"Əsir düşməmək
üçün özünü qumbara ilə
partlatmışdı"
Lent.az-ın
və Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan
“Şəhid əmanəti” layihəsi çərçivəsində
Azərbaycanın azadlığı və müstəqilliyi,
torpaqlarımızın işğaldan azad olunması
uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri
- ailə üzvləri, övladları və doğmaları
ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid,
Milli Qəhrəman Rüstəmov Məzahir İzzət
oğlu haqqındadır.
Rüstəmov Məzahir İzzət oğlu 2
mart 1960-cı ildə Bakı şəhərində ziyalı
ailəsində dünyaya gəlib. O, 1977-ci ildə
Nizami rayonundakı 32 saylı məktəbi bitirib Bakı
Dövlət Universitetinin tarix fakültəsinə daxil olur.
1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə
başa vurur. 1986-cı ildən Azərbaycan Memarlıq və
İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə
kafedrasında baş laborant vəzifəsində işləməyə
başlayır. 1990-cı ildə Dövlət Mətbuat
Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi
şöbəsi"nin müdiri vəzifəsində
çalışıb. Birinci Qarabağ müharibəsi
başlanandan bir müddət sonra o, 1992-ci il 23 mart
könüllü olaraq Milli Orduya yazılır. Məzahir
Şınıx cəbhəsinə gəlir və komandir
müavini vəzifəsinə təyin edilir. Mutudərə
istiqamətində başlanan döyüşlərdə
onun kəşfiyyatçılığı
nəticəsində düşmənin bir çox
döyüş nöqtələri məhv edilir. Məzahir
son nəfəsinə qədər döyüşür,
düşmən əlinə diri düşməsin deyə,
axırıncı qumbarası ilə özünü partladaraq
şəhid olur. Bakı şəhərinin Şəhidlər
Xiyabanında dəfn edilir.
Azərbaycan Respublikası prezidentinin 5 fevral
1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov
Məzahir İzzət oğlu ölümündən sonra
"Azərbaycanın Milli Qəhrəmanı" adına
layiq görülür.
Azərbaycanın Milli Qəhrəmanı Məzahir
Rüstəmov
“Professor oğlu”
Köhnə, yorğun, divarları həsrətdən
daşlaşmış evin kandarından içəri girirəm.
Bu o evdir ki, 32 yaşında şəhid olan Məzahir 29 ildir
ki, bu evin qapısından içəri ayaq atmır. Qaraqaş, qaragöz, azərbaycanlı cizgilərini
baxışlarında qoruyan, müharibəyə
könüllü yollanan, gedərkən hələ ayaq tutub
yeriyə bilməyən qucaqdakı qızını, gəlinlik
utancaqlığını, həyasını üzündən
silməyən həyat yoldaşını anasına
tapşıran Məzahiri xatırlamaq üçün onların
evinə girirəm. Görəsən son dəfə Məzahir
bu evdən çıxanda nə düşünüb, nə
deyib? Bu evə,
bu divarlara, daşlara onun son sözü nə olub?
Məzahirin
anası Rəfiqə xala elə bil düşüncələrimi
oxuyur, pıçıltıya bənzər səslə sanki
məni yuxudan ayılıdır:
- O
qapının ağzında, bax, sən dayanan yerdə əlini
çiynimə qoydu, dedi, mama, Təhminə ilə Rəsmiyyəni
sənə tapşırıram. Elə et
ki, Rəsmiyyə darıxmasın. Dedi, getdi. Dalınca
getdim, çox yalvardım. Gəlmədi...
Torpağı, eli bizdən əziz bildi. Mən elə bilirdim ki, Məzahir məndən
çox heç kimi istəmir. Amma o
vaxtı gördüm ki, o, torpağı, vətəni anadan,
atadan, övladdan da əziz bilir.
Mutudərədə
olanda getdim ardınca, dedim, Məzahiri çağırın
görmək istəyirəm. Kombat getdi,
yanıboş qayıtdı. Məzahir
özü gəlmək əvəzinə xəbər
yollamışdı ki, bilirəm, mamam mənim ardımca gəlib,
məni bu döyüşdən aralamaq istəyir, amma narahat
olmasın, qələbə çalaq, özüm gələcəm.
