerdə qalmaması idi. Bunu özüm edə
bilməsəm də,
üç mindən çox şəhidimiz etdi. Atamın və digər
minlərlə şəhidimizin
qanını yerdə
qoymadılar. Atamın uğrunda
qan tökdüyü torpaq bu gün
bizdədir. Bu çox böyük qələbədir.
Samirə Əşrəf
Hərbi And.- 2021.- 1 oktyabr.- S.8.