ADINI DOĞRULDAN ŞƏHİD - Şəhid Sadiq Məmmədovun əziz xatirəsinə

 

 

Yuxudan, artıq neçənci dəfə gördüyü, eyni yuxunun həyəcanı ilə oyanırdı Sadiq: köksündən çıxıb qarlı zirvəyə doğru uçan göyərçin...

Hər dəfə bu yuxunu görəndə bir rahatlıq dolurdu içinə. İzahını verə bilmədiyi bir rahatlıq... Sanki içindən havalanan o göyərçin bütün ağırlığını da qanadlarında daşıyırdı həmin zirvəyə doğru...

 

Yuxusunu düşünə-düşünə saata baxdı: 9-a işləyirdi. Bu gün artıq iyunun 6-sı idi, ailəsi ilə danışmaq vaxtı gəlib çatmışdı, amma Sadiqin hələ ki, buna cəsarəti çatmırdı...

 

Müddətdən artıq hərbi xidmətə keçmək üçün müraciətini qəbul etmişdilər və bir neçə gündən sonra təlimlərə qatılmalı idi. Amma ailəsinə bu barədə heç nə deməmişdi.

 

Yerindən qalxıb əl-üzünü yumağa hamama keçdi. Güzgüyə baxanda çənəsində, ilk baxışdan çox da seçilməyən çapığa gözü sataşdı və qeyri-ixtiyarı gülümsədi. Pəri ilə ilk görüşə getdiyi o sərin oktyabr günündən yadigar idi bu çapıq. Həmin gün üzünü təraş edərkən həyəcandan əlləri o qədər əsmişdi ki, çənəsini çox dərin yaralamışdı. Qanını çətinliklə saxlaya bilmişdi.

 

Pəri soruşsaydı, nə deyəcəkdi - bu barədə çox düşünmüşdü. Amma görüşdə sadəcə "təraş edəndə kəsdim" deyib söhbəti bağlamışdı. Pəri də təbii ki, hər şeyin fərqində olsa da, gülümsəməklə qarşılıq verib, dərinə getməmişdi... Sonradan o günü xatırlayıb çox gülmüşdülər.

 

Mətbəxə keçdi, həmişəki kimi səhər yeməyi artıq süfrədə idi. Pəri uşaqları oyatmağa getmişdi. Bir azdan Əsnad və Baharın şən səsləri eşidildi. Süfrəyə oturub səhər yeməyi yedilər. Sadiqin özü burda düşüncəsi tamam başqa yerdə idi, bu da təbii ki, Pərinin gözündən yayınmamışdı...

 

- Çox dalğınsan bu gün - dedi Pəri. Sadiq gülümsədi, diqqətlə üzünə baxdı, amma yenə də cavab verməyə tələsmədi. Amma Pəri artıq sezmişdi, Sadiq nəyisə deməyə çalışıb deyə bilmirdi.

 

Yeməyi bitirib dincəlmə otağına keçdi Sadiq. Hərəkətlərindən Sadiqin nə isə əhəmiyyətli bir mövzuda söhbət etmək istədiyini anlamış kimi, Pəri süfrəni yığışdırıb uşaqları həyətə oynamağa yolladı. Gəlib Sadiqlə qarşı-qarşıya əyləşib, düz gözlərinin içinə baxmağa başladı. Mülayim səslə:

 

- Eşidirəm səni - dedi...

 

Fikri dağınıq olan Sadiq Pərinin üzünə baxdı.

 

- Eşidirəm səni, - deyə təkrar etdi Pəri. - Nə isə demək istəyirsən deyəsən.

 

Sadiq qayğıyla gülümsədi. 12 il idi ki, bir-birlərini tanıyırdılar. Evliliklərinin də 7 ili tamam olacaqdı bir neçə aya. Bu müddət ərzində təbii ki, Sadiqi tanıya bilmişdi Pəri. Canından artıq sevdiyi adamın hər baxışı, hər hərəkəti məna doluydu Pəri üçün.

 

- Orduya yazılmışam, - birdən dilləndi Sadiq...

 

- Necə, anlamadım?!

 

- Müddətdən artıq hərbi xidmət üçün etdiyim müraciətimi qəbul ediblər, bir neçə günə təlimlərə qatılmalıyam - bütün bunları bir nəfəsə deyib, elə bil üstündən ağır bir yükü qaldırdı Sadiq.