Nazirlikdə xarici ölkələrlə əlaqələr
şöbəsinin sədri işləyən Məzahir
müharibə başlanandan bir müddət sonra
könüllü cəbhəyə yollanır. Həmin ərəfədə
Məzahiri tanıyan xarici qonaqlar Bakıya gələndə
onun cəbhədə olduğunu bilib təəssüf və
qınaqla Məzahirin valideynlərini tənbeh edirlər.
Siz elə bilikli və peşəkar oğulun cəbhəyə
getməyinə necə razı olmusunuz. O, burada daha
çox xeyir verə bilərdi xalqına. Amma həmin
çətin günlərdə bütün bunlar Məzahirin
eyninə deyildi. Onun bir məqsədi olur,
cəbhəyə getmək, düşməni məhv etmək.
Rəfiqə xanım xatırlayır:
-
Üç, dörd gün idi ki, fikirli gəzib
dolanırdı. Sən demə getməsi
üçün artıq ərizə yazıbmış.
Mənə dedi ki, mama, icazə ver, on günlük kəndə
gedim, görüm orda nə baş verir. Həm
də sonra deməsinlər ki, professor oğludur, amma cəbhədə
baş verənlərdən xəbəri yoxdur. On gün qalıb qayıdacam. Gəlinin
qardaşı ilə vağzala, qatar
ayağına getdilər. İstədim mən də
onunla gedim yola salmağa məni qoymadı geri qaytardı.
Atası da həyətdə idi. Onunla
sağollaşanda İzzət kövrəldi, onda əlini
atasının çiyninə vurub dedi, “nu yaxşı da
papaşa, qayıdacam”. On gün keçdi
qayıtmadı, qardaşıma zəng vurdum.
Qardaşım dedi, ay bacı sən nə
danışırsan, Məzahir iki illik müqavilə
bağlayıb gəlib. Məzahiri on
günlük Bakıya gətirtdim. Gah
“buşlatını” yuyub, islatdım, gah çəkmələrini
gizlətdim.
- Niyə
gizlədirdiniz?
- İstəyirdim
ki, heç olmasa, bir neçə gün qalsın burda... Mənə
dedi ki, bilirəm niyə belə edirsən, amma mən geri
qayıdacam. Dediyini elədi, kəndə getdi.
Mən də onun arxasınca yollandım. Düz bir ay Məzahirin arxasınca gəzdim.
Yenə nə qədər çalışdım, xahiş,
minnət elədim, gəlmədi...
Ağaclar...
Qızım balamın başına o vaxtı ermənilər
500 manat pul qoymuşdular. Məzahirin ləqəbi də “Professor oğlu”
idi. Demişdilər. Professor oğlunun
başını gətirənə bu qədər, hələ
bir az da artıq pul verəcəyik. Bir gecə gördüm ki, qohumlarım
yığışıb gəlib bizə, kənddəki
evimizə ki, Məzahir yoxdu. Əvvəl
elə bildik, itkin düşüb. Sən
demə, vurulub qalıb səngərdə balam.
Məzahirin atası professor İzzət Rüstəmov
bizim danışdıqlarımızı diqqətlə dinləyir,
yaşlı xanımının dolub boşalan gözlərinə
hərdən bir nəzər salır. Danışacağı
məqam üçün fikirləri, xatirələri
düşüncələrində çək-çevir edir.
- Məzahirin
uşaqlıq illəri yadınızda necə qalıb?
İzzət
müəllim söhbətə ağaclardan, daha doğrusu Məzahirin
adı yazılan ağacından başlayır:
- Mənim
həyətdə çoxlu ağaclarım var. Birinin
üstünə Məzahir gənc ikən Məzahir İzzət
oğlu Rüstəmov sözlərini yazmışdı. İndi hər dəfə bağa düşəndə,
onun yazdığı sözlərin üstündən
öpürəm. Sizə onun
uşaqlığından danışmağa başlasam, gərək
çox keçmişə gedəm. Ta 60-cı illərə...
