Sürgündə sevgi, şahın ölümcül qəzəbi, Qalada ölən qalalı şairin nisgili... –Şəhid ziyalı

 

Hanı məni gül qoynunda doğuran,

 

Xamırımı göz yaşıyla yoğuran,

 

Beşiyimdə "layla balam!" çağıran

 

Azərbaycan, mənim baxtsız anam oy...

 

Neçə ildir həsrətində yannam oy…

 

İstədim onun haqqında yazını başqa şeirləri ilə başlayım, zatən hamısı Azərbaycan həsrəti, Azərbaycan yanğısı ilə qaynaqlanıb, amma bu şeir beynimdə qalanlarını üstələyib, qabağa keçdi. O qədər deyilməyən, sözə gəlməyən ifadə, nisgil, ağrı var ki, bu misraların alt qatında, o qədər hiss edirəm ki, onun vətən dərdini. Bu dərd vətənə həsrətdən deyil, vətənin azadlıq həsrətindəndir. Misralar deyir ki, “mən yox olum”, “mən görməyim”, “amma bilim ki, Azərbaycan var və azaddır”. Bütün misralarının altındakı ağrı bunun ağrısıdır - Azərbaycanın azad olmasının, əsirlikdən qurtulmasının.

 

Lent.az-ın “Şəhid ziyalılarımız” layihəsində budəfəki qəhrəmanımız Almas İldırımdır –mühacirətdə yaşayan (yaşamaq demək mümkünsə), son nəfəsində də “Azərbaycan” deyə ruhu cismində yanıb tüstü şəklində göylərə qalxan Almas İldırım.

 

Axşam olur, quşlar dönər yuvaya

 

Mənim dönüb qonacağım dal hanı?

 

Sabah olur çoban enər obaya

 

Mənim qalxıb-enəcəyim yol hanı?

 

Quşlara, çobana həsəd aparacaq qədər nisgilli taleyin sahibi Almas İldırım imzasıyla tanıdığımız şair şeirlərində vəsf etdiyi kimi gülün bülbülü, bülbülün gülü çağırdığı cənnətməkanda deyil, Bakının yaxınlığındakı Qala kəndində anadan olub.

 

Vətən hara olur-olsun, insana cənnət gələr.

 

Taleyə baxın ki, insanın adı da mübahisə mövzusudur, o qədər didərgin, qaçqın, mühacir həyat yaşayıb ki, bəlkə, adını da ondan dəyişib, düşməni azdırıb.

 

1907-ci il martın 34-də Qala kəndində anadan olanda adını Dinozaur qoyurlar. Niyəsi heç bir mənbədə yoxdur, o var ki, sonradan Zaur olur. Əsil adının Əbdülhəsən olduğu da yazılır, amma babasının adıyla Almas çağırıblar.

 

Türkiyə mənbələrində guya o doğulan zaman ildırım çaxdığından adını İldırım qoyublar yazılır.

 

Şeirlərini Almas İldırım imzasıyla çap etdirdiyindən bu adla tanınıb. Türk arxivlərində Elmas Yıldırım kimi gedir. Atasının adı Məhəmməd kimi qeyd edilir.

 

Əkinçi atasının adı isə Hacı Əbdülməhəmməddir. Qala kəndində kişinin kiçik torpaq sahəsi olub, ləpədöyəndə isə bir-iki balıqçı qayığı. Bununla da ailəsini dolandırma üçün qazanc əldə edirmiş. Bu, bizim arxivlərdəki məlumatdır.

 

Türkiyə arxivlərini araşdıranlar isə Almas İldırımın atasının böyük torpaq sahələrinin, Bakının bir neçə məkanında qayıqlarının, ticarət obyektlərinin-biznesinin olduğunu yazırlar.

 

Anası Nisə xanım evdar qadın imiş. Almas 6 yaşında ikən ailəsi Şüvəlana, 1920-ci ildə isə Çəmbərəkəndə köçür.