 

Pəri:

 

- Nə vaxt yazıldın, nə vaxt qəbul etdilər? - çaşqın və sual dolu baxışlarla Sadiqin üzünə baxdı.

 

- Çoxdan müraciət etmişdim, cavabını gözləyirdim.

 

- Nə vaxt gedəcəksən?

 

- Bu ayın 18-i.

 

Pəri susdu və daha sual vermədi. Amma boğazı qəhərdən duyunlənmişdi. Yanaqlarından süzülən iki damcı yaşı Sadiqdən gizlətməyə çalışdı, amma bunu bacarmadı.

 

Sadiq dərin fikrə getmişdi. Bu xəbəri bir də anasına deməli idi. Bu düşüncə onu daha çox həyəcanlandırdı. Rayon məktəblərinin birində kitabxanaçı işləyən Bahar xanım işdə idi. Sadiq nahara qədər gözləyə bilməyəcəyini anlayıb geyinib evdən çıxdı. Küçəyə çıxanda böyüyüb başa çatdığı məhəlləyə çox diqqətlə nəzər yetirdi. Uşaqlığı, yeniyetməliyi keçmişdi bu məhəllədə. Hər bucağı əziz idi ona...

 

Sadiq iti addımlarla yeriyirdi, 15 dəqiqədən sonra artıq məktəbdə idi.

 

Və o məktəb... Bir anlıq tənəffüslərdə ətrafa yayılan səsləri xatırladı, qaynar məktəb illəri canlandı gözünün qarşısında. Məktəbin bu binasında son dərs ilini keçirirdi şagirdlər. Yeni dərs ilini yeni tədris binasında qarşılayacaqdılar. Və ilk göz ağrıları Əsnad da birinci sinifə gedəcəkdi gələn il. Bu düşüncə çox həyəcanlandırdı Sadiqi. 11 il özünün təhsil aldığı məktəbdə gələn ildən övladı da təhsil alacaqdı. Bu bir neçə ayın tez keçməsini istədi. Xəyalında başında bantlı, məktəbli geyimində əlindən tutub birinci sinfə gətirdiyi Əsnadın və hər hərəkəti ilə bacısını təqlid etməyə çalışan kiçik qızı Baharın təbəssüm dolu çöhrələri canlandı...

 

- Sadiq!

 

Üzünü çevirəndə arxasında dayanıb yarı təəccüb, yarı mərhəmət dolu baxışlarla ona baxan anasını gördü.

 

- Xeyir olsun, ay bala, - həyəcan dolu səslə dilləndi Bahar xanım.

 

Anasının səsindəki narahatlığı hiss edən Sadiq gülümsədi:

 

- Heç, elə-belə gəlmişəm, səni görmək istədim.

 

Sadiq anasına yaxınlaşıb əlini boynuna saldı: Ana-bala birlikdə məktəb kitabxanasına doğru getməyə başladılar.

 

Məktəb illərinin müəyyən bir hissəsi də, anasının iş otağı olan məktəb kitabxanasında keçmişdi Sadiqin. İçəri kitabxanaya daxil olub, çox diqqətlə ətrafa nəzər saldı. Dərs ilinin əvvəlində və sonunda dərslikləri şagirdlərə paylamaq işində ən yaxın köməkçisi idi anasının. Bir neçə sinif yoldaşı ilə canla-başla görürdülər bu işi. Dərin bir nəfəs alıb əvəllər heç də fərqində olmadığı kitab qoxusunu sinəsinə çəkdi. Bir ürpərti keçdi içindən, izahını verə bilmədiyi bir ürpərti... Çevrilib anasının üzünə baxdı.

 

- Ana...

 

Səngərdə üzü Murovdağa tərəf oturub dərin fikrə getmişdi Sadiq. Anası ilə məktəb kitabxanasında olan son görüşü haqqında düşünürdü. Çox həssas qarşılamışdı oğlunun qərarını. Gözləri dolmuş vəziyyətdə hər vəchlə Sadiqi bu fikrindən daşındırmaq istəmişdi.

 

- Narahat olma ana, hər şey qaydasında olacaq. Tez-tez əlaqə saxlayacağam.

 

Nə qədər anasını sakitləşdirməyə çalışsa da, buna nail ola bilməmişdi.

 

Hələ evdən ayrıldığı son gün... Boğazları qəhərdən düyünlənsə də, gülərüzlə yola salmağa çalışmışdılar Sadiqi anası və həyat yoldaşı. İçlərində ayrılığın qopardığı qasırğaya rəğmən, üzlərindəki zahiri təbəssüm çox təsirləndirmişdi Sadiqi.

