Peşəsinin vurğunu olan şəhid zabit

 

Böyük Zəfəri Azərbaycanımıza yurd sevgili, qorxubilməz, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçməyə hazır olan döyüşçülərimiz, Vətən övladlarımız bəxş elədilər. Haqq etdiyimiz mübarizədə Vətən övladlarımız şəhid oldular, qazi oldular. Bu döyüşlərdə canını qurban vermiş şəhidlərimiz xalqımızın mənəvi dünyasında ən yüksək məqamda qərarlaşdılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin söylədiyi kimi, "Birinci Qarabağİkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər. Biz bu qələbəni onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad ediblər, onlar bizim bayrağımızı azad edilmiş torpaqlarda qaldırıblar, bayrağımızı orada dalğalandırıblar".

Belə döyüşçülərimizdən biri də şəhid leytenant Rusif Yusif oğlu Kazımov idi. O, 1997-ci il martın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olmuşdu. Ailənin ilk oğul övladı olan Rusif şəhid Eldəniz Usubov adına Uzuntəpə 1 nömrəli tam orta məktəbdə 9-cu sinfə qədər oxuyur. O, hələ orta məktəb illərindən hərbçi olacağını qarşısına məqsəd qoyur. Valideynləri Rusifin bu seçiminə hörmətlə yanaşıb, yüksək qiymətləndirirlər, hətta qürurlanırlar da. Ona görə də Rusif intellektini, dünyagörüşünü bu sahəyə aid olan ibtidai bilgilərlə zənginləşdirməyə çalışır. Fiziki hazırlıqlarını artırır. Orta məktəbdə əla qiymətlərlə oxuyan Rusif qarşısına qoyduğu məqsədə nail olmaq üçün səy və bacarıq nümayiş etdirir. 2011-ci ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim edir. Özünü gələcəyin kursantı kimi görən Rusif qürurlanır, arzusunun reallaşacağı günü səbirsizliklə gözləyirdi. Nəhayət, Hərbi liseyin kursantı olmaq arzusu gerçəkləşir. O, dərsə başladığı gündən ilkin hərbi vərdişlərə yiyələnir. Bütün dərslərə məsuliyyətlə yanaşır. Liseydə keçirilən xarici dil dərslərinə xüsusi maraq göstərirdi. Bu maraq sonralar Rusifin dörd xarici dili - ərəb, fars, rus, ingilis dillərini sərbəst bilməsinə təkan verəcəkdi.  

Hərbi liseyi başa vuran əlaçı kursant Rusif Kazımov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. Burada hərb elminin dərinliklərinə yiyələnir, hərbi nəzəriyyəni mənimsəyir, çöl dərslərində, təlimlərdə, atışlarda bacarığı ilə fərqlənir. 2019-cu ildə kəşfiyyat ixtisası üzrə ali hərbi təhsilini başa vuran  gənc zabit Rusif Kazımov "N" hərbi hissəsində xidmətə başlayır. O, keçirilən təlimlərdə döyüş bacarığını və peşəkarlığını daha da artırırdı. Təlimlər zamanı qazandığı nəzəri biliklərin təcrübədə tətbiqini mükəmməl yerinə yetirirdi. Hər bir zabit kimi Rusif də qarşısına qoyduğu hədəflərə çatmaq üçün öz üzərində çox çalışır, təlimdə tər, döyüşdə qələbə devizi ilə xidmətini davam etdirirdi

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman leytenant Rusif Kazımov Murovdağ istiqamətində strateji əhəmiyyətli yüksəkliklərin düşməndən təmizlənməsində şücaətlər göstərir, Suqovuşan, Füzuli uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Xalqımızın 44 günlük haqq savaşında leytenant Rusif Kazımov şərəfli döyüş yolu keçərək noyabrın 5-də Laçın dəhlizi istiqamətində gedən ağır döyüşlərdə şəhidlik məqamına yüksəlir. Şəhid zabit Cəlilabad rayonunun Uzuntəpə kənd qəbiristanlığında dəfn olunur.

Rusifin şəhid olmasından 7 ay sonra oğlu dünyaya gəlir. Şəhid zabit arzulayırdı ki, oğlu olarsa, adını Nuran qoyacaq. Bu arzu, bu istəklə də şəhidin xatirəsinə körpəyə Nuranrusif adı verilir.  

Nuranrusif Vətənə əmanətdir.

Leytenant Kazımov Rusif Yusif oğlu 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni, "Cəsur döyüşçü", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülüb.

Hər bir şəhid ailəsinin yanında olmaq, onların ağrı-acılarını yaxından hiss etmək, övladları barədə xoş xatirələrini dinləyib qələmə almaq təkcə peşə borcumuz deyil, həmçinin mənəvi və vətəndaşlıq borcumuzdur.

Rusifin boya-başa çatdığı Cəlilabad rayon Uzuntəpə kəndinin camaatı torpaqsevərliyi, vətənsevərliyi ilə tanınır. Rusif də belə bir mühitdə tərbiyə alıb böyümüşdü. Biz şəhidin ata ocağında valideynləri Yusif Kazımov və Zərifə xanımla, həyat yoldaşı Zeynəblə görüşüb, evlərində yaradılan guşəsi ilə tanış olduq. Onlar Rusiflə bağlı xatirələrindən danışdılar. Şəhidin yadigarı balaca Nuranrusif gözlərini atasının şəkillərindən ayırmırdı. 

Yusif müəllim söhbətində bildirdi ki, hərbçi olmaq, Hərbi liseyə imtahan vermək Rusifin öz arzusu olub. "O ilk dəfə kursant formasını əyninə geyinəndə nə qədər sevinmişdi. Peşəsinin vurğunu idi. Rusif bizim həmişə qürurumuz, fəxrimiz olub. Vətənə əsl oğul, valideynlərinə əsl övlad idi... Bütün şəhidlər mənim övladımdır. Onlar Azərbaycanımızın bütövlüyü naminə canlarından keçiblər. Qədirbilən xalqımız hər zaman şəhid övladlarını xatırlayacaq".

Şəhid leytenant Rusif Kazımovun martın 29-da doğum günü ilə bağlı məzarı ziyarət olundu. Yaşasaydı, 25 yaşı tamam olacaqdı... Ömrünü Vətən, torpaq üçün fəda edən Rusifin xatirəsi həmişə yad olunacaq. Aylar, illər, əsrlər keçsə də, o, xalqımızın, hər birimizin, onu sevənlərin qəlbində 23 yaşlı gənc zabit kimi qalacaq.

 

Lalə HÜSEYNOVA

 

Hərbi Ana.- 2022.- 8 aprel.- S.16.