Generalın cənazəsini çiynində
gətirmişdi... dedi, biz də şəhid olacağıq” –
Şəhid zabitin nisgil dolu HƏYAT HEKAYƏTİ
Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə
“Şəhid əmanəti” layihəsində növbəti
yazı Vətən müharibəsində şəhid
olmuş baş leytenant Siyavuş Muradova həsr olunub.
Baş leytenant Muradov
Siyavuş Akif oğlu. 1991-ci il avqustun 5-də Beyləqan
rayonunda anadan olub. Sonra ailəsi Bakıya
köçüb. 192 saylı orta məktəbdə
oxuyub. Orta məktəbi bitirəndən
sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasına daxil olub. Hərbi Dəniz
Qüvvələrində xidmətini başa vurandan sonra Daxili
Qoşunlarda hərbçi kimi fəaliyyət göstərməyə
başlayıb. Sonra Milli Ordu
sıralarında zabit kimi xidmət göstərib.
"Maşından
düşəndə bədənim əsdi, bildim ki,
oğlumun cənazəsi ordadır" - ŞƏHİD
ƏMANƏTİ
"Əsir
düşməmək üçün özünü qumbara
ilə partlatmışdı" - ŞƏHİD
ƏMANƏTİ
ƏTRAFLI
Tess Make
sail 10sec
2020-ci il oktyabrın 25-də Füzuli istiqamətində
gedən döyüşlərdə şəhid olub. Beyləqanda, doğulduğu Əmirzeyidli kəndində
dəfn olunub.
Qızılgüllər
Əyləşdiyimiz
maşın irəlilədikcə yağış bir az da güclənirdi. Qarşımıza
çıxan evlərin bir çoxunun darvazasından bayraq
asılmışdı. Gedəcəyimiz
ünvan Vətən müharibəsində şəhid olan 29
yaşlı baş leytenant Siyavuş Muradovun evi idi. Valideynlərinin həvəslə oğulları
üçün nəzərdə tutub tikdirdiyi bu təptəzə,
yen təmirdən çıxmış həyət-baca,
evinin divarları indi Siyavuşun toyuna yox, yasına şahidlik
edirdi. Həmin nisgilli, qəmli-kədərli
evə yollanırdıq biz də. Yola nabələd
olduğumuzdan növbəti bayraq asılan mənzilin
yanında maşını saxlayırıq.
Qapının ağzında çöhrəsindən kədər
yağan, saqqallı bir kişi dayanıb.
Bu mərd baxışlı kişi elə
haqqında reportaj hazırlayacağım şəhidimizin
atası Akif Muradovdur.
Həyətə girəndə diqqətimi səliqəylə
əkilmiş narıncı, xırda qızılgüllər
cəlb edir.
Yağışın altına islanan güllərin görüntüsü
ortamın nisgilini bir az da artırır.
Eyvana çıxan qara yaylıqlı, yaslı-yaralı
qadınlar bizi görüb, xısınlaşır, iç
çəkib kövrəlirlər. Siyavuş
haqqında danışmağa, onun bağlı xatirələrinin
yazıya köçürülməsinə tələsirlər.
Hiss olunurdu ki, hər birinin içində Siyavuşla
bağlı bitib-tükənməz xatirələr
özünə yer edib. Şəhid anası
gendən tanınır. Bu qədər
qızın-gəlinin içərisində bir kənarda
dayanmış, bət-bənizi ağarmış,
söz-söhbəti bitmiş ananı, Siyavuşun
anasını tanımaq o qədər də çətin
olmur. Söhbətə də elə Ayna xanımla
başladıq:
-
Siyavuş həmişə narahat idi. İşğalda
olan torpaqlarımızı azad etmək, orada döyüşmək
onun ən böyük arzusu idi. Mənim
oğlum torpağına, vətəninə bağlı
oğlan idi. Çox istəyirdi ki,
işğal olunmuş torpaqlarımızı azad edib, ora bayrağımızı
sancsın. Övladım olduğu
üçün demirəm, mərd oğlan idi. Torpağın, vətənin yolunda da getdi, şəhid
oldu. Siyavuş hərb sahəsini seçəndə
mən buna razı deyildim. Müharibənin,
hərbin nə demək olduğunu bilirdim.