 

Heyran qalmışdı həyatına məna qatan bu iki qadının məğrurluğuna. Mərhəmət dolu baxışlarla anasına və Pəriyə baxıb:

 

- Bir-birinizdən muğayat olun, - yalnız bunu deyə bilmişdi Sadiq.

 

Sonra əyilib qızlarını qucaqlamışdı. Hər iki yanaqlarından öpüb qoxularını sinəsinə çəkmişdi gül fidanlarının...

 

Tovuz döyüşlərindən bir neçə gün keçirdi. Düşmənin növbəti təxribatı, itkilər və aralarında bir general və bir polkovnikin olduğu bir neçə hərbçinin şəhid olması bütün hərbi hissəni dərindən sarsıtmışdı. Bu səbir kasasına tökülmüş son damcı idi və mütləq bir qarşılığı olmalı idi, həm bu qarşılıq həlledici olacaqdı. Bunu hər kəs kimi Sadiq də yaxşı bilirdi. Hərbi hissənin şəxsi heyəti dörd gözlə "irəli" komandasını gözləyirdi. Təlimlər də durmadan davam edirdi.

 

Hər kəsin gözlədiyi o xəbər 27 sentyabr tarixində gəldi. Səhər alaqaranlıqda çalınan həyəcan siqnalı ilə, bütün şəxsi heyət hazır vəziyyətə gətirildi. Düşmən növbəti dəfə təxribata əl atmış, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında mülki əhaliyə artilleriya atəşi açmışdı. Həlak olan və yaralananlar var idi. Və bu uzun müddətdən bəri gözlənilən savaşın başlanğıcı idi...

 

Elə ilk gün ağır döyüşlərə qatıldı Sadiqin müddətdən artıq xidmət etdiyi hərbi hissə. Goranboy istiqamətində gedən döyüşlərdə Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad edildi. Bu zirvə strateji cəhətdən ordumuz üçün çox əhəmiyyətli mövqedə yerləşirdi və müharibənin ilk günündən əldə edilən bu zəfər orduda olan ruh yüksəkliyini bir qədər də artırdı.

 

Döyüş çox ağır keçmişdi. Sadiq həyəcanlı idi. Bu həyəcan döyüşün ağırlığından çox, hərbi hissəyə yeni gəlmiş gənc əsgərlərin həyatı üçün idi. Komandiri olduğu batareyanın əsgərlərini hər vəchlə arxada saxlamağa çalışırdı Sadiq. Əsgərlər də qayğıkeş komandirlərini çox istəyirdilər. Necə də istəməyəydilər axı?!Yeni gələn əsgərlərinə cibinin bəlkə də axırıncı pulunu verib yaylıq, daraq alıb paylayan komandiri kim istəməzdi ki?!.

 

Hər biri körpə ana quzusu idi Sadiqin gözündə. Onlara baxanda başlarına bir iş gələrsə, gözüyaşlı qalacaq tanımadığı anaların qəmli çöhrəsi canlanırdı gözü önündə.

 

Dünən Sadiq fürsət tapıb Pəri ilə danışmışdı. Əsnad artıq məktəbə gedirdi. İlk balasının məktəbə getməyini görməyi çox istəmişdi, amma alınmadı... Buna təəssüflənirdimi Sadiq?!Əlbəttə ki, yox. Çünki o, bura atalıq vəzifəsindən daha önəmli hesab etdiyi bir vəzifə üçün gəlmişdi. Vətənə olan borcunu yerinə yetirməyə. Övladını əlindən tutub birinci sinifə apara bilmədi bəlkə Sadiq, amma burda gördükləri işlər gələcək nəsilləri işıqlı gələcəyə doğru aparacaqdı - bunun da fərqində idi...

 

Zəfərin çox yaxın olduğunu deyib böyük ümidlər versə də, Pəriyə, həm də hər şeyə hazır olmasını tapşırmışdı:

 

- Boğazı qəhərdən düyünlənmiş Pəri - nəyə hazır olum Sadiq?!

 

- Birdən şəhid olsam, bu dünyada qızlarımız sənə, sən də Allaha əmanətimsən.

 

- Sadiq!!! Axı... Pəri özünü saxlaya bilməyib hönkürtü ilə ağladı.