Bayıldakı doğum evində anadan oldu Məzahir.
Evimin böyük oğlu idi. Yoldaşım imkanlı ailədə doğulsa da,
biz şəhərin mərkəzindəki binalardan birinin zirzəmisində
yaşayırdıq. Döşəmənin
altı həmişə su ilə dolu olardı. İndi hərdən şəkillərə
baxıram, görürəm bütün şəkillərdə
əllərim yaralıdı. O qədər nasosla su
vururdum ki, əllərim yara bağlayırdı. Binada yaşayanlar bəlkə də bilmirdilər ki,
elm adamıyam. Yəqin onlar hər dəfə məni o
vəziyyətdə görəndə
düşünürmüşlər ki, mən elə
binadakı təsərrüfat işlərinə baxan adam, ya da fəhləyəm.
Hər gün axşamlar Məzahiri qucağıma
alıb dəniz kənarına aparırdım. Çünki
bütün günü rütubətli hava ilə nəfəs
alırdı. Amma elə həmin il
bizə ev verdilər. Məzahir orta məktəbi
çox yaxşı oxudu. Məktəbi
bitirəndən sonra hüquq fakültəsinə girə bilmədi.
Bir il lampa zavodunda fəhlə işlədi.
Sonra Universitetin tarix fakültəsinə qəbul
olundu. Fəlsəfədən ona
özüm dərs deyirdim. Yadıma gəlir
Məzahirin qızı 1992-ci ilin yanvar ayında anadan oldu.
Bir gün mənə dedi ki, ata bir siyahı tut, ən gözəl
qız adlarını ora yaz, oradan bir ad seçəcəm
qızıma. Mən də onun dediyi kimi elədim.
Bir gün işdən gəldi, dedi, ata, qızıma ad
tapmışam. Onun adını Təhminə
qoyacam. Təhminə isə Rüstəm
Zalın həyat yoldaşının, həm də
Zöhrabın anasının adı idi.
Kadrlarda
donan xoşbəxtlik...
Məzahir ailə qurandan sonra onun həyatı daha da
maraqlı olur.
Övladına olan məhəbbəti hər
gün onu işdən evə tələsməyə vadar edir.
Ancaq Qarabağ müharibəsinin
başlanması, ölkədəki vəziyyətin gərginləşməsi
bir çox vətənpərvər insan kimi Məzahirin də
daxili aləminə, məişətinə təsirsiz
ötüşmür. İzzət müəllim
oğlunun həmin günlərini belə xatırlayır:
- Mən
görürdüm ki, Məzahir daha əvvəlki Məzahir
deyil. Ermənilərin torpaq iddialarını
çox pis qarşılayırdı. O, Azadlıq hərəkatından
meydanlarda qalanan tonqalların yanında ilk dayananlardan idi. Ona görə də onun cəbhəyə getməsi
mənim üçün gözlənilməz olmadı.
Avqustun 6-da mən bu otaqda yox, o biri otaqda oturub
ağlayırdım. Onun bir fotosu var,
maykada oturub makinanın arxasında əyləşib, anası
da onun çiyinin arxadan qucaqlayıb. Bax, həmin
şəkli götürüb ağladım. Elə həmin gün cəbhə bölgəsinə
gedən ziyalılara qoşulub mən də getdim. Həm oğlumu görmək, həm də
müharibə şəraitində olan insanlara dəstək
olmaq istəyirdim. Yolüstü mənə
dedilər ki, Tovuza da gedin. Tovuzda mənə
dedilər ki, Məzahir yaralanıb, qardaşın Rüfət
müəllimin maşını ilə Bakıya getdi. Düşündüm ki Məzahir yaralansa da,
yarası yüngüldür ki, maşına əyləşə
bilib. İstədim Tovuzda əmimgildə bir az dincəlim, əmim qızının
yoldaşı mənə dedi ki, Məzahir müəllim getsəniz
yaxşıdır, hər halda Məzahir yaralıdır, sizə
ehtiyacı olar. Binamızın
qarşısına gəlib çatanda gördüm adamlar
yığışıb, mağar qurulub. Qonşu
blokda bir rus oğlan çıxdı qarşıma. Ondan soruşdum ki, bu nə
qarışıqlıqdır. Mənə dedi ki,
Qarabağda kimsə həlak olub, onu gətiriblər. Evə çatanda bildim ki, həlak olan Məzahirdi.