 

Almas 1914-cü ildə Cənubi Azərbaycandan Bakı Neft mədənlərində işləməyə gəlmiş fəhlələrin uşaqları üçün İran hökuməti tərəfindən açılmış “İttihad” məktəbində təhsil almağa başlayır. Bu məktəbdə dərslər Azərbaycan dilində tədris edilirdi, fars dili də öyrədilirdi.

 

1925-ci ildə “İttihad” məktəbini bitirən 18 yaşlı Almas təhsilini Abdulla Şaiqin məktəbində davam etdirməyə başlayır. Bu məktəbdə Abdulla Şaiqdən, Seyid Hüseyndən, Qantəmirdən dərs alır. Burda oxuyarkən şeir yazmağa başlayır.

 

İlk ilham aldığı şeir isə Əhməd Cavadın “Göy göl” şeiri idi. Onun məsul katib olduğu “Ədəbiyyat cəmiyyəti”nin fəal üzvlərindən olur.

 

1926-cı ildə “Ədəbiyyat cəmiyyəti” fəaliyyətini dayandırmağa məcbur olur. Səbəb bəlli idi - “orda Əhməd Cavadın, Hüseyn Cavidin davamçıları formalaşa bilərdi, məsələn, artıq Almas İldırım adlı biri formalaşıb”.

 

Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin sədri Mustafa Quliyev yazırdı: “Yazıçılar arasında musavatçılara aşiq və Türkiyə çavuşlarının həqiqi şagirdi bulunan Almas İldırım yer almış olduğu meydana çıxmaqdadır. Bunlar Əhməd Cavad və Hüseyn Cavidlərin yolçusudurlar. Milli ədəbiyyat yaratmaq məqsədilə qəmli mərsiyələr yazan bu kimi gənc şairlərdən ədəbiyyatımızı təmizləməliyik”.

 

Elə həmin il onun yerinə “Qızıl qələmlər ittifaqı” fəaliyyət başlayır.

 

Almas İldırım artıq anlayırdı ki, onun təmsil etdiyi cəmiyyəti məhv edən sovet quruluşu onun da məhvinə fərman verib, ona görə də xilas yolu kimi həmin ittifaqa üzv olmağa qərar verir.

 

1926-cı ildə həmin ittifaqın nəşr etdirdiyi “Gənc qızıl qələmlər” məcmuəsində onun altı şeri (“Hindli qız”, “Şərqə”, “Yarın”, “Ey Hindistan”, “Nəriman”, “Qərbə”) dərc edilir.

 

1927-ci ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olan Almas İldırımı çox oxumadan ordan çıxardırlar. Tacir övladı universitetdə təhsil ala bilməzmiş.

 

Bolşevizmin ilk düşmənləri tacirlər, bəylər, xanlar, milli ordu zabitləri, təhsil almış ziyalılar, cümhuriyyət liderləri deyildi – Azərbaycanın azadlığını, dövlətçiliyini görən, dadan, sevən, onu bərpa etməyə çalışa bilən hər kəs idi. Rejimin potensial düşmənləri idi onlar.

 

Almas İldırımın universitetdən xaric edilməsi onu hədsiz ruh düşkünlüyünə salır.

 

Bir müddət sonra düşdüyü quyunun dibindən çıxmaq, “yararlı vətəndaş” olmaq üçün ədəbi məclislərə üz tutur. Kommunist partiyasının ideologiyasına xidmət edən bu məclislər mühacir şair Əbdülvahab Yurdsevərin təbirincə desək, partiyanı kor-koranə tərənnüm edən “ədiblər” yetişdirmək missiyasını yerinə yetirirdi.

 

20 yaşlı bir gənc isə onların sırasına qoşula da bilməzdi artıq, çünki onu Əhməd Cavada, Hüseyn Cavidə “cığırdaş” adlandırıb, Türkiyə mətbuatında çap olunduğunu unutmamışdılar.