 

- Heç nə üçün narahat olma Pərim, sizə fəxr olunası bir ad qoyub gedəcəm, yarım qalan xəyallarımızı qızlarımızla birlikdə gerçəkləşdir. Cənnətdə görüşərik...

 

Bu sözlər Pərinin Sadiqin dilindən eşitdiyi son sözlər olacaqdı...

 

Murovdağ zirvəsi işğaldan azad olunsa da, silsilənin bəzi əhəmiyyətli mövqeləri hələ də düşmənin əlində idi. Bu mövqelər uğrunda neçə gün idi ki, şiddətli döyüşlər gedirdi.

 

Daşkəsən rayonu ərzisində gedən döyüşlərə Sadiqgilin hərbi hissəsi də qatılmışdı. Neçə gündür ki, yuxu nədir bilmirdilər. Əsgər yoldaşları ilə növbələşib bir neçə dəqiqə yatmaq qərarına gəldilər. Gözü bir neçə dəqiqəlik yuxuya gedən Sadiq yenə eyni yuxunu gördü. Yenə həmin göyərçin köksündən çıxıb qarlı zirvəyə doğru uçurdu...

 

Oktyabrın 2-si, cümə günü idi...

 

Qonşu səngərdə bir neçə əsgər arxa-arxaya düzülüb Cümə namazı qılırdılar. Gələn təkbir səsləri Sadiq kimi bütün əsgərlərin içinə bir fərahlıq gətirdi. Bəli, Allah böyükdür pıçıldadı Sadiq. Allah böyükdür, haqlı olduğumuz bu savaşda zəfər də əvvəl-axır bizim olacaq...

 

Daşkəsənlə Kəlbəcər rayonlarının sərhədində dağlıq ərazidə həlledici döyüşlərdən biri gedirdi...

 

Ordumuz müharibəni ən son hərbi texnikanın dəstəyi ilə aparırdı. Təkcə PUA-lar - pilotsuz uçuş aparatları - elə müharibənin ilk günündən düşmənin canına qorxu salmağa kifayət etmişdi. Uzaqdan idarə olunan bu uçuş aparatları düşmənin hərbi texnikasını və canlı qüvvəsini bir neçə saniyə ərzində darmadağın etmək gücündə idi. Amma bu gün apardıqları döyüş, yalnız canlı qüvvənin və artilleriya qurğularının dəstəyi ilə aparılırdı.

 

Narın payız yağışı yağırdı. Hava çiskinli idi. Bir neçə topçu batareyası döyüşün ən qızğın getdiyi ərazilərdən birində düşməni top atəşinə tutmuşdu. Onlardan biri də Sadiqin komandiri olduğu batareya idi. Sıra ilə düzülmüş toplar uzaq məsafədən düşmənə dəqiq zərbələr endirirdi. Tək Sadiq özü düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv etmişdi. Eyni zamanda da durmadan əsgərlərini təlimatlandırırdı.

 

Anidən qarşı tərəfdən atılan top atəşi ilə ətrafı toz-duman bürüdü. Zərbənin gücündən yıxılan Sadiq özünü ələ almağa çalışıb ayağa qalxdı. Toz yatmağa başlayırdı.

 

Uzaqdan hərəsi bir tərəfdə uzanan əsgərlərə baxdı. Bəziləri heç tərpənmirdi, bəzilərinin isə hərəkət etdiyini gördü. Yaxınlaşıb tək-tək nəbzlərini yoxladı. Əsgərlərdən 8-i ağır yaralanmış, qalanları isə...

 

Gördüyü mənzərə qarşısında Sadiqin boğazı düyünləndi. Əsgərlərin bir neçəsi şəhadətə yüksəlmişdi. Amma durmaq olmazdı, düşmən yenidən zərbə endirə bilərdi. Yaralı əsgərləri tək-tək yaxınlıqdakı sığınacağa doğru aparmağa başladı. İlk yaralı əsgəri qaldırmaq istəyəndə çiynində kəskin ağrı hiss etdi, deyəsən, yaralanmışdı. Amma bu, Sadiqi durdurmayacaqdı...

 

Sonuncu yaralını sığınacağa gətirib dərin bir nəfəs aldı. Bir azdan dəstək birliyi gəldi. Yaralıları hospitala aparmaq üçün maşınlara daşımağa başladılar. Dəstək birliyinin komandiri olan çavuş sığınacağın divarına söykənmiş Sadiqə yaxınlaşıb:

 

- Necəsən Sadiq? - deyə soruşdu.