Ata və
oğul
Ayna xanımın sözlərinin mənasını əvvəl
anlamasam da Siyavuşun atası söhbətimizə
qoşulanda Akif bəyin birinci Qarabağ müharibəsi
iştirakçısı olduğunu bildim. O, 1993-cü ildən 95-ci ilə
qədər könüllü olaraq müharibədə
iştirak etmiş qazidir. Oğul sarıdan yeganə
payını itirsə də, Akif atanın gözlərindəki
işıq, baxışlarındakı cəsarət və
yenilməz duruşu onun yaşadığı dərdin
qarşısında çox çətin mənəvi
mübarizə yaşamasından xəbər verirdi. Akif bəyin duruşundakı məğrurluq
bütün ortama sirayət edir. O, söhbətə
özünün keçdiyi döyüş yolundan başlayır:
-
1993-cü ilin noyabr ayından döyüşlərə
yollanmışam. Döyüşdən
qayıdanda Siyavuşun dörd yaşı vardı. Evə gələndə avtomatı verirdim,
baxırdı. Bir dəfə ehtiyatsızlıq elədim,
avtomat onun əlində olanda lüləyi torpağa girdi, silah
açıldı...
Siyavuş hələ tələbə olanda deyirdi ki,
torpaqlarımız işğaldan azad olunmalıdı. Milli Orduya
yazıldı. Həmişə deyirdi ki,
heyif, bu cür oğlanlarımız getdi, torpaqlarımız
isə hələ də işğal altındadır.
General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin
ölümü ona çox pis təsir etdi. Polad
Həşimovun cənazəsini Siyavuşgil atası evinə
qədər çiyinlərində gətirdilər. O
hadisədən sonra gördüm, özünə yer tapa
bilmir, ancaq getmək istəyir.
Müharibə başlanandan iki gün sonra, sentyabrın
29-da Siyavuş evlərinə zəng vurub, atasından ona
çəkmələrini gətirməyi tapşırır. Çəkmələri
oğluna təhvil verəndə Akif bəy görür ki,
oğlu və onunla birlikdə olanlar könüllü şəkildə
müharibəyə yollananlardı:
- Çəkmələri
verəndə başa düşdüm ki, hücuma gedirlər.
Sonra bir gün gecə mənə zəng vurub dedi ki, ata, indi
vaxtilə sən döyüşdüyün yerlərdəyəm,
Füzulidəyəm. Aradan bir neçə
gün keçəndən sonra gecə mənə zəng gəldi.
Siyavuş idi. Dedi, ata, Füzuliyə
bayrağı sancdıq. Mən prosesi artıq
bilirdim. Bilirdim, o uşaq elədir ki,
axıra qədər gedəcək. Ürəyimə
dammışdı. Deyirdim, ay bala,
özünü gözlə, sən mənim tək
oğlumsan. Dedi, ata, mən o gedən oğlanlardan
artığam?! Mənə nə olur-olsun, əsgərlərimə
heç nə olmasın. O, razı olardı ki,
özünə nə isə olsun, amma o biri uşaqlara yox. Əsgərlərinin çəkməsinə qədər
özü alıb aparırdı. Bir əsgərin
xətrinə dəyməzdi. O qədər vətənpərvər
idi ki, hərbidən aldığı maaşın bir
manatını da evə gətirməzdi. Hamısını
ehtiyacı olan əsgərləri üçün xərcləyirdi.
Müharibə gedən günlərdə atam vəfat
etdi. Kənddə yasdaydıq. Axşamtərəfi yoldaşları ilə kəndə
gəldi. Üst-başları
palçığın içindəydi. Bildim
ki, hücumdan gəlirlər. Əhvalı
o qədər yaxşı idi ki, baxan deməzdi ki, bu
müharibənin, odun-alovun içərisindən
çıxıb gəlir. Həmin gün
getdi. Oktyabrın 26-da zəng gəldi ki,
Siyavuş şəhid olub. Siyavuşla
birlikdə dörd nəfər olublar. İki
nəfər yaralanıb, Siyavuşla bir başqa hərbçi
isə şəhid olublar. Xəbəri əvvəlcə
qardaşıma deyiblər. O, gedib baxıb,
maraqlanmışdı. Sonra mənə dedilər.