 

1926-cı ildə İstanbulda çıxan “Həyat” dərgisində Almas İldırımın “A dağlar”, “Sevdiyim” adlı şeirləri çap olunmuşdu.

 

Həm də onun şeirləri, ədəbi məclisdəki çıxışları digərlərininkinə bənzəmirdi, proletar şairi deyildi. Onu proletar sevə bilməzdi, əslində proletara sevdirməzilər onu, əksinə, onu proletara düşmən kimi təqdim etmək lazımdır.

 

Xalq şairi Süleyman Rüstəm 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində Almas İldırımın cəmiyyətdəki mövqeyindən söhbət açır: “Biz, Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin gənc üzvləri istəyirdi ki, hamı bizim kimi yazsın, bizim kimi düşünsün, inqilabı təlimi qavrasın… Biz yaşlı nəsil o zaman gənc sənətkarların yaradıcılığını bəzən düzgün qiymətləndirmirdik. Zaman qarışıq idi.

 

Bəziləri gizli fəaliyyət göstərən Müsavat Partiyasının təsiri altına düşdü. Bəziləri isə haqsız tənqidlərə davam gətirmədi. Bunun nəticəsində bir neçə şair ölkəmizi tərk etdi. Onların heç biri, o dövrün tələbi ilə desək, nə burjua yazıçısı idi, nə də bəy-xan övladları. Aralarında Almas İldırım kimi çox güclü və istedadlı şairlər də vardı…”

 

Yaz gəlincə dağlar duman quşanır,

 

Dərələrdən sellər axır, boşanır,

 

Könlüm deyir onsuz nasıl yaşanır?

 

Söylər – mənim doğulduğum el hanı?

 

1930-cu illərin əvvəllərindən, Aşqabadda çıxan "Zəhmət" qəzetində (1932-ci il, 10 avqust) oxuyuruq: "Almas İldırım ideolojimiz (sovet ideologiyası – M.T.) üçün zərərli bir insandır. Bizə inanmaq şərtiylə aramızda qalmaq diləyində isə, bu arzusunu mətbuat vasitəsi ilə bildirməlidir".

 

Həmin tənqidin nümayəndələrindən olan Əsəd Əyyubi isə "Almas kimilərin başları sovet çəkici ilə əzilməlidir" - yazır.

 

Uzunmüddətli təqiblərdən sonra Almas Azərbaycan Proletar Yazıçıları Cəmiyyətindən xaric olunur və Dağıstana sürgün edilir.

 

İki illik sürgün həyatında Almas İldırım Dağıstan ədəbiyyatının qaynar mühitinə düşür. Şeirlərini "Dağıstan füqərası" qəzetində çap etdirirdi. Şeirlər Dağıstanda yaşayan azərbaycanlılar, ləzgilər, çeçenlər və başqa xalqların nümayəndələri içərisində geniş yayılır, sevilə-sevilə oxunurdu.

 

Gənc şair Dağıstan ziyalıları, tələbə, gənclər və xalq arasında böyük nüfuz qazanır. Bu da onu sürgün edənləri narahat edirdi.

 

1930-cu ildə Bakıda Azərnəşrin çap etdiyi "Dağlar səslənirkən" kitabı  ziyanlı ədəbiyyat kimi mağazalardan, kitabxanalardan yığışdırılır. 1930-cu ilin əvvəllərində isə Almas İldırım Dağıstandan Türkmənistana sürgün edilir.

 

Həsrət qalıb baharına, qışına,

 

Sordum onu uçub gələn quşuna,

 

Baxma, dostum, gözlərimin yaşına,

 

Məni ondan ayıracaq qol hanı..?

 

Dağıstanda olduğu kimi, Türkmənistanda da pedaqoji fəaliyyətlə məşğul olurdu.  Aşqabadda İrandan və Qafqazdan köçürülmüş özü kimi didərgin türk ailələrinin uşaqları üçün təşkil edilmiş məktəbdə dərs deyirdi.