İndi yadıma onun yeniyetməlik, gənclik illəri
düşür. Bir dəfə bax elə bu otaqda o, mənə
bir fənd işlətdi, mən yerə yıxıldım.
Onda bilmişdim ki, o, karateyə gedir. O,
gözəl idmançı, gözəl ağıllı alim
idi. O, son dərəcədə təmiz ürəyə malik
insan idi.
Ailə
Rəsmiyyə
xanım Məzahir Rüstəmovla bir il
yarım ömür sürüb. Qızı Təhminə
anadan olandan beş ay sonra Məzahir şəhid
olur. Tək qalan Rəsmiyyə xanım
bütün ömrünü qızına həsr edir.
O, həmin günləri yadına salır:
- Mənə
tez-tez deyirlər ki, keçmiş günlərdən
danış. Biz Məzahirlə il yarım
bir yerdə olmuşuq. Onunla bibimin oğlunun vasitəsi ilə
tanış olmuşdum. Məzahir
bibimin oğlu ilə bizə gəldilər ki, bir tikə yemək
yesinlər. Onda mənim on səkkiz yaşım
vardı. Onlar bizə gəlib gedəndən
sonra Məzahirin anasıgil xəbər yolladılar ki, məni
Məzahirə almaq istəyirlər. Məzahir
məndən on iki yaş böyük idi. Amma
atam mənim razılığımı vermişdi. Toyumuz oldu, ailə qurduq. 1992-ci
ilin yanvarında qızımız anadan oldu, mart ayında o, cəbhəyə
yollandı. O, gedəndə Təhminənin qırxı
təzə çıxmışdı. Cəbhədən
Məzahir iki dəfə gəldi evə. Qızının
üzünü görmüşdü. Təhminəni
çox istəyirdi, mən inanmazdım ki, o,
qızını qoyub cəbhəyə gedər. Ancaq cəbhəyə gedəndən sonra tamam dəyişdi.
Mən onu evə gələndə
gördüm, inanmırdım ki, evdən gedən adamdır.
Müharibə, ölkədə baş verənlər
onu dəyişmişdi.
Məzahir cəbhədə komandir olur. Amma o, ən
çətin işlərdən, sadəsinə qədər məşğul
olur. Yeri gələndə komandir, yeri gələndə
kəşfiyyatçı, müəllim, əsgərə
işinə qədər məşğul olur. O, həm
də Milli Qəhrəman İsgəndər Aznaurovla elə cəbhədə
tanış olub dostlaşır. Məzahir şəhid olandan sonra İsgəndər
onun haqqında deyir, Məzahir bizə döyüşməyi,
döyüşün texnikasını öyrətdi. Belə ağır, çətin, çiyin-çiyinə
günlərin birində Məzahir şəhid olur. Rəsmiyyə
xanım xəbəri qarşıladığı o, məşum
günü nəql edir:
- Rəfiqə
xanım onun ardınca getdi. Qayıdandan sonra anama dedi ki, Məzahir
rəhmətə gedib. Mutudərədə
şəhid olmuşdu. Biz o şəhid
olandan sonra onun şəhid olduğu yerə getdik. Orda bizə dedilər ki, Məzahir hamıya
demişdi ki, görsəniz ki, əsir
düşünürsünüz, özünüzü
öldürün. Ələ düşməyin.
Onun haqqında da dedilər ki, qumbara ilə
özünü partladıb. Onda mənim
20 yaşım vardı.
Onsuz mənə çox çətin olub. Düzdür,
qayınanamgillə bir yaşamışıq, mənə
kömək olublar. Amma qapını
bağlayırdım, otaqda tək qalırdım. Ən dəhşətli anlar, saatlar, yuxusuz gecələr
də onda başlayırdı. Ona görə
də çalışırdım ki, evdə tək
qalmayım. Qızımı məktəbə,
gəzməyə aparırdım ki, evdən
çıxım. Qızım ailə
qurana kimi mən şənbə və bazar günləri də
evdə oturmurdum. Onu götürüb gəzməyə
aparırdım. Hər şey elə bil
ki, dünən olub. İndi Rəfiqə xanım harada
60 yaşında kişi görürsə,
deyir görən Məzahir də belə olardı.