Getdim, məni Siyavuşun nəşi qoyulan
otağa apardılar. Ona son dəfə
baxdım. Başından qəlpə dəymişdi...
-
Özünüz də hərbçi olmusunuz. Müharibənin
yazılmamış qaydalarını bilirsiniz. Oğlunuz
cəbhəyə gedəndə onun şəhid ola biləcəyi ehtimalı ağlınıza
gəlmişdi?
- O,
müharibəyə qoşulandan baş verəcək hər
şeyi hiss edirdim, amma heç kimə heç nə demirdim. Onun hər dəqiqəsinin ölüm olduğunu
bilirdim. Bunu mən deməyə ehtiyac yox
idi. Nə çəkirdimsə, içimdə
çəkirdim. Siyavuş elə adam
idi ki, özünü odun-alovun içinə mütləq
atacaqdı. Bilirdim ki, bu uşaq gedəcək.
Onu saxlamaq qeyri-mümkün idi. Mən
özüm bu yolu keçmişdim, bilirdim... Düşündüklərim
də başıma gəldi. Siyavuş
inanclı, savadlı uşaq idi. Onunku
düzgünlük idi. Əsgərləri
var, hərbi xidməti çoxdan başa vursalar da,
Siyavuşun şəhid olma xəbərini eşidib dəhşətli
dərəcədə məyus olublar. Müharibə
vaxtı onu iki dəfə yuxuda gördüm. Bir dəfə gördüm ki, cəbhə bölgəsindəyəm,
Siyavuşgil də döyüşdən gəlib səngərdə
yatıblar. İkinci dəfə isə
gördüm, bacılarım qışqırırlar ki, Akif,
Siyavuşu gətirirlər. Onda
qışqırıb yuxudan dik atıldım. Elə Siyavuş həmin vaxt da şəhid olub.
İndi də yuxuda görürəm. Yuxuda o qədər canlı görürəm ki, elə
bilirəm sağdı. Oğlum torpaq
uğrunda getdi. Gedəcəyini də
bilirdim, amma həmişə deyirdim ki, bala, sən tək
oğulsan.
Generalın
ölümü
Siyavuşun yaxınları, doğmaları deyir ki, onu hərbə,
müharibəyə aparan əsas səbəblərdən bir
həm də General Polad Həşimovun şəhid olması
olub. Siyavuş generalın ölümündən bərk
sarsılıb, onun qisasının alınmasını
arzulayıb və özü bu yolda canından da keçməyə
hazır olub. Şəhidimizin bibisi, bayaqdan bir kənarda
dayanıb hərdən içini çəkən, kövrələn
Nuridə xanım Siyavuşla bağlı son günləri belə
xatırlayır:
-
Siyavuş torpaqlarımızdan, müharibədən
danışanda zarafatla ona deyirdim ki, evlənmək də
lazımdır. Polad Həşimovun şəhid
olduğu ərəfə idi. Siyavuş dedi ki, bibi, bir
ölkənin generalı şəhid olubsa, əsgər niyə
şəhid olmasın? Bu sözlərdən
sonra biz hamımız bilirdik ki, Siyavuş müharibəyə
gedəcək. O, getməyə də bilərdi.
Axırıncı dəfə gələndə
atamın yas mərasimi idi. Süfrə
açdıq. İnanırsınız, o
süfrədən bir tikə də ağzına qoymadı.
Dedi, bunları yığın əsgərlərə aparacam.