 

Bəlkə də, ziyan etmək istərkən ona yaxşılıq etmişdilər. Almas İldırım mühacir olmasaydı, o qədər sevilməzdi və dünya ədəbiyyatını, poeziyasını o qədər bilməzdi.

 

Yerli qəzetlərlə, Aşqabad radiosu ilə əməkdaşlıq etməsi, türkmən xalqının həyatı ilə yaşaması, onun yaradıcılığını da püxtələşdirirdi, inkişaf edirdi. Jurnalist kimi də fəaliyyət göstərirdi, “Zəhmət” qəzetində çalışırdı.

 

1932-ci ildə şair Şamaxıdan ailəsi ilə birgə Türkmənistana sürgün edilmiş, əslən Azərbaycanın cənubundan – Təbrizdən olan Zivər adlı bir qızla tanışlığı “sən dərdli, mən yaralı” bölüşmələri evliliyə gətirib çıxarır. Bu evlilikdən dünyaya gələn ilk oğlunun adı Azərdir.

 

Tale bundan sonra da üzünə gülmür şairin. “Həmin dalğa, həmin koordinat”. Almas İldırım sürgün olunduğu Türkmənistanda da rahat qoyulmur, təqib olunurdu.

 

Vətənində, burda onun qarasınca yenə danışılır. Yazılır, Bakıda qalan qohumları, bacısı tez-tez həbs edilir, işgəncələrə məruz qalırdılar.

 

Sürgündə onun fəaliyyətini nəzarətdə saxlamaq üçün Azərbaycan SSR Baş Siyasi İdarəsi xüsusi nümayəndəsini Aşqabada ezam edir. Agent iki istiqamətdə işləyirdi - həm onu izləyib vətənə onun haqqında məlumat verir, həm də onun Türkmənistandakı fəaliyyətini elə orda gözdən salmaq üçün kampaniya aparır, məqalələrlə çıxış edirdi.

 

Ləyaqətini, şərəfini qorumaq üçün vətəndən didərgin düşən şair elə o səbəbdən Türkmənistanda da qala bilmədi.

 

1933-cü ilin iyununda həyat yoldaşı Zivər xanımı və üç aylıq oğlu Azəri də götürüb, gizlin yolla İrana gedən qaçaqmalçı karvana qoşulur. Uzun yol qət etdikdən sonra qaçaqmalçılardan ayrılıb, dağlarla, düzlərlə, ayaqları daşdan və tikandan yara olmuş halda, ac-susuz İran sərhədinə yaxınlaşırlar.

 

Sərhəd məntəqəsində Almas İldırımı dərhal həbs edirlər. İran sərhədçiləri şairi bolşevik xəfiyyəsi hesab edib, ona 25 gün müxtəlif işgəncələr verir, sinəsinə qədər soyuq suyun içərisində saxlayıb sorğu-sual edirlər.

 

Bütün bunlardan onun səhhəti sıradan çıxır. Nəhayət, Tehran rəsmilərinin göstərişi ilə şair azad edilib, Məşhədə göndərilsə də yaşamaq onun üçün çoxdan işgəncəyə çevrilmişdi. Mühacirət hələ bundan sonra başlayırdı.

 

Azərbaycandan gedən bir mühacirin İranda yaşayışı necə olar…sovet rejimi ilə İran şahlıq rejiminin fərqi nə qədərdir ki…

 

Qurtuluşu ancaq Türkiyə cümhuriyyətində tapan Almas İldırım 1933-cü ildə özünə vətən simalı məkan tapir oranı. Qismən rahatlığa qovuşub, qəlbini şeirlərinə verir Almas İldırım.

 

Doğmuşkən Süleyman taxtına günəş,

 

Nə Müşfiq həmdədm, nə Cavid bir eş.

