Tabutdan yapışıb atamı aparmayın dedim

 

 

 

 

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid Mürsəlov Yüzbeh Qafar oğluna həsr olunub.

 

Mürsəlov Yüzbeh Qafar oğlu 1960-cı il dekabrın 1-də Dağıstanın Tabasaran rayonunun Suxdiq kəndində anadan olub. Bakıdakı 162 saylı məktəbdə təhsil alan Yüzbeh orta məktəbi başa vurandan sonra Çita şəhərində hərbi xidmətə yollanıb. Geri qayıdanda peşə məktəblərindən birində elektrik qaynaqçı ixtisası üzrə təhsil alır. Sonra elə bu sahə üzrə işləməyə başlayır. Zümriyyət adlı xanımla ailə quran Yüzbeh 1993-cü ildə birinci Qarabağ müharibəsinə könüllü olaraq yollanır. Döyüş vaxtı ən çətin tapşırıqların öhdəsindən gəlir, şücaət göstərib boevikləqəbini qazanır. Lakin 1994-cü il martın 4-də evinə gəlməyə bir gün qalmış gərgin döyüşlər vaxtı Yüzbeh snayper gülləsi ilə başından vurularaq şəhid olur. Səbail rayonundakı küçələrdən biri Mürsəlov Yüzbeh Qafar oğlunun adını daşıyır.

 

Yolayrıcı...

 

"

İyulun ən isti günlərinin birində gedirəm onlara. Şəhidimizin xanımı ilə danışanda, evlərini rahat tapa bilim deyə məni qarşılayacağını bildirir. Marşrutdan düşüb günəşdən yanan yolayrıcıda tək-tənha dayanıram. Ətrafda olan hər kəs kölgəlik yer tapıb daldalandıqları halda mən gedəcəyim ünvanı soraqlayıram. İrəlilədikcə uzaqdan görünən binaların qarşısında bir qadının əlini gözünün üstünə qaldırıb ətrafa boylandığını görürəm. Zümriyyət xanımdır deyə öz-özümə düşünürəm. Yaxınlaşıb hal-əhval tutduqdan sonra yanılmadığımı anlayıram. Evə qalxıb sərinkeşin altında sərinlədikcə şəhidimizin anası, qızları, oğlu həyat yoldaşı otaqda cəm olurlar. Söhbətimizə şəhidimizin anası Lamiyə xanımla başlayırıq. Yaşı yetmişi adlamış qadın qalın şüşəli eynəyin ardından illər əvvəl şəhid verdiyi oğlunun divara vurulmuş gənclik şəkilinə baxıb danışmağa başlayır:

 

- Bizim beş uşağımız olub qızım. Üç oğlum, iki qızım. Yüzbeh evin ikinci uşağı idi. Əla uşaq, , zəhmət sevən oğul idi. Orta məktəbi bitirən kimi onu əsgər apardılar. Çitada çox baxımsız, pis yerdə xidmət etmişdi. Hətta oradan gələnə yaxın orda bir neçə nəfərlə bərk dalaşmışdı. Evə gəldim, gördüm üz gözü zədələnib. Sonralar da elə bir gözü zədəli qaldı. Orta məktəbdə riyaziyyatdan, fizikadan o qədər yaxşı oxumamışdı. Amma öz başı ilə peşə məktəbinə girdi oxudu. 1984-cü ildə Yüzbehi öz kəndimizdən olan qızla evləndirdim. Üç uşağı - iki qızı, bir oğlu oldu. Əvvəllər zavodda, sonra isə dənizdə işləməyə başladı. Səkkiz gün dənizdə, səkkiz gün isə evdə olurdu. 1993-cü ildə bir gün dənizdən qayıdandan sonra könüllü gedib müharibəyə yazılır. Mənə isə heç bildirmirlər. Bir onda ayıldım ki, Yüzbeh artıq siyahıya salınıb müharibəyə yollanmağa hazırlaşır. Yoldaşımla onun yanına getdim, evdən yemək, paltar hazırlayıb apardım. Məni görəndə dedi, mama bizi aparacaqlar, görüşək. Bundan sonra iki dəfə onun yanına getdim. Üçüncü gün gedəndə isə artıq onları Füzuliyə aparmışdılar. Elə balam o gedən getdi...

 

 

 

Ana, qadın, qız...

 

Züriyyət xanım 33 yaşında müharibəyə yola saldığı, ölümündən sonra çox böyük mənəvi, maddi çətinliklərlə böyütdüyü uşaqlarının atasını, yaddaşında heç zaman qocalmayan, elə gənc qalan həyat yoldaşını xatırlayır:

 

- Çox yaxşı kişi, ailə başçısı, hər işdən başı çıxan, bacarıqlı, ailə üçün çalışan adam idi. Bayıldakı limanda işləyirdi. Ölümündən sonra onu yoldaşları o qədər tərifləmişdilər ki, mən sözün əsl mənasında qürur hissi keçirmişdim. Döyüş dostları bizə danışmışdılar ki, müharibə vaxtı döyüş gedərkən bir çox əsgərlərimizin meyiti çayın içərisinə düşür. Qışın ən pis vaxtında heç kim çaya girib meyitləri götürməyə razı olmur. Həm soyuğa görə, həm batmaq təhlükəsi olur. Yüzbeh isə heç nəyə məhəl qoymadan paltarlı halda çaya girir meyitlərin hamısını çaydan çıxarır. Yüzbehin döyüşdəki ləqəbi isəboevikimiş.