Apardı da. Biz indi
eşidirik ki, o, əsgərlərini yedirib-içirər,
onların içərisində nişanlı olanı, bir
uşaqlı ataları qabağa buraxmırmış. Deyirmiş ki, onların gözü yolda qalanları
var. Arzu-kama çatmayıblar. Biz
hamımız onu çox istəyirdik. Evimizin
toy-bayramı idi. Kənddə toy olanda
Siyavuşun gəlişi ilə hər şey dəyişirdi,
toy-bayrama çevrilirdi. Toyların
yaraşığı idi. Sonuncu dəfə
bizə gələndə hamımız onu qucaqladıq, qardaşımın
nəvəsi isə qucaqlamağa yer tapmayıb, ayaqlarına
sarılmışdı. Uşaq da,
böyük də onu çox istəyirdi. Hələ 90-cı illərdə, qardaşım
Akif cəbhədə olanda bizim gözümüz yolda
qalmışdı. Amma onda cavan idik. Baş verənlərin bəlkə də o qədər
fərqində olmamışıq. İndi
yaşlanmışıq, hər şeyi daha aydın, daha əzabla
anlayırıq. Oğlunun şəhid
olmasını qardaşım yuxuda görüb
qışqırdı. Ona əyan
olmuşdu oğlunun ölümü.
Onunla bağlı arzularımız çox idi. Sevdiyi qız
vardı, evləndirmək istəyirdik. Qardaşım
bu evi onun üçün tikdirmişdi. Qismət
deyilmiş (kövrəlir).
Qara xəbər
Şəkli divarları bəzəyən, şəkilinin
ətrafına güllər düzülən Siyavuş, təəssüf
ki, ata-anasının arzularını doğrulda bilmir. Özünün
ürəyində yuva salan istəklərin, arzuların üzərini
vətən sevgisi ilə qapadır. Onun
üçün tikilən, həyətində
qızılgüllər boy verən bu evdə bəy olmaq, ata
kimi yaşamaq, oğul-qız böyütmək ona nəsib
olmur. Toy xəbəri gedəcək evlərə,
Siyavuşun şəhid olma xəbəri gedib çatır.
Nuridə xanıma da qardaşı oğlunun xəbəri belə
gözlənilməz, dumanlı payız günlərinin birində
yetişir:
- Mənə
kiçik qardaşım Şahinin yoldaşı xəbər verdi. Amma demədilər ki, şəhid
olub. Siyavuşu yaralı bilib, kəndə
getdim. Ürəyimə dammışdı
nə isə olduğu. Çünki biz kənddə
olanda ora döyüş səsləri gəlirdi. Müsibət idi. Bilirdik ki,
qanlı döyüşlər gedir. Kəndə çatanda
Şahin dedi, səni aldatmışıq, Siyavuş şəhid
olub.
Siyavuşun
ana nənəsi Elminaz xanım deyir ki, sonuncu dəfə nəvəsi
ilə danışanda ona deyib ki, narahat olmasın,
torpaqları alıb, sonra onun yanına qayıdacaq:
- Balam
yaxşı uşaq idi. Mənim yanıma da
tez-tez gəlirdi, öz evlərində də olurdu. Son dəfə
danışanda dedi, nənə, qorxma, düşmənin
başın əzirik, torpaqlarımızı alıb
yanına gələcəm. Mənim oğlum, nəvələrim
də hərbçidilər. Hərəsi
indi bir tərəfdədi. Bir-birlərini
görə bilmirlər. Müharibə
hamını bir-birindən aralı saldı.
Ayna
xanım deyir ki, oğlunun 29 yaşı olsa da, onu körpə
uşaq kimi qoruyub, qulluğunda durub:
- O, yemək
yeyəndə, çay içəndə başının
üstündə durub telini sığallayırdım. Həmişə də görürdüm ki,
telefonunda şəhid olan insanların videolarına baxır.
Polad Həşimov şəhid olandan sonra
özünə yer tapa bilmirdi. Onun dəfnindən
hazırlanan videoya dəfələrlə baxırdı.
Görürdüm pis olur, deyirdim baxma, yeməyini
ye, çayını iç. Onun
döyüş bölgəsinə getməyindən xəbərim
olmadı. Mənə heç nə deməmişdilər.
Həmişə deyirdi ki, sən mənə zəng
vurma, mən sənə zəng edəcəm,
danışarıq. Mənə zəng
vuranda da cəbhə bölgəsindən kənarda dayanıb
edirmiş ki, bilməyim. Mən onun döyüşdə
olduğunu hiss etməmişəm. Ölümündən
bir neçə gün əvvəl, babasının yasına
gələndə gördüm ki, üst-başı
palçığın içindədi. Onda
bildim ki, Siyavuş döyüşdədi (ağlayır).