 

Nədir bu içimdə sönməyən atəş,

 

Könlümdə ümidlər sərab oldu hey…

 

Bu yaxınlarda oğlu Azərin müsahibəsində bir fikir diqqətimi çəkdi: “Atam öləndə mənim 18 yaşım vardı, ağlım kəsəni onu 5-6 il ancaq gördüm, onda da həmişə susan, düşünən, fikirli. Bir insanı heçmi heç nə maraqlandırmaz, ətrafdakılarla maraqlanmaz, yalnız gözü yol çəkib, xəyala dalar… Mənə dediyi bir o oldu ki, sən Bakıda neft mühəndisi olarsan, azad yaşayarsan…”

 

Qərib quşum, bu gəlişin nərədən

 

Uçub gəldin hansı dağdan-dərədən.

 

Mən anlamam köksündəki yaradan

 

Bihudədir, məndə məlhəm arama

 

Məlhəm olsa, qoyaram öz yarama.

 

Türkiyədə yaşadığı 17 illik mühacirlik həyatında  "Çinaraltı", "Göyboru", "Boz qurd", "Orkun", "Özləyiş", "Kommunizmlə mücadilə" kimi türkçülük fikrini yayan məcmuələrdə, Van və Malatya əyalətlərində, həmçinin Berlində nəşr olunan "Qurtuluş" mühacirət dərgisində şeirləri çap olunurdu. Şerlərində Azərbaycanın müstəqilliyi üçün “çarpışırdı”.

 

Hansı cəllad o köksünü dişləyən

 

Əski bir yaramı öylə işləyən.

 

O səs nə içində dərdə başlayan

 

Bihudə dinlətmə bana nəvanı,

 

Mən nə bilim, kimlər yaxmış yuvanı..

 

Ölkəsinin sovet əsirliyində olması onu rahat, azad yaşamağa qoymurdu.

 

1936-cı ildə məşhur "Əsir Azərbaycanım" şeirini yazıb.

 

Türkiyədə Azərbaycan haqqında formalaşdırılmış yanlış fikirləri dəyişməkdə Almas İldırımın əməyi çoxdur. Onun yaradıcılığı gerçəyi anladıb, vəziyyəti izah edirdi Türkiyədə.

 

Almas İldırım Azərbaycan folklorunu toplamaqla özünə təsəlli taparmış, bu həm də Azərbaycan üçün böyük xəzinədir. 100-dən çox bayatı 1943 və 1947-ci illərdə İstanbulda "Azərbaycan nəğmələri" adlı kitabla nəşr olunub.

 

1936-cı ildə Almas İldırımın əkiz oğlanları (bəzi mənbələrdə qızları) dünyaya gəlir. Şair onların adlarını Eldəgəz və Yurdavar qoyur. Yəni vətəndə gəzərsiniz, yurda gedərsiniz mənasında. Bu arzusu da həyata keçmədi şairin.

 

Əkizlər ağır xəstəliyə düçar olub, bir gündə doğulduqları kimi, bir gündə də dünyalarını dəyişirlər.  "Bir gündə ölən əkizlər" şeirində Almas İldırım bunu dilə gətirir:

 

Mən deyirdim ki, bir gün varıb ana yurduna,

 

Öpərsiniz anamın toz basan məzarını...

 

Özlədiyim o gündə mən ölmüş olsam, belə

 

Siz mənsiz gəzərsiniz Bakının Xəzərini...

 

Lənət olsun mənə yar olmayan bu fələyə,

 

Düşmən kəsildi məndə yaşayan hər diləyə.

 

Sonradan iki oğlu olur yenə. Fələyin düşmən kəsilməsi ilə də barışıb pedaqoji fəaliyyətlə məşğul olan Almas İldırım bir müddət Boluda ibtidai məktəblərində müəllimlik edir, 1936-cı ildən ömrünün sonuna qədər Şərqi Anadolunun müxtəlif əyalət şəhərlərində kargüzar, katib işləyir.