 

- Yoldaşınız müharibəyə gedəndə sizin reaksiyanız necə oldu?

 

- Üç uşaqla məni evin altında qoyub getməsinə pis olurdum. Amma mənə dedi, müharibədir, sən qarışma. Hamı kimi mən getməliyəm. Səni evdəkilərə, uşaqları da sənə əmanət edirəm. Müharibədir hər şey ola bilər. Getdi, Füzulidə şəhid oldu. Komandiri bizə gələndə demişdi ki, Yüzbeh onun qucağında dünyasını dəyişib. Hər şey ani olub, güllə onun boynundan dəyib. Dəyən kimi keçinib, son söz, vəsiyyət deməyə belə deməyə imkan olmayıb. Sonra həmin komandir şəhid oldu. Şəhidlər xiyabanında Yüzbeh dəfn olunan sıra hamısı 1994-cü ildə təxminən eyni vaxtlarda şəhid olanların məzarlarıdır.

 

- Sonralar həyat yoldaşınızı qınamadınız, sizi qoyub getdiyinə görə?

 

- Bizim aramızda sevgi olmuşdu. Mən onu istəmişəm. Sonralar da onu qınamadım ki, məni niyə qoyub getdin. Çünki qismət belə imiş. Dünyaya bir gəlsəydim yenə onunla ailə qurardım. Onun insanlığını, xasiyyətini, mehribanlığını unutmadım, unutmaram.

 

 

 

Yüzbeh müharibəyə könüllü getdiyi qədər oradan evlərinə qayıtmaqda könüllü olmur. 1994-cü ilin mart ayında evə qayıtmaq üçün icazəli olsa belə ani bir qərar onu yoldaşlarından ayırır. Bu ayrılıq isə həmişəlik olur. Lamiyə xanım çətin olsa, xatırlamağa çalışır:

 

- Müharibə bitir, Yüzbehin evə gəlməsi üçün əlində buraxılış kağızı da olur. Şəhid olandan sonra həmin kağız onun cibindən çıxmışdı. Bizim məhəllədən müharibəyə gedənlər, qayıdanda onlardan Yüzbehi soruşduq, dedilər Yüzbeh orda qaldı.

 

Əhvalat isə belə olur. Mart ayının 4-də xidməti başa vurmuş döyüşçülər evə qayıtmaq üçün avtobusa minirlər. Yüzbeh evə qayıdanların içərisində olur. Lakin, son məqamda, avtobus yerindən tərpənənə yaxın Yüzbeh avtomatını da götürüb avtobusdan düşür. Ondan niyə belə etdiyini soruşanda isə o, cavab verir ki, mənim kağızıma bir möhür vurulmalıdır, onu vurdurub qayıdacam. Hamı gedəndən sonra Yüzbeh digər yoldaşları ilə birgə nahar fasiləsinə gedir. Elə həmin an həyəcan siqnalı verilir. düşmən tərəfindən açılan atəşlərdən biri Yüzbehə dəyir. O, şəhid olur. 

 

Oğul

 

Nənəsinin, anasının danışdıqlarının fonunda qəhərlənən, bir neçə dəfə eyvana çıxıb içəri girən Rüstəm nəhayət dillənir, deyir yaşı az da olsa, atasını dumanlı xatırlayır:

 

- Dumanlı da olsa, onu tabutunun evə gətirildiyi günü xatırlayıram. Ən çox yadımda Bulvarda bizi gəzməyə apardığı günlər qalıb. Şəhərdəki kafelərə bizi tez-tez aparırdı. Orda oturub dondurma yeyərdik. Bir yadımda onun məşq etdiyi vaxtlar qalıb. İdmanı Brus Lini sevirdi. Atamgil üç qardaş üçü onun filmlərinə baxıb məşq edirmişlər. Ümumiyyətlə atam dalaşqan güclü adam olub. Onlar üç qardaş çox güclü olduqları üçün məhlədə heç kim cürət edib onlarla davaya çıxmırdılar. Amma buna baxmayaraq atamgil qonşuları dostları ilə çox mehriban idilər. Bizim Bayıldakı qonşularımız bu gün bizim xətrimizi çox istəyirlər. Atamı sonuncu dəfə 1993-cü ilin dekabrın 1-də gördüm. Onda o, ad gününə görə evə gəlmişdi. Mən 9-cu sinifdə oxuyurdum.

 

 Hərbi And.- 2021.- 24 sentyabr.- S. 6.