 

Sadiq gülümsəyərək:

 

- Yaxşıyam, çiynimdən yüngül yaralanmışam. Siyirib keçib, ciddi bir şey yoxdur, siz yaralıları hospitala çatdırın.

 

- Qalx sən də, gedək yaranı sarısınlar, şəhidlərimiz də var deyəsən, təəssüflə əlavə etdi çavuş. Başqa bir dəstək birliyi də gəlir, onlar şəhidləri burdan çıxaracaqlar.

 

- Siz gedin, mən bir 5 dəqiqəyə sizə çatacam.

 

Amma Sadiqin məqsədi başqa idi. Bayaqdan gözü şəhid olmuş əsgərlərinin cansız bədənlərində qalmışdı. Onlara qarşı olan son vəzifəsini yerinə yetirməli idi, başqa cür rahat olmayacaqdı. Dəstək birliyinin uzaqlaşmasını gözlədi. Ayağa qalxıb ehtiyatlı addımlarla mərminin düşdüyü yerə doğru getməyə başladı. İlk öncə hərbi xidmətə bir neçə ay əvvəl yazılmış dəstəsinin ən gənc əsgərinə yaxınlaşdı, gözləri dolmuşdu. Özünü ələ alıb, şəhidi çiyninə aldı. Onu sığınacağa doğru gətirdi. Sonra ikincisi, üçüncüsü...

 

Bayaq Sadiq ilə danışan çavuş geriyə çevrilib baxanda Sadiqi görmədi. Əlini üzünə vurub, dərin bir ah çəkdi. Necə də ağlına gəlməmişdi. Sadiq orda şəhid olmuş əsgərlərini döyüş meydanından çıxartmaq üçün qalmışdı.

 

Sadiqlə təlimlərə birlikdə qatılmışdılar, onun necə qayğıkeş insan olduğunu bilirdi. Əlbəttə ki, əsgərlərini şəhid olsalar belə orda qoyub gəlməyəcəkdi. İti addımlarla mərminin düşdüyü yerə doğru getməyə başladı.

 

Sadiq sonuncu şəhidi gətirmək üçün döyüşün baş verdiyi yerə doğru gedirdi, arxadan bayaqki çavuşun səsi gəldi:

 

- Sadiq getmə!!! Çox təhlükəlidir, yenə ata bilərlər.

 

Sadiq çavuşun səsini eşidib addımlarını daha da tez-tez atmağa başladı. Şəhidin nəşinə çatmağa sadəcə bir neçə addım qalmışdı. Şiddətli bir partlayış səsi eşidildi və ardından çavuşun qışqırıq səsi ilə əvəzləndi:

 

- Sadiq!!!

 

Sadiq buludlu səmaya doğru baxırdı... Köksündə bir ağırlıq vardı.

 

Pərinin gülən gözlərini xatırladı. Evdən çıxanda etdikəri son söhbət yadına düşdü:

 

- Adam gərək şəhid olanda da cümə günü şəhid ola, ay Pəri.

 

- Yaxşı da Sadiq, elə danışma deyib, yenə gözləri yaşarmışdı Pərinin.

 

Yaradan səsini eşitmişdi deyəsən, gözəl bir gündə aparacaqdı onu yanına - cümə günündə...

 

Anasının mərhəmət dolu baxışları, övladları Əsnadla Bahar, ailəsi ilə birgə keçirdikləri xoş anlar canlandı gözü önündə, Pərinin gülən gözlərini düşündü. Bundan sonra Allaha əmanət idilər, bir də uğrunda canından keçdiyi vətəninə. Adının haqqını verib sadiq qaldığı vətəninə...

 

- Sən nə etdin qardaşım!!! Dedim axı, dəstək birliyi gəlir, getmə. Ağlaya-ağlaya əlindəki parça ilə köksündəki yaranı sıxaraq, Sadiqi bağrına basmışdı çavuş.

 

Heç bir ağrı hiss etməyən Sadiq isə səmaya doğru baxıb gülümsəyirdi. Artıq səma da buludlu deyildi, günəş şüaları işıldayırdı.

 

Vədə yetişmişdi, yuxusu gerçək olmuşdu. Dərin bir nəfəs aldı Sadiq...

 

O an ağ bir göyərçin köksündən çıxıb Murovdağın qarlı zirvəsinə doğru uçurdu...

 

Gülay VAHABZADƏ

 

Hərbi And.- 2021.- 29 oktyabr.- S.14-15.