Övlad...
Rəsmiyyə xanımla söhbətləşdiyimiz
zaman zəruri səbəblərdən söhbətimizə
qoşula bilməyən Təhminə zəng vurur. Hal-əhval tutandan sonra ona
üzünü görmədiyi atası haqqında sual verirəm:
- Təsəvvüründəki
ata obrazı necədir?
-
Atamı körpə yaşımda itirdiyim üçün
onun haqqında təsəvvürüm ətrafdakı
insanların dediklərindən və xatirələrindən
ibarətdir. Bu obraz ata kimi olmaqla bərabər,
həm də bir insan obrazıdır. Ətrafımdakı
insanlar atamın çox sakit, təmkinli, elmə, mütailəyə
çox maraqlı olduğunu deyirlər. Yaşına
baxmayaraq müdrik insan olub. Hətta onun
yaxınlığındakı yaşlı adamlar belə bir
iş görməzdən belə atamla məsləhətləşərmişlər.
Mən özüm də indi atamın əşyalarına
baxanda hiss edirəm ki, o, doğurdan da universal
düşüncəli adam olub. Bəzən
atamın iş yoldaşları onun haqqında yazırlar,
danışırlar ki, Məzahir sakit adam
idi, necə oldu ki, o, müharibəyə yollandı. Amma cəsarət və igidliyindən də əlavə
döyüş, kəşfiyyat sahəsi ilə bağlı
çoxlu kitablar oxumuşdu. Bu fakt da
çox güman ki, atamı döyüşə aparan amil
rolunu oynayıb.
-
Ananız bayaq dedi ki, vaxtın böyük hissəsini sizinlə
keçirib. Necə xatirənizdədir
ananızın sizə həm ana, həm də ana olmağa
çalışdığı günlər?
- Anam mənə
həm ata, həm ana, həm də bacı qardaş olub. O.
Bütün rollara girməyə çalışırdı
ki, mən sıxılmayım, özümü yalnız hiss
etməyim. O, bütün həyatını mənə həsr
etdi ki, mən xoşbəxt olum. O, qadının borcunu qaytara
bilmərəm. Atasızlıq isə nə olur
olsun, yenə də övladın qəlbində hiss olunur.
Mən Milli Qəhrəman qızı olduğum
üçün atamla fəxr edirdim. Amma onun
boşluğu həmişə hiss olunurdu. Ən
çox ona ehtiyacım təhsil, ixtisas seçimi olanda olub.
Çox istəmişəm ki, o, yanımda
olsun, mənə seçəcəyim ixtisasla bağlı məsləhət
versin, kömək etsin. Toyum olanda,
övladlarımdan olanda da ona ehtiyac hiss etmişəm. İndi iki övladım var. Yenə də ona ehtiyac
duyuram. Düşünürəm ki, görəsən
o, necə baba olardı, nəvələri ilə necə əylənib,
gəzərdi, onlara nə öyrədərdi...
Onu uşaq olanda yuxularımda da
görürdüm. Amma sonralar görmədim. İndi onu
tanıyanların əhatəsində olanda həmişə
onun haqqında gözəl danışırlar.
Yaxınlaşıb deyirlər, atan çox böyük qəhrəmanlıq
göstərib. Onun qoyub getdiyi ad, qəhrəmanlıq mənim
üçün bu həyatda həmişə yaşıl
işıqdır. Amma sizə bir söz deyim, mən hər
zaman atamın yanımda olduğunu, onun ruhunun məni tək
qoymadığını hiss etmişəm. Onun ruhu hər
zaman mənim üzərimdədir. Heç vaxt
özümü tək hiss etməmişəm. Heç vaxt!
Samirə Əşrəf
Hərbi
And.- 2021.- 15 oktyabr.- S.9.