Ondan sonra yalvardım ki, getmə döyüşə,
amandı! Dedi, yox, ölən oğullardan artıq deyiləm.
Getdi. Bir gün evdə
oturmuşduq, gördüm qaynımın dostu bizə gəlib.
Onu görəndə ürpəndim. Hər
dəqiqə gələn adam deyildi.
Yoldaşıma dedi ki, Siyavuş yaralanıb. Yığışıb
kəndə getdik. Orda hər şey məlum
oldu (ağlayır). Mən razıydım
ki, onun qolu, ayağı olmasın, gözü görməsin,
amma sağ qalsın. Burdan rayona gedənə
qədər Allaha yalvardım ki, heç nə olmasın.
Amma olan olmuşdu...
Biz bu ev-eşiyi onun üçün tikib,
yaratmışdıq. Burda girib yaşamağa
qıymırdım, deyirdim, oğlumundu. Qismət
olmadı.
Arzular...
Siyavuşun ailədə ən çox ünsiyyətdə
olduğu, sirrini, sözünü dediyi insan bacısı
Nurlanə olub.
Mavi gözlərinin ən dərin yerlərinə
kimi nisgilə bürünən Nurlanə indi içindəki
kədərlə dərin boşluğun ağuşuna
düşüb. Deyir, qardaşından sonra onun gələcəklə,
sevdiyi qızla bağlı arzularını düşünmək,
xatırlamaq olduqca ağırdı:
- Mənim iki oğlum var. İndi onlara
dayılarının necə vətənpərvər biri
olduğundan danışıram. Mənimlə çox
yaxın idi, dost kimiydik. Həmişə deyirdi ki, mənə
nə isə olsa belə, başınızı dik tutun.
Sonuncu dəfə gedəndə mənə zəng vurdu ki,
bacı, gedirəm, gəl görüm səni. Mənə
dedi ki, gedirəm, amma anama heç nə demə. Bu barədə
bir mən bildim, bir də atam. Gedəndə onu qucaqlamaq istədim,
qoymadı (ağlayır). Dedi, mən qələbə xəbəri
ilə gələcəm. Onun sözlərinə
inanırdım. Qələbə xəbərlərinə də
yarımçıq sevindim, çünki indi qardaşım
yoxdu. Onun ən böyük arzusu bu idi ki, torpaqlarımız
azad olunsun. Bir qızla dörd ildi bir-birlərini sevirdilər.
Onu çox sevirdi qardaşım. Axırıncı dəfə
gedəndə Siyavuş dedi ki, bacı gedirəm, gələndə
sənə xoş xəbərim olacaq. Amma mənə qismət
olmadı həmin xoş xəbəri öyrənmək. Bilmək
istərdim ki, görüm onun sürprizi nə idi.
Siyavuşdan sonra ailənin yeganə
təsəllisi, işğalda olan torpaqlarımızın azad
olunma xəbərləri olur. İgid oğulların, ləyaqətli
vətən övladlarının qanı bahasına geri
qayıdan torpaqlarımız hər bir şəhid atasının,
anasının qürur yerinə çevrilir. Bu
qürurdan Siyavuşun ailəsinə də pay
düşür. Akif bəy deyir ki, oğlu onun və onun kimi
minlərlə atanın başını dik tutub gəzmək
üçün şəhid olub, canından keçib.
- Biz Kəlbəcərdəki İstisuyun
gözündən su içmişik. O torpaqlar ayrı
torpaqlardı. Biz hamımız illərlə o torpaqların həsrəti
ilə yaşamışıq. O torpaqların həsrəti ilə
ürəyim yenə yanır, oralara getmək istəyirəm.
- Ən çox hansı tərəflər sizi
çəkir?
- Döyüşdüyüm yerlər,
uşaqlığım keçən yerlər. Ölməsəm,
sağ qalsam, oğlumun şəhid olduğu yeri də gedib
tapacam, oranı da ziyarət edəcəm. Siyavuşun şəhid
olduğu yer indi mənim ən müqəddəs ziyarətgahımdı...
.
Hərbi
And.- 2021.- 8 oktyabr.- S.12-13.