 

O, 1936-cı ildə Elazığda, 1937-1939- cu illərdə Kəbin və Polu təhqiqat katibliklərində, 1939-1951-ci illərdə isə Qaracabağ, Ağın, Xankəndi, Balı bəy və Muşan bələdiyyələrində, 1951-ci il iyul ayından dekabr ayınadək Tuncelinin İrəsi bələdiyyəsində çalışır.

 

Vəfatından bir ay əvvəl, 1951-ci ilin dekabrında isə şair Malatyanın Qala qəsəbə bələdiyyəsində işləyirdi.

 

1939-cu ildə xəbər gəlir ki, anası Nisə xanım vəfat edib. Atası Əbdülməhəmməd kişini 1941-ci ildə Türkiyədəki oğlu ilə əlaqə saxlaması iddiası ilə bütün ailə üzvləri ilə birlikdə Nargin adasına sürgün edirlər.

 

Dəlil olmadığına görə 60 gündən sonra azad edilirlər. Bacısı Sona xanım bu hadisədən sonra bir qonşu vasitəsilə Almasa məktub göndərir. Yazır ki, ailəmizdən heç kim qalmayıb, sənin məktubun gələn ünvanda hər kəsi məhv edirlər.

 

Sona xanım küçədə ona “satqının bacısı” deyilməsindən əsəb sarsıntısı keçirir.

 

Qardaşına aid evdə nə varsa, hamısını yandırır. 1941-ci ildən əsəb xəstəliyinə tutulan qız minbir əziyyətlərlə 1983-cü ildə dünyasını dəyişir.

 

Atası Əbdülməhəmməd kişi isə 1945-ci ildə vəfat edib.

 

Sən getdin ardınca boynum büküldü

 

Axdı-axdı göz yaşlarım töküldü.

 

Ellər, dostlar birər-birər çəkildi

 

Həmdəmim bir qədəh şərab oldu hey…

 

1952-ci il yanvarın 14-də, bazar ertəsi səhər Almas İldırım-mühacir Azərbaycan şairi, aşiqi, fədaisi ona əzablar yaşadan bu dünyaya gözlərini əbədi yumur. Bakının Qala kəndində doğulan Malatyanın Qala qəsəbəsində dünyadan köçür. Malatyanın Sancaktar məzarlığında dəfn edilən şairin məzarının yeri belə bilinmir…

 

Almas vəfat edəndə Məhmətin 2, Odxanın 8, Arazın 15, Azərin isə 18 yaşı olub.   Şairin yoldaşı Zivər xanım isə 21 fevral 2007-ci ildə vəfat edib.

 

Kim dost ola yarına kim ilişə

 

Bir eş bulsam bu dərdi bölüşə.

 

Gəl, aldanma üzümdəki gülüşə,

 

Gəl ruhuma, keçirdiyim anı gör,

 

Gir qəlbimə, içdən axan qanı gör…

 

Müstəqillikdən sonra vətəndə araşdırmaçılar Maarif Teymur, sonralar Dilqəm Əhməd şairin irsini arxivlərdən çıxardır. 1994-cü ildə onun şeirlərindən ibarət "Qara dastan" adlı kitabı işıq üzü görür.

 

Müstəqillikdən sonra Azərbaycanda daha çox tanınmağa başlayır və sevilir Almas İldırım.

 

Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə var.

 

Şeirlərinə mahnılar bəstələnir, şeirlərinə çökən vətən hayqırtısı indi mahnılarda əks –səda verir.

 

Könlümə tək Kəbə yapdım səni mən,

 

Sənsiz neylim qürbət eldə günü mən,

 

Sənsiz neylim Allahı mən, dini mən,

 

Azərbaycan, mənim tacım, taxtım oy...

 

Oyanmazmı kor olası baxtım oy…

 

 

Hərbi And.- 2021.- 22 yanvar.- S.